«Xəzan» — Ədəbi-bədii jurnal: ilk sayın yarandığı gün

Xaliq Məmmədov

Xəzan — Ədəbi-bədii jurnal 15 yanvar 2016-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, ilk sayı isə düz səkkiz il qabaq, bu günkü gündə —23 fevral 2016-cı ildə nəşr edilib. “Xəzan” iki ayda bir dəfə işıq üzü görür. Jurnalın təsisçisi və baş redaktoru Əli Bəy Azəridir.

Hazırki vaxtda ümumxalq mətbuat vasitəsi tək öz səhifələrində Azərbaycanın bütün bölgələrində yazıb-yaradan qələm sahiblərinə yer verir. Onlarla şair-yazıçı, ədəbi mühitlə bağlı fikir söyləmək əzmində olan soydaşlarımız ilk addımı məhz “Xəzan”ın səhifələrində atmışlar.

«Xəzan»ın ən birinci üstünlüyü, yaxud, onun gücü ondadır ki, heç bir ayrı-seçkilik etmədən, öz qapısını adlı-sanlı yazarlarla yanaşı yenicə ədəbiyyat yolunda addımlamağa başlayan gənclərə də həvəslə açır.

Jurnal öz səhifələrində müxtəlif mövzulara həsr olunmuş publisistik məqalələri, maraqlı hekayələri və şeirləri, ədəbi düşüncələri dərc edir. 120-150 səhifəlik jurnalın hər sayını təkcə Azərbaycanımızda deyil, onun hüdudlarından kənarda da səbirsizliklə gözləyənlər var və heç bir günah etmədən deyirəm ki, “Xəzan” gözləyən xaricdəki soydaşlarımızın sayı yüzlərlədir. Gözəl poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngin olan jurnalla görüş, ədəbiyyatı sevən, tariximizə, dilimizə hörmətlə yanaşan yüzlərin, minlərin sevinc anıdır.

 

Öz adımdan, bəydəmir.ru saytın adından, Rusiyada yaşayan ədəbiyyat sevər dostların adından sevimli “Xəzan”ımızı, onun zəhmətkeş və mübariz baş redaktoru, yazıçı Əli Bəy Azərini səmimi qəlblə təbrik edirəm! Yeni-yeni yaradıcılıq, ədəbi axtarış uğurları arzu edirəm!