Ömür zamana əsir
Ömür zamana əsir,
zaman hara tələsir?
Məchul-məlum kəsişir,
sükut səsimi kəsir.
Suallarım cavabsız,
suallarım baş-ayaq,
Yollarım da dolaşıq,
fələk, bir yerdə sayaq.
Günəş kül etsin məni,
çıxsın cismin tütüsü,
Büründüyüm buz kürkü
soyundursun istisi.
Ruhuma gəl geyindir
görmədiyim bir donu
Torpaqlansın köhnə don
istəmərəm heç onu.
Keçmiş donla dəfn edim
saxta” pis sifətləri”,
Hədəfinə çatmasın
o qara niyyətləri.
Parlaq donum yaraşır,
Günəşə yaxınlaşır,
Yaradan sığal çəkir
KAİNAT yaşıllaşır!
Xərçəng xəstəliyi
Qızdırmalı xəstənin dodaqlarıtək
Çartlayan şoran torpağam,
Yorğun göylərin alın təritək
Damlaya çevrilib hopmusan
Ta dərinliyinə kimi…
Yarpaqları tərəfindən tərk edilmiş
Soyuqdan üşüyən bağdakı
tənha nar ağacısan,
Əlçatmaz budaqda
bir barı olan od kimi qırmızı
Nara həsrət qalanam
Ta sağalana kimi…
Sevginin atəşini sala bilməyən həbibin –
Ağxalatlı həkimin qara üzündən
Oxudum analizin cavablarını,
Sağalmaz sən adlı, məni yeyən
Xərçəngtək xəstəliyim var.
Vücüduma aşiq
Ta ölənə kimi…
-Ölümdən sonra nə var?
-Niyə tez- tez soruşursan…?
Sarıldığın əsirin dilindəki
Son misraları dinlə:
-ruhuma hopmusan
əgər sonu varsa,
TA SONUNA KİMİ…
Qaçıram
Qaçıram, qaçıram,
Özümdən qaçıram
Fələyin qurduğu
tələni duyanlar kimi.
Qaçıram, qaçıram,
Kədərin
hökmdar olduğu sarayın
Cəlladından qaçan sevinc kimi.
Qaçıram, qaçıram,
Saat əqrəblərinin zamandan
Qaçdığı dairədə
zamansızlığa qaçdığı kimi.
Qələmin bir nöqtədən başlatdığı
İnsan adlı sənət əsəriyəm…
Mən insanlığa qaçıram.
Qaçıram, qaçıram
qanadları, ayaqları olmayan
Külək kimi qaçıram.
Özümü tapmağa,
Qaranlıqlar arxasındakı
“sirli nur qapı”-sına qaçıram.
Qaçıram, qaçıram,
Mən daxilimdəki mənə qaçıram!
İkimiz də xəyalıq
Mənsizlik toxumunu əkdinmi qəlbinə?
Göz yaşlarınla cücərtdinmi heç?
Hər nəfəs alanda ağır gəldimi sənə?
Məzarımı niyə qəlbinə saldın ki, xəyal adam?!
Əlin çatmır qəlbinin dərinliyinə,
Çıxart məni o məzardan qurtul darlıqdan.
Özündən izn almadan uzaq oldunmu özünə?
Günəş bahar sevən kimi
sevdinmi öz gülünü bağban kimi?
Onun nəfəsindən ciyərin daddımı?!
Nəfəsi ilə nəfəsini kəsdimi,
nəfəsimi kəsdiyin kimi?!
Xəyal adam,
yoxluq və varlıq sərhədindən bezmədinmi?
Söylə görüm sol sinənə yumruğunu çırpdınmı?
Qəlbindəki məzarımı dağıtmağa cəhd etdinmi?!
Mənsizlik toxumu tez cücərib göz yaşlarından
Tikanlı məftil kimi sarılıb vücuduna…
Bu tikanlı məftili qırmağa çalışdınmı?
Görmək üçün göz lazım deyil, bəyan etdinmi?
Xəyal adam, qəlbin gözlərinə məni
neçə dəfə təsvir etdi, söyləsənə.
Xəyal adam, sən hüdudsuz təxəyyülümsən,
Mən adlı kitabın üz qabığısan,
Qəlbimdə gizlənib sözümdə varsan.
Sənin varlığında varlığım yatır,
Gizli hərflərlə yazılmış bir sirsən.
Sirli hərfləri anlayan tapar.
Ruha divar olmaz qazılmış məzar,
Mən də xəyalam, sən də xəyalsan.
Xəyallar içində yoxa çıxmışıq!
***
Kəpənəklər sevginin
rəngarəng qanadlarıdır.
Aşiqlər sevgi acısını
Bala çevirən arılardır.
Bu arıların iynələri
yalnız öz qəlblərinə
Sancılmaq üçündür.
Kəpənəklər sevginin
Rəngarəng qanadlarıdır.
Bu kəpənəklərin Vətəni
Qızılgül bağlarıdır.
Ömrün ən gözəl zamanı
Məhəbbətə ayrılan çağlarıdır.
Sevginin bitmə təhlükəsi
Sadiqliyin intiharıdır.
***
Çirkin simalar
Güzgünü günahkar bilər,
Çıxış yolunu
Onu qırmaqda görərlər.
Güzgülərin yaddaşını
Sındırmaq olmur,
Bunu hər beyin dərk etməz.
Şaxta isə dondurduğu vücudların
Soyuqluğundan şikayət edər.
Gecəni sevən yarasalar
“Günəş oğrusuna” aşiq olarlar.
Günahkarlar çalışsalar da, günahlarını
Özlərindən qopara bilməzlər,
Günahlar oduna dönüb
Qalaq-qalaq yığılanda
Günahkarlar da o odunların sevgisinə
Çırtaçırtla yanarlar…
***
Mavi dalğalarda qara qismət var,
Sən demə dəryadır, bəlkə, yeri dar?
O dalğalarıyla söyləyər yar-yar.
Qəlbini dağlayar, o hey dağlayar.
Əlçatmaz səmada buludlar qara,
Yerə həsrətdəndir, köksündə yara.
O heç bilməzdi ki, düşəcək dara,
Ağlayar, ağlayar, o hey ağlayar.
Təbiət telləri şəlalə olar,
Küləklər hirsindən telləri yolar.
Şəlalə küləkdən inciyib dolar,
Çağlayar, çağlayar, o hey çağlayar.
Pak hisslər ürəkdə edibsə, mənzil,
Çıxara biləcək, nə ay, nə də il.
Xəyanət adında qapını ürək,
Bağlayar, bağlayar, o hey bağlayar!
***
Qara qış yuxusuna,
ağ boya taxta çıxdı.
Oxuyuram gözündən,
Qəlbinin ağrıların.
Gözlərimdə canlanır,
Oxuduğum mənzərə…
Nə çoxdur qara boya,
Çoxmu sevirsən onu?!
Boyanıb qara rəngdə,
Qəlbinin divarları.
Qara libas geyinib,
Titrəyən damarları.
Qəlbinin lap küncündə,
Paslı sandıq gizlənib.
Üstündə qara kilid.
Özünün öz qəlbindən,
Gizlətdiyin sirmi var?!
Axı qəlbindir, dostum,
Gizlətsən də anlayar.
Bir izn ver, sən Allah,
Açım mən o sandığı.
Niyə xəsis olmusan?!
Paylaşsana mənimlə.
Dilin başqa söz deyir,
Qəlbin boynuna almır.
Söylə, görüm bir zaman,
Ağ boyanı sevdinmi?!
Nələri gizləyirsən?
Gözləri kədər İnsan.
Qüssə sənə sarılı,
Onumu izləyirsən?!
Gəl izn ver gözlərinə,
Məni alsın qəlbinə.
Qara boya tələsik
Ağ boyaya bürünsün.
Ala-qaranlıqda heç,
Düşündünmü nə olur?
Gecəylə səhər gizli
Vallah, qol-boyun olur.
Gözün səndən xəbərsiz
Qapını mənə açdı.
Budur keçdim qəlbinə,
Sandıq özü açıldı.
Kilid yaman qorxaqdı,
İndi bildim sandıqda
Sevgi özü dustaqdı.
Məni görən bu dustaq
Ətrafa nur saçırdı.
Qara əşyalarını,
Yığışdırıb qaçırdı.
Budur qəlbin divarı,
Qırmızıya boyandı.
Qara qış yuxusuna
Ağ boya “taxta çıxdı”.
***
Xəyal adlı dünyada
var olmaqdır yaşamaq
Unutmaq üçün çabalamaq,
Unutduğunu düşünüb
Unutmamaqdır unutmaq.
Gözünə həkk olmuş
simanı silməyə cəhd,
Gözünə cəza vermək –
acı suda acımadan
Boğmaqdır xatırlamaq.
Xoşbəxt obraza dönüb
Həqiqət misrasında
matəm çadrasına bürünməkdir,
Yas tutmaq.
Dilində qəzəblə
“Kimdir o?” söyləyib
Qəlbində əzizləməkdir,
Dəlicəsinə bağlanmaq.
Zamanını, ömrünü acizcəsinə
Fəda etməkdir,
Ağlını azdırıb
onun varlığına sarılmaqdır,
Fədakar olmaq.
Bəxtinin ayaqlarına düşüb,
Onu qaytarmaq üçün əsl fəryaddır,
Məzlumtək yalvarmaq.
Nədir?
Nədir axı quru nəfəs almaq?
Ruhunu ondan ayrı
vücud adlı məngənədə
Sıxmaqdır yaşamaq.
Ondan uzaq xəyal dünyasında –
“zülm səltənətində”
Yaşamaqdır var olmaq!
Əlvidan olsun
Dedilər dərdimə zamandır dərman,
Nə dərman köməkdir, nə də ki, zaman.
Vermədi taleyim arzuma aman,
Yarımçıq diləyim əlvidan olsun.
Dinlə romanımın, “cəsur” obrazı,
Bitirdin romanı qalma narazı.
Tənha qarşılarsan, sən gələn yazı
Tək qalan çiçəyim əlvidan olsun.
Arzular qatili, yerin dardımı?
Sıxır günahların, kədər sardımı?
Sənlə sirdaş olan hər kəs xardımı?
Xar olan ürəyim əlvidan olsun!
Ayırdın ruhumu canımdan alqış!
Ömrümdə bir fəsil — şaxtalı bir qış.
Gözümdə bitməz ki, mövsümi yağış,
Ağlayan mələyim əlvidan olsun.
Əlvida demirəm, çox olar sənə,
Qəlbim bir quş olub qonub sinənə.
Artıq kar etməz ki, yalvarma mənə,
Yalvarma deməyim, əlvidan olsun!