MISKIN ABDAL şeirlər (XV əsrin sonu – XVI əsrin əvvəli)

Ədəbiyyat

GƏRAYLILAR

NƏDI?

Tərs düşür fələyin işi,
Lil basan axdımı, nədi?
Fani dünyanın gərdişi,
Dolanan çarxdımı, nədi?

Qalanıb küfrün kürəsi,
Yanırsan gözüm görəsi.
Tutulub yolun yörəsi,
Bir bilən yoxdumu, nədi?

Miskin Abdal, işin xata,
Üzün gedib ərşə çata.
On iki ay müdam yata,
Görgünən baxtdımı, nədi?

DÖNƏR

Vətən deyib ağlayanın,
Göz yaşları selə dönər.
Axıb gedər gecə-gündüz,
Bir məkanda gölə dönər.

Yolu yorğun dağ aşanın,
Axırı yox şöhrət-şanın.
Qürbət eldə yaşayanın,
Bir həftəsi ilə dönər.

Bir yandadı hay-haraylar,
Bir yandadı sonsuz vaylar.
Çilçıraqlı çox saraylar,
Yanıb-yanıb külə dönər.

Mayasıdı haqdan halal,
Hər kəlməsi sirli sual.
Qərib olan Miskin Abdal,
Bəlkə bir gün elə dönər.

BAŞIN

Namərd ilə yoldaş olma,
Uzun ağrı çəkər başın.
Halalınan ərsəyə çat,
Daş qalalar sökər başın.

Xayin çıxma Yaradana,
Qıbləgahdı ata-ana.
Arxalanma bəyə, xana,
Qoy sağ olsun nökər başın.

Haxdan istə baxtı-yığval,
Yaradanı yadına sal,
Söz gövhərdi, Miskin Abdal,
Saxla, dürdü, tökər başın.

DÜŞƏRSƏN

Adamsansa, tələ qurma,
Tələyə, fəndə düşərsən.
Üzə durma, ara vurma,
Zülmündən anda düşərsən.

Hər yetənlə olma tanış,
Yazın olar boranlı qış,
Fikir eylə, sonra danış,
Qəfil kəməndə düşərsən.

Miskin Abdal, vəfadar ol,
Ilqarında düz ilqar ol.
Çətin günə şükürdar ol,
Dönüb asanda düşərsən.

FƏLƏK

Yıxdın könlüm şəhrini,
Dad fələk, aman fələk!
Içdim hicran zəhrini,
Zülm etdin yaman, fələk!

Qara geyibdi sazım,
Nə oxuyum, nə yazım,
Nakam qaldı murazım,
Vermədin aman, fələk!

Zülm olmaz beyləsindən,
Qoru şər hiyləsindən.
Abdalın naləsindən,
Bir diksin, oyan, fələk!

ALLAH, ÖLÜMÜM HAQDI

Bu dünya, o dünya var,
Allah, ölümüm haqdı!
Bir dirilik suyu var,
Allah, ölümüm haqdı!

Axırın puşdu, dünya,
Var ikən heçdi dünya.
Hey gəldi, keçdi dğnya,
Allah, ölümüm haqdı!

Abdal, yastıq daş olar,
Üst torpağın yaş olar.
Mələklər yoldaş olar,
Allah, ölümüm haqdı!

GEDIN DEYIN LƏLƏ BƏYƏ

Gedin deyin Lələ bəyə,
Bu naleyi-əfğanımı.
Qanlı fələk zülm elədi,
Ayırdı candan canımı.

Mən bu bağa girərəmmi?
Gül dəstəsin hörərəmmi?
Ya rəbb, bir də görərəmmi,
Öz mürşüdü-sultanımı?

Miskin Abdal bu nə kələk?
Dövran qoymaz bizi gülək.
Yerə vurdu məni fələk,
Ucaltdıqca düşmanımı.

YARIM

Dodaqları gül qönçəsi,
Yanaqları lala yarım.
Kölgən gələndə gün qaçar,
Sən bəlasan, bəla, yarım.

Tanrı səni var edibdi,
Aşiqini xar edibdi.
Fələkləri kar edibdi,
Çəkdiyim ah-nala, yarım.

Miskinin söhbəti, sözüsən,
Cümlə gözəllər gözüsən.
Bu dağların nərgizisən,
Bürünmüsən şala, yarım.

QOŞMALAR

YA ƏLI

Ələstü-Rəbbi cəm xitab olanda,
Xub qailəm o adına, ya Əli.
Sənin pənahına iman gətirdim,
Bərqəraram o sevdana, ya Əli.

O “zey”, “fey” adına o nuri səfa,
Yetişsin şəninə hər quli-kəfa,
Varlığın mənası dini-Mustafa,
Sərxeyli-karvanın Cüda, ya Əli.

Fəthi şəhri – Zərrin, qatili – Salsal,
Mürşüdü-Cəbrayıl, şahi-beyzaval,
Qəşəmşəm, Qəzənfər, Şiri-Zülcəlal,
Müsəmmasan bir Minada, ya Əli.

Əzrayıl çəmgəlin cana çalanda,
Ruhlar pərvaz olub cəsəd qalanda,
Üz xakə döşənib zəlil olanda,
Özün yetiş o fəryada, ya Əli.

Məhşər günü özün tutarsan camı,
Tutmuş ətəyindən nikü-bad, hamı,
Seçmə muxsullardan Miskin Qulamı,
Kərəm et kövsərdən badə, ya Əli.

UNUTMA

Aşıq, gəşt eləyib ağır elləri,
El içində namus, arı unutma.
Yaxşı dolan, təmiz saxla adını,
Dost yanında etibarı unutma.

Halal mala haram qatmaq nə lazım?
Hədər yerə kaman atmaq nə lazım?
Yar-yoldaşa yalan satmaq nə lazım?
Əhdi-peyman, düz ilqarı unutma.

Miskin Abdal, bir qonaqsan dünyada,
Könlün bir dəryadı, ürəyin ada,
Istəsən ki, yetişəsən murada,
Yaş torpağı, dar məzarı unutma.