Qədim “zaman kapsulu”

Təxminən 4,4 milyard yaşında olan sirkon kristalı tədqiqatçılara planetimizdə həyatın necə yarandığı barədə kiçik ipucları verir.

Məlumdur ki, sirkonlar Yer kürəsində ən qədim materiallardan biridir, onlar müəyyən maqmalarda soyuduqca minerallar şəklində formalaşır. “IFLScience” nəşri yazır ki, bu kristallar olduqca möhkəmdir və hətta güclü istilənmə zamanı və ya təzyiqə məruz qaldıqda milyardlarla il yaşaya bilər. Əslində, bu, onları planetimizin erkən tarixi üzrə mükəmməl “zaman kapsulu” edir.

Sirkon kristalı 2000-ci illərin əvvəllərində Qərbi Avstraliyada Cek Hillz adlı uzaq bir qaya üzərində aşkar olunub və daha sonra onun şərəfinə adlandırılıb. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 2014-cü ildə alimlər sirkon araşdırmasını başa vurub və belə nəticəyə gəliblər ki, onun yaşı 4,3 milyard ildən çoxdur. Bu da onu planetdə indiyə qədər tapılan ən qədim geoloji material edib.

Tədqiqatçılar, həmçinin hesab edirlər ki, Cek Hillz kristalı Yer qabığının ən erkən təsdiqlənmiş parçasıdır, deməli o, alimlərə planetimizdə həyatın necə yarandığı barədə bəzi ipucları verə bilər. Qeyd edək ki, Cek Hillz kristalı çox balacadır, adi gözlə çətinliklə görünə bilər, lakin o, elm, eləcə də planetimizin tarixi və Yerdəki həyat haqqında anlayışımız baxımından çox böyük əhəmiyyət kəsb edir.

Alimlər qeyd edirlər ki, kiçicik daş pazlın çox mühüm parçası olan bu material Günəş sisteminin yaranmasından cəmi 160 milyon il sonra əmələ gəlib. Yəni, o, erkən proto-Yerin nəhəng Mars ölçülü obyektlə toqquşmasından cəmi on milyonlarla il sonra yaranıb. Bu toqquşma prosesində Ay yaranıb, Yer kürəsi isə ərimiş qayadan parlaq qırmızı topa çevrilib.

İndi bu kiçicik sirkon parçası planetimizin uzun müddət “odlu cəhənnəm dəliyi” olaraq qalmadığının sübutudur. Əgər sirkon təqribən 4,4 milyard il əvvəl peyda olubsa, bu o deməkdir ki, o vaxta qədər planetimiz soyuyub bərkimiş Yer qabığını əmələ gətirməli idi.

Tədqiqatçılar hesab edirlər ki, bu qədim süxur təxminən 4,3 milyard il əvvəl planetimizdə maye su mühitinin artıq meydana gəldiyinə və bundan az sonra Yer kürəsində həyatın yaranmasına sübutdur.