VAHİD ÇƏMƏNLİnin şeirləri

Vahid Çəmənli

Ata yurduna

Hər səhər dönürəm sənli günlərə,

Mənə demədiyin nə sirrin qalıb?

Sənsiz yaşayıram əlli ilimi,

Hələ də üstümdə təsirin qalıb.

 

Adını özümə ad götürmüşəm,

Laləli düzündən od götürmüşəm.

Bağından, bağçandan dad götürmüşəm,

Canımda nəyindən kəsirin qalıb?

 

Hərdən yol alıram sən adlı yurda,

Nəslimin ruhları dolaşır orda…

Torpağa dönəcəm bilmirəm harda?

Sorarsan, hayanda yesirin qalıb?

 

Bayraq


Vətən göylərində yanan ümidum,

Hünər meydanında sirdaşım Bayraq.

Öz eşqim, öz canım…

Canımda odum,

Atam, anam Bayraq, qardaşım Bayraq.

 

Rəngin üç olsa da, qan rəngindəsən,

Qaçqın, köçkün də sən, didərgin də sən…

Zəfər döyüşündə ürəimdəsən,

Sənsən cəsarətim, savaşım Bayraq.

 

Vahidəm, hər zaman dilimdə sənsən,

Yurdumda, yuvamda, elimdə sənsən.

Nə qədər mən sağam, əlimdə sənsən,

Öləndə, ol mənim başdaşım, Bayraq!

 

Səni sevmək üçün gəldim dünyaya

 

Səni sevmək üçün gəldim dünyaya,

Şirinli, şoranlı dadını sevdim.

Meylimi salmadım Günəşə, Aya,

Sinəndən püskürən odunu sevdim.

 

Gəzdim dağlarında, gəzdim düzündə,

Min bir hikmət tapdım elin sözündə…

Ulduzlu gecəndə, al gündüzündə,

Həzin layla deyən qadını sevdim.

 

Vahidəm, köksümə sığsa da cahan,

Sənsiz dar gələrdi yer, göy, asiman…

Sənə anam dedim, Can Azərbaycan,

Canıma can qatan adını sevdim.

 

Günlərin

 

Əlimdən qum kimi süzülüb axdı,

Hesabı qum qədər olan günlərin…

Ağrısı, acısı canını yaxdı,

Vədəsiz açılıb solan günlərin.

 

Üzürəm, dəryanın qırağı gəlmir,

Ağaran saçların darağı gəlmir…

Hardadı dostlarım?

Sorağı gəlmir

Şirin vədlər ilə dolan günlərin…

 

Ay Vahid, and içir saxta adamlar,

Üşüdür canımı şaxta adamlar.

Macal vermirlər ki, taxta adamlar,

Ucundan kəsirlər qalan günlərin…

 

Gedəsən

 

Sobada odun yox…

Odum da yoxdu,

Bəlkə… bu sobanı yaxıb gedəsən.

Çaydana tökməyə suyum da yoxdu,

Bəlkə… çaydanıma axıb gedəsən.

 

Hasarlar əyilib, haçası üçüb,

Evimin divarı, bacası uçub…

Şeirimin misrası, hecası uçub,

Bəlkə… vərəqləri yığıb gedəcən.

 

Bilmirəm, başımda ta nələr oynar?

Bağımda yel əsər, yengələr oynar.

Quru torpaq üstə kölgələr oynar,

Bəlkə… yağmur kimi yağıb gedəsən.

 

Bağda bağlı qalıb qara Bəyənək,

Çürük salxımlardan əyilib tənək.

Naxırdan qayıdıb Sarıqız inək,

Bəlkə… bu inəyi sağıb gedəsən.

 

Mən özüm hardaym, xəyalım harda?

Yetmir harayıma ana da, yar da.

Nə işin var idi özgə diyarda?

Niyə xatirəyə sığıb gedəsən

 

Vahid bu xəzana bağladı ümid,

Xəzan keçib getdi, qoydu naümid…

Vallah, mən deyiləm sən gəzən igid,

Bəlkə…

Vədəsində çıxıb gedəsən?

 

Mənim

 

Hər gülünü, çiçəyini öpürəm,

Taleyimsən, qədərimsən Sən mənim.

Dağlarında bənövşətək bitirəm,

Sevincimsən, kədərimsən Sən mənim.

 

Uzaq gəlir gələn illər, bax, — ancaq,

Dünənimə əl uzatsam, çatacaq.

Danış desəm, daşın da dil açacaq,

Boğazımda qəhərimsən Sən mənim.

 

Zaman özü ağır yazdı yazımı,

Bol-bol verdi şəkərimi, duzumu…

Unuduram yavaş-yavaş özümü,

Mənə qalan dəyərimsən Sən mənim.

 

Köç edirəm həzin xəzan mehində,

Buludunda, yağmurunda, şehində…

Ürəyimdən qopub gələn «eh”imdə

Məndən betər, betərimsən Sən mənim.

 

Can ay Vahid, səfərimə hazıram!

Keçənləri yaddaşımdan pozuram.

Qışına da indi şeir yazıram,

Bülbül kimi ötərimsən Sən mənim…

 

Olmur

 

Səni tanımayan nə bəxtəvərdi,

Gözünün yaşları axıb sel olmur.

Səsini eşitmir,

Üzünü görmür,

Hər gün atəşinə yanıb kül olmur.

 

Dəlitək çöllərdə tənha dolaşmır,

Dost ilə çəpləşmir,

Yadla dalaşmır.

Naləsi, fəryadı dağları aşmır,

Kədəri böyüyüb dəvə, fil olmur.

 

Vahid, uzaq dayan o şux gözəldən,

Qalan ağlını da verərsən əldən.

Hənirsiz keçməsən sonalı göldən,

Sonra yan almağa bir sahil olmur.

 

Yaşadım


Nə sevdalar gəlib keçdi başımdan,

Bir kərə yox, min-min kərə yaşadım.

Bu dünyanın yoğurduğu xəmirdən,

Nələr çıxdı, görə-görə yaşadım.

 

Yerlə, göylə çox çarpışdım, vuruşdum.

Gah zülmətə, gah işığa qovuşdum,

Yolçulardan yolun düzün soruşdum,

Çamurlara girə-gırə yaşadım.

 

Haqsızlığa üsyan edən anımda,

Haqq şahiddi, kimsəm yoxdu yanımda.

Yetimliyin qəmi qaldı canımda,

Həsrət qaldım dürə-zərə yaşadım.

 

Meyil saldım al-yaşıllı çöllərə,

Adım düşdü uzaq-yaxın ellərə.

Könül verdim çiçəklərə, güllərə.

Nanə, yarpız dərə-dərə yaşadım.

 

Üz çevirdim üzdəniraq üzlərdən,

Hal əhlini gördüm, duydum gözlərdən.

Mən Vahidəm, dadlı, duzlu sözlərdən,

Uca qala hörə-hörə yaşaım.

 

Bu eşqi


Bəzədin söz ilə könül mülkünü,

Yığıb ürəyinə tığla bu eşqi.

İstəsən, solmasın bircə yarpağı,

Bəslə şərbət ilə, yağla bu eşqı.

 

Aqillər göylərin mehrabı dedi,

Acizlər dərd yükü, qəm qabı dedi.

Cahil dodaq büzdü, kor yabı dedi,

Gəl, sən də bir cürə ağla bu eşqi.

 

Vahid, sevdalıdır hər keçən anım,

Eşq ilə alışdı, kül oldu canım.

Göstər öz külünü sənə inanım,

Dadlı bir vüsala bağla bu eşqi.

 

Gələcəm


Məni soruşdunmu əsən yellərdən?

Bir axşam yel kimi qopub, gələcəm.

Qar tutan, ot basan cığırlarında

Köhlən atlarımı çapıb gələcəm.

 

İtdi cavanlığım, zamanda itdi.

Solğun bir ümiddə, gümanda itdi.

Könlüm həsrət adlı dumanda itdi,

Mən onu axtarıb, tapıb gələcəm.

 

Vahid, nə qazandım qürbət diyarda?

Bilmədim, ölənim, itənim harda…

Ömür karvanımı çəkən qatarda,

Fərhadtək dağları çapıb gələcəm

 

Öyrən


Yenə çırpınırsan göz dəryasında,

Batarsan, əvvəlcə üzməyi öyrən.

Ya da…

Sahillərə çırpar dalğalar,

Sahilsiz göylərdə süzməyi öyrən.

 

Bir zaman lütfünə çoxdu ümidim,

Ümidsiz qoymusan, indi nə edim?

Bir daş da mənə ver, qoy, çıxım gedim,

Bir daş ürəkliyə dözməyi öyrən.

 

Çaparaq adladın bu qısa ömrü,

Gah toya döndərdin, gah yasa ömrü.

Zülmətdə yaşadın yarasa ömrü,

Çıraqla Vahidi gəzməyi öyrən.

 

Əzizim


Salamsız, kəlamsız gəldin ömrümə,

Salamsız, kəlamsız çıx get, əzizim.

Bir qala qurmuşdum xəyallarımda,

Özün o qalanı yıx get, əzizim.

 

Qapılar yan-yana, qaralı, ağlı,

Kiminə açıqdır, kiminə bağlı.

Qala bilmədinsə, canına sağlıq,

Qapıdan son dəfə bax get, əzizim.

 

Vahidəm, düşünmə sənə möhtacam.

Mən dəli aşiqəm, eşqinə acam.

Sənli də, sənsiz də şeir yazacam,

Bir zərif misraya ax get, əzizim.

 

Birgünlük qonağam

 

Birgünlük qonağam sizin şəhərdə,

Sabah gün çıxmadan çıxıb gedəcəm.

Bəmbəyaz gecənin təbəssümünü,

Dəsmaltək üzümə sıxıb gedəcəm.

 

Yol azıb deyəsən bu günəşli gün,

Bir qərib yolçunun izinə düşüb.

Mənimlə getməyə hazır əllərin

kölgəsi dərd olub, gözünə düşüb.

 

Cavab axtarmayaq çətin suala,

Mən dedim…

sən dedin…

Fərqi nədir, nə?

Bu axşam çərşənbə tonqalı qala,

Alovum döşənsin qədəmlərinə.

 

Tək, tək ulduz kimi sönür ümidlər,

Güman var, sabaha qalmaz biri də.

Hələ anlamıram bu gün nəyim var,

Nəyim olmayacaq sabah bu vədə?..

 

Birgünlük qonağam sizin şəhərdə,

Sabah gün çıxmadan çıxıb gedəcəm.

Bəmbəyaz gecənin təbəssümünü,

Dəsmaltək üzümə sıxıb gedəcəm.