Repressiya illərinə dair xatirələr (M. C. Bağırovun təziyə məclisi)

Tarix

Elnur Musayevin tərtib etdiyi “Azərbaycan yazıçılarının repressiya illərinə dair xatirələri”ndən

İkinci hissə

 

1943-cü ilin əhvalatıdır.

Süleyman Rüstəm deyir, müharibə illəri idi. Mən Təbrizdə hərbi qulluqda idim. Bakıya bir neçə günlüyə məzuniyyətə gəlmişdim. Bakı dəmiryol vağzalında gördüm ki, çekistlər adamları mühasirəyə alıblar… (Sonralar eşitdim ki, həmin gün Stalin Tehran şəhərinə konfransa gedirmiş).

Sənədlərimi çekistlərə göstərib güclə evimizə gəldim. Axşam dost-tanış bizə toplaşdı.

Qonşumuz Ordubadi də mənimlə görüşməyə gəldi. O çox dilxor idi. Mənə dedi ki, gədə, axşam Bəqirovgildə ol! Bəqirov Təbrizdən gəldiyini eşidib. O mənə dedi ki, axşam saat yeddidə Volodyanın təziyəsi olacaq. Süleymanı da götürüb gələrsən.

Düzü, uzaq yoldan təzəcə gəlmişdim. Özüm də yorğun idim. Odur ki, təziyəyə getməyə könlüm yox idi. Amma kim cəsarət edib Bağırovun dəvətinə getməyə bilərdi?! Bəzi yalançı vətən qəhrəmanları Bağırov güllələndən sonra deyər ki, «mən getməzdim!» Belələri ağ yalan deyir. İnanın ki, Bağırovdan Allahın özü də qorxurdu! O, ki, qaldı bəndə ola!

Axşamüstü xüsusi maşın gəldi. Ordubadi ilə maşına əyləşib Mircəfər Bağırovgilə getdik. Bizi mülkü paltar geymiş çekist böyük bir salona apardı. Stolların üstündə hər cür nemət var idi. Hətta stollara cürbəcür bahalı içkilər də qoyulmuşdu. Öz-özümə fikirləşdim ki, belə də müsəlman təziyəsi olar? Sonra yadıma düşdü ki, Volodyanın anası yəhudidir. Ona görə də təziyə xristian adəti ilə aparılır. Volodya Mircəfər Bağırovun istəkli oğlu idi. O, hərbi təyyarəçi kimi döyüşdə faciəli həlak olmuşdu. Cəsədini cəbhədən gətirib Bakıdakı Kirov parkında dəfn etmişdilər.

Salonda olanların hamısı hüznlü idi. Baş tərəfdə üç stul boş idi. Birində məni əyləşdirdilər. O birində isə Ordubadini. Birdən Mircəfər Bağırov tutqun halda salona daxil oldu. Hamımız qeyri-ixtiyari ayağa qalxdıq. Bağırov gəlib Ordubadi ilə mənim aramda oturdu. Çox keçmədi ki, ayağa qalxıb qonaqlara müraciət etdi:

— Mən bu gün istəkli oğlum Volodyanı torpağa basdırmışam! Dərdimdən içəcəyəm! Ancaq sizdən xahiş edirəm, məni düzgün başa düşün, məni bu məsələdə müdafiə edin! — Sonra Bağırov üzünü sağında oturmuş Ordubadiyə tutub əli ilə yüngülcə onun döşünə vurdu: — Qoca, məclisin ağsaqqallığını əlinə al!

Ordubadi duruxdu. O, rus dilində olduqca pis bilirdi. Elə Azərbaycan dilində də o qədər səlis, məntiqi danışa bilmirdi. Əsasən, fars və ərəb dillərini çox gözəl bilirdi. Ordubadi dedi ki, təvəriş Bəqirov, Süleyman izdes.

Bağırov hələ özünə gəlməmişdi. O elə başa düşdü ki, Ordubadi deyir ki, məclisi Süleyman Rüstəm aparsa, yaxşı olar. Çünki rus dilini o məndən yaxşı bilir.

Sükuta Bağırov dözmədi. O qocanın üstünə acıqlandı: — Qoca sənə deyirəm ki, məclisi apar. Sən ki, Volodyanı yaxşı tanıyırdın…

Ordubadi çıxılmaz vəziyyətdə qaldı. O, tez ayağa qalxıb üzünü məclisə tutdu:

— Əziz generallar, admirallar və qonaqlar. Mən hələ Volodyanı Həştərxanda sürgündə olandan tanıyıram. Volodyanın dil açan vaxtı da yadımdadır. Onu öz balam kimi köksümün üstündə çox oynatmışam. O hələ beşikdə ikən anası ona şirin-şirin layla deyərdi. İndi bu matəm məclisində o laylalar mənim qulağımda səslənir. Ordubadinin sözləri Bağırovun xoşuna gəldi, lakin Azərbaycan dilində danışdığı üçün bərk əsəbləşdi:

— Qodja, proşu, skajite po russki, zdes tovarişi vaş yazık ne ponimayut!

Ordubadi qorxub ciddi halda dedi:

— Təvəriş Bəqirov, ya tebe skazal çto Süleyman izdes….

Bağırov bərk əsəbiləşdi və əlini stola elə vurdu ki, içkilər töküldü:

— Süleyman ne smeyet, mənim məclisimi masqaraya qoysun!

Süleyman Rüstəm deyir, mən o vaxt budumun ətini çimdikləyirdim. Özümə pıçıldayırdım ki, Allah eləməsin, birdən gülüb eləyərəm… Hətta dilimi qanatmışdım da. Təzə pirə ürəyimdə nəzir dedim ki, bu qan çanağından salamat çıxım.

Ordubadi bu dəfə naəlac qalıb rusca nitqə başladı:

— Təvəriş generali, ədmerəli u doroqoye qostu. Koqda mı bıli Əjdərəxan sısılka Volodya lülkə qaçal-qaçal. On vırıstil moyo qrydu…

Süleyman deyir, dilimin qanını içimə sümürürdüm. Qızıl teştə qan qusmaq buna deyirlər. Allaha şükür ki, gülmək məni tutmadı. Yoxsa Volodyanın matəm məclisindən evimizə yox, birbaşa qaranlıq zindana gedərdim.

Məclisdəkilər də qorxuya düşmüşdülər. Hamısı Ordubadiyə «diqqətlə» qulaq asırdı. Allah bilir ki, «natiqin» dediklərini anlayan yox idi. Gecəyarı matəm məclisi qurtardı. Hamı Bağırova başsağlığı verdi. Ordubadi Bağırovla xudafizləşərkən dedi:

— Təvəriş Bəqirov, proşu mne addelni maşın dayti. Bağırov soruşdu ki, qoca, nə üçün? Ordubadi dedi ki, Süleymanla bir maşında getsək, o məni yolda təhqir edəcək. Bağırovun qanı tamam qaraldı:

— Qoca, xahiş edirəm, sabahdan özünüzü həkimə göstərin. Başınızın, deyəsən, müalicəyə ehtiyacı var. Bu əhvalatdan sonra düz üç il Ordubadi mənimlə küsülü qaldı.

 

ardı var…