“Qender fərqi”, yoxsa Tanrının mükafatı – Xaliq Məmmədov yazır

Xaliq Məmmədov

 

“Qender fərqi”, yoxsa Tanrının mükafatı

Hər sahədə qadın kişi ilə rəqabət aparmaq gücünə malikdir. Xüsusən də ağıl və bilik tələb olunan sahələrdə. Dünya elminə qadınlar azmı töhvə verib? Mariya Küri, Ada Lavleys, Maria Telkes…

(Əvvəlki yazımla bu günkü yazdığımda ardıcıllıq, qərəzlik görünməsin. Orada hadisə olmuşdu, burada isə ədəbiyyata dəxli olan suallar çıxdı qabağıma. Təsadüf belə gətirdi.)

Görkəmli tarixçi alim Sara Aşurbəylidən oxuduğum məqalələr mənim üçün tariximizə giriş olub. Çoxlarımız Mirvarid Dilbazinin “Anam yadıma düşdü” şeirinin sədaları altında böyümüşük.

Əzizə Cəfərzadənin əsərlərini İ. Şıxlının əsərlərindən az sevməmişəm. İndi necə, əzizə cəfərzadələr varmı ədəbiyyatımızda, bilmirəm. Yəqin, var. Rastıma çıxmayıb, yəqin. Çox yazıları oxumuşam. Ədəbiyyata olan hörmətim, sevgim icazə verməz ki, layiq olmayan yazını o zirvəyə qaldırım. Bəzən, mənə elə gəlir ki, ədəbiyyata-şeirə, nəsrə olan hörmətim, sevgim dostluğa olan münasibətimi üstələyir. İnciməsin dostlar. Ədəbiyyatı ömrümün bir qolu sayıram, istəyirəm həqiqi şeir oxuyum, həqiqi roman-povest mütaliə edim, boş cızma-qaralar yox. O cümlədən, qadın yazarların təqdimatında. Oxucuyam, haqqım var. Utanıram boş şablon tərifləri görəndə, ürəyimdə üzr istəyirəm ədəbiyyatdan.

Bəşəriyyət yaranandan, Adəmlə Həvvanın günah edərək Xeyirlə Şəri Bilmə ağacının meyvəsini yedikləri gündən biz yan-yana gedirik, Kişi və Qadın. Bütün dünya yükünü, sevinci-qəmi birgə çəkirik. Allah bizi eyni yaradıb. İkicə fərq var. 1. Fizioloji quruluş fərqi. Bu fərqi Allah yaradıb. Bu həyat deməkdir, bu fərq olmasaydı, indi Adəmlə Həvva təkcə oturmuşdular Cənnətdə. 2. Bir fərqsə qadınların özləri tərəfindən yaranıb. Hadisələrə baxış, (ilk baxışdan) məntiqi olmayan nəticə çıxarmaq nəzəriyyəsi. Bu nəzəriyyəni istəyirəm bacarığım daxilində açıqlayım. Misallarla.

***

Qazax-Bakı qatarında, Ələtə çatmamış qatara bir qadın mindi. Özgə yeri tutduğu üçün həmin yerin sahibəsi ilə bu qadının saçyolma savaşı oldu. Bütün vaqon əhli onları aralaya bilmədi. Polis onları, elə saç-saça tutduqları halda da Ələtdə düşürdülər. Yəqin, bərbər çağırdılar onları aralamağa.

Məntiq: heç biri üstünlüyü əldən vermək, rəqibini güclü görmək istəmirdi…

 

Bir az neyrobialogiyadan: Kim məktəbdə biologiya dərsində oturubsa xatırlaya bilər ki, sinir sisteminin mərkəzi olan beyin özü iki sinir sistemindən ibarətdir –  qədimlərdən tanınan kiçik ölçülü limbik sistemi və rasionallığı tənzimləyən korteks (neokorteks) sinir sistemi. Bunlardan birincisi, Darvinə görə, meymunlardan, digəri isə sürünənlərdən bizə miras qalmışdır. İstər kişi, istər – qadın, eynidir. Amma, Tanrı elə edib ki, hər iki cins bu eyni hissələrdən müxtəlif istifadələri edir.

Qadın beyninin əsas fərqli xüsusiyyəti limbik strukturların rasionallıq (korteks) üzərində üstünlük təşkil etməsidir. Bu hal qadın davranışının sirliliyinə və məntiqsizliyinə səbəb olur. Qadınlar intuisiyaya, yəni limbik sinir sisteminə arxalanaraq instinktiv-hormonal səviyyədə qərar verirlər. Lakin, onların son bioloji məqsədini nəzərə alsaq, onların hərəkətlərinin mənası olduqca məntiqli olur.

Başqa bir misal: Təsadüfən bir qadının özü üçün ideal sandığı bir marağa toxundun, tənqidi fikrini dedin və iş gəldi konfliktə. Kişi sözünü dedi, sakitləşdi- unutdu. Qadın unuda bilmir, hər məkanda qisas almağa, sancmağa və son nəticədə özünü qalib sanmağa əsas gəzir. Qadın olmaq elə özü qalib olmaq deməkdir. Bəşəri gözəlliyi, Ana olmağı, ürəkləri ovlamaq bacarığını Allah qadına verib və bununla da birinci yerə qoyub. Qarğışla, dava ilə, “dedi-qoduyla” mənliyi sübut etmək üçün bayaq dediyim kimi, instinktiv-hormonal səviyyədə qərar qəbul etməyə ehtiyac olmasa da, qadın bu ehtiyacı duyur.

Bəzən yazarlar tərəfindən feysdə, ədəbiyyatla, yazarlıqla bir araya sığmayan elə statuslara, yazılara rast gəlirsən ki, qalırsan “heyran”! Başa düşürsən ki, belə “məharət”, elə beyinin həmin limbik sistemini bu şəkildə işə salmaqdır.

Kişi cinsi heç vaxt aldığı şalvarı zəng edib 15 nəfərə tərifləməyəcək. Qadın donunu, saatını, cəkməsini təzələyibsə hamıya göstərməlidir. Məntiq: istəməyənlər paxıllıqdan partlasın, yaxud, qoy həsəd aparsınlar.

Yalan-gerçək, deyirlər iki qardaş arasında soyuqluq varsa, iki qonşu küsülüdürsə – “Cherchez la femme”, yəni, qadını axtarın. İnanmıram, əlbətdə!

 

Ana təbiətin gözəlliyi və varlığı qədər mahiyyəti olan qadın gözəlliyini və varlığını inkar etmək heç kimin ağlına gələ bilməz. Əksinə, bu gözəlliyi, qeyri adiliyi öndə saxlamaq, fəxr etmək hər kişi cinsinin borcudur. Amma, nədənsə, qadınları fərqləndirə biləcək bir sualı ortaya qoyan kimi, çox saylı “hüquq müdafiəçiləri” çıxır ortaya. “Qender fərqi”, “diskriminasiya” harayı keçir hücuma.

Tanrının yaratdığı gözəlliyi özündə daşıyan qadınlarımıza xoş sözlər demək, xoş əməllərini ucadan dilə gətirmək, gündəmdə saxlamaq gözəl bir işdir, yəqin, hamıya da xoş olar, o cümlədən, qadınların özlərinə də.

Yalandan deməyiblər atalar məsəlini: “Kişilər gözləri ilə, qadınlar qulaqları ilə sevirlər.” Neyrofiziologiya bunu sübut edir. Davranış reaksiyaları ilə beyin strukturu arasında əlaqə belə olur: kişilərdə vizual baxış, görünüş cinsi hormonların ifrazını təyinləşdirir. Çünki bu hər iki mərkəzlər yaxınlıqdadır, az qala üst-üstə düşürlər.

Qadınlarda fərqlidir, bu mərkəzlər eşitmə sistemi boyunca uzanır və reproduktiv sistemlə birbaşa bağlıdır. Ona görə də, qadınlar sözə belə həssas olurlar.

Bəşəriyyətin gözəllik payı sayılan qadın beynində kiçik ölçülü limbik sistemin tezbazar qərar veməsini yubatmağın, yaxud, bu qərarları şirinləşdirməyin bircə yolu var: bu gözəl varlıqları qabağa çıxarmaq, təriflər demək, səhvlərini Tanrının mükafatı kimi yumorla qəbul etmək.