Seymur Baycan: dilimizdəki sözlərin mənalarına fikir verək

Tərlan Əhmədova beş-altı cümlədən ibarət açıq məktub.

Hörmətli Tərlan müəllim, mətbuat konfransında belə demisiniz:

«Qazonun bu vəziyyətdə olması bizim üçün də üzücüdür. Ot örtüyü yaxşı olsa, oyunlarımız da daha keyfiyyətli alınar”.

Türk seriallarına baxa-baxa böyüyən uşaq-muşaqların «üzücü» sözünü səhv istifadə etmələrini bir növ baş düşmək olar.  Mənə maraqlıdır bəs sizin, yaşlı nəslin nümayəndəsinin dilinə «üzücü» sözü haradan gəlib düşübdür?

Azərbaycan dilində «üzülmək» sözü var. Amma Azərbaycan dilində «üzülmək» sözü “taqətdən düşmək, qopmaq » mənasında istifadə olunur.

Məsələn, acından canım üzüldü. Yəni aclıq məni gücdən, taqətdən saldı.

Məsələn, əlim budaqdan üzüldü. Yəni əlim budaqdan qopdu.

Məsələn, it az qala barmağımı üzmüşdü. Yəni it az qala barmağımı qoparmışdı. Sizin məntiqinizə söykənsək belə çıxır ki, it az qala barmağımı kədərləndirmişdi.

Məsələn, haqq nazilər, amma üzülməz. Yəni haqq nazilər, amma qırılmaz. İndi sizin məntiqinizdən belə çıxır ki, haqq nazilər, amma kədərlənməz.

Bu kiçik həcmli açıq məktub təkcə sizə yox, sizin timsalınızda sözlərdən düzgün istifadə etməyən, düzgün danışa bilməyən digər şəxslərə də ünvanlanıb. Zəhmət olmasa, sözlərdən düzgün istifadə edin. Dilə divan tutmayın. Arada vaxtınız olanda beş-on səhifə kitab oxuyun. Söz ehtiyatınızı artırın. Bütün bunlar həm Allaha, həm də onun zavallı bəndələrinə xoş gedər.

Sizə həyat və fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə.

Seymur Baycan

Qiymət