MİR CƏFƏR BAĞIROV kim olub – araşdırma (davamı)

Tarix

Beydemir.ru saytı tədqiqatçı-yazıçı və politoloq Adıgözəl Məmmədovun “MİR CƏFƏR BAĞIROV – SİYASİ PORTRET” adlı əsərini hissə-hissə yerləşdirməyi qərara alıb. Növbəti hissə.

F № 1, siy. № 89, iş № 95 Tam məxfi

Təbriz şəhərinin erməni əhalisinin Amerika erməniləri Milli Konqresinin bəyannaməsi ilə bağlı əhval-ruhiyyəsi haqqında

ARAYIŞ

San-Fransisko konfransında Amerika erməniləri Milli Konqresinin bəyanatını Təbriz ermənilərinin həyatında ən sensasiyalı xəbərlərdən biri hesab etmək olar. Əsl sensasiya isə “Sovet Ermənistanı” qəzeti (SİTA-nın məlumatına əsasən) müəyyən ixtisarla bu xəbəri çap etdikdən sonra başladı. Bu bəyanat barədə əvvəlcə xaricdən verilmiş (SSRİ-dən yox) radio məlumatı “Sovet Ermənistanı” qəzetində xəbər kimi peyda olduqdan sonra müşahidə edilən marağı doğurmamışdı.

“Sovet Erəmənistanı”nın bu məlumatına əks-səda olaraq Derenik Dəmirçiyanın məqaləsi bu məsələyə elə böyük maraq yaratdı ki, ermənilər bir-birilə görüşəndə soruşurdular: “Öyrəndin? Oxudun? Bu nömrəni tapa bildin?” və s. Yerli “Antifaşist” qəzeti bu coşqun marağı görüb “Sovet Ermənistanı”ndan bu xəbərin üzünü köçürüb, bir neçə saat ərzində satılıb qurtaran vərəqələr şəklində buraxdı. Uzun həftələr ərzində və hətta indi də yerli erməni icması üçün söhbət mövzusu bu bəyannamə idi.

O sənəd böyük ruh yüksəkliyi və fikir mübadiləsi yaratdı ki, bunu hər gün görmək mümkün idi.

Yerli erməni icmasının fikri bütünlüklə günün mövzusu – erməni məsələsi ilə məşğuldur. Onlar hər gün, hər saat bu və ya digər siyasi əqidə haqqında danışırlar. Bütün söhbətlər erməni məsələsi və onunla paralel baş verən hadisələr, məsələn, San-Fransisko konfransında edilmiş müraciət, milli kilsə yığıncağı tərəfindən Stalinə ünvanlanmış teleqramlar, milli yığıncaqdan qayıdan nümayəndələrin çıxışları, bununla bağlı qəzetlərdə çap olunan məqalələr, Türkiyə tərəfindən verilmiş miskin bəyanatlar, ingilis dini rəhbəri Consonun müsahibəsi və s. ətrafında gedir.

Ümumi əminlik var idi ki, erməni məsələsi ilə bağlı baş verən bu hadisələr bir nəticəyə gətirib çıxarmalıdır, daha dəqiq desək, Sovet İttifaqı bu işə rəsmi müdaxilə edəcək və məsələ öz əlverişli həllini tapacaq. Guya Türkiyə Ermənistanının bir sıra əyalətləri Sovet Ermənistanına birləşdiriləcək və xaricdəki ermənilər öz vətənlərinə qayıdacaq.

Yuxarıda göstərilən məsələ ilə bağlı bir sıra şəxslərin aşağıdakı fikirləri qeydə alınmışdır.

Arxiyepiskop Məlik-Tanqiyan: — Ermənilər öz səslərini qaldırdılar. Moskvanın sayəsində biz sərhədlərin genişlənməsinin və geriyə mühacirətin şahidi olacağıq. İndi geriyə dönməyin əsl vaxtıdır, bir neçə onillikdən sonra gec olacaq. Çünki, yeni nəsil xaricdəki həyata uyğunlaşacaq və öz ölkəsinə mühacirət etməkdə çətinlik çəkəcək. İngilis kilsəsi nümayəndəsinin müsahibəsi çox maraqlıdır. Bu insan sadə və aydın şəkildə deyir ki, Ermənistan ermənilərə verilməlidir. İngilisin dilindən belə sözlər heç vaxt eşidilməyib. Stalinə teleqramların göndərilməsi çox ağıllı işdir. Bizim üçün nəsə edilməlidirsə, bunu bu insan etməlidir. Ermənilərin San-Fransiskoda təqdim etdikləri bəyannamə yaxşı redaktə olunub.

Daşnak liderlərindən biri Hayk Əcəmyan: — Amerika erməniləri Milli Konqresinin San-Fransisko konfransına müraciəti, “Sovet Ermənistanı” qəzetinin bu bəyannaməyə səs verməsi, Derenik Dəmirçiyanın, Metxasyanın və başqalarının məqalələri erməni məsələsinin müəyyən məcraya düşməsinə gətirib çıxarır.

Əlbəttə, bütün bunlar hazırda Sovet İttifaqı tərəfindən aparılan siyasətin nəticəsidir. Görünür, Sovet hökuməti Türkiyə Ermənistanı haqqında bu məsələni həll edəcək. Sovet hökuməti bu məsələni ortaya atıb, sistemli şəkildə onu inkişaf etdirir və bu məsələni tam həllinə aparıb çıxaracaq. Biz artıq bilirik ki, Sovet İttifaqı nəyəsə nail olmaq istəsə, o, öz niyyətini mütləq həyata keçirəcək.

Eçmiədzində milli kilsə yığıncağının və ya San-Fransiskoda Amerika ermənilərin müraciəti razılaşdırılmış məsələlərdir (yəni, bütün bu məsələlər guya Sovet hökuməti ilə razılaşdırılıb – A.M.).

Xalq Partiyasının üzvü, keçmiş tacir Stepan Qaraxanyan: — İlk zamanlar mən hansısa yeni, ikinci Ermənistan haqqında məsələnin irəli sürüldüyünü güman edərək, Amerika Erməniləri Milli Konqresinin müraciəti ilə bağlı mənfi fikirdə idim.

Amma “Sovet Ermənistanı”nın bu bəyannaməyə səs verməsi və burada Türkiyə Ermənistanının Sovet Ermənistanına birləşdirilməsinin göstərilməsi məni bu məsələnin razılaşdırılmış olmasına əmin etdi. Bizdə belə bir əminlik yarandı ki, Sovet İttifaqı sayəsində və onun əli ilə erməni məsələsi ümumilikdə öz həllini tapmalıdır.

Mühəndis Avetis Oqacanyan: — İstər öz doğma ölkəsi, istərsə də onun hüdudlarından kənarda erməni əhalisi öz səsini vaxtında qaldırdı. Sovet İttifaqının maraqları erməni məsələsinin həll olunmasını tələb edir. “Sovet Ermənistanı” qəzetinin əks-sədası sübut edir ki, Sovet İttifaqı erməni məsələsinin həllinin tərəfdarıdır. Sovet hökuməti üçün Mosul neftindən istifadə marağı var, bu isə yalnız erməni və kürd məsələlərinin həlli ilə mümkündür. Mən kürd tayfalarının rəhbərlərindən eşitmişəm ki, San-Fransisko konfransında kürdlər də bəyannamə təqdim edərək Kürdüstanın Sovet İttifaqına birləşməsi şüarı altında tələb irəli sürüblər. Görünür, kürdlər bu barədə yazmayıblar, amma Kürdüstanda bu məsələ ilə bağlı ciddi söhbətlər gəzir”.

Keçmiş daşnak, İran gömrüyünün məsul işçisi Bağdasar Şahgəldiyan: — Amerika ermənilərinin bəyannaməsi siyasi cəhətdən yaxşı tərtib olunub. Bu dəfə Türkiyə Ermənistanı məsələsi həll olunacaq. Çox güman ki, bu məsələnin həllini öz üzərinə Sovet hökuməti götürüb. Söz zamanındır, o, dediyini həyata keçirir.

Kreml deyirdi ki, biz öz qələbə bayrağımızı Berlinə sancacağıq və belə də oldu. Bu məsələyə “Sovet Ermənistanı” qəzetindən başqa “Pravda” və “İzvestiya” da toxunub. Bu, çox şey deməkdir, bizim üçün yaxşı, türklər üçünsə pis. Türklərin narahatlığı da həmçinin sübut edir ki, onlar üçün vəziyyət ciddi və narahatlıq doğuran xarakter alır. Xaricdəki ermənilər öz doğma qardaşları hesab edən Dəmirçiyan və başqalarının məqalələri kifayət qədər təsirli və ruhlandırıcıdır. Biz ümid edirik ki, bizim və onların arzuları həyata keçəcək. Stalin zarafat etmir, o, ingilis siyasətçisi deyil”.

Xalq Partiyasının üzvü Hayk Ovanesyan: — Bakı neft sənayesinin təhlükəsizliyi tələb edir ki, sərhəd Leninakandan çox uzaqlaşdırılsın. Erməni məsələsinin gündəmə gəlməsinin hazırkı motivi məhz bu vəziyyətlə izah olunmalıdır.

Sovet hökuməti Bakının təhlükəsizlik məsələsində həddindən artıq maraqlıdır. Ehtimal ki, Türkiyə Ermənistanı əyalətlərinin Sovet Ermənistanına birləşdirilməsi məhz bu nöqteyi-nəzərdən həyata keçiriləcək. Amerika ermənilərinin və Eçmiədzindəki milli-dini yığıncağın bəyannaməsi ilə “Sovet Ermənistanı” və digər qəzetlərdə getmiş məqalələr arasında ümumi əlaqə var.

Keçmiş qnçakçı, hazırda Xalq Partiyasının üzvü Levon Çuxasizyan: — Amerika ermənilərinin Milli Konqresi tərəfindən San-Fransisko konfransına təqdim olunmuş bəyannamə Eçmiədzində milli-kilsə yığıncağının Moskvaya müraciəti, Dəmirçiyan və digər şəxslərin məqalələri, ingilis kilsəsi dini rəhbərinin Yerevandakı çıxışı, bütün bunlar eyni zəncirin həlqələridir. İndi Moskva üçün türklərlə bütün qeyri-qanuni məsələləri, o cümlədən, sərhədlərlə bağlı məsələni həll etməyin ən münasib məqamıdır.

Tezliklə biz əmin olmalıyıq ki, Molotovun notası — Türkiyə ilə dostluq müqaviləsinin ləğv olunması boş yerə verilməyib. Biz — Türkiyə erməniləri bu məsələdən böyük ruh yüksəkliyi duyuruq və buna haqqımız da var. Ermənistana hər hansı ərazi birləşdirməsinin olacağı şübhəsizdir, amma bu torpaqların hansı həcmdə olacağını əvvəlcədən söyləmək çətindir.

Keçmiş daşnak, uzun illər müəllim işləmiş Arakel Ter-Tovmasyan: — Erməni əhalisi olduqca vacib və tarixi bir dövr yaşayır.

“Sovet Ermənistanı” qəzetinin məqalələri olduqca sevindiricidir. Düşünürəm ki, Moskva bizim arzularımızı həyata keçirəcək.

Daşnak, Budaqyan bankının mühasibi Armenak Muradxanyan: — Siyasətdə Moskva ingilisləri ötüb. Moskva ilə müqayisədə İngiltərənin siyasəti geri qalır. Əgər siyasi hadisələri götürüb ciddi araşdırsaq, görərik ki, İngiltərə burada əsasən uduzub, Sovetlər isə udub. Moskvanın erməni məsələsinə tərəfdarlığına və onun əlverişli həllində maraqlı olmasına heç bir şübhə yoxdur. Moskvanın razılığı olmadan Amerika ermənilərinin bəyannaməsi meydana çıxmazdı. “Sovet Ermənistanı” qəzetinin əks-sədasını da bununla izah etmək lazımdır. İstənilən halda bizdə yaxşı hadisələr baş verəcək, çünki Moskva və onun siyasəti göz qabağındadır.

Azərbaycan SSR vlət hlüsizlik Xalq Komissarı, polkovnik /rimov/ 29 sentyabr 1945-ci il

F№1, siy. № 89, iş № 95 Tam məxfi

Təbrizdə daşnakların silah anbarının aşkar olunması haqqında ARAYIŞ 1945-ci il iyul ayının ortalarında Təbrizdə erməni məktəbinin zirzəmisində daşnakların silah anbarının mövcudluğu barədə məlumat daxil oldu.

İlkin yoxlama zamanı bu məlumatlar təsdiqləndi və müəyyən olundu ki, burada silah anbarının olmasından hələ 1944-cü ildə daşnak Baqdalyan və Xalq Partiyasının üzvü David Gevorkyan erməni məktəbinin təmiri zamanı xəbər tutmuş, amma guya qorxudan bunu heç kimə deməyiblər.

Dindirmə zamanı David Gevorkyan erməni məktəbinin zirzəmisində silah anbarının olmasını təsdiq edərək bildirib ki, o, bu barədə heç kimə xəbər verməyib və həmin silahları Xalq Partiyasının üzvlərinin silahlandırılması üçün istifadə etməyi nəzərdə tutub.

Anbar silahı istənilən vaxt başqa yerə daşımaq imkanına malik daşnakların nəzarəti altında idi və onlar, sözsüz ki, silahın Xalq Partiyasının əlinə keçməsinə yol verməzdilər.

Həmin il iyul ayının 20-nə keçən gecə əməliyyat keçirilmiş və bizim əməkdaşlar yeri qazıb anbarı aşkar etmişlər. Nəticədə 50.000-dən artıq tüfəng və digər silahlar üçün patronlar, 4 top panoramı, 19 mərmi, 23 “Naqan” və “Mauzer” tipli tapança, 500 kiloqram partlayıcı maddə, 3.000 kapsul-fitil, 25 qumbara və bir sıra top hissələri çıxarılıb götürülmüşdür.

Bəzi məlumatlara görə, bütün bu silahlar 25 il bundan əvvəl əldə edilmiş, daşnak hökumətinə məxsus olmuş və Təbrizdəki erməni məktəbinin zirzəmisində gizlədilmişdir.

Müəyyən olunub ki, silah anbarının mövcudluğu arxiyepiskop Məlik-Tanqiyana da məlum imiş. O, sonradan bizim əməkdaşlara sistematik olaraq daşnakları himayə etdiyini, həmçinin silah və döyüş sursatının saxlanmasında onlara köməklik göstərdiyini şəxsən etiraf etmişdir. Məlik-Tanqiyan son zamanlaradək yeparxiya idarəsinin binasında İraqdan qaçan daşnakların qoyub getdiyi daşnak ədəbiyyatı kitabxanasını da saxlayırmış. 1929-cu ilin məlumatına görə, Məlik-Tanqiyan ingilis kəşfiyyatı ilə əlaqəli imiş.

Yuxarıda göstərilən anbar aşkar edildikdən sonra, yerli milliyyətçi dairələr iranlılar və ermənilər arasında milli ədavətin qızışdırılmasına yönəlmiş hər cür mümkün dedi-qodular yaymağa başladılar. Alınan məlumatlara görə, bəzi mollalar erməni kilsəsinin həyətində guya iranlılara qarşı istifadə olunmaq üçün nəzərdə tutulmuş silah anbarının tapıldığını da deyirmişlər. Bu zəmində ermənilərin döyülməsi və onlara qarşı hədə-qorxu halları baş vermişdir.

Erməni əhalisi qeyri-qanuni silah anbarı saxlamaqda günahkar olanların məsuliyyətə cəlb edilməsini tələb eləyirlər. Onlar daşnakları, xüsusilə də, silah və döyüş sursatını gizlədən yeparxiya şurasının rəisi arxiyepiskop Nerses Məlik-Tanqiyanın, zərgər Aykak Kosoyanın, məktəbin direktoru Hayk Əcəmyanın, erməni məktəbinin keçmiş gözətçisi, hazırda tacir olan Ovanes Qabrielyanın, onun oğlu Andronik Qabrielyanın simasında onların Təbrizdə qalan rəhbərlərini ittiham edir.

Azərbaycan SSR Dövlət Təhlükəsizlik Xalq Komissarı, polkovnik /Kərimov/ 1 oktyabr 1945-ci il Artıq oktyabrın 16-da M.Bağırovun təkidi ilə polkovnik Kərimov İran ermənilərinin və Sovet rəhbərliyinin maraqlarını ifadə edən “Tudə” Partiyasına deyil, Demokrat Partiyasına üstünlük verməyə və yeni məlumatlar ötürməyə başlayır.

F №1, siy. № 89, iş № 95 Tam məxfi

İran ermənilərinin yeni yaradılan Azərbaycan Demokrat Partiyasına münasibəti haqqında ARAYIŞ “Ramkavar” partiyasının üzvü Torqosyan: “Demokrat Partiyası kifayət qədər dəyərli ideya daşıyır.

Əgər o, öz tələblərinin həyata keçirilməsinə nail olarsa, ermənilərin vəziyyəti kəskin şəkildə yaxşılaşacaq”.

Böyük sərvət sahibi Budaqyan: “Bir halda ki, Demokrat Partiyası Azərbaycanın muxtariyyəti məsələsini qoyur, şübhəsiz, biz buna hər cür yardım göstərməliyik”.

Bununla yanaşı, həmçinin bəzi mənfi fikirlər də qeydə alınmışdır.

İngilis bankının işçisi, İngiltərə vətəndaşı Tovmasyan öz münasibətini belə bildirmişdir: “Ruslar öz qoşunlarının çıxarılması ilə bağlı İranda nüfuzlarının zəifləməsinin qaçılmazlığını əvvəlcədən görərək, “Tudə” Partiyasının adını dəyişib Demokratik Partiya qoydular. Onların bu partiya ilə əlaqəli olması fikrinə əsas verməmək və Azərbaycanda öz nüfuzlarını qoruyub saxlamaq üçün bura bəzi tacir və mülkədarları da daxil etdilər”.

Tanınmış daşnak Kosoyan: “Ruslar gördülər ki, “Tudə” Partiyası öz hərəkətləri ilə özünü hörmətdən salıb, buna görə onu Demokrat Partiyası adlandırdı lar və bura varlıları cəlb etmək, bununla da hökumətin diqqətini özlərindən yayındırmaq üçün proqrama bəzi dəyişikliklər etdilər. Hər halda bu partiyanın tələbləri kifayət qədər ədalətlidir və onların həyata keçirilməsində biz ermənilər də maraqlıyıq”.

İngilis bankının direktor müavini Ter-Ovanesyan: “Ermənilərin Demokrat Partiyasına qoşulması səhvdir. Bu partiyaya Azərbaycan ermənilərinin adından göndərilmiş təbrik məktubu siyasi nöqteyi-nəzərdən təhlükəli addımdır. Bizim ermənilər və milli azlıq olaraq vəziyyətimiz qeyri-müəyyəndir.

Biz bütün bunları dərk etməli və özümüzü loyal aparmalıyıq.

Öz iştirakımızla Demokrat Partiyası üçün yaxşı heç nə edə bilməyəcəyik, çünki say baxımından heç nəyə dəymərik, ermənilər üçün isə ən pis vəziyyət yaradacağıq. Hətta elə ola bilər ki, gələcəkdə Demokrat Partiyası özü də “Gənc türklər” kimi ermənilər üçün dəhşətli qılınca və onları təqib edən qüvvəyə çevrilsin”.

Marağada yaşayan daşnak Rostomyan: “Biz ermənilər üçün belə partiyalarda iştirak etmək çox təhlükəlidir. Biz Demokrat Partiyasına daxil olsaq, İran hökuməti onun bütün fəaliyyətini bizim ayağımıza yazacaq və bizə divan tutmağa başlayacaq. Ərdəşir Ovanesyanın başına nə gətirdiklərini görürsünüzmü? “Tudə” Partiyasının hərəkətlərində yalnız onu ittiham edir və hesab edirlər ki, bu partiyanın bütün işinə tək o rəhbərlik edir və bu, ancaq ona görə baş verir ki, o, ermənidir. Biz öz varlığımızı qoruyub saxlamaq üçün bütün partiyalardan kənarda durmalıyıq. Bizim İrandakı mövqeyimiz onsuz da möhkəm deyil.” Təbrizdə dərc olunan “Antifaşist” erməni qəzeti Demokrat Partiyasının orqanı olmasa da, sistematik olaraq öz səhifələrində Azərbaycan Demokrat Partiyasını təbliğ edir.  Azərbaycan SSR Dövlət Təhlükəsizlik Xalq Komissarı, polkovnik /Kərimov/ 16 oktyabr 1945-ci il  Elə həmin günlərdə, 1945-ci ilin aprel ayında erməni katolikosu VI Gevork Çörəkciyan Kremldə Stalinlə görüşür. Bu görüşün nəticəsi olaraq erməni kilsəsinin fəaliyyətinin rəsmi bərpasına razılıq verilir. Erməni katolikosu VI Gevork Çörəkciyan da öz növbəsində Stalinə müraciət edərək, Şərqi Anadolunu “tarixi erməni torpağı” adlandırır, bu ərazilərin onlara verilməsini xahiş edir. 21 noyabr 1945-ci ildə bu məsələ ilə əlaqədar Sovet hökumətinin fərmanı çıxır. Bu fərmana əsasən, dünya ermənilərinin kütləvi şəkildə Sovet Ermənistanına qayıdışına icazə verilirdi. Yenə fərmana əsasən, erməni katolikosu VI Çörəkciyan erməni diasporu ilə əlaqələndirici rolunda çıxış edirdi. Gələcəkdə türklərdən təmizlənəcək Şərqi Anadolu ərazisi üçün dünya ermənilərini Sovet Ermənistanına yığmağa başladılar. Artıq Qars, Ərdəhan, Şərqi Anadolunun digər ərazi vahidləri üzrə partiya komitələri yaradılmış, erməni millətindən olan katiblər təyin edilmişdi. 21 noyabr 1945-ci il fərmanından sonra 1945-ci il noyabrın 27-də katolikos VI Gevork Çörəkciyan ABŞ, Böyük Britaniya və SSRİ rəhbərlərinə yazılı müraciət edərək, “tarixi erməni torpaqlarının” erməni xalqına tez bir zamanda qaytarılmasını xahiş edirdi.

Sonradan SSRİ Ali Soveti Rəyasət Heyətinin erməni repotriantları ilə bağlı 19 oktyabr 1946-cı il fərmanı ermənilərin Suriyadan, Yunanıstandan, Livandan, İraqdan, Bolqarıstan və Rumıniyadan Sovet Ermənistanına köç etməsinə və orada məskunlaşmasına icazə verirdi. 1946-1949-cu illər ərzində 96 min erməni Sovet Ermənistanında məskunlaşdı və SSRİ vətəndaşlığı aldı. Bu ideyanın siyasi təşəbbüskarı SSRİ-nin ticarət naziri, daha sonra SSRİ Ali Sovetinin sədri olmuş Anastas Mikoyan, maliyyələşdirən isə dünyanın ən zəngin adamlarından sayılan, Osmanlı əsilli Qalust Gülbenkyan idi. Bu, həmin Qalust Gülbenkyandır ki, Anastas Mikoyan ticarət naziri olduğu dövrdə dünyanın ən zəngin fondlarına malik Ermitajdan bir çox qiymətli tabloları, xüsusən də, Rembrandtın sənət əsərlərini dəyər-dəyməzinə almışdı. Gülbenkyan neft maqnatı kimi ilk maliyyəsini Osmanlı sultanı vəzirinin 28 iyun 1914-cü il tarixli sərəncamına uyğun olaraq, Sultanın İraq ərazisindəki neft yataqlarını satın almış və orada Türk Petrol Şirkətini təsis etmişdi. Gülbenkyanın babası Osmanlının maliyyə naziri olmuş və zəngin sərvətini nəvələri arasında bölmüşdü. Tarixin ironiyasına baxın ki, Osmanlıdan oğurlanmış bu sərvət elə Osmanlının çöküşü üçün də istifadə ediləcəkdi. Çünki, sonradan Osmanlı ərazisini işğal etmiş ingilislər Qalust Gülpenkyanla razılığa gələrək, Türkişh Petrolium şirkətinin yerinə Britiş Petrolium şirkəti yaradaraq, ona 5 faiz pay ilə təsisçi hüququ verirlər. Əlbəttə, ingilislər Gülbenkyanın ermənilərin Osmanlıya qarşı fəaliyyətinə maliyyə dəstəyi göstərdiyinə görə, onu bu formada mükafatlandırır.

Eyni ssenari İkinci dünya müharibəsindən sonra təkrarlanırdı.

Bu dəfə Gülbenkyan Moskva ilə əməkdaşlıq edirdi. Məhz dünya ermənilərinin Sovet Ermənistanına yerləşdirilməsi gələcəkdə onların Şərqi Anadoluya köçürülməsi baxımından, o vaxtın sovet rəhbərliyinə Türkiyəyə təzyiq etmək üçün lazım idi. Dünya erməniləri Türkiyəyə qarşı verilmiş Molotov notasından faktiki olaraq kilsənin və onun siyasi-iqtisadi qanadı olan Mikoyan-Gülbenkyan vasitəsilə maksimum yaralanmağa çalışırdı.

Bütün bu hadisələrlə əlaqədar M.C.Bağırov hələ 21 oktyabr 1945-ci il tarixində Bakı hərbi dairəsinin komandanı, ordu generalı İ.İ.Maslennikovla bərabər L.P.Beriyaya yenidən məktub yazaraq, öz narahatlığını bildirir. M.C.Bağırov Türkiyə ərazilərinin sovet Ermənistanına birləşdirilməsinin indiki məqamda məqsədəuyğun olmadığını qeyd edir, İraqdakı neft yataqlarına Cənubi Azərbaycan və İran Kürdüstanı vasitəsilə çıxmağın daha vacib və aktual olduğunu vurğulayırdı. O, bu xətti yeritməklə dolayısı ilə dünya ermənilərinin Türkiyəyə təzyiqinin qarşısını almağa çalışırdı.

F № 1, siy. № 89, iş № 95

Tam məxfi

SSRİ Daxili İşlər Xalq Komissarı, Sovet İttifaqı marşalı L.P.Beriya yoldaşa ÜK(b)P MK-nın İran Azərbaycanı və Şimali Kürdüstan məsələsi ilə bağlı 8 oktyabr 1945-ci il tarixli qətnaməsinin icra olunması məqsədilə tərəfimizdən aşağıdakılar həyata keçirilmişdir: Azərbaycan SSR DİXK və DTXK-nın İran Azərbaycanında muxtariyyətçilik hərəkatının inkişafına mane olan şəxs və təşkilatların (jandarmlar, polislər, İran ordusunun zabitləri və s.) məhvi üzrə işi təşkil etmək iqtidarında olan 21 təcrübəli əməliyyat işçisi ayrılmışdır. Bu yoldaşlar həmçinin yerli əhalidən silahlı partizan dəstələri təşkil etməlidirlər.

Əməliyyat işçilərinə yardım üçün kənd təsərrüfatı işçiləri və kolxoz aktivi sıralarından uzun müddət DİXK-DTXK orqanları ilə bağlı olmuş və bir sıra konkret döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı yoxlanılmış 75 döyüşçü seçilmişdir.

Əməliyyat işçiləri və döyüşçülər qruplarla ilk növbədə Təbriz, Ərdəbil, Miyanə, Rezaiyyə və Marağa şəhərlərinə yollanacaqlar, digər rayonlara isə sonralar göndəriləcəklər.

Konspirasiya məqsədilə əməliyyat heyəti yerlərdə bizim İran Azərbaycanı şəhərindəki hərbi komendantlarıın müavinləri kimi, döyüşçülər isə həmin komendaturalarda sıravi kimi yerləşdiriləcək.

Yerlərə göndəriləndən əvvəl ayrılmış işçilər Bakı şəhərində siyasi, hərbi və sosial hazırlıq keçəcəklər.

Azərbaycan SSR DİXK və DTXK-nın göstərilən işçilərinin (siyahı əlavə olunur) nəzərdə tutulan tədbirləri həyata keçirmələri üçün ezam olunmasına sərəncam vermənizi xahiş edirik.

96 nəfərdən ibarət əməliyyatçı və döyüşçünün İran Azərbaycanında uzun müddət qalması zərurətini nəzərə alaraq, onların saxlanması üçün ayda 100.000 rial vəsait ayrılması haqqında göstəriş vermənizi xahiş edirik.

Bakı hərbi dairəsinin komandanı Ordu generalı İ.İ.Maslennikov Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırov Bakı şəhəri, 21 oktyabr 1945-ci il № 273 Bu müraciət L.P.Beriya tərəfindən müsbət həll olunmuşdu.

M.C.Bağırov özünün növbəti addımlarını regionda real vəziyyəti nəzərə almaqla atır, tədbirlər görür və öz strategiyasını formalaşdırırdı. Bundan başqa, M.C.Bağırovun tapşırığı ilə İra nın yerli mətbuatında siyasi vəziyyətlə bağlı dərc olunan istənilən məqalə dərhal tərcümə olunurdu. Yəni o, baş verənlərə kor-koranə baxmamağa, analitik düşünərək, vəziyyəti idarə etməyə çalışırdı.

16 noyabr 1945-ci ildə Təbriz qubernatorunun vəzifəsini icra edən Həsən Dövlətşahi, diviziya komandiri general Daraşahi, jandarmeriya rəisi Humayu İran Azərbaycanındakı vəziyyəti teleqrafla Tehrana çatdırdılar. Həmin gecə İran hökuməti növbədənkənar iclas çağırdı və hərbi nazir general Riyazi tərəfindən Azərbaycanda baş verən hadisələr haqqında məlumat dinlənildi.

Hərbi nazir öz çıxışında əhalinin Sovetlər tərəfindən silahlandırılması və hazırlanan üsyan barədə məlumat verdi.

İranın keçmiş baş naziri Mürtəza Bayat Təbrizə yeni qubernator təyin edildi və İran ordusuna tam hərbi hazırlıq əmri verildi.

Noyabrın 18-də SSRi-nin İrandakı səfirinin səlahiyyətlərini icra edən Əhəd Yaqubov İranın baş naziri Həkimi ilə görüşdü.

Görüş zamanı Həkimi Sovet səfirinə yeni təyin olunmuş qubernatorun Təbrizdəki Sovet zonasına 2 piyada batalyonu və 1 jandarm qrupu ilə daxil olmasına kömək etməyi və ümumilikdə, II Dünya müharibəsinin sona çatması ilə əlaqədar Sovet Ordusu hissələrinin İran Azərbaycanı və İran Kürdüstanı ərazisindən çıxarılmasını xahiş etdi. Həkimi xahişinin yerinə yetirilməyəcəyini başa düşüb, noyabrın 19-da İran Xarici İşlər Nazirliyi vasitəsilə Tehrandakı Sovet səfirliyinə etiraz notası göndərdi. Notada Tehran Sovet hökumətini İranın daxili işlərinə müdaxilədə ittiham edirdi. Sovet İttifaqı Xarici işlər xalq komissarı notaya ertəsi gün cavab verdi. Notaya cavabda deyilirdi: “Sovet hökuməti İranın daxili işlərinə müdaxilə etmir və Azərbaycanda baş verənlər İranın daxili işidir. Sovet qoşunlarının İrandan çıxarılması məsələsi isə gündəlikdə durmur”.

Noyabr ayından başlayaraq, M.C.Bağırov hər gün Moskvaya – Stalinə, Molotova, Beriyaya və Malenkova məlumatlar verirdi. Həmin məlumatları Bağırova İranda səfir vəzifəsini icra edən Ə.Yaqubov, DT komissarı S.Yemelyanov və Azərbaycanı Təbrizdə təmsil edən üçlük (M.İbrahimov, H.Həsənov, A.Atakişiyev) ötürürdü.

Noyabrın 18-də Təbrizdə 20 min nəfərlik mitinq keçirildi.

Mitinqdə Seyid Cəfər Pişəvəri, Məhəmməd Biriya və İlhami çıxış edərək polislərə, jandarmlara, əsgərlərə müraciət etdilər: “Siz Azərbaycan xalqının oğulları və bizim qardaşlarımızsız.

Satqın adamlara qulaq asmayın, öz xalqınıza əl qaldırmayın”.

Eyni zamanda Təbriz və Azərbaycanın digər şəhərlərində SSRİ-dən gətirilmiş silahla yerli sakinlər silahlandırılır və üsyançı dəstələr yaradılırdı. Bakı “üçlüyündən” Bağırova üsyançıların silahlandırılması üçün 10 min ədəd hərbi sursat göndərilməsi xahiş olunan məktublar göndərilirdi.

1945-ci il noyabr ayının ikinci yarısında xalq yığıncaqları vasitəsilə Azərbaycan Milli Konqresinə 687 nümayəndə seçilir.

1945-ci il noyabr ayının 20-i saat 10-da Şiri-Xurşid Teatrında Azərbaycan Milli Konqresi öz işinə başladı. Demokrat Partiyasının sədri Seyid Cəfər Pişəvəri və Səttarxanın qardaşı Hacı Əzimxan Milli Konqresin işini açıq elan etdilər. Konqresdə Azərbaycanın muxtariyyətinin və Milli Məclisə seçkilərin əsası qoyuldu.

Milli Konqres iştirakçıları tərəfindən Müəssislər Məclisi elan olundu. Eyni zamanda Milli Heyət təsis edildi və tezliklə Milli hökumətin yaradılması planlaşdırıldı.

Noyabrın 23-də Milli Konqres Məhəmmədrza şaha, İran Məclisinin sədri Təbatəbaiyə və baş nazir İbrahim Həkimiyə müraciət ünvanladı. Müraciət 7 bənddən ibarət idi. I,VI və VII bəndlərdə deyilirdi: I. Azərbaycan xalqı öz milli xüsusiyyətlərinə malikdir. Bu, xalqın dili, ənənələri, hüquqi və tarixi inkişaf yolundadır. Bu xüsusiyyətlər bizə İranın tamlığı və ərazi bütövlüyünə xələl yetirmədən Atlantika Xartiyası əsasında millətin öz müqəddaratını təyinetmə hüququna malik olmağa əsas verir. VI. Azərbaycan xalqının xüsusiyyətlərindən biri də onun ana dilidir. Milli Konqres Milli Heyətə tapşırır ki, Azərbaycanın bütün dövlət orqanlarında rəsmi dil kimi Azərbaycan dili işlədilsin.

VII. 700 nümayəndənin iştirak etdiyi Milli Konqres daxili işlərin idarə olunması üçün 39 nəfərdən ibarət Milli Heyət təsis etdi. Milli Heyət Azərbaycan Milli Məclisinə və İran Məclisinə seçkiləri təşkil edəcəkdir.

Yemelyanovun M.C.Bağırova verdiyi məlumatla tanışlıqdan sonra bir daha aydın olur ki, Təbrizdə baş verən bütün proseslərə M.C.Bağırov Bakıdan birbaşa rəhbərlik edir.

F № 1, siy. № 89, iş № 97 Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırov yoldaşa

“İran Azərbaycanı üzrə tədbirlərin həyata keçirilməsinin gedişatı haqqında” məruzənin layihəsini Sizə göndərirəm.

Əlavə: 2 nüsxə  Azərb.SSR Dövlət Təhlükəsizlik Xalq Komissarı general-mayor S.F.Yemelyanov Bakı şəhəri, 20 dekabr 1945-ci il Tamamilə məxfi İran Azərbaycanı üzrə tədbirlərin həyata keçirilməsi gedişi barədə Azərbaycan Demokrat Partiyasının təşkili və noyabr ayının sonuna onun tərkibi Son illər İran Azərbaycanında demokratik qüvvələrin fəallığı əhəmiyyətli dərəcədə artır və milli-azadlıq hərəkatının genişləndirilməsi zərurəti yaranırdı.

Mövcud siyasi vəziyyətdə fəaliyyətdə olan İran Xalq Partiyası “Tudə” qarşısına xalqın milli-azadlıq hərəkatının inkişafı vəzifəsini qoymur və hazırkı mərhələdə öz proqramında İran Azərbaycanı əhalisinin geniş demokratik təbəqələrinin maraqlarını tamamilə əks etdirmirdi.

Bundan başqa, Xalq Partiyasının təmənnalı məqsədlər güdən və daha çox özünün şəxsi rifahı haqqında düşünən bir sıra üzvlərinin davranışı, həmçinin Xalq Partiyasının bəzi rəhbər işçilərinin (Ərdəşir Ovanesyan, Əmirxızı və s.) qarət və talanlara rəvac verən fitnəkar çıxışları əhalinin gözündə onun yerli orqanlarının nüfuzunu əhəmiyyətli dərəcədə aşağı saldı.

Beləliklə, milli-azadlıq hərəkatına rəhbərlik etmək və bunun üçün İran Azərbaycanının bütün demokratik qüvvələrini birləş dirmək iqtidarında olan yeni siyasi partiyanın yaradılması zərurəti açıq-aydın hiss olunurdu.

Bizim direktiv orqanlarımızın bu məsələ ilə bağlı qərarına uyğun olaraq, bir sıra nüfuzlu şəxslər Azərbaycan Demokrat Partiyasının (ADP) yaradılması üçün İrandan Bakıya çağırıldı.

Müvafiq söhbətlərdən sonra yeni yaradılmış Azərbaycan Demokrat Partiyasına rəhbərlik demokratik dairələr arasında nüfuz sahibi olan görkəmli azərbaycanlılardan birinə – Seyid Cəfər Pişəvəriyə tapşırıldı.

Pişəvəri tərəfindən yaradılmış təşkilat bürosu sentyabrın 3-də partiyanın qurulması, onun məqsəd və vəzifələri haqqında İran Azərbaycan əhalisinə müraciət etdi. Müraciət İran Azərbaycanı əyalətlərinin əksəriyyətini və əhalinin bütün təbəqələrini təmsil edən demokratik ruhlu görkəmli insanlar tərəfindən imzalanmışdı.

ADP-nin proqram tələbləri və milli-azadlıq hərəkatı ilə bağlı məqsədləri geniş əhali kütləsi tərəfindən böyük rəğbət və fəal dəstəklə qarşılandı. İran Azərbaycanının bütün bölgə və şəhərlərindən əhalinin nüfuzlu, demokratik ruhlu nümayəndələri tərəfindən müraciətə qoşulmaqla bağlı teleqram və qətnamələr daxil oldu.

ADP-nin yaradılması ideyası həmçinin Xalq Partiyası üzvlərinin əsas kütləsi və Təbriz vilayət komitəsi tərəfindən də dəstəkləndi. Bu istiqamətdə həyata keçirilmiş müvafiq iş nəticəsində 1945-ci il sentyabrın 6-7-də Xalq Partiyasının vilayət konfransında Azərbaycan Demokrat Partiyasının müraciətinin hərtərəfli və qızğın müzakirəsindən sonra böyük səs çoxluğu ilə vilayət təşkilatının Xalq Partiyası MK-dan ayrılması və ADP-yə birləşməsi haqqında qərar qəbul olundu.

Digər tərəfdən, təşkilat komitəsi tərəfindən partiya sıralarına üzvlərin cəlb edilməsi və Azərbaycan Demokrat Partiyasının təsis qurultayına hazırlığın həyata keçirilməsi üzrə ciddi və böyük təşkilatı-siyasi iş aparıldı.

1945-ci il oktyabrın 8-də Təbrizdə 237 həlledici və 4 məşvərətçi səs hüququna malik nümayəndənin iştirakı ilə Azərbaycan Demokrat Partiyasının birinci (təsis) qurultayı keçirildi.

Qurultayda həmçinin 17 qonaq, o cümlədən, vali vəzifələrinin icraçısı, şəhərin başçısı, yerli polisin rəisi, maliyyə-iqtisad müdiri və b. iştirak edirdi.

3 gün davam edən qurultay iki məsələni müzakirə etdi və onlar barəsində qərar qəbul etdi: 1. Partiyanın proqram və nizamnaməsinin təsdiq olunması.

Rəhbər orqanların seçilməsi.

Qurultay müəyyən əlavələr etməklə, partiyanın proqram və nizamnaməsini yekdilliklə təsdiqlədi, o cümlədən, qurultay proqrama aşağıdakı maddələri əlavə etdi: a) böyük kapitalla Milli Bankın yaradılması haqqında.

b) gənclərin Gənclər Təşkilatına cəlb olunması və bu təşkilatın ADP-yə tabe olması haqqında.

c) Qadınlar Təşkilatının yaradılması haqqında.

d) bütün kargüzarlıq işlərinin Azərbaycan dilində aparılmasının zəruriliyi haqqında.

Qurultay 41 nəfərdən ibarət Mərkəzi Komitə (Plenum) və 12 nəfərdən ibarət təftiş komissiyası seçdi. (Adbaad siyahı əlavə olunur. Bax: qoşma № 1).

Sosial mənşəyinə görə, Azərbaycan Demokrat Partiyasının rəhbər orqanlarının tərkibi belədir:

Peşəkar partiyaişçiləri…………………….10 nəfər

Fəhlələr…………………………………………..4 nəfər

Qulluqçular……………………………………..7 nəfər

Sənətkarlar………………………………………1 nəfər

Ziyalılar ……………………………………….. 11 nəfər

Xırda mülkədarlar və xanlar…………….10 nəfər

Tacirlər……………………………………………4 nəfər

Kiçik fabrik sahibləri………………………..2 nəfər

MK (Plenum) öz tərkibindən Rəyasət Heyəti (büro) seçib ki, bura aşağıdakı şəxslər daxildir: 1. Pişəvəri Seyid Cəfər – sədr 2. Rəfii Nizam Dövlə – müavin 3. Padeqan Sadıq – müavin 4. Şəbüstəri Hacı Mirzə Əli – üzv 5. Salamulla Cavid – üzv 6. Zəfiri Həsən – üzv 7. Maşınçı Əli – üzv 8. Fərşçi Qulam Hüseyn – üzv 9. Cəfər Ədib – üzv Rəyasət Heyəti (büro) üzvlüyünə namizəd seçilmişlər: 1. Birənq Həsən 2. Cövdət Həsən Azərbaycan Demokrat Partiyasının birinci (təsis) qurultayı tam həmrəyliklə, yüksək siyasi səviyyədə keçdi. Gündəlikdə duran məsələlərin müzakirəsinə başlamazdan əvvəl qurultay ayrı-ayrı əyalət və şəhər nümayəndə heyətləri rəhbərlərinin, həmçinin, ermənilər, kürdlər və aysorların nymayəndələrinin çıxışlarını dinlədi. Natiqlər məqsəd və vəzifəsi Azərbaycan xalqının köklü milli maraqlarını əks etdirən Azərbaycan Demokrat Partiyasını təbrik etdilər. Ərdəbil nümayəndəsi Cövdət demişdi: “…Azərbaycan xalqının siyasi və iqtisadi hüquqlarının pozulmasına son qoyan çoxdan gözlənilən bir gün gəldi. Biz çoxdan Azərbaycan xalqının təbii hüquqlarını özünə qaytarmaq və öz işlərimizi özümüz idarə etmək arzusunda idik”.

Atakişiyevdən, İbrahimovdan, Həsənovdan teleqraf məlumatları gəlir. Hazırlanmış plana görə, 14-15 dekabr 1945-ci il tarixdə Cənubi Azərbaycanda hakimiyyət Azərbaycan hökumətinin əlinə keçməlidir. Bu informasiya Yemelyanovun M.C.Bağırova göndərdiyi arayışdan məlum olur.

F № 1, siy. № 89, iş № 97

ARAYIŞ

Atakişiyev, İbrahimov və Həsənovun Təbrizdən teleqraf məlumatları əsasında dekabrın 12-də səhər Azərbaycan Məclisi açılır. Səhər iclasında Məclisin nizamnaməsi təsdiq olunur, Məclisin Rəyasət Heyəti seçilir və Pişəvəriyə kabineti formalaşdırmaq tapşırılır.

Axşam iclasında Pişəvəri Azərbaycan hökumətinin tərkibini Məclisin təsdiqinə təqdim edir və Məclis tərəfindən təsdiq olunduqdan sonra yeni hökumətin proqramı haqqında məruzə edir.

Dekabrın 13-də səhər iclasında Pişəvərinin məruzəsi üzrə müzakirələr açılır və xalq qoşunları haqqında qanun qəbul edilir.

Axşam yeni hökumət İran hakimiyyət nümayəndələrindən öz səlahiyyətlərini dayandırmasını tələb edir və dərhal işə başlayır. Hakimiyyətin çox qan tökmədən yeni Azərbaycan hökumətinin əlinə keçməsi üçün bütün tədbirləri görürük.

Mümkün müqavimətin tezliklə qırılması üçün dekabrın 13- də Mərənd, Marağa, Üskü və Bostanabad rayonlarının “Fədai” dəstələri Təbrizə yaxınlaşaraq, onu hər tərəfdən əhatəyə alacaq.

Eyni zamanda dekabrın 13-də Azərbaycan hökumətinin yerli hakimiyyət nümayəndələri ilə öz səlahiyyətlərini dayandıranlarla danışıqlar zamanı “Fədai” dəstələri şəhərə daxil olub, ən mühüm hökumət binalarını, qarnizonu və jandarmeriyanı nəzarətə götürəcəklər.

Plana görə, hakimiyyətin Azərbaycan hökumətinə keçməsi 14-15 dekabr tarixlərində başa çatmalıdır…

Sonu var  

Qiymət