QƏMKEŞ ALLAHVERDİ – şeirlər

QƏMKEŞ ALLAHVERDİ

EHTİYAC

 

Düz sözdüsə, əgər varsa cəhənnəm,

Aparır insanı ora ehtiyac.

Qəfəsə tərlanı dağdan gətirir,

Dəryadan balığı tora ehtiyac.

 

Odur qoyan əziyyətin təməlin,

Hər bir işgəncənin, hər bir əməlin.

Elə bəndə salar dünya gözəlin,

Qismət edər şilə, kora ehtiyac.

 

Qəmkeş, nədəndirsə sahib ixtiyar,

Namərdin önündə mərd əyir vüqar.

Elə yerdə səni qoyar ki, naçar,

Sağkən tələsdirər gora ehtiyac.

 

OLMADI

 

Neçə bağban calaq verdi söyüdə,

Çəkdi öz zatına, badam olmadı.

Çiçək açdı, bar da verdi aşkara,

Heyif, meyvəsində bir tam olmadı.

 

Namərd atası tək nifrəti sevdi,

Düzü haqq bilmədi, şöhrəti sevdi,

İşığa kor baxdı, zülməti sevdi,

Ondan oğluna da bir kam olmadı.

 

Qəmkeş, bu yollarda çox gəlmə cana,

Əslində kəc olan çətindi qana.

Neçə alim elm öyrətdi nadana,

Alim oldu, amma adam olmadı.

Qiymət