Tofiq Hesenli -Darı gördük röyada, sürdük xəyalinən ömür- şeirlər

Tofiq həsənli

Anamın ətri gəlir

 

Onun xatirəsidir ömrümün yazı, yayı,

Payızından,qışından anamın ətri gəlir.

Aradabir xəlvətə çəkilib ağlayıram,

Gözlərimin yaşından anamın ətri gəlir.

 

Ürəyimin içinə çəkirəm bu gülabı,

Qoxlayıram sandığı, qoxlayıram dolabı.

Qırx ildir saxlayıram toxuduğu corabı,

Onun hər naxışından anamın ətri gəlir.

 

Bütün arzum, sevincim batdı qəm dəryasında,

Gözlərim oyulaydı-ağlamadım yasında!..

Kövrəlsəm,uzanıram məzlum çarpayısında,

Balaca balışından anamın ətri gəlir.

 

Elə ki,qazan qoyub yandırırıq ocağı,

Açılan süfrə bizə xatırladır o çağı.

Onun ətriylə dolur otağın künc-bucağı,

Evin hər qarışından anamın ətri gəlir.

 

Nəfəsim alışıbdır bu ləzzətə,bu tama,

Allah, bu anasızlıq ağır gəlir adama.

Gedirəm danışmağa dərdlərimi atama,

Atamın başdaşından anamın ətri gəlir.

 

Onun xatirəsidir bütün şirinim,acım,

Tək sirdaşım o idi, kimə sirrimi açım?!.

Yığılır aradabir evə qardaşım,bacım,

Bacımdan,qardaşımdan anamın ətri gəlir.

 

Bütün həyatım boyu anam yandı oduma.

Ömrünü dastan edib yazdı mənim adıma.

Nə vaxt ki,yağır yağış dəfni düşür yadıma,

Göyün hər yağışından anamın ətri gəlir.

Ətrini duymaq üçün ah çəkirəm ürəkdən,

Ürəyimin başından anamın ətri gəlir.

 

Öyrəşdirdilər

 

Xalqı məcnun eyləyib zəncirə öyrəşdirdilər,

Boynuna qismət qoyub təqdirə öyrəşdirdilər.

 

Atdılar,həm tutdular,oynatdılar, aldatdılar,

Mincürə töhmət vurub təhqirə öyrəşdirdilər.

 

Çəkdilər konsert, yığıncaq, təqdimat, iclaslara,

Nəğməli, əyləncəli tədbirə öyrəşdirdilər.

 

Darı gördük röyada, sürdük xəyalinən ömür,

Arzuya, xülyalara, təsvirə öyrəşdirdilər.

 

Bir ömür güddük qarın, verdik könül şisbatmışa,

Çömçəyə əvvəl, sora kəfkirə öyrəşdirdilər.

 

Pirlərə düşdük dəxil, minbərlərə qoyduq nəzir,

Eyləyib falbaz, duabaz pirə öyrəşdirdilər.

 

Od vurub yandırdıq, həm kəndir alıb asdıq canı,

Həm bizi təndirə, həm kəndirə öyrəşdirdilər.

 

Gör nə vaxtandır «möhürlənmiş ürəklər» xəlqdə,

Susdurub qəlbi, dili «təkbirə» öyrəşdirdilər.

 

Biz libas olduq məgər min rəngə düşdük, Tofiqa?!

Saldılar dondan-dona təğyirə öyrəşdirdilər.

 

Əli övladıyam

 

Olmasam seyyid də gəl, ümmət, Əli övladıyam,

Boynuma Allah qoyub minnət-Əli övladıyam.

 

Körpəlikdən ta üfürmüş canıma seyyid nənəm,

Var fəqət hər işdə bir hikmət, Əli övladıyam.

 

Haqq sözün vurğunuyam, canım ola haqqa fəda,

Eylərəm haqsızlığa nifrət Əli övladıyam.

 

Ruhumu sevmiş əzəl gündən Əli aşiqləri,

Eyləyiblər ol səbəb hörmət-Əli övladıyam.

 

Harda olsa niyyətin mənzil o yerdir, Tofiqa,

Etmişəm gəl mən bunu niyyət-Əli övladıyam.

Qiymət