Biri üçün bu xırda görünən bir hadisə, digəri üçün ciddi təhqir və ayıb sayıla bilər.
Beydemir.ru Anton Pavloviç Çexovun «Məmurun ölümü» hekayəsini təqdim edir.
Gözəl axşamların birində, gözəl adam sayılan təsərrüfat işlərində icraçı kiçik məmur İvan Dmitriç Çervyakov ikinci cərgədə oturub durbin ilə “Kornevil zəngləri” operasına baxırdı və buna görə də özünü son dərəcə xoşbəxt hiss edirdi. Lakin birdən…
Hekayətlərin əksər çoxluğunda «lakin, birdən» sözünə tez-tez təsadüf olunur. Müəlliflər haqlıdırlar: həyat gözlənilmədən baş verən təsadüfü hadisələrlə doludur!..
Bəli, birdən onun üz-gözü qırışdı, gözləri qıyıldı, nəfəsi kəsild. O durbini gözündən uzaqlaşdırıb əyildi və qəfildən asqırdı. Asqırmaq heç kimə, heç yerdə qüsur tutulmur. Kəndlilər də, polis müdirləri də, bəzən hətta gizli müşavirlər də asqırırlar. Hamı asqırır. Çervyakov heç pərt olmadı, yaylıqla ağız-burnunu sildi və asqırması ilə bir kimsəni narahat edib-etmədiyini bilmək üçün nəzakətli bir adam kimi ətrafına baxdı. Lakin bu zaman o utanmalı oldu, qabaqda, birinci sırada oturan bir qoca öz əlcəyi ilə daz başını və boynunu bərk-bərk silir və yavaşcadan deyinirdi. Çervyakov qocanı tanıdı, o, yollar idarəsində işləyən statiski general Brizjalov idi.
Çervyakov düşünərək öz-özünə dedi: “Asqıranda tüpürcəyim üstünə sıçrayıb! Mənim rəisim olmasa da hər halda yaxşı olmadı. Üzr istəmək lazımdır” Çervykaov öskürdü və başını qabağa uzadıb generalın qulağına pıçıldadı: — Zat-aliləri. Məni bağışlayın, asqıranda üstünüzə sıçrayıb… qəfildən oldu… — Eybi yoxdur, eybi yoxdur… — Allah eşqinə bağışlayın. Mən bunu… bilə-bilə eləmədim! — Eh, oturun yerinizə xahiş edirəm! Qoyun qulaq asaq! Çervyakov pərt olub mənasız bir halda gülümsədi və səhnəyə tamaşa etməyə başladı. O tamaşa edirdi, ancaq əvvəlki ləzzəti duymurdu. Çox narahat idi. Tənəffüsdə Birzjalova yaxınlaşd və onun yanı ilə gedə-gedə özünə ürək verərərk astadan dedi: — Zati-aliləri, mən asqıranda sizin üstünüzə sıçradı. Bağışlayın… Axı mən…
General: — Ah bəsdir də… Mən bunu unutmuşam, siz isə yenə də ondan danışırsınız, -dedi. Bunu söylərkən o alt dodağını əsəbi halda tərpətdi. Çervyakov şübhəli-şübhəli generala baxaraq düşünürdü: “Unudubdur, ancaq gözlərindən zəhər yağır, heç danışmaq da istəmir. Onu başa salmalıyam ki, mən bunu bilə-bilə eləməmişəm. Bu təbiətin qanunudur, yoxsa elə güman elər ki, mən onun üstünə tüpürmək istəmişəm. İndi belə düşünməsə də sonra bu cür düşünə bilər!” Çervyakov evə gəldikdən sonra öz nəzakətsizliyini arvadına danışdı; o əvvəl qorxdu, lakin Brizjalovun “başqa” rəis olduğunu bildikdən sonra sakitləşdi.
Arvadı dedi: — Hər halda sən get üzr istə. Yoxsa elə güman edər ki, sən camaatın arasında özünü apara bilmirsən! — Elə də eləmişəm! Üzr istədim, ancaq o qəribə adamdır… Heç əməlli-başlı bir söz demədi. Danışmağa da vaxt yox idi. Ertəsi gün Çervyakov təzə vitsmundirini geydi, üzünü qırxdırdı və izahat vermək üçün Birzjalovun yanına getdi… Generalın qəbul otağına girəndə orada öz işindən ötrü gələn çoxlu adam gördü; general özü də onların arasında idi. O, gələnləri yenicə qəbul etməyə başlamışdı. Bir neçə nəfərdən nə üçün gəldiyini soruşduqdan sonra, Çervyakova da baxdı. — Zat-aliləri, dünən, əgər yadınızdadırsa, “Arkadi”də, — deyə ekzekutor izahat verməyə başladı, — mən asqırdım və sizin üstünüzə sıçradı…
— Bu nə mənasız sözdür! Belə də şey olar! – General o biri adama müraciət etdi: — Sizə nə lazımdır? Çervyakov rəngi ağarmış halda fikirləşdi: “Heç danışmaq istəmir! Deməli acığı tutub… Yox, bu məsələni belə qoymaq olmaz… mən ona izah etməliyəm…” General axırıncı adamla söhbəti qurtardıqdan sonra içəriyə girmək istəyirdi ki, Çervyakov onun ardınca gedərək mızıldadı: — Zat-aliləri! Cənabınızın rahatlığını pozmağa cəsarət etdimsə, bunu məhz peşmançılığımı bildirmək üzündən edirəm!.. Özünüz bilirsiniz ki, mən bunu bilə-bilə etməmişəm! General ağlamsınmış kimi üz-gözünü qırışdıraraq əlini yellədi: — Cənab, siz məni ələ salmısınız! – deyərək içəri girdi.
Çervyakov düşünərək öz-özünə dedi: — “Ələ salmaq nədir? Burada heç bir ələ salmaq filan yoxdur! Özü generaldır ancaq başa düşmür! İş ki belə oldu, mən daha bu yalançı pəhləvandan üzr istəməyəcəm! Qoy cəhənnəm olsun! Ona məktub yazacağam, amma yanına getməyəcəyəm! Vallah getməyəcəyəm!” Çervyakov evə gedərkən belə düşünürdü. O, generala məktub yazmadı. Fikirləşdi, fikirləşdi, məktubu necə yazmaq haqqında heç bir qərara gələ bilmədi. Ertəsi gün yenə də özü getməli oldu. General başını qaldırıb sualedici bir nəzərlə ona baxarkən o belə dedi: — Zat-aliləri, mən dünən sizi narahat edərkən heç də, siz buyurduğunuz kimi sizi ələ salmaq fikrində deyildim. Mən asqırarkən sizin üstünüzü buladığım üçün üzr istəməyə gəlmişdim, sizi ələ salmaq mənim heç ağlıma da gəlməzdi. Mən sizi ələ salmağa heç cəsarət edərəmmi? Biz başqalarını ələ salırıqsa onda deməli, böyüklərə heç hörmətimiz olmaz…
General qəzəbindən göyərərək titrəyirdi. O birdən: — Rədd ol burdan! – deyə çığırdı. Dəhşətdən yerində donub qalmış Çervyakov pıçıltı ilə soruşdu: — Nə? General ayağını yerə vuraraq təkrar etdi? — Rədd ol burdan! Çervyakovun elə bil ürəyi qopdu. O heç bir şey görmədi, heç bir şey eşitmədi, yavaş-yavaş dal-dalı qapıya tərəf getdi və küçəyə çıxıb tüpürdü… Tez evə gəlib vitsmundirini çıxarmadan divana uzandı və… öldü.