PAYIZIN RƏNGİNƏ BÜRÜNƏN QADIN
Axır ki, rastlaşdıq biz bu payızda,
Doğrusu, payızdan səni seçmədim.
Qəmli baxışların oxşadı məni,
Yaxşı ki, yanından ötüb keçmədim.
Dayandım, rənginə vuruldum sənin
Payızın rənginə bürünən qadın.
Gözündə ilıq bir yaş qaynadırdın
Qəlbi payız ilə döyünən qadın.
Hər şeyi vaxtında zaman düşünür,
Zaman nizamlayır, zaman da bölür.
Payız bu gün girib bəs niyə sənin
İndidən üstündən xəzəl tökülür?
Payızın rənginə bürünən qadın,
Bu bəxtdən, taledən qaça bilməzsən.
Köç edən quşlar da qanadın versə
Payızdan kənara uça bilməzsən.
Həyat yuxu kimi ötəri hissdir
Yuxuya dalmısan kədər dadından.
Bu qəmdən, kədərdən oyanmaq üçün
Gərək mütləq öpüm dodaqlarından.
SƏNİN SAÇLARINDA SEVDİM PAYIZI
Sənin saçlarında sevdim payızı,
Sevdim yarpaqların sarı rəngini.
Sevdim saman kimi saralıb gedən
Ömrün xəzan olmuş bu ahəngini.
Küləkli havada uçub rəqs edən
Sarı çiçəklərin tozunu sevdim.
Allahın sevdiyi rəngə boyanmış
Sənintək sarışın qızını sevdim.
Dünyaya nur saçan Günəşə, Aya
Görəsən, nə üçün sarı deyilib?
Bəlkə də bitkinin sarılığından
Adəm tərəfindən buğda yeyilib.
Bu rəng niyə belə hopub ömrümə,
Sanki həyatımda tək bu rəng qalıb.
Sənə son yazdığım eşq məktubu da
Cibdə qaldığından rəngi saralıb.
Nə qədər saysan da artmayacaqdır,
On barmaq sayılır sayanda sayda.
Əgər qismətində ayrılıq varsa
Saç ucun düysən də bundan nə fayda?
Hardan bilərdik ki, ayrılığın da
Köksündə köklənən sim sarı simdir.
Nə yaxşı gözünün rəngi yaşıldır
Cənnətdə qovuşsaq mənim bəsimdir.
YAMAN SOYUQ KEÇİR EŞQİN BAHARI
Ovcumda çəkilən tale yolları
Alnımda yazılan qismətdən keçmir.
Həsrətdən gözümün suyu çəkilib,
Daha bu sevgidən gözüm su içmir.
Yaman soyuq keçir eşqin baharı,
Titrəyən dişlərim dilimi kəsir.
Bu sevgi qəlbimi elən üzüb ki,
Sakit havada da ürəyim əsir.
Bu eşqin yükünü çəkən tərəzi
Oxunu kökləyib kədər-qəm üstə.
Kədərin dadı da çox acı olur,
Süzülüb, qoyulub indi dəm üstə.
GÖZÜMDƏ AĞLA
Getdiyin yollarda gözüm yol çəkir,
Yenə həmin yolla geriyə qayıt.
Ey sevgi hissimi dağıdıb gedən,
Qayıt gəl, indi də qəmimi dağıt.
Elə dağ çəkmisən mənim ömrümə
Nəfəsim hey gedir, gəlir “ah” çəkir.
Əmanət qoyduğun ürək dağılıb,
Pərdəsi altında dərd toxum əkir.
Sənin taleyində yazı izlərim
Hələ də duyulur kəlmələrində.
Bəxtinə yazılan xoşbəxtlik gülmür,
Ovcunu sıxmısan qalıb əlində.
Göz yaşı qəlbləri muma döndərir,
Ağla cığırımda, izimdə ağla.
Sənin gözlərinə kədər yaraşmır,
Gəl verim gözümü, gözümdə ağla.
SƏNİN BAXIŞINLA SEVDİM DÜNYANI
Sənin baxışınla sevdim dünyanı,
Dünyanın sevincin, kədərin sevdim.
Ovcumda cızılan tale yolların,
Alnıma yazılan qədərin sevdim.
Yazın gözəlliyin, füsünkarlığın
Çiyninə saldığın ipəkdə gördüm.
Günəşin qızılı şəfəqlərini
Telinə bənzədib xəyalən hördüm.
Gözünün rənginə qibtə eləyən
Göylər ağ buludu çəkdi üzünə.
Yerişin o qədər cazibəliydi,
Kölgən də düşmüşdü sənin izinə.
Buludlar süzülən göz yaşlarıyla
Yuyurdu üzünü göy qurşağının.
Günəş qızarırdı utandığından,
Görəndə rəngini al yanağının.
Nəfəsim üzünə toxunan zaman
Sevgi qaynayırdı baxışlarında.
Dənizin duzunun dadını daddım
Dodağa süzülən göz yaşlarında.
Bu görüş özünün duyğularıyla
İlk öpüş gününü yadıma saldı.
Görüşüb ayrıldıq səninlə ancaq,
Fikrim dodağının dadında qaldı.
BİR AY İDİN
Bir ay idin nur saçırdın gecələr,
Buludları pərdə etdin üzünə.
Nə günahın sahibiydim ay zalım,
Bu yazığı həsrət qoydun özünə.
Yer hər zaman demə Aya möhtacmış,
Yoxluğuna söylə necə dözüm mən?
Sən gedəli qüssə alıb qəlbimi,
İndi qalıb bir qucağım, dizim, mən.
Öz oxunun ətrafına döndükcə
Ay fırlanır, dönür yerin başına.
Sən də qayıt, gəlişinə möhtacam,
Heyfin gəlsin gözlərimin yaşına.
ÜTÜLƏ ALNIMIN QIRIŞLARINI
Getmisən xəyalım gedib səninlə
Qalmısan bu eşqin ötən ilində.
Alnımın yazısı qırış-qırışdır,
Ütüsü pozulub sənin əlində.
Hər qırış izində, qırış xəttində
Tale ayrılığın şitilin əkir.
Viranə qəlbimin eşq tərəzisi
Indi səndən sonra dərd, kədər çəkir.
Sənsiz bütün aləm solğun görünür,
Dəyiş taleyimin baxışlarını.
Ömrümə, günümə yeni cığır aç,
Ütülə alnımın qırışlarını.
SEVGİ ÇİLƏNİBDİR XƏYALLARIMA
Yenə oğrun-oğrun baxışlarından
Sevgi çilənibdir xəyallarıma.
Qəlbimi oxlayan qaşın, kirpiyin
Çəkilib yay kimi yenə tarıma.
Xəyalım toxunur dodaqlarına,
İsti nəfəsini duyuram indi.
Yanaqdan süzülən göz yaşlarımla
Öpüş izlərini yuyuram indi.
Gəl görüş yerinə əvvəlki kimi
Həsrətin əzabın, kədərin ataq.
Unudaq qüssəni, qəmi, nisgili,
Biz də sevənlərtək vüsala çataq.
AŞİQLƏR ƏZABI SEVİR
Bütün varlığın zövqümə
Uyğun gəlir, tam birəbir.
Eşq deyilən bir duyğuda
Aşiqlər əzabı sevir.
Aç qəlbini damla-damla
Axım, ürəyinə dolum.
Dırnağından saçınadək
Hisslərinə hakim olum.
Bircə anlıq gülüşünə
Ayı, günü bəxş eləyim.
Ulduzlarla adımızı
Səmalarda nəqş eləyim.
Baxışını mənə çevir,
Gözlərindən nəmi silim.
Sarıl mənə sarmaşıqtək,
Həyatından qəmi silim.
MƏNDƏN YAY FƏSLİNDƏ ŞEİR İSTƏMƏ
Məndən yay fəslində şeir istəmə,
Mənim ilham pərim payızla gəlir.
Lap on dörd gecəlik ay kimi nurlu
Gülərüz, mehriban bir qızla gəlir.
Sarımtıl, qırmızı yarpaqlar kimi
Gəlir küləklərin sərt qanadında.
Darayır saçımı barmaqlarıyla,
Könlümü oxşayır “sevgi” adında.
Bəlkə də dörd fəsil mövcuddur deyə
Allah dörd qadını halal buyurub.
Həvva Adəm üçün tək olduğundan
Payız da mənimçün tək fəsil olub.
Torpaq, külək, alov, bir də şəffaf su
Hər ünsür bir fəslə uyğun seçilib.
Od yaya, su qışa, torpaq bahara,
Küləksə payıza libas biçilib.
Fəsildə, ünsürdə seçim olarsa,
Səmada istisiz, susuz qalaram.
O mənim küləyim, mənim havamdır,
O olmasa necə nəfəs alaram?
Sevin dəli könül, artıq az qalıb,
Görüşə yenə də həmin qız gələr.
Məndən yay fəslində şeir istəmə,
Bir az da səbr elə, bax payız gələr.