MEHRİBAN İBRAHİMOVA – şeirlər

Ədəbiyyat

 

 

QARABAĞ HARAYI

Ay Allah, uzanan o yollara bax,

Daş üstə daşı da köz olub yanır.

Çəkdikcə həsrətin uzanan ömrü,

Elə bil göz olub, gözü də yanır.

 

Yurduna həsrətdən beli bükülən,

Yüz yerdən köksünə dağlar çəkilən.

Şum kimi ürəyə dərdlər əkilən,

İnsanın dilində sözü də yanır.

 

Bir körpə böyüyüb, igid, cavandı,

İnsan zillət çəkir, axı bu candı.

Yurd yeri talandı bir gör haçandı,

Düşünən insanın özü də yanır.

 

Haqqını talayıb insan insanın,

Bilinmir haqq yeri, görüb nöqsanın.

Yolunu bağlayıb çətin asanın,

Əyrinin içində düzü də yanır.

 

LAÇINDA BİR GÜN

Dərdinə şərik ol, torpağın, daşın,

Laçında hər tərəf ağlayır bu gün.

Örtüb, duman örtüb dağların başın,

Həsrət də bir qara bağlayır bu gün.

 

Qoynunda çiçəyi, gülü gizlənib,

Xəcalət donunu geyibdi yollar.

Hələ açılmayıb ümid sabahı,

Bükülü qalıbdı hələ də qollar.

 

Üstündən gör neçə illər ötüşüb,

Yarası təzədi hələ Laçının.

Torpağa “ögeylik” izləri düşüb,

İnləyib doğmasız belə Laçınım.

 

İgidlər oylağı miskindi yaman,

Bağlı qapılardan boylanır hələ.

Düşmən pəncəsində sıxılan zaman,

Yurd yeri səsləyib gizli bir dillə.

 

Qubar gətirməyib hələ yolları,

Bir ümid yaşayır ötməyib hələ.

Yurduna həsrətlə bükülən qollar,

Açılar, ümidlər bitməyib hələ.

 

GÖRDÜK

Kimlər gəldi bu dünyayla savaşa,

Kimlər getdi bu dünyadan, çox gördük.

Dayanıb kənardan etdik tamaşa,

Yumub gözlərini sərvət hərisin,

Gedəndə dünyadan gözü tox gördük.

 

Yoxmuş etibarı heç həyatın da,

Dumana qarışıb çapdı atın da.

Zamanın ən gözəl xoş saatında,

Seyr edib dünyada cümlə varisin,

Gedəndə qalası sözün çox gördük.

 

Gözlərim yol çəkir bir yol üstündə,

Ömrüm də bəlkə də talan qəsdində.

Dünya qurulmayıb yalan üstündə,

Mən deyə bilmərəm özgə, ayrısın,

Özümü hər zaman düzə bax gördüm.

 

DAYAN, GƏL

Bir ümid sığalı çəkib gözünə,

Gözünün yaşını silim, oyan, gəl.

Uyumuş arzunun istək gözündən,

Boylanıb yoluma, dönüb, dayan, gəl.

 

Kövrək pıçıltılar, şirin kəlmələr,

Dilimi yandıran sözə bənd olar.

Çox həsrət acısı çəkənlər bilər,

Çəkib o həsrəti, sənsən duyan, gəl.

 

RESPUBLİKAMDI

Səhərlərin günəşindən boylanır,

Üç rəngli bayraqda ulduzu yanır.

Sayılıb, seçilir öndə dayanır,

Haqqdan cənnət məkan Respublikamdı!

 

İgidlər oylağı, mərd yuvasıdı,

İlahi qüvvəli dağ nəfəslidi.

Həqiqət arayır, uca səslidi,

Haqqdan cənnət məkan Respublikamdı!

 

Şəhid qanlarından yoğrulub torpaq,

Nifrətdən titrəyir ağacda yarpaq.

Düşmən hiyləsindən alıb, qoparaq,

Haqqdan cənnət məkan Respublikamdı!

 

SEÇƏRDİM

Vədə verilsəydi gələn günlərə,

Cənnət Qarabağın yolun seçərdim.

Adlayıb Laçından, keçib Şuşadan,

İsa bulağından suyu içərdim.

 

Hələ görmədiyim çəmənin,çölün,

Dərərdim əlimlə çiçəyin, gülün.

Həsrətlə boylanan Xari bülbülün,

Önündə uyuyub, candan keçərdim.

 

Torpağa həsrətli əldən tutardım,

Sevinci, sevincə birgə qatardım.

Biryolluq uyuyub, şirin yatardım,

Müqəddəs məkanı orda seçərdim.

 

Xınalı əllərə yaxan gəlinə,

Gülləri yaxaya taxan gəlinə.

Həsrətlə boylanıb baxan gəlinə,

Gəlinlik libasın orda biçərdim.

 

Начало формы

UNUDAN DEYİLƏM

Həsrətim sinəmdə söz oldu daha,

Ürəyim od tutub, köz oldu daha.

Dözüb xəlvət-xəlvət çəkdiyim aha,

Aşkarda yanında yanan deyiləm.

 

Yoluna çıxmağa yoxdu güzarım,

Çəmən çiçəkləri gülüm, gülzarım.

Könlüm o çəməndə yox ahu-zarım,

Mən səni unudan, dönən deyiləm.

 

Hardan biləcəksən, Mehri nə çəkir,

Hərdən gözlərimə qaranlıq çökür.

Ümid toxumundan arzular əkir,

Özümü tox tutub sınan deyiləm.

 

Qoy elə beləcə qalsın ürəyim,

Xəbərin olmasın sənsən gərəyim.

Uçulsa xəyalda saray, dirəyim,

Yalvarıb yanında dinən deyiləm.

 

Sədəqə yaraşmaz saf məhəbbətə,

Ehtiyac duysa da mehri-ülfətə.

Baş əydim özümdə belə adətə,

Qürur dağ başında, enən deyiləm.

 

BƏLKƏ DƏ

Çöküb ürəyimə qaranlıq gecə,

Bu yol hara gedir ürəkdən gəlib?

Ömrümə-günümə bilməzsən necə,

Qaranlıq xofunun qorxusu dolub.

 

Çəkib arxasınca sürüyür məni,

Deyəsən xəyalım göylərdə gəzir.

Sənsiz yol üstündı dumanı, çəni,

Görüb, intizar da bir yandan üzür.

 

Mənim həqiqətim bir xəyal imiş,

Baş alıb gedəcək hara? Bilmirəm.

Sən demə bu eşqin dili lal imiş,

Çəkərmi dilimdən dara? Bilmirəm.

 

KÖNÜL SİRDAŞIM

Udduğum havadan, içdiyim sudan,

Mənə önəmlisən, könül sirdaşım.

Dərdimə şərikim, sirrimi udan,

Həyat yollarımda dostum, qardaşım.

 

Açılan səhərim, doğan günəşim,

Nurlu sabahıma müjdə varımsan.

Bir özgə kimsəylə yox mənim işim,

Könlümün gözündə intizarımsan.

 

Dayanar nəfəsim, kəsilər səsim,

Nə yaxşı dünyada sən də varımsan.

Eşit sözlərimi ürəyim desin,

Etibar etdiyim etibarımsan.

 

QORUYA BİLİRSƏN

Bir gör nə gözəldi dünyanın rəngi,

Rənglərin çaları qarışıq düşüb.

Göyün də, yerin də səsi, ahəngi,

Batıb gözəlliyə hey aşıb-daşır.

 

Qoruya bilirsın qoru dünyanı,

Sənindi gözəllik, sənindi həyat.

Qoruya bilirsən, qoru hər yanı,

Dünya gözəlliklə tapacaq nicat.

 

GƏL, QURTAR PAYIZIN ƏLİNDƏN MƏNİ

Bu payız həsrətin yuxusundayam,

Bu payız itirmək qorxusundayam.

Bu payız ölümün qoxusundayam,

Gəl, qurtar payızın əlindən məni.

 

Bu payız xəzana dönüb güllərim ,

Bu payız soyuqdan donub əllərim.

Yaman dolaşıbdı ömür yollarım,

Gəl, qurtar payızın əlindən məni.

 

Kəpənək uçuşu asta gəlişim,

Yaman ürkək olub, yaman yerişim.

Gümana qalıbdır yazla görüşüm,

Gəl, qurtar payızın əlindən məni.

 

Dağların başında, zirvə sonunda,

Vüqarım diz çöküb qartal önündə.

Bir körpə uşağam sənin yanında,

Gəl, qurtar payızın əlindən məni.

 

Soyuq duyğuların əlində əsir,

Titrəyir ürəyim yarpaq tək əsir.

Ürəyim yanına yaman tələsir,

Gəl, qurtar payızın əlindən məni.

 

DANIŞMA XATİRƏLƏRDƏN

Nə olar danışma ötən günlərdən,

Xatirə söyləmə xatirələrdən.

Özümdə bilmirəm, bilmirəm nədən

Duyğum qaçaq düşür ürkəkdi axı.

 

Bir əlim sənindi, biri havada,

Könlüm tənha gəzir uzaq səmada.

Mən ötən günləri xatırlayanda,

Ürəyim yamanca kövrəkdi axı.

 

Yolun çoxu gedib yolum yarıdı,

Ömür bir ömürdən yenə ayrıdı.

Sorma Mehri dərdin, vallah ayrıdı,

Mənim yalanım da gerçəkdi axı.

 

Bahar buluduna dönüb ağlayar,

Dindirsən xatirəm qara bağlayar.

Bir quru çiçəyi öpüb oxşayan,

Ətrinə həsrətli çiçəkdi axı.

 

ÜZÜN GÜLSÜN

Azacıq gülümsə, qoy üzün gülsün,

Sənin sərtliyindən donmasın üzlər.

Üz-üzə gələnlər səninlə bölsün,

Bəlkə bir şirin söz, təbəssüm gözlər.

 

Bəlkə pay düşəcək qəmli payına,

Sənin gülüşündən, taleyi gülər.

İnsanın xoş üzü, yetər hayına,

Dərdlərin içində dərd unudular.

 

Ürəyin dərmanı gülüş, təbəssüm,

Üzündən nur yağar üzügülərin.

Ömürlər uzadar, həyat yaşadar,

Təbəssüm üzündə, gözü güləni.

 

GÖRMƏDİM

Qaranquşlar köç eyləyib köçdülər,

Durnalar da qərib yurda uçdular.

Bir bulağın gözündən su içdilər,

Ceyran gözlü gözəlləri görmədim.

 

Kürsü, masa ətrafında dolanır,

Fikrə gedib, ətrafına boylanır.

Əldə qələm hamı yazır, dolanır,

Söz mənalı qəzəlləri görmədim.

 

Müdrik sanar hərdən hamı özünü,

Sanar odur deyən sözün düzünü.

Yazır hər kəs əyrisini, düzünü.

Nizami tək yazanları görmədim.

 

İNSANLIQ

Nə yazıq dünyanın, yazıq halına,

Dünya başdan-başa qəmə bələnib.

Hərə qulluq edir öz amalına,

Dünyanın başına odlar ələnib.

 

Tufanlar oynaşır hər tərəfində,

Ölümü unudub öldürənlər var.

Ağladıb dünyanın yazıq anasın,

Təkcə öz ürəyin güldürənlər var.

 

Hardadı insanlıq çəkin meydana,

Dünyanın halına bəlkə o yana.

“İnsan”ı, çəkirlər hərə bir yana,

İnsanlıq çatmır ki insan oyana

 

BƏS NİYƏ

Bilirdim onsuz da gələn deyilsən,

Üzümə sevinclə gülən deyilsən.

Ürəyin sirrini bölən deyilsən,

Bəs niyə bu qədər gözlədim səni?

 

Könlümdə bir həsrət acısı qaldı,

Həsrət nisgil olub yüz dərdə saldı.

Aman, ixtiyarı əlimdən aldı,

Bəs niyə bu qədər gözlədim səni?

 

Kövrək duyğulara oldum mən əsir,

Ürəyim yanına yaman tələsir.

Bildim ki yolumu ayrılıq kəsir,

Bəs niyə bu qədər gözlədim səni?

 

Начало формы

ALMIŞAM

Bir ovuc kədəri, bir ovuc qəmi ,

Mən sənin özündən almışam, dünya.

Ürəyin içində qəm bulağından,

Su içib mən səndə qalmışam, dünya.

 

Vaxtsız bir gül kimi saralıb, solmuş,

İçində bir ömür sonuna gəlmiş.

Eh! nələr itirib nələri almış,

Heyrətlə xəyala dalmışam, dünya.

 

Daha verdiyini al məndən götür,

Saxlayıb özünə qəmimi bitir.

Daşı qəm yükünü özünə çatır,

Yorulub yollarda qalmışam, dünya.

 

Bir dünyam var bu dünyadan xəbərsiz

Orda bir həyat var dumansız çənsiz

Hərdənbir çəkilib mən o dünyada

Səninlə xoşbəxtəm lap elə sənsiz.

 

Начало формы

SƏNSƏN

Bir mənəm bir sənsən bir də ürəyim,

Mənə nə lazımmış daha dünyada.

Yaşamaq həvəsim, suyum çörəyim,,

Sanıb bağlanmışam o böyük ada.

 

Təsəlli ümiddi taparsan ülfət,

Varsa ürəyində yaşadar səni.

Qüdrətdi qüvvətdi böyük məhəbbət,

Nə yaxşı ürəkdir onun məskəni.

 

ÇATDIM

Daş olub sərtləşdim özüm də hərdən,

Kövrək ümidlərə üz tutub getdim.

Dərdlər hücum çəkdi mənə yüz yerdən,

Qayğılar içində hey itib, batdım.

 

Rahat yollar üstə tikanlar bitdi,

Gahdan ürəyimə gizlicə batdı,

Dağ uzaq eylədi, dərəyə atdı,

Zirvənin yoluna sürünüb çatdım.

 

Qarışıq yazıbdı tale yazdığın,

Kədəri gətirib, sevinc pozduğun,

Dolayı yolunda çaşıb azdığım,

Əzabı yolumdan götürüb atdım.

 

Kəsildi gözlərdən süzülən yağış,

Ömrün yollarında hər addım naxış,

Boylanır arzumdan təzə bir baxış,

Arzulu yolların özünə çatdım.

 

Начало формы

Начало формы

ÜKLƏ YAŞAMAQ

Ürəklə başlayıb bir işi görmək,

Hər zaman insana gətirər ad,san.

Ürəksiz qurulan saraya girsən,

Orda tapılacaq sözsüz ki,nöqsan.

Hər işin cövhəri ürəkdi, ürək,

Ürəkdən istəyi alasan gərək.

Bir parça çörəyi, azacıq suyu,

Böləndə ürəklə böləsən gərək.

 

Əzabdan yoğrulmuş sevinc bal dadır,

Qayğılar içində qalasan gərək,

Həyatın mənası bəlkə də budur,

Ürəklə yaşaya biləsən gərək.

 

Начало формы

ELƏMİ?

Bir topa qar kimi sıxdın ürəyim,

Soyuyub buz kimi üşütdü məni.

Üz-üzə dayanıb baxır elə bil,

Xatirən içində xəyal aləmi.

 

Dünənim,bu günüm, bəlkə sabahım,

Çəkdim, düyün düşdü sinəmdə ahım.

Yox oldu inamım, ümid, pənahım,

Yerini tutacaq sual, eləmi?

 

ƏZİZİM

Bülbüllər köç edib gülə gələndə,

Ürək söz söyləyib dilə gələndə.

Gözəllik gül açıb üzə güləndə,

Yaşamaq gözəldir, yaşa, əzizim!

 

Günəşin özü də sübhdən doğar,

Boylanan günəşdən hərarət yağar.

Böyük ürəklərə böyüklük sığar,

Yaşamaq gözəldir, yaşa, əzizim!

 

Yolunun nur dolu çırağı olum,

Şirin təbəssümlə gözünə dolum,

Mən sənin yadında beləcə qalım,

Yaşamaq gözəldir, yaşa, əzizim!

 

SÖZLÜ DÜNYAM

Söz içindən söz boylanar,

Söz önündə söz dayanar.

Sözlü dünyam danışanda,

Gözümdə dünyam oyanar.

 

Ömrüm, günüm hər ayımdı,

Gizli könül sarayımdı.

Səsim, ünüm, harayımdı,

Sözümdə, həsrətim yanar.

 

Susar hərdən söz dünyamda,

Gizli qalar öz dünyamda.

Hərdən olur, həmin anda,

Özümdən özümü danar.

 

DAŞSA BELƏ

Çəmənin öz gözəlliyi,

Hər çiçəyin öz ətri var.

Hər sözümün, hər misranın,

Düzüləsi bir sətri var.

 

Duyğu seli daşsa belə,

Fikrim hərdən çaşsa belə.

Könlüm coşub çağlayacaq,

Hərdən elə coşsa belə.

 

Baxıb, baxıb köks ötürən,

Gözə hərdən nəm gətirən.

Yoluma duman gətirən,

Fikirlərim çaşsa belə.

 

Mehri, ələ qələmi al,

Bir az uzaq xəyala dal.

Könül sazın astaca çal,

Ürək dolub daşsa belə.

 

VƏTƏN OĞLU

Ayaq qoyduğun izinə,

And içdiyin hər sözünə.

Diqqətli, sərraf gözünə,

Qeyrətinə, qüdrətinə,

Güvənirik Vətən oğlu!

 

Çöldə, düzdə, eşikdəsən,

Ayıq-sayıq keşikdəsən.

Vətən adlı beşikdəsən,

Qeyrətinə, qüvvətinə,

Güvənirik, Vətən oğlu!

 

Bayraq üçün qandan keçən,

Torpaq üçün candan keçən.

Haqq yolunu haqqdan seçən,

Hünərinə, cürətinə,

Güvənirik Vətən oğlu!

 

ÖZ İŞİNİ ÖZÜN GÖR

Hər adama “qardaş” demə,

Qardaş arxadı, dayaqdı.

Hər adama “sirdaş “demə,

Sirdaş sirrinlə oyaqdı.

 

Düşünmə hər adam sənin,

İşin üçün can yandırar.

Kim bilir öz işi üçün,

İş gedişin dayandırar.

 

Ürəyinə sirdaş de sən,

Qardaşına qardaş de sən,

Arxayın olub özünə,

Öz işini özün gör sən.

 

GÖRÜM

Dağdan enmə dərəyə,

Yolundan dönmə bərəyə.

Bir ömür düşür hərəyə,

Hədər vermə, yaşa görüm.

 

Qar üstünə qar ələnib,

Aləm sevincə bələnib.

Gözlər yaman sürmələnib,

Baxma çaşa-çaşa görüm.

 

Yollar yaman duman olub,

Görüş yenə güman olub.

Kövrəldiyim zaman olub,

Gəl bir dayan qoşa görüm.