Qadınlar üçün parklama yerləri

Şellefteoda “Northvolt” şirkətinin yaşayış kompleksinin avtomobil dayanacağında qadınlar üçün çəhrayı işarəli parklama yerləri düzəldilib.

Avtomobil dayanacaqları Vesterbotten bələdiyyəsi və İsveçin qadın təşkilatı tərəfindən tənqidə məruz qalıb.

Kompleksdə müvəqqəti tikililərdə müxtəlif ölkələrdən gələn və “Northvolt” akkumulyator zavodunda işləyən miqrantlar yaşayır.

“Kompleksdə yaşayanların təxminən 15 faizi qadınlardır. Biz bütün kirayənişinlərimizin təhlükəsizliyini təmin etmək üzərində çalışırıq. Biz hər şeydə preventiv hərəkət edirik və məhz buna görə 40-dan artıq millətin nümayəndələri üçün təhlükəsiz mühitin yaradılmasına müvəffəq olmuşuq”, – deyə şirkətin əməliyyat meneceri Cimmi Söderqren bildirib.

Vesterbotten bələdiyyəsinin inzibati şurasında sənaye sahəsində gender bərabərliyi üzrə ekspert Monika Forsman parklama yerlərindəki vəziyyəti şərh edərək deyib: “Fikrimcə, əgər şirkət qadınlar üçün onların təhlükəsizliyini və müdafiəsini təmin etməkdən ötrü xüsusi parklama yeri ayırırsa, o halda bu, ona işarə edir ki, burada təhlükəlidir, onların aşkar etdikləri, lakin dilə gətirmədikləri problem mövcuddur. Əgər “Northvolt” həqiqətən də gender bərabərliyinə nail olmaq istəyirsə və kişilər tərəfindən zorakılığa qarşı çıxış edirsə, o halda şirkət işə daha çox qadın cəlb edə, eləcə də cinsi təcavüzü aradan qaldıra bilər”.

İsveçin qadın təşkilatlarının Baş katibi Klara Berqlund bildirib ki, İsveçdə qadınlar üçün parklama barədə ilk dəfədir eşidir. Onun sözlərinə görə, kişilərin qadınlar üzərində zorakılığı sosial problemdir ki, bunu çəhrayı rəngdə parklama yerlərinin köməyi ilə həll etmək mümkün deyil.