Məhərrəm Anar, şeirlər

Uncategorized

Dəyməz heç

 

Bir əsər bitməmiş, düzüldü nöqtə,

Çalışmağa-vuruşmağa dəyməz heç.

Fələyin  işinə, yazılan  bəxtə,

Daha gecdir, qarışmağa dəyməz heç…

 

Heçnəymiş həyatda sevgisiz ad-san,

Elə bil, özünü  yandıran  odsan.

O, sənə özgədir, sən ona yadsan,

Qismətinlə, yarışmağa dəyməz heç.

 

Bəs eylər buludtək boşalmaq-dolmaq,

Acı  xəyalların  qeydinə  qalmaq.

Bu sənsiz illərlə nə düşmən olmaq,

Nə dost olub, barışmağa dəyməz heç.

 

Sevgisiz bir ömür hədərdir, hədər,

Dumantək başından çəkilməz kədər,

Kim necə yaşadı, bu günə qədər?

Xəbər alıb, soruşmağa dəyməz heç.

 

Məhərrəm, yolçusu oldun düz yolun,

İndi yorğunusan sanki yüz yolun.

Onun sənsiz yolu, sənin öz yolun,

İnnən belə görüşməyə dəyməz heç…

 

Yüz il gözləyərdim

 

Sənsiz, hər nemətdən könlüm — gözüm tox,

Daha fərq qoymuram bala, zəhərə!

Sənsiz fəsillər də çox dəyişib, çox,

Axşam yağan qar da, qalmır səhərə…

 

Sənli yuxuları necə yozmayım?

Yuxuma gələndə gəlib, susursan…

Bəzən düşünürəm: yazım, yazmayım?

Sənə yazdığımı bilib, susursan.

 

Zülmət gecələri yola salsam da,

Saralmış şəklinə baxıb, hər axşam

Min sual önündə aciz qalsam da,

Sənin yoxluğunla barışmamışam!

 

Hər gün yadlaşırıq! Yad var, qohum var,

Eşidən nə deyər, bilən nə deyər!

Ümidlərlə dolu bir sabahım var-

Yamanca qorxuram, qəlbinə dəyər.

 

Yel kimi ötsə də hər ayım, ilim,

Mən ki yaşamadım yaş yığmaq üçün!

Yüz il gözləməyə razıyam, gülüm,

Bircə gün, səninlə yaşamaq üçün!..

 

Sənsizliklə barışmıram

 

Fələk qoydu gözlərimi,

Bu yollarda qala — qala

Əvəzində verdi qəmi,

Səni məndən  ala — ala.

 

Səndən  mənə  nə qalacaq —

Gecikmiş  məktublar, ancaq!

Biçsən,  sevincim  bir  qucaq,

Yığsan, dərdim  tala — tala.

 

Qışa bənzər sənsiz  bahar,

Ayrılıqdan  zülüm  nə var?

Bir  vaxt getdiyimiz yollar,

Çuxur — çuxur, çala — çala…

 

Hey səbrimə “döz!” — demişəm,

Ümid itib — gözləmişəm,

Ağrıları gizləmişəm,

Ürəyimə sala — sala.

 

Məhərrəməm, aram — aram,

Sızıldayır  köhnə  yaram!

Sənsizliklə barışmıram,

Ya qismət! Nə ola, ola!..