MİSKİN VƏLİ

MİSKİN VƏLİ

(1894-1995)

Miskin Vəli (Vəli Alı oğlu Bayramov) 1894-cü ildə Gədəbəy rayonunun Miskinli kəndinə yaxın olan və “Bayraməli qışlağı” adlanan yerdə anadan olmuşdur.

 

OLA BİLMƏZ

Dəllal yüz dil tökə, sərraf tanıyar,

Qızıl qiymətinə gil ola bilməz.

Əyridə həqiqət, səyridə diqqət,

Səfikdə sədaqət, bil, ola bilməz.

 

Sazım əldən düşüb pas tutsa simi,

Sönməz alovlara yaxar qəlbimi,

Hər çala-çuxurda bir dərya kimi,

Sinəsi sərvətli göl ola bilməz.

 

Duz-çörək tamını bilməyən nadan,

Soraqsız, çıraqsız gedər dünyadan,

Himar köhlən olmaz, keçi gərgədan,

Qatır boy atmaqla fil ola bilməz.

 

Dünyada bir iz sal, ürəklərdə qal,

Zəhmətdən zövqün al, qüdrətdən ucal,

Xaində doğru hal, zaildə kamal,

Naqisdə dürr tökən dil ola bilməz.

 

Vəli, de, yaz, yarat, onu yəqin bil,

İtirməz qiymətin keçsə, yüz min il,

Ala qarğa laçın, boz sərçə bülbül,

Hər kol çiçək açsa, gül ola bilməz.

 

SAXLAMAZ

Nəslində naxələf, əslində qələt,

Namusu, qeyrəti, arı saxlamaz,

Özünü itirən sözünü bilməz,

Əyri fikir, düz ilqarı saxlamaz.

 

Həmişə can verən şərə-böhtana,

Cəhd edər dünyanı qoysun virana,

Aldanan nəfsinə, yağlı yalana,

İtkin düşər ixtiyarı saxlamaz.

 

Meydanda, cövlanda bir ər oğlu ər,

Zatında olarsa, göstərər hünər,

Hər daş qızıl olmaz, hər torpaq cövhər,

Hər təpə başında qarı saxlamaz.

 

Əlli öyrənməyən, yüzü qanmayan,

Düşünməz əyrini, düzü qanmayan,

Nəshət eşitməyən, sözü qanmayan,

Boş beyinlər yadigarı saxlamaz.

 

Miskinli Vəliyəm min nəshət deyən,

Böyük ziyan verər xırda kəsəyən,

Sürünü batırar qurddan törəyən,

Eli satar, etibarı saxlamaz.

Qiymət