RAMİZ İsmayıldan şeirlər

Ramiz İsmayıl

DÜNYA GÖZƏL DÜNYADIR

Hüseyn Arifə rəhmət

 

Vəfasız deməyin qoca dünyaya,

Öz ruhu, öz qəlbi, öz vəfası var.

Duya bilsən dünya gözəl dünyadır,

Bir dərdi versə də yüz dəvası var.

 

Dünyada gözəllik hərədə bir cür,

Zirvədə bir cürdür, dərədə bir cür.

Ovçunun sindiyi bərədə bir cür

Kabab iyisi var, köz havası var.

 

Qartal – quslar şahı – göydə süzəndi,

Yaşılbaş sonalar göldə üzəndi.

Ceyranlar Muganda, Mildə gəzəndi,

Kəkliyin qayada öz yüvası var.

 

Ağ saçlar ağıllı başda gözəldi,

Ağıllı başlarda saç da gözəldi.

Payız da gözəldi, qış da gözəldi,

Yenə könüllərdə yaz havası var.

 

Dünya hər biçimdə, ölçüdə gözəl,

Çəmən də gözəldi, xalça da gözəl.

Lilpar da gözəldi, dolça da gözəl,

Ayna bulaqların öz avazı var.

 

Meşənin öz yeri, bağın öz yeri,

Şorun şor yeri var, yağın öz yeri.

Aranın, yaylağın, dağın öz yeri,

Duman havası var, buz havası var.

 

Ramiz gözəlliyi, gözəli sevir,

Saralıb solsa da xəzəli, sevir.

Tarı, kamançanı, qəzəli sevir

Qəlbində laylalı saz havası var

 

İNDI NƏDƏN YAZIRSAN?

(özümə)

Cavanlıqda məhəbbətdən yazardın,

Tənha şair, indi nədən yazırsan?

Gözəllərdə vəfa yoxdu deyirdin,

Qoca vaxtı tər sinədən yazırsan!

 

Damarında qanın coşub-daşanda,

Tərif dedin bulaqların başında.

Ömrün, günün payızında, qışında

Gül-çicəkli mənzərədən yazırsan.

 

Əlin gələm tutmur, dilin söz daha,

Taleyindən gileylənmə, döz daha.

Neyləyəsən – nurdan düşüb göz daha,

Boylanırsan pəncərədən – yazırsan!

 

Təsbeh oynat, dərdin bəlkə dağıldı,

Tərlan vaxtın xatirədi, nağıldı.

Güvənc yerin, təskinliyin ağıldı,

Tanrı verən xəzinədən yazırsan!

 

Şair sözlü, Ramiz adlı biri var,

Ürəyində buz bağlayan sirri var.

İndən belə nə mənası, xeyri var?

Bağrın olub zədən-zədən, yazırsan!

 

Tənha şair, indi nədən yazırsan?

10.09.2023, Xırdalan şəhəri

 

YAZIRAM

(özümə cavab)

İndi nədən yazdığımı soruşdun

Hökmə qulam, itaətdən yazıram.

Səcdə qılıb yaradanın lütfünə

“Şükür” deyib ibadətdən yazıram.

 

İsti vurur, təntidikcə nəfəsim,

Yazmaq üçün hardan olsun həvəsim.

Bir özüməm, bir quruca qəfəsim,

Məcbur olub ətalətdən yazıram.

 

Sim pas atıb, kökdən düşüb sazım da,

Qış kimidir baharım da, yazım da.

Ağ kağızda yetim qalıb yazım da

Həqiqətdən, ədalətdən yazıram.

 

Bu dünyanın müəmması bilinməz,

Tələbatı, təmənnası bilinməz,

Dələduzu, üləması bilinməz

Hərdən çaşıb siyasətdən yazıram.

 

Olüm haqdı, gileylənmək nahaqdı,

Ramiz, qəlbin durnagözlü bulaqdı.

Söz mülkümün “qibləgahı” Budaqdı*,

Hücrəsini ziyarətdən yazıram.

 

12.09.2023, Xırdalan şəhəri

* – Ustad şair Budaq Təhməz nəzərdə tutulur

 

YAŞA HƏLƏ…

 

Cavan ömrü yelə verdin,

Qoca ömrü yaşa, Ramiz.

Gül-çiçəkli yaz sevirdin

Gəlib cıxdın qışa, Ramiş!

 

Gəzdin məğrur ərən ömrü,

Tanrı qismət verən ömrü.

Nə deməkdir Kərəm ömrü,

İndi düşdün başa, Ramiz.

 

Saç ağarıb, dümağ qardı,

Qız qaytaran vaxtın vardı.

Gözün görmür, qulaq kardı,

Dərdin gəlib qoşa, Ramiz!

 

Dilin bala batmasa da,

Ürəyinə yatmasa da,

Əlin aşa çatmasa da,

Başın catıb daşa, Ramiz!

 

Həyat bir də düşməz ələ,

Bu gününə şükür elə.

Tezdi, doydum demə hələ,

Hə bacarsan yaşa, Ramiz.

26.10.2023, Xırdalan şəhəri