Trafaret və şablon mövzulardan qaçmaq üçün, ya susmalı, ya da yeni ideyalarla gəlməlisən. Yaza bilməyəndə cümlənin, yəni düşündüyün fikrin feili «itir», ya da qırılır, sən onu bərpa etməkdəykən hər şey, ən mühüm ideyalar yanından ötüşüb keçir. Və bunlar o qədər də çox deyil.
Konkret isimlərdən, kitab və yazılardan bəhs etmək artıq «gecdir», hər şey o qədər geridən addımlayır ki, sən irəlinin «landşaftı»nı, ya seyr etməli, ya da onlar yetişənə qədər bu boşluğu təsvir etməlisən. Mirzə Cəlil demişkən, qələmin müqəddəs vəzifəsi elə bu boşluğu təsvir etməkdir…
Vaxtilə bir yazı vardı: İndi nədən, kimdən yazaq?..
İndi yenə də o məqamdır. Daha doğrusu, kimdənsə, nədənsə yazmağın yeri yoxdu, çünki hər yer dopdoluykən boşdur, boşluqdur, bu «çəkisizlik şəraitində» əşyaların, ad və kitabların, bir sözlə, əsas qəhrəman və hadisələrin rəsmini çəkmək üçün dünyadakı bütün qələmlərin içi boşalıb. Karandaşlar qırılıb, ağ kağız fabrikdən qapqara çıxır…
İndi nədən, kimdən deyək?..
Ədəbiyyat, mədəniyyət, incəsənət diskursu, paradiqması. Necə istəsəniz, adlandırın, dəyişib. Bu dəyişkənliyin içində hər şey var, hava yoxdur, insan var, nəfəs yoxdu, kitab var, vərəqləri oxunmur, hərflər gözə girir, amma oxunmur.
Rus dilindən, rus dili vasitəsi ilə tərcümələr aşıb-daşır, müstəqilliyin əsas ideyası — orijinaldan tərcümə ideyası boşa çıxıb. Bu qədər lazımsız, müstəqilliyin ideyasına uyğun gəlməyən material varkən, hələ bir bədii tərcümənin xüsusiyyətlərindən yazmaq kimə və nəyə lazımdır?
Kitab müzakirələri, kitab sərgiləri keçirilir, müəlliflər məkanı qarış-qarış gəzib dolaşır, oxucu yox, olsa da, təkəmseyrək. Oxu, mütaliə barədə qədim miflərdən daha qədim əfsanələr gəzib dolaşır.
Smartfonlar kitabı yeyib, olsun ki bu, qaçılmazdır, ordan, ekrandan çay kimi, dəniz misalı axan şeylər hər şeyi bir anda əvəz edir. Sonra unudursan, zatən, bu nəsnələr elə unudulmaq üçündür. Ancaq smartfon təkcə kitabı və sair şeyləri deyil, beyinləri yeyir. Bu beyinlə smartfondan elə smartfona qədər gedə bilərsən.
Hər şey belə ağrılı və təəssüf oyadandır…
Elə bir ortam yaranıb ki, keçmişin xəyalları, yəni ən möhtəşəm sənət adamlarının da xəyalları bu ərazidə cücərmir, sadəcə solub gedir.
Hər şey bir ucdan «təkmilləşdikcə» yuxarıda işarələdiyimiz boşluqların həcmi və tutduqları sahə böyüyür. Süni intellekt, tərcümə proqramları, başqa virtual alətlər..
Deyirlər, nə qədər inkişaf edir-etsin, süni intellekt insan kimi şeir yaza bilməz. Heç məqsəd də o deyil. Məqsəd, bəlkə də təbii insanı kənarlaşdırmaqdır. Yaxud bu bir seçimdir. İstəsən, göz at, yararlan. Amma belə seçimlər kütləvi xarakter daşıyanda həmin «əvəzetmə» avtomatik yerinə oturur. Keçmişin mətnlərindən bu günə qədər vərəqləsək, bəlkə də oralarda «süni intellekt» və sair şeylər haqqında işarələrə rast gələrik. Necə ki məsələn, bədii ədəbiyyatda montaj haqqında hələ XVIII əsr yazıçılarının əsərlərində rast gəlinir. Baxın: «XVIII əsr fransız mütəfəkkiri Deni Didro teatr səhnəsində müxtəlif epizodların sinxron şəkildə yanaşı qoyulması ilə gözlənilməz bədii effektə nail olmağı arzulayırdı…
Montaj texnikasının elementlərindən səhnədə səmərəli istifadənin ilk nümunələrinə alman dramaturqu və rejissoru Bertold Brextin və fransız absurd teatrının nümayəndələrinin xidmətlərini xüsusi ilə qeyd etmək lazımdır…» (Q.Quliyev)
Yaxud… nə qədər istəsəniz nümunə gətirmək mümkündür. Bütün bu misallar təbii və ardıcıl, addım-addım inkişaf perspektivlərinin nəticəsidir. Bədii mətnlərdə xəbər verilən nəsnələr, şübhəsiz ki, müəyyən hədəf bəlləmək anlamına gəlir, sənətin özünün kəsər və vizuallıq qazanmasına xidmət edir.
Köhnə yazıçılar içində «Don Kixot»u oxumayan yazıçı tapmaq olmaz, bəlkə də. Oxuyub yazmaq əxlaqı başqa bir kateqoriyaya aiddir. Amma bəlkə indilərdə qalaq-qalaq əsər yazan insanlar içində «Don Kixot»u oxuyanlar çox azdır. Yaxud Çexovu… Həm də ölüm-dirim savaşı kimi. «Mən kiməm?» sualına cavab olaraq.
Bütün sərhədlər açılandan sonra qələm əhlinin məhəlli sferada qalması dəhşətdir. Sosial şəbəkələrin rənglərinə baxın: insan, qələm əhli bütün «əsas əsərləri»ni yazıb bitirdikdən sonra fəlsəfəyə varır, yaşadığımız cəmiyyətin üzünü astarına və tərsinə çevirir, görürsən ki, astar üz, üz elə astardır…
Cavanşir YUSİFLİ
«Ədəbiyyat qəzeti»