1923 Cinli-Boluslu, Vəfat tarixi 1984 Cinli-Boluslu, Goranboy rayonu
Gəl
Get, uğurlar olsun, mehriban sonam,
Təhsilin bitəndə qayıt, kəndə gəl.
Özün — öz əlinlə düzüb qurduğun,
Sizin sarmaşıqlı aynabəndə gəl.
O siyah telləri kəsdirmə qısa,
Mina gərdənini batırma yasa!
Əzəlki sadəlik səndə qalarsa,
Bilginən, artacaq inam məndə! Gəl!
Demirəm, oxuma! Oxu-savadlan,
Elmidə alim ol, həyatda insan.
İşdə mübariz ol, evdə mehriban,
Yaşayaq bu bağda, bu çəməndə, gəl.
Kədər də, sevinc də olur həyatda,
Nə qədər qiymət var bir təmiz adda!
Əhdi-peymanını bərk saxla yadda,
Gözlərəm – saçıma dən düşəndə, gəl!
Əqlini almasın hər gülən bəniz,
Saxta məhəbbəti sevməyirik biz!
Sadə get, sadə gəl, bəzənmə qəliz,
Sevinsin el-oba sən gələndə! Gəl!
(Son iki bəndi düzgün variantla tapa bilmədik, əfsuslar! Ona görə də sayta yerləşdirmədik.)
Azərbaycanın xəritəsi
Gəl sənə şeirimlə xəritə verim,
Get Azərbaycanı gəz özün danış
Günəşli yurduma gözlərinlə bax
Sonra ayriliğa döz özün danış
Xram körpüsünü elə ki, kecdin
Olmasın qəlbində nə qubar, nə kin
Cox qonaqpərvərik, nə utan, çəkin,
Axtarsan tapmazsan söz özün danış.
Atını yavaş sür Qazağa qədər,
Şairlər yurduna yaxşı sal nəzər,
Hər şeyə diqqət ver, dolanma hədər,
Baxmaqla doymayır, göz, özün danış.
Dilican dərəsini ziyarət eylə,
Vaqifdən şeir de, Vurğundan söylə,
Göyəzən dağını tut şirin dilə,
Məxmər çəmənliyi əz, özün danış.
Getmə bir az dayan Dağkəsəməndə,
Bir ahu gözüylə salam de məndən,
Ötəndə üzüm dər bağ dərəsindən,
Salxımı əlinlə üz, özün danış
Ağstafa, Zəyəm, Tovuzda dayan,
Başına yığılar aşıqlarından
Sevgidən, dostluğun etibarından
Gör nə dillər tökür saz, özün danış.
Şəmkirdə şərab iç, çıx Daşkəsənə
Nə istəsən verər, o mədən sənə,
Hər qarış torpağı gövhər dürdanə,
İnanmırsan, götür qaz, özün danış.
Gədəbəy, Dəstəfur, bir yanı Xanlar,
Göygölü görəndə eyləmə iqrar.
Hər daşın, torpağın öz tarixi var,
Edir asimana naz, özün danış.
Dolan Kəlbəcəri, öt şən Laçına,
Gözün qaralmasa, gəl məni qına.
Könlünü bağlarsan dağlar qızına,
Zülfünə gül-çiçək düz, özün danış.
Qırxbulaq, Bazar çay, Gorusa da bax,
Nəbidən, Həcərdən tutarsan sorax
Bir gecə Şuşada qalarsan qonaq,
Qizartsın kababı köz, özün danış.
Yaxşı nəzər yetir Milə, Muğana,
Şöhrəti sığmayır ulu cahana,
Əlibayramlıdan əyil Salyana,
Burax o səhrada iz, özün danış.
Kürdəmir, Şamaxı, Lahıc elləri,
Hürküt Babadağda vəhşi kəlləri,
Qutqaşen, Vartaşen sıx meşələri,
Şəkidə bir toyda süz, özün danış.
Zaqatala, Eldar, Samuxdan Kürə,
Qayıt qəl birbaşa Mingəçevirə,
Ağdaş, Göyçay, Yevlax, çıx Mirbəşirə,
Əmin ol deyirəm, düz, özün danış.
Dağlıq Qarabağdan en Qarabağa
Ədəblə deyərlər xoş gəldin, qağa.
Astara, Lənkəran, Kürboyu sağa
Bacarsan Arazda üz, özün danış.
Bakı, Sumqayitı gəz qayıdanda
Xudat, Xaçmaz, Quba, Dərbənd yolunda
Badamlıda su iç, ol Naxçıvanda
Götür yemək üçün duz, özün danış.
Goranboy, Ağcakənd əbədi bahar,
Şairli, şeirli, cananlı diyar,
Gəncədə başına yığılar dostlar,
Qoş orda yadigar söz, özün danış.
Qaranlıq düşməmiş gəl Naftalana
Ora şəfa verir milyon insana,
Cinli-Bolusluda mehman ol mənə.
Gör nə mehribanıq biz, özün danış.
Məclisdə Səfəri unutma barı,
Yetir qəlbindəki xoş arzulari,
Gözünlə gördüyün neməti, varı
Mübarək əlinlə düz, özün danış.