Repressiya illərinə dair xatirələr (Məmməd Rahim Səməd Vurğungili necə satmışdı

Elnur Musayevin tərtib etdiyi “Azərbaycan yazıçılarının repressiya illərinə dair xatirələri”ndən

Üçüncü hissə

Xəbərçi tapıldı

Əhvalat 1937-ci ildə olmuşdur. Süleyman Rüstəm nəql edirdi ki, o illər qardaş-qardaşa etibar etmirdi. Hətta ata oğulun yanında ehtiyatla danışırdı. Elə bil otuz yeddinci ildə divar da qulaqlı idi. Lap asqıranda belə Mərkəzi Komitədə eşidirdilər. Bir gün Yazıçılar İttifaqında Səməd Vurğuna dedim ki, ay Səməd, bu xəbərçi kimdir ki, nə danışırıq gedib Bağırova xəbər verir. Gəl bunu tapaq. Səməd dedi ki, axı necə tapaq? Lap pıçıltı ilə danışırıq, onu da aparıb Bağırova çatdırırlar. Səmədə dedim ki, mən məclisdə türk ədibi Tofiq Fikrətin bir neçə şeirini qəsdən oxuyacağam. Özüm də deyəcəyəm ki, bundan sonra mən türk ləhcəsində, türk şivəsində şeir yazacağam…

Başladım türk şeirlərindən birini oxumağa:

 

Nə gözəl səs veriyor şu dərələr,

Sanki zərzubədir mənzərələr.

Bir tərəfdə anasız yavru mələr.

Bir tərəfdə gəzişir həb sürülər.

 

Əlbəttə, qəsdlə şeiri Azərbaycan və türk ləhcələri ilə qarışdırdım. Elə etdim ki, inansınlar ki, bu şeiri mən yazmışam. Həmin yuxarıdakı şeiri ilk dəfə Səməd Vurğunun və Məmməd Rahimin yanında oxumuşam.

Axşamı məni Mərkəzi Komitəyə çağırdılar. Dedilər ki, Mircəfər Bağırov sənin əlindən yaman qəzəblənib. Fikirləşdim ki, yəqin, türk dilində şeir «yazdığım» üçündür.

İcazə alıb Bağırovun kabinetinə girdim. O kabinetdə gəzişə-gəzişə karandaşları iki ovucunun arasına alıb bir-birinə sürtürdü. Belə vaxtı bilirdik ki, Bağırov yaralı əjdahaya dönüb, çalmağa adam axtarır. Birdən o, ayaq saxlayıb kinayə ilə məni süzdü:

— Dəmirçi oğlu, deyəsən, sən də panturkist olmusan! Türkcə şeirlər yazırsan! Belə getsə, gənclərimizin hamısının beynini korlayacaqsan!

Mən tez zarafata salıb dedim:

— Yoldaş Bağırov, Allah eləməsin ki, panturkist olam. Biz xəbərçi axtarırdıq. Onu da tapdıq.

— Nə xəbərçi?! Dəli olmusan nədir?

Mən dedim ki, Yazıçılar İttifaqında nə danışırıq, hamısını sizə əksinə çatdırırlar. Yalançı adamlar sizin düşməninizdir. Səmədlə məsləhətləşdik ki, həmin yalançı xəbərçini tapaq. Mən həmin türk şeirini ancaq Səməd Vurğunun, bir də Məmməd Rahimin yanında oxumuşam. Demək, yalançı xəbərçini tapmışıq.

Bağırov qəzəbləndi və dedi ki, gedin ədəbiyyatla məşğul olun! Çekistliklə biz özümüz məşğuluq… Həmin gündən sonra heç kəs Məmməd Rahimin yanında sirr danışmırdı.

Qiymət