Üşüyür görüş yeri… (şeirlər) Ayaz Imranoglu

Ayaz Imranoglu

ÜŞÜYÜR GÖRÜŞ YERİ

 

Bu günki küləkdə yaman soyuqdu,

Bu görüş yerimiz üşüyür yenə.

Üşüyür çiçəklər mənim yerimə,

Çiçək xatirələr tövsüyür yenə.

 

Gah o günə gedir, bu günə dönür,

Uzaq ulduzlar tək parlayıb, sönür.

Gəlib ürəyimdə söylənib, dinir,

Bir köhlən at kimi kişnəyir yenə.

 

Sevənlər üşüyüb keçir bu yerdən,

Soyuq duyuq düşüb yan keçir məndən,

İçimdə od tutan xatirələrdən,

Xəyalın gözümdə dinşəyir yenə.

 

Sevgi yarasıymış görüş yeridə,

Sevgi yarasıymış gözlər özü də.

Bu küləklər yazan sözlər özü də,

Ruhumun özü tək göyləşir yenə.

 

BƏSİMDİR

 

Ömrüm-günüm sənə mən,

Özümü gətirmişəm.

Apar gizlicə saxla,

Nə vaxt keçsəm qəlbindən

Gizli-gizli baxarsan.

Mən də yalnız o dəmlər

Səni görsəm bəsimdir.

Anladınmı qəsdimi?

Bu günki hədiyyəmi

Bəyəndinmi, bəsdimi?

 

DƏLİ DƏRVİŞ

 

(Özümə)

Dəli dərviş, yolun yorğun,

Şimşəyin, buludun dolğun,

Əllərində çiçək solğun,

Tufandan, qardan gəlirsən.

 

Gördün kəsilən başları,

Gərəksiz boş savaşları.

Yerə düşən göy daşları,

Sənindi ordan gəlirsən.

 

Torpağın dağ, daşın itib,

Quruyub göz yaşın itib.

Lap elə başdaşın itib,

Qəbirdən — gordan gəlirsən.

 

Dəli Dərviş, apar məni

Yer üzündən qopar məni.

Tanrı eşqi tapar məni

Sən ordan, vardan gəlirsən.