Mirzə Quliyev

Səni

Talehin təkəri dayanan zaman,

Tənəli hər sözə qoyallar səni.

Başının üstünü alanda duman,

Bağlayıb gözünü, soyallar səni.

 

Demə ki, nə dərdim, qohumum çoxdu

Dar günü hər biri tuşlanan oxdu!

Neçə ki vəzifən, dövlətin yoxdu,

Hər kəsdən aşağı sayallar səni.

 

Dilənçi, sayıla edilən hörmət,

Edilsə, o sənə var onda minnət.

A Mirzə, heç kimdən gözləmə qeyrət,

Unudub qeyrəti, döyəllər səni.

 

Biləm.

O şəsti qaməti, siyah telləri

Onca gün yerinə qaytara biləm.

Gözəl gəncliyimi, ötən illəri,

Onca gün yerinə qaytara biləm.

 

Oturub- durduğum el yığnaqları,

Vəfalı dostlarım, de- indi hanı?

Turşsu bulağında keçən dövranı,

Onca gün yerinə qaytara biləm.

 

Şiş qaya başında çəkəm bayatı,

Çapırdam o dağda köhlən bir atı.

Mirzəyəm, keçdiyim köhnə həyatı,

Onca gün yerinə qaytara biləm.

 

 

Bəyənmir. (Nəzirə)

Çoxları unudub keçən günləri,

İlqarı, imanı, arı bəyənmir.

Köhnə baxçalarda bitən, yetişən,

Almanı, heyvanı, narı bəyənmir.

 

Döylət əldən gedib var azalanda,

Yığval tərs gətirib, sar ucalanda.

Qocalıq baş verib nər qocalanda,

Başqası bir yana! Yarı bəyənmir.

 

Tökülür dişləri, tor gəlir gözə,

Rəftarı tənədə qoyullar sözə.

Uşaq sözə baxmır, arvat da üzə,

Uca zirvələrdə qarı bəyənmir.

 

Burax, Cavan Mirzə, eyləmə qeybət,

Cavanlar nə bilir, götürməz minnət.

Doşaba bal deyir, yupiyə şərbət,

Yetişən baldakı xarı bəyənmir.