QALMIŞIQ “ZƏND” ilə “ZƏNN” ARASINDA – Əli bəy Azəri

Fikirlər Xatirələr

Osmanlı türkcəsində “xırıldamaq”a nə deyirlər? Mənim Vətənim AZƏRBAYCAN! Millətimin adı AZƏRBAYCAN! Başı müsibətlər çəkmiş Azərbaycanın yaxası həmişə əllərdə olub. Fərq etməz, ya özgə əlində, ya dost, ya qonşu, həmişə ziyanını görüb. Başı heç vaxt ayırd olmayıb ki, papağını qabağına qoyub dərindən düşünə bilsin, zərərini, faydasını müəyyənləşdirsin. Bütün bu qovxalarda dilimiz, dinimiz, torpağımız zərər çəkib. Atəşpərəstlik, bir ara xristianlıq, yenidən yarı atəşpərəstlik, zorla müsəlmançılıq nəsibimiz olub. “Avesta”, “İncil” və “Quran” kimi səmavi kitablardan heç birinin mahiyyətini olduğu kimi dərk etməmişik.

Bunların hamısı ədəbiyyata aiddi, uzun mövzulardı, incələnməlidi ki, millətin xəbəri olsun. Az vaxtın, kiçik bir yazının işi, missiyası deyil.

Uzun müddət ruslarla bir çətir altında olmuşuq, mədəniyyətimizin də, ticarətimizin də inkişafı bir olub. O vaxt da dilimizin başına oyunlar açırdılar. “Oğlu” əvəzinə “oviç” yazdırırdılar. Mahiyyətini başa düşməyən böyük əksəriyyət bunu xoşhaxoşluqla qəbul edir, qürrələnirdi. “Qurban”dan başlayan yüzlərlə ana südü kimi halal sözlərimiz qurbana çevrilməkdəydi. “Qabil”ə də “Qabil” deyirdilər, “Habil”ə də.

Əlqərəz, “Qabil”lə “Habil”i birtəhər yola verdik. Ruslardan qopan yaxamız keçdi qardaş deyib bağrına basdığımız Osmanlı təfəkkürlü zehniyyət sahiblərinin əlinə. Onlar bizdən səkkiz-on dəfə çox, əraziləri böyük. Ticarətimizə, mədəniyyətimizə, dilimizə nüfuz başladı.

Ötən əsrin doxsanlarında bunun qarşısı birtəhər alındı. Nər oğullar sinələrini irəli verdilər, dilimizin saflığını, əlifbamızı qoruyub saxlaya bildilər. Bu gün həmin nər oğullardan çoxu haqq dünyasındadır. Yaşayanlar da qocalıb, ahıllaşıb, mübarizə aparacaq gücdə və halda deyillər.

Təsir altında olan dilçilərimiz o qədər başlarını itiriblər ki, “zənd” sözünü “zənn”lə əvəzləyiblər. Bəlkə də bu sahəni filosofa yox, bir riyaziyyatçıya tapşırsaydılar, dilimiz daha yaxşı qorunardı.

Heç kimə sirr deyil ki, Nəsrəddin Tusi Nizami Gəncəvidən daha ibarəli, hikmətli şeirlər yazıb. Ancaq dünya Nizamini filosof-şair, Tusini ustad-astroloq kimi tanıyır. Nə isə…

2023-cü il – rəsmən “Heydər Əliyev ili” elan olunmuş – başa çatır. Haqlı-haqsız Azərbaycan xalqı iki ümummilli lider tanıyır: Məmməd Əmin Rəsulzadə və Heydər Əliyev. Rəsulzadə barədə ustad-jurnalist Şirməmməd Hüseynov bütün araşdırmalarını efirdən səsləndirib. Bu iki liderin hər biri “Azərbaycan” dedi, ömürlərinin sonuna kimi dilimizin saflığını qorudular. İki ümummilli liderin çətiri altında olanlar dilimizin saflığını qoruya biləcəklərmi? Bizdə “x” hərfi var. Son dövrlər dilimizə güclü nüfuz edərək diffuziyaya uğradan, dəyişməyə çalışan Türkiyədə bu hərf yoxdur.

Bunun da, özünün də əvəzində “h” işlədilir. Doxsanlarda dilimizin saflığını müdafiə edən Xalq Yazıçısı Anar bircə kəlmə ilə hər şeyi yoluna qoydu: “Hırıldayana hırıldayır deyəcəyik, bəs xırıldayana?”

Böyük hörmət və ehtiramla: Əli BƏY AZƏRİ, baş redaktor