Bəxtiyar Abbasov – şeirlər

Bəxtiyar Abbasov

KİN

Baxa bilsən taleyimin üzünə,

Bilərsən ki, iman nədi, din nədi.

Dünya ölmü yazılıbdi bir kərə,

Axır ölüm beş yüz nədi, min nədi?

 

Bu dar dünya görünməsin sənə gen,

Eşitməyə qulaq lazım qeybdən ün.

Günortalar hamı görür göydə gün,

Gecəyarı biləsən ki, gün nədi.

 

Behişt deyil burda səfa sürəsən,

Sevgi sənə süfrə deyil, sərəsən.

Könül gözün açıla ki, görəsən,

Adəm nədi, Şeytan nədi, Cin nədi.

 

Həsrət çəkmək ürəyimin şövqüdü,

Təklənməyim qəribliyin məşqidi.

Günahlarım zahid dərviş eşqidi,

Mənim ilə elədiyin kin nədi?

10.01.2024

 

MİSALIM

Mən özüm deyiləm sizə görünən,

Mənsiz ola bilməz mənli misalım.

Bir üzüm kafirdi, bir üzüm abid,

Sizə tanış gəlməz dinli misalım.

 

Mənim də dediyim deyil ki, səbat,

Nisbətdə tapsam da sözümdə babat.

Heç kimə heç nəyi etmərəm isbat,

Özümü ovudur ünlü misalım.

 

Üzündə nur gördüm hər bir kəsin də,

Mürgü çala bildim sükut səsində…

Yeni dünyamızın məhkəməsində

Üzüm qara olar sənli misalım.

 

Hamı göstərəcək, kəsir-kəmini,

Biri quzu kimi, biri qurd kimi…

Dağlar da dəyişib öz görkəmini,

Dumanlı misalım, çənli misalım.

 

Bəxtiyar ayıqdı görən gözüylə,

Təklikdə qalıbdı dərin sözüylə…

Musa apardığı Tura özüylə,

Yeganə varlığı-könlü misalım.

03.01.2024

 

ISTƏMƏ

“İrəvan çuxuru” üstündə

Hacətini təzim söylə, doğru de,

Öz dünyanı qat-qarışıq istəmə.

Onsuz Fələk yeyəcəkdi səni də,

Taleyinlə gəl barışıq istəmə.

 

Zəhərlənib bütün aləm həvəsdən,

Canavarlıq iyi gəlir nəfəsdən,

Çıxmaq olmur həyat adlı qəfəsdən,

Yalanlara olma aşiq, istəmə.

 

Yer üzündə nizam özü qarışıb,

Atın izi, itin izi qarışıb,

Hikmət itib, alim sözü qarışıb,

Bəxtiyardan yar-yaraşıq istəmə.

02.01.2024

 

BILMƏZ

Kiçik görünməsin gözünə sənin,

Kiprik göz yaşını qaldıra bilməz.

Bilsən ki, alnına nələr yazılıb

Başın heç qaşını qaldıra bilməz.

 

Necə ağır imiş zamanın izi,

Ən böyük sınaqlar yaşatdı bizi.

Açılsa bəndənin bəsirət gözü

Utanıb başını qaldıra bilməz.

 

Nə qədər bəndə var danışan, gülən,

Onlardan neçəsi eşqində bulan..?

“Tənhalığı məzə bilən, mey bilən,

Həsrətin daşını qaldıra bilməz”

13.01.2022

 

ÜZÜLDÜM

“Bayramı” havası üstündən

Yarımı tapmadım qərib məkanda,

Gözəllər üzünə baxdım, üzüldüm.

Sınıq ürəyimlə qaldım baş-başa,

Həsrəti sinəmə sıxdım, üzüldüm.

 

Əllərim çatmadı canan əlinə,

Aldandım yalanın şirin felinə.

Döndüm xəyalların gürşad selinə,

Əlçatmaz yerlərə axdım, üzüldüm.

 

Yön aldım nurlanan odlara sarı,

Yolumda səsləndi hicranın tarı…

Bir ömrü eylədim altun, mirvari,

Şeytan barmağına taxdım, üzüldüm.

 

Aləmdən aləmə salınıb kəmər,

Zamanın belinə qoyulub yəhər…

Mənə heç qalmadı bir quruş səmər,

Dünya faydasından çıxdım, üzüldüm.

08.01.2024

 

TAMARZI

Tamarzı qalmışam balıq ətinə,

Dəniz çəpərlənib, göllər bağlıdı.

Sözü eşidən yox, haqqı görən yox,

Ədalət söyləyən dillər bağlıdı.

 

Behiştin gülləri saralmaz, solmaz,

Behişt bu görkəmdə bizləri almaz…

Tikədən artığı qazanmaq olmaz,

Qollar qandallanıb, əllər bağlıdı.

 

Bizi bağışlamaz ulu Yaradan,

Artıq rəng yoxdu ki, zillət qaradan.

Çoxdan getmiş idim bu xarabadan,

Sərhədlər bağlıdı, yollar bağlıdı.

01.01.2024

 

QARAMAT ŞEİR

Mənim kimi sən də, dünya,

Qibləgahın gəl başına.

Heç bilmirəm necə axı

Çəkim sənin əl başına.

 

Çox görsətdin bizə əda,

Nəyin varsa gedir bada.

Eləyirəm ömrü fəda,

Birtəfəri ilbaşına.

 

Demərəm ki, səmimisən,

Duyanmazsan qəmimi sən.

Yaxşılığın qənimisən,

Olsun sənin kül başına.

 

Düzdə gülün, dağda qarın,

Deyil axı sənin varın…

Bəla olub Bəxtiyarın,

Canın üçün, dil başına.

06.01.2024