Paris küçələrində

Fransada pensiya islahatına dair qanun layihəsinə etirazlar davam edir. Ölkədə tullantıların emalı zavodlarının blokadaya alınması sürətlənir. Parisin təmizliyi ilə məşğul olan insanlar Emmanuel Makronun yeni pensiya islahatına etiraz olaraq tətil edir və bir həftədir ki, paytaxtda məişət tullantıları, zibillər səkilərə yığılır.

AZƏRTAC xəbər verir ki, Paris şəhərinin təmizlik xidməti işçiləri pensiya islahatına etiraz olaraq tətil edirlər. Şəhər meriyası paytaxtın səkilərində 5000 tondan çox tullantı toplandığını təxmin edir. Şəhərdə tullantıların toplanıb qalması, pis qoxu yaratması və gəmiricilərin artması sakinlərin qəzəbinə səbəb olub.

Həmkarlar ittifaqları və siyasi müxalifət paytaxt səkilərində zibil torbalarının çoxalmasının ticarətçilər və sakinlərin qəzəbinə, nifrətinə səbəb olacağına və pensiya islahatının qəbul edilməsinə maneə yaradacağına ümid edirlər.

Tullantıların yaratdığı vəziyyətdən bezən sakinlər şəhər meriyasının tədbir görməsini tələb edirlər. Turistlərin gözündə paytaxtın böyük zibil qabına çevrildiyini bildirirlər. Şəhəri siçovullar basdığını deyən sakinlərin fikrincə, bu vəziyyət ictimai səhiyyə riski yaradır.