Mirzə Əlil — Orada bir qərib ağlar…

Mirzə Əlil

Vətən uunudulmur

 

Ah, keçir illər, unudulmur vətən,

Gözdən uzaqdırsa da, könlündədir.

Lap çıxasan doğma elindən dünən –

Tüstülənir həsrəti, göz göynədir.

 

Ah, bu günün getməyi… göylər yanar —

Bənzəyir axşamçağına kəndimin.

Təndiri odlar, durub ağlar anam,

İzləyər ancaq qızaran kündəni…

 

Ah, ömrün günləri nə sürətlidir

 

Ah, ömrün günləri nə sürətlidir,

Su ovuc içindən sızır elə bil.

 

Sən xəbər tutmamış həndəvərindən,

Günəş yer üzünü hərlənib gedər.

 

Yayın istisiylə canın qızmamış,

Bir də görürsən ki, qapındadır qış.

 

Yarı ömür keçir gözləmələrdə,

Gözümüz də yolda, gedir ömür də.

 

Görüşdən doymamış haqlar ayrılıq,

Nə qədər tələsək, geri qalırıq.

 

Qarıyar ağaclar, çiçəklər solar,

Güldana qoyula, kolda ya qala.

 

O qız dünənəcən çiçək kimiydi,

İndisə… Baxmasan yaxşıdır indi…

 

Balıqçı

 

“Saat on ikidə bu gün durmuşam,

Evdə neyləyəsən? Çantanı dala,

Atıb bura gəldim. Bəlkə heç axşam,

Mən evə getmədim. Qəşəngdir hava…”

 

Elə qoca deyil. Gənc də deməzsən,

Dişləri seyrəlib, həm də əyridir.

Uzun da yaşayır beləsi bəzən,

Bəzən qəfil ölür… durduğu yerdə…

 

“Deyiləm balığın ölüsü, vallah,

Bir dəfə yeyəndə bir həftə bəsdir.

Volqa qırağında qəşəngdir hava,

Vaxt da tez ötüşür, tilov əldəsə…”

 

Nə özü zəng vurur, zəng gəlir nə də,

Telefon gəzdirməs bəlkə beləsi.

Gözləri tilovun nazik ipində,

Fikri su altında…fikirləşirsə…

 

Görməyib ömründə okeanları,

Döyüşə girməyib əjdahalarla.

Böyük qəniməti ovcuna sığır,

Beləcə balıqçı vaxtı adlayır.

 

Balığın qızılı  qarmağa keçə,

Sehrli həm ola nağıldakı tək.

Buraxar balığı, istəməz heç nə,

Bilir ki, bu hoqqa necə bitəcək…