Tofiq Həsənli, şair

Bu günümüz

Yurdu doğradılar təşkilatlara,

Yenə xalqın külü öz başınadır.

Qeyrətlər bir küncə qısılıb indi,

Namuslar,ismətlər özbaşınadır.

 

Arzuya,murada yetə bilmədi;

Üzdü əllərini xalq,muradından…

Istedad sürünür qapı dalında,

Layiqsiz “ad” alır xalqın adından.

 

Internet,qəzetlər,təşkilat,birlik,

Daldalanmaq üçün kölgədir bizə.

Necə yaşamağı,necə olmağı,

Çılpaq müğənnilər öyrədir bizə.

 

Xalqı parçaladı partiyabazlar,

Küsülü dolandı taleh də bizlə.

Satdı məmuriyyət sərvətimizi,

Barışdıq küsəyən taleyimizlə.

 

Haqqdan gələn sözü öldürmək olmur,

Sandıqda bir ömrün əsəri qalıb.

Hələ ki,sözümdən xoşları gəlmir,

Deməli,sözümün kəsəri qalıb…