ŞAHMƏMMƏD DAĞLAROĞLU – şeirlər

Ədəbiyyat

Bir soyuq baxış

 

Sibirin qışında üşüməmişdim,

Qanımı dondurur bir soyuq baxış.

Sanma həsrətinin odunda bişdim,

Başqadır bu dəfə üzləşdiyim qış.

 

Sevgidən danışmaq boş şeydir indi,

Məhəbbət günəşi biryolluq batıb.

Ölü xatirələr səssizcə dindi,

Gümanlar ümidin daşını atdı.

 

Səni görməyəndə çatmırdı havam,

Yad kimi keçirəm indi yanından.

Mənəm bu dünyada sonuncu avam –

Can qalıb, məhəbbət çıxıb canımdan.

 

Nələrdən danışır bu quru qəfəs?

Bahara çevirər məhəbbət qışı.

Çağırır, gəl deyir sehirli bir səs,

Çətin bir də yağa sevgi yağışı.

                           30 yanvar 2023-cü il

 

Bəlkə də utanardın…

 

Bilsəydin şeir deyil şeir deyə yazdığın,

İtki – qafiyə, heca, söz içində azdığın.

Bilsən cəfəngiyatdır bu cür şeirbazlığın,

Yazdığını gizlədib, davam etməzdin ardın,

Bəlkə də utanardın…

 

Vacibdirmi, hərənin beş-on kitabı ola?

Kağız minə qiymətə, düşə gərəksiz hala?

Boş yerə pul xərxləmə, faydalı iş gör, bala,

Bilsən sözlərin verir duzsuz şorbanın dadın,

Bəlkə də utanardın…

 

Ha çapala, qürrələn, bircə sözün yer almaz,

Kitablar sırasında kitabına yer olmaz.

İçi məni qarışıq, səni söyən yorulmaz,

Təhqirini doyunca yesən yalanın, yadın,

Bəlkə də utanardın…

 

Yaxşı-yaxşı fikirləş, lazımmı şeri sənə?

Əlində iş-gücün var, o  verər xeyir sənə.

Şeirlə günü keçmiş bir qoca deyir sənə-

Bilsən ki, batırırsan, el adın, şair adın,

Bəlkə də utanardın…

                              15 yanvar 2023-cü il

 

Ortaya

 

Biri “quş” buraxsa, düşər gündəmə,

Çəkən yox doğrunu, düzü ortaya.

Fərqi nə, götürər, götürməz demə,

Bəs edər, atıram sözü ortaya.

 

Dilin sümüyü yox, ağlın açarı,

Təkrar sanca bilmir bal çəkən arı.

Hərə eşmək istər özünə sarı,

Qış günü tökəndə közü ortaya.

 

Getsə, söz gətirər, sözə gedənlər,

Ruhları incidər ruhsuz bədənlər.

Varlı süfrəsini ləziz edənlər,

Qoyarlar çörəyi, duzu ortaya.

 

Var-dövlət hərisi axtarmaqda bab,

Hamı yazan olub, oxunmur kitab.

Bir vaxt lülə, tikə bişərdi kabab,

İndi bütöv gəlir quzu ortaya.

 

Kimin ürəyincə bu xahiş, kimin?

Usta iş axtarır, olub iş kimin?

Baxan yox toy kimin, sifariş kimin,

Girir bir havaya yüzü ortaya.

 

Can qoysan, deyilmir “sağ ol” da  daha,

Can da yox qoyasan bu yolda daha.

Nə sağda bir şey var, nə solda daha,

Durmuşam səssizcə, üzü ortaya.

                       11 yanvar 2023-cü il

 

Səhvlərim

 

Vaxt olsa, baxardım zamana, vaxta,

Bu necə yarışdı, qalibi saxta?

Baharda qar gördüm, yay günü şaxta,

Payızı keçməmiş qışa düşmüşəm,

Çox şeyi mən indi başa düşmüşəm.

 

Yasda olanın da bir gün toyu var,

Arxalı alçağın yeri, boyu var.

Duymuşam, bilmişəm öndə yuyu var,

İrəli adlayıb, boşa düşmüşəm,

Çox şeyi mən indi başa düşmüşəm.

 

Zəifə zor nədir, bilməmişəm mən,

Heç nəyi xeyrimə bölməmişəm mən.

Nə olsun, sağ qalıb, ölməmişəm mən,

Göydən atılanda daşa düşmüşəm,

Çox şeyi mən indi başa düşmüşəm.

 

Enmədim, yüksəldim hey qiymət kimi,

Cəsa da çəkmişəm məzəmmət kimi.

Ehsanda verilən yağlı ət kimi.

Tavada qovrulub, aşa düşmüşəm,

Çox şeyi mən indi başa düşmüşəm.

 

Səbirli, ürəyi sərin olmuşam,

Cibi səxavəti, dərin olmuşam.

Xeyrinə atılan zərin olmuşam,

Udasan deyənə, qoşa düşmüşəm,

Çox səhvi mən indi başa düşmüşəm.

                           9 yanvar 2023-cü il

 

Sevgi şeiri yazsam…

 

Bu şəkildə çəkdiyim o sevdiyim qız deyil,

Bu ki, adi şeirdir, “hardadır qız?” – deməyin.

“Şair eşqə düşübdür” – deməyiniz düz deyil,

Şəkli zəif çəkibsə, “etibarsız” – deməyin.

 

Bu şeirdə mən onu göylərə qaldırmışam,

O, heç məni tanımır, səssiz keçir yanımdan.

Şam yerinə qəlbimi yandırmışam hər axşam,

Yuxuya gedə bilsəm, ruhum çıxıb canımdan.

 

Yazmasam təbim sönür, yazıram qınayan var,

Az deyil eyib sayan, eləsi var qısqanır.

Sevgi nədir bilirmi, şairi qınayanlar?

Şair qalır bir yanda, hamı o qızı anır.

                                  5 yanvar 2023-cü il

XXX

ZAMAN İRƏLİ GEDİR

 

Saat yormur özünü,

Zaman irəli gedir.

Xeyir işə gözünü

Yuman irəli gedir.

 

Dad qalmayıb şirində,

Yüngül üzür dərində.

Yaxşı sayır yerində,

Yaman irəli gedir.

 

Oğul atasın söyür,

Haramlar özün öyür.

Şübhə gözünü döyür,

Güman irəli gedir.

 

Çaqqallar gödən yırtır,

Tamah azalmır, artır.

Şeytan arxaya dartır,

İman irəli gedir.

 

Qapmır daha it iti,

Daş yeyir taxtabiti.

Axsayır cadu, piti,

Şaman irəli gedir

 

Söz düşsə abır-ardan,

Fitnə gülür kənardan.

Aliment alır tardan,

Kaman irəli gedir.

 

Bir ölçüdə boş, dolu,

Gəl, burda seç, sağ-solu.

Yolçu axtarır yolu,

Duman irəli gedir.

 

Mərd əkir, namərd biçir,

Kəpək ələkdən keçir.

Haqq, ədalət and içir,

Aman irəli gedir.

 

Milçək şirəyə qonur.

İş var, görsən, qan donur.

Yonca özünü yonur,

Saman irəli gedir.

 

Hərə bir hava xoşlar,

Neyləsin cibiboşlar?

Üzü parlaq qaloşlar

Yaman irəli gedir.

 

Ver mənə

 

Sən nur saçan dünyanın

Tarısını ver mənə.

Sirli qaladır canın

Barısını ver mənə.

 

Bir dünyadır gülüşün.

O mənə dərman, düşün.

Yüz dəfə bölünmüşün

Yarısını ver mənə.

 

Nəfəsi gül torpağın,

Qarı bakirə dağın.

Payız günü yarpağın

Sarısını ver mənə.

 

Gülüm, olsun məlumun,

Boş şeydir küsün, umun.

Körpə, şıltaq arzumun

Qarısını ver mənə.

 

Gül, çiçək sənin olsun,

Əl, əlcək sənin olsun.

Bal, pətək sənin olsun,

Arısını ver mənə.

 

Mənəm

 

Qəfil qonağın mənəm,

Şamın, çıragın mənəm.

Odsuz ocağın mənəm,

Soyuq baxsan, küləm mən.

 

Məni dözümdə yoxla,

Sevib, sinəmi oxla.

Bihuş olunca qoxla,

Əlindəki güləm mən.

 

Can sözün cana dərman,

Bax, üzünü tutma yan.

Umma məndən bütöv can,

Yaralı könüləm mən.

 

Məni yağış, qar döyər,

Arzum ol, gül aç, göyər.

Səni bunca kim öyər?

Rəva bilmə öləm mən.

 

Gün keçər, il təzələnər

 

Səni təzə kimi qarşılamışdıq

İndi köhnə deyib, salırıq yola.

İlk dəfə bir-birin görüb, baxışdıq,

Xoş arzu-diləklə girdik qol-qola.

 

Yaşadıq, vaxt bizi önə apardı,

Şirin xatirələr qaldl arxada.

Bizi kim axtarsa, qoşa tapardı,

İndi görən nədən düşmürük yada?

 

Dərdli var, bir günü bir ildən uzun,

Xoşbəxtin bir ili bir gündən qısa.

Qəlbim dəfn yeri axan ulduzun,

Böyüklər – Ay, Günəş gəlməz bu yasa.

 

Zamanı xərcləmək asan iş deyil,

Əliboş qalmağın əzabı böyük.

Adi deyimlərdir təzə, köhnə il,

Ömür – gecə-gündüz daşınası yük.

 

Kimsə bu gecədən sağ çıxmayacaq,

Möhkəm yapışacaq əlindən ölüm.

Nə var yaşamağa, ağırdır ancaq.

Ölmək istəyəndə çəkəsən zülüm.

 

Bəlkə bir də gəlmədim…

 

Gəl, öpüşüb ayrılaq, son görüşdü zənn edək,

İnanmıram çəkəsən, sənə qalan dərdi tək.

Mən məhəbbət şahıyam, sənsə sevdiyim mələk,

Bəlkə bir də gəlmədim…

 

Buna ayrılıq demə, ürəyimdə gedirsən,

Göydə ildırımları susdurub, ram edirsən.

Hər açılan səhərlə mənə salam yetir sən.

Bəlkə bir də gəlmədim…

 

Bax, özünə yaxşı bax, ayrı düşmə nazından,

Sənə görə qalmasın bülbüllər avazından.

Göndərdiyim gülləri, al illərin yazından,

Bəlkə bir də gəlmədim…

 

Yuxuna haram qatma, söndür şamı, sən də yat,

Bilsəm əgər rahatsan, olaram səndən rahat.

Fərəhlən, sənin olsun sevdalı, qəmsiz həyat,

Bəlkə bir də gəlmədim.,

 

Mən Fərhad olmasam da, çox dağları dəlmişəm,

Dizim tab etməyəndə, sürünüb yüksəlmişəm.

Hər dəfə söz verəndə, gedib yenə gəlmişəm,

Bəlkə bir də gəlmədim…

 

Bu, nə qəribə duyğu, bu, nə xəyaldı düşdüm,

Mən eşqə göz açanda səni gördüm, görüşdüm.

Gəlməməyi bəhanə tutub bir də öpüşdüm,

Bəlkə bir də gəlmədim…

 

Demirəm

 

Allah pıçıldasa, şeir yazıram,

Allahın adından yalan demirəm.

Bilirəm, nəsihət xoşlamır heç kim,

Adam ol, başıma dolan, demirəm.

 

Dünya bir olsa da, hərəyə bir cür,

Hərə öz ömrünün divarın hörür.

Saç gedib, diş düşüb, göz zəif görür.

Düşübdür canıma talan, demirəm.

 

Aqillər sözünü deyər birbaşa,

Gəlimlər, gedimlər yazılar daşa.

Məndən hərarət al, güc al, yüz yaşa,

Gəl mənim oduma qalan, demirəm.

 

İllərlə səbr etdim, bişmədi qora,

Tökdüm qəzəbimi düşdüyüm tora.

Elinə xor baxan xain, nankora

Gəlib sənə çatsın balan, demirəm.

 

Gözlü də bir kordur, gözünü yumsa,

Nəfsinə üz vermə, üstünə cumsa.

Düz yoldan çıxana nəsihət umsa,

Qarşıda var uçqun, dalan demirəm.

 

Kor etdim dünyanı

 

Bu sözü deməyə heç ehtiyac yox,

Bilməyən sən idin, sevirdim səni.

Bu sevgi işində mənimtək ac yox,

Həsrətdən doymuşam, açma süfrəni.

 

Sevirəm! – söyləmək bir hünər deyil,

Sevdirə biləsən, budur vurulmaq.

İlk eşq unudulmaz, ötsə də yüz il,

Sevgidə nə yaş var, nə də yorulmaq.

 

Demirəm mən gəlim, ya da ki, sən gəl,

Hərəmiz bir yerdə ünvan tutmuşuq.

Qovuşa bilmədik, nə oldu əngəl?

Yaş ötüb, çox şeyi biz unutmuşuq.

 

Amma yaddaşımdan silinmir hələ,

Sənin naz etməyin, “nə bilim” sözün.

Bitdi bu hekayə bu yerdə… Belə –

Kor oldum, kor etdim dünyanın gözün.

 

Bu, nə xəyal…

 

İstəyirəm qonaq gəlim,

Bu gecə çıraq yandırma.

Gül əlini tutsun əlim,

Məni şama dolandırma.

 

Çöldə soyuqdu, şaxtadı,

İncimə, gül gətirməsəm.

Çölüm, içim də saxtadır,

Sənə könül gətirməsəm.

 

Gəlsəm, qapı döyməyəcəm,

Ürəyimin vurduğu bəs.

Beləsini qoru, Əcəm,

Onsuz dünya fani, əbəs.

 

Gəlsəm, dünyan dəyişəcək,

Söz donacaq dilimizdə.

Həsrət, vüsal döyüşəcək,

O da, bu da əlimizdə.

 

Bu, nə xəyal, bu, nə istək?

Şairliyim tutdu yenə…

Sən orda tək, mən burda tək,

Ümid də yox gələn günə…

 

Neçə qəlbə düşəsi çat,

Eldə qınaq tapsa adım.

Şeir bitdi, sən də dur yat,

Daha gələsi olmadım.

 

Məni özünlə apar

 

Nəyim var, itirmişəm,

Göyə əl götürmüşəm.

Fələk yolu cızmamış,

Ocaq, təndir qızmamış,

Kündəmi soyuq yapar,

Məni özünlə apar.

 

Bir məhəl qoyanım yox,

Halımı duyanım yox.

Ahım çox, amanım az,

Bundan böyük dərd olmaz.

Əl ver, bu dərddən qopar,

Məni özünlə apar.

 

Əlimdən möhkəm yapış.

Hələ qarşıdadır qış.

Susma, şən ol, danış, din,

Atsan, unutsan, yəqin,

Bir ürəyidaş tapar,

Məni özünlə apar.

 

Yaman kiçilib cahan,

Mən ondan böyük bu an.

Şirin candan bezaram,

Bu tünlükdə azaram,

Bir ac qalmış qurd qapar,

Məni özünlə apar.

 

Yer göstər, durum harda?

Var ol çətində, darda,

Dayağım ol həm mənim.

Yoxsa, qüssə, qəm mənim

Üstümə atın çapar,

Məni özünlə apar.

 

Səni görmədiyim gün

 

Səni görmədiyim gün,

Deyirəm: – Gün çıxmadı?

Dilimə dağ basıblar

Sənə qoyulan adı.

 

Səni görmədiyim gün,

Qəm, ağrı hücumdadır.

İçim, çölüm ağrıyır,

Ürəyim ovcumdadır.

 

Səni görmədiyim gün,

Nə görsəm, gözə batır.

Donub durduğum yerdə

Qəlbim yola can atır.

 

Səni görmədiyim gün,

Sayılmaya ömürdən.

Qanımı, düşüncəmi

Seçən olmaz kömürdən.

 

Səni görmədiyim gün,

Susur əlimdə qələm.

Məndə ünvanın da yox,

Cəsarət tapıb gələm.

 

Nələr çəkirəm, nələr,

Səni görmədiyim gün.

Eşidib köks ötürsən,

Ölərdim sənin üçün…