SƏDAQƏTLİ QUMRU QUŞLARI  ( uşaqlar üçün nağıl) Xuraman Zakirqızı

Ədəbiyyat

İki sevgili qumru quşu sərin, sıx meşənin ən uca ağacları olan dəmirağacın yüksək budaqları üstə qurmuşdu öz yuvasını. Bütün günü, ta səhər obaşdan hava qaralanadək, birlikdə oxuyub bir-birini xoş avazla salamlayan qumrular çox şən, mehriban cütlük kimi  meşə quşlarının rəğbətini qazanmışdı. Başqa quşlar belə bu sevgililərə həsəd aparır, onlara bənzəməyə çalışırdı. Erkək qumru öz sevimli qumru xanımını bütün təhlükələrdən, ilandan, çiyandan, əqrəbdən, vəhşi quzğunların hücumundan hifz edib qorumağa çalışır, dimdiyində gətirdiyi bütün qidaları onunla bölüşür, bir sözlə onu göz  bəbəyi kimi qoruyurdu. Həmişə birlikdə uçuşürdu sevgili qumrular, bir an belə ayrılmaq haqqında düşünmürdülər. Sevimli qumrular birlikdə elə gözəl quruldaşırdı ki,  sanki bir-birinə sonsuz sevgilərindən danışırdılar. Günlərin bir günü erkək qumru öz dişisinin tənbəlləşdiyini, uçmağa həvəssiz olduğunu hiss elədi. Onu narahatçılıq hissləri bürümüşdü, can dostunun xəstə olduğunu düşünüb, dərin həyacan hissi keçirirdi. Sevimli dişisini əzizləyib, ətrafında dolanır, yuvasından bir an da aralanmaq istəmirdi. Onun bu halını duyan  dişi qumru öz sevimli dostunu sakitləşdirərək onu müjdələdi:

– Canım, heç narahat olma. Mən xəstə deyiləm, sadəcə yumurtalarımı yuvamızda qoyub uçmaq istəmirəm. Qorxuram qarğa, quzğun gəlib yumurtalarımı yeyər.

Erkək qumru sevgilisinin bu xəbərdarlığından çox məmnun oldu. Onu sinəsinə sıxıb:

– Qorxma, əzizim. Mən səni də, gələcək körpələrimizi də qoruyacam. Sən yumurtalarının üstündə yat, mən  tez-tez gəlib səni yoxlayaram, qida tapıb gətirərəm sənə.

Beləcə günlər keçir, dişi qumru yumurtalarından bir an belə ayrılmır, erkək qumru da hərlənib dolanıb qida tapıb gətirirdi dişi qumrusu üçün. Özünü quşların ən bəxtiyarı sayan dişi qumru erkək qumrusunun qayğısından, sevgisindən çox xoşhal idi və həsrətlə yavrularının yumurtadan çıxacağı günü gözləyirdi.

Bir səhər yenə qida dalısıycan gedən erkəyini xoş avazla yola saldı sevgili dişi qumru. Ucadan şirin səslə quruldayıb sevgilisinə uğurlu yol arzuladı. Erkək qumru da onun səsinə eyni ahənglə səs verib taxıl sahələrinə doğru uçdu. Kənardan çoxlu qarğa, quzğunun bir yerə toparlaşdığını görüb oralarda bol dən olduğunu anladı və həmin səmtə uçdu. Həqiqətən də həmin yerdə xırda dənlər görünürdü. Qumru quşu düşündü ki, yaxşı oldu, özüm də yeyərəm, sevimli qumrum üçün də yem apararam. Elə taxıllara sarı uçurdu ki, qarğalardan bir neçəsi ona hücum etdi, sanki qumru quşu bütün taxılları yeyib qurtaracaqdı. Qumru quşu qarğaların bəd niyyətini duyub ordan uzaqlaşmaq istəsə də, mümkün olmadı. Onu əhatəyə alan qarğalar uzun dimdikləri ilə qumrunu didib-parçalamaq istəyirdilər, zərif quşun başına, gözünə o qədər vurdular ki, yazıq quşun gözlərindən, başından qan tökülürdü. Ordan uzaqlaşmağa çaba göstərsə də, əzazil qarğaların dimdiyindən qurtuluş olmadı binəva quşa, al -qan içində gözləri çıxmış gözəl qumru quşu ah-nalə ilə dişisini səsləyirdi ki, onun səsinin istiqamətində yuvasına uça bilsin. Fəqət yuvasından çox uzaqlaşdığı üçün dişisi onun səsini eşitmirdi. Bu vəziyyətdə çox uça bilmədi yaralı qumru. Taqətsiz halda torpağa düşən biçarə indi öz halından çox əziz, sevimli dişisinə yanırdı: “ Allahım, o qədər yemin içindən mənim 5-6 dən götürməyimə niyə rəva görmədilər axı?  Acgöz qarğalar elə bil insanlardan da tamah borc alıblar”.

Yumurta üstündə ac qalan sevgilisini düşündükcə erkək qumru ölümə can vermək istəmir, çabaladıqca çabalayırdı. Fəqət onun kiçik bədəni, balaca ürəyi bu qədər ağrıya, əzaba tab gətirmək gücündə deyildi, çox çəkmədi ki, vəfalı qumru quşunun cansız bədəni yuvasından, dişisindən uzaq bir yerdə düşüb qaldı…

Dişi qumru çox həyacanlı idi, artıq sevimli erkəyinin yuvasından uçduğu vaxtdan çox keçirdi. O, heç vaxt belə gec gəlməzdi, demək nəsə bir bəla var başında. Nigarançılıqdan, həyacandan aclığını da unutmuşdu qumrucığaz. Zaman keçirdi, erkək qumrudan səs-səmir çıxmırdı…

Dişi qumru erkəyinin həyatda olmadığını anlayırdı artıq və çox üzülürdü… Bir neçə gün keçdi, yumurtalarından bir an da ayrılmayan dişi qumrunun aclıqdan taqəti qalmamışdı. Belə bir vaxtda qanadları arasından civilti səsi duydu qumru quşu. Yavrularını görüncə güc-qüvvət gəldi ana qumrunun qanadlarına və taqətsiz də olsa, uçub yem axtarmaq qərarına  gəldi. Sevimli erkəyinin yoxluğundan sonra həyatdan küsmüş qumru yavruları üçün yaşamalı olduğunu dərk edirdi. Analıq hissi o qədər güclüydü ki, yalnız yavrularını bəsləməyi, yaşatmağı və bunun üçün özünün də yaşamalı olduğunu düşündü vəfalı qumru ANA.