QƏMKEŞ ALLAHVERDİ – şeirlər

QƏMKEŞ ALLAHVERDİ

QƏMKEŞ ALLAHVERDİ
(1933-2004)

YATIBDI

Bu gün yolum düşdü qəbristanlığa,

Orda zaman qışdı, dövran yatıbdı.

Sanki pıçıldaşdı hər məzar daşı,

Şair, asta yeri insan yatıbdı.

 

Qarşımda canlandı o zülmət aləm,

Ürəyimdə kədər, gözlərimdə nəm,

Dünya vəfasızdı, insan ömrü kəm,

Yolunda əcəl tək aslan yatıbdı.

 

Gərdiş dolaşıqdı, yolları çətin,

Onun şikarısan yüz olsan mətin,

Şaha baş əyməyən nazlı afətin,

Qəbirdə qoynunda ilan yatıbdı.

 

Nazənin gözəllər boylanmır oğrun,

Şövqülü cavanlar düşübdü yorğun,

Məzar var yazıblar qərib olduğun,

Əcəldən tapmayıb aman yatıbdı.

 

Vurğunun qələmi əlindən düşüb,

Dürrənin kəməri belindən düşüb,

Cabbarın muğamı dilindən düşüb,

Matəm dünyasında peşman yatıbdı.

 

Hanı, at oynatmır bəs Qoç Koroğlu,

Dəlilər tökülüb bilinmir yolu,

Qanlı paşaların bağlanmır qolu,

Olubdu xak ilə yeksan yatıbdı.

 

Leyli, Məcnun, Şirin, Fərhad üzü ağ,

O ki, o yarına kəsilib dustaq,

Vaqifə məqbərə tikdi Qarabağ,

Xuraman xəcalət pünhan yatıbdı.

 

Kərbəla şəhrində kərbicli ehram,

Yazılıb üstünə Füzuli nakam,

Leylisi pərişan, eşqi natamam,

Olub məhəbbətə qurban yatıbdı.

 

Ayaq altda qalıb Keykavus, Kayan,

Aşdı qəbirlərdən tökdükləri qan,

Qonşu düşüb İsgəndərlə Süleyman,

Davasız, dərmansız Loğman yatıbdı.

 

Zülmün timsalları Nəmurud, Salsal,

Gözlərində torpaq, işlərində sal,

Şəddad kəfənsizdi, yaxşı nəzər sal,

Fironun qanına qaltan yatıbdı.

 

Gərdişin bilinməz sirrinə bax bir,

Ayaqlar altında əzilir Teymur,

Ox kamana qoymur daha Bəhram Gur,

Məzarı üstündə ceyran yatıbdı.

 

Sanki sərdabədən dindi Nizami,

Bax, oğlum, gərdişin budur nizamı,

Deynən birdəfəlik düşünsün hamı,

Şöhrətə uyanlar büryan yatıbdı.

 

Atılıbdı daşı zülmün, zillətin,

Ora güzgüsüdür bir həqiqətin,

Harun tək aşnası varın-dövlətin,

Olub qurda-quşa ehsan yatıbdı.

 

Pul işləmir orda, qiymətsizdi zər,

Ağa hökm eləmir, işləmir nökər,

Nə zəhmət var orda, nə alında tər,

Ağadan yuxarı çoban yatıbdı.

 

Eşitsən Qəmkeşi ədalətli ol,

Xalqa hakim olsan mərhəmətli ol,

Əgər varım varsa səxavətli ol,

Şöhrət yuvasında şeytan yatıbdı.

 

DÖĞRU

SÖZÜ SÖYLƏNƏNDƏ

 

Əflatuna gülər nadan,

Qəfil ağlı səylənəndə.

Mərdi tənə söz öldürər,

Gədə gəlib bəylənəndə.

 

Qəza bəd gətirsə əgər,

Qaş düzəldən gözü tökər.

Maya gərdən çəkib keçər,

Nər yorulub əylənəndə.

 

Çox bilənlər danışa az,

Mənasızdır yersiz avaz.

Qəmkeş ölsə yaddan çıxmaz,

Doğru sözü söylənəndə.