Qoymaram solmağa bu çiçək eşqi — Ayaz İmranoğlu

Ayaz Imranoglu

Unut ki, unudum mən də

 

Sən özün əzəldən həsrəti seçdin,

Mənim sevdiyimi bilə-bilə sən.

Baxıb zövq alırdın əzablarıma,

Gəlirdin qarşıma gülə-gülə sən.

 

Mən səni istədim, həsrəti deyil,

Sevgi oyunundan bezar yaşdayam.

Bircə işarənlə Fərhad olardım,

Baxıb görərdin ki, dağda-daşdayam.

 

İndi həsrətimlə məzələnirsən,

Gördüm qələmindən şeirdə çıxır.

İndi gözəllərdə təzə qaydadır,

Aşiqin öldürüb, yasına çıxır.

 

Əhddən, etibardan söz açmısansa,

Qoy gəlim diz üstə yenə əhd edim.

Sən mənim sevgimə cavab ver gülüm,

Min dəfə dirilim, ölüm, cəhd edim.

 

Cəhd edim o əli min yol tutmağa,

Min yol qara bassın, ilğıma gedim.

Sən o əllərini çəkmə önümdən,

Dartınım kəndirdə, ulğuma gedim.

 

Bax, indi bu başa, bax bu meydana,

Edim kötüyündə sürütlə, gətir.

Sevgini qılınc tək əlində tutub,

Sevgimi sınağa çəkməyi bitir.

 

Qoymaram solmağa bu çiçək eşqi

 

Çıxdın taleyimə yol ayrıcında,

«Tanrı göndərdimi, özünmü gəldin?»

Gəldin arzuların tükənən vaxtı,

Ömrümün ümidə söykənən vaxtı.

Baharda gövdədən çıxan şiv kimi,

Sən adlı arzuya uzanıb əlim.

Daha uzatmışam nə ola, ola,

İndi bu əl mənim, ətək sənindir.

Getsən ətəyini kəsib gedərsən,

Ömrümü sərmişəm ayaqlarına.

Gedərsən, üstümdən basıb gedərsən,

Sən mənim son arzum, son ümidimsən.

Tunelin sonunda işıq kimisən,

Bir yol başlamışam

nuruna doğru.

Qoy gəlim axırı nə ola, ola,

Bu sevgi mənimdir nə deyim sənə,

Dibçək gülü kimi boynubükükdü.

Torpağı da sənsən, suyu da sənsən.

Bu çiçək sevginin, kövrək sevginin,

Baharı da sənsən, qışı da sənsən.

Bir az ümid versən çiçəkləyəcək

Bircə təbəssümlə bar verəcəkdi.

Bu çiçək sevgini al əllərinə,

Getsən ürəyimin çatını ək, get.

Qanım suyu olar, qəlbim torpağı

Qoymaram solmağa bu çiçək eşqi.

Qiymət