İLDIRIM ƏLİŞOĞLU — şeirlər

Silir üzlərindən o boyaları!..

 

Kədərə bürünüb tənha bir söyüd,

Yolur saçlarını , yolur külək də.

Elə sıxıbdır ki, onu bu təklik,

Çatmaz harayına, çatmaz fələk də.

 

Necə zərif imiş bu sahil qumu,

Yoxsa aşiq olub yalın ayağa?

Bir az məzəliymiş bu ləpələr də,

Udur şüaları, dönür mayaka!..

 

Ruhun dərmanıymış dəniz kənarı,

Tapgınan yerini, köçünü sal sən.

Unut dərdi, səri, tulla həsədi,

Həyatın bir gözəl gününü çal sən!..

 

Xəzərsahili parkda ğördüklərim

 

Nələrə qadirmiş insan əlləri,

Xeyirdən əmr alsa, uğura dönür.

Nə zaman keçirsə şərin girinə,

Fəlakətə gedən cığıra dönür…

 

Külək dalğaları elə qovurdu,

Sahil «yeriyirdi» dəniz boyunca.

Çoxdan həsrət idim tamaşasına,

Dedim, bir dayanım, baxım doyunca.

 

Güzgüsün tutmuşdu göydələnlərə,

Binalar özünə «baxırdı» sanki.

Xəzər çirkabından utanar deyə,

Sahil yanağına yaxırdı çirki…

 

Günün bu vədəsin sevmirdi, nədi,

Ağaclar kölgəsin çəkmişdi geri.

Güllər də, deyəsən, baxmırdı mənə,

Yəqın sanmışdılar gəlmənin biri…

 

Tək bir qağayı da gözə dəymirdi,

Yoxsa, maşınlarmı hədələmişdi?

Onların ən gözəl balıq ümidin,

Neftli ləkələrmi pərdələmişdi?

 

İçinə çəkilib İçəri şəhər,

Qorumaq istəyir özəlliyini.

Bilir, fürsət gəzir pul hərisləri,

Hərraca qoyarlar gözəlliyini…

 

Qəlbimdə nə qədər fırlandı tənqid,

Qıymadım incidə burda elləri…

Önündə əyilib min yol öpərdim,

Belə gözəlliyi quran əlləri!..

 

Giley

 

Çox getdim bəxtin üstünə,

Üzümə belə baxmadı…

Taleyə kimlik göstərdim,

Yazıma belə baxmadı…

 

Yönəldim göylərə sarı,

Tökdü saçlarıma qarı,

Dedim, şükr eləyim barı,

Sözümə belə baxmadı…

 

Xata gəldi, qanun dedim,

Qada gəldi, qanun dedim,

Gəda gəldi, qanun dedim,

Düzümə belə baxmadı…

 

Bildim, Tanrıdı dərd güdən,

Seçir, kimlərdi loş gödən,

Biyətdən dərisi gedən,

Dizimə belə baxmadı!

 

Bu İldırımmış üzülən,

Dedim, Haqdandı pozulan,

Dərdi damcıyla yazılan,

Gözümə belə baxmadı!..

 

Məni görmədin...

 

Bu sevgini qəlbimə kim atıbmış, bilmədin,

Kədəri bol, sevinci kəm atıbmış, bilmədin.

Ürəyimi dərdlərə yem atıbmış, bilmədin,

Kölgəndim başın üstdə, fərqinə varmadın ki –

Məni heç görmədin ki…

 

Sehirli gözəlliyin bağlamışdı dilimi,

Sevdim «bəlkə”lərini, sevdim belə zülümü…

Gözüm sözə baxmadı, sənə çəkdi yolumu,

Bir udum nəfəs dərib, üstündə durmadın ki –

Məni heç görmədin ki…

 

Mənə buynuz göstərən fələyə düşdü yolun,

Riyalarla süslənən kələyə düşdü yolun,

Zəncirləri qızıldan tələyə düşdü yolun,

Yaşlı yanaqlarıma əlini sürtmədin ki –

Məni heç görmədin ki…

 

Evciyimə cızdığın yazını özlədim çox,

Yanağımda üşüyən izini özlədim çox,

Məni əsirin edən nazını özlədim çox ,

Bizi bizdən eləyən inadı qırmadın ki –

Məni heç görmədin ki…

 

Səni öpən küləyin sığalı qalıb məndə,

Dəcəl duyğularımın cığalı qalıb məndə,

Laqeyd baxışının «Sağ ol»u qallb məndə,

Qəlbim açıqdı hər vaxt… Bircə yol girmədin ki –

Məni heç görmədin kı…

Məni… heç görmədin ki…

 

Çətin yaz …

 

Bahar köçün salıb yenə içimdə,

Orda hər gülümün duvağı sənsən.

Sənin gözlərində kim var bilmirəm,

Mənim gözlərimin qonağı sənsən…

 

Bilirəm, bu yağış göz yaşın deyil,

İçimdə kədəri yuyardı, bəlkə…

Bu buludlarsa da, bir şey söyləmir,

Qəlbim pıçıltını duyardı, bəlkə.

 

Dana da bilmirəm sevgimizi də,

Düşübdü bulağın dodaqlarına…

Yoxlaya bilmirəm salxım söyüdü,

Ətrini hopdurub yarpaqlarına.

 

Yenə də can çəkir açılan səhər,

Yəqin ki, yuxumun qaçdığın görüb.

Ayağın bizlərdən kəsilən gündən,

Qapımı küləklər açdığın görüb…

 

Bağımda, bağçamda yoxluğun bitir,

Çiçəklər götürüb səpdiyin nazı.

Çəkir ayrılığın dar ağacına,

Çətin adladaram, mən belə yazı!..

 

Qalıb

 

Mərdlərlə kəsilən çörəyin tamı,

Ağzımda dadıynan, duzuynan qalıb.

Kimlər nə edibsə, hopub yaddaşa,

Hərə əyrisiynən, düzüynən qalıb!..

 

Bu həyat önümdə yoxuşuynanmış,

Baharı gül-çiçək naxışıynanmış,

O gözəlin sehri baxışıynanmış,

Gülüşü yadımda nazıynan qalıb.

 

Hələ də yurdumun çatıqdı qaşı,

Düşüb paxılların başına daşı,

Xocalımın qanla boyanan qışı,

Qəlbimin üstündə közüynən qalıb…

 

Həyat az da olsa, görübdü usta,

Kimi rəngdə yaşar, kimisi səsdə,

Kimi mizrab-mizrab bitib sim üstdə,

Kimi şeirə dönüb sözüynən qalıb.

 

Əlləri min ildir uzanır göyə,

Əzilən bəndəyə duran yox yiyə,

Haqqına inamı itməsin deyə,

İldırım bükülən diziynən qalıb!..

 

Nəsə

 

Bu ümid, işığın səndənmi alıb,

Sozalır, sozalır, üzülmür, nəsə?

Elə «döydürmüsən» can dəftərimə,

Silirəm adını, pozulmur nəsə…

 

Sanki arzularım borana düşüb,

Üşüyür içimdə, donur içimdə.

Görsə baxışını, özün unudur,

Əllərin qaldırır donur içimdə…

 

«Tonqalı qalayıb» simlərin üstdə,

Kərəmi odlayan neçə aşıq var.

Ürək sərhəd bilməz, umar hər zaman,

Tonqaldan sevdaya yaşıl işıq var…

 

Getdiyin cığıra həsrət dolanıb,

Aralı deyil ki, önümdən keçir.

Təbəssümün yüklü, öpüş «karvanın»,

Mənə göz vuraraq yanımdan keçir.

 

Nə vaxt düz atmadın addımlarını,

O vaxt yolumuzda bitib əyrilik.

Sənin «mükafatın» sevgisiz ürək,

Mənim «mükafatım» olub… ayrılıq…

 

…Bu ümid, işığın səndənmi alıb?

Sozalır, sozalır, üzülmür nəsə…

Elə «döydürmüsən» can dəftərimə,

Silirəm adını, pozulmur nəsə…

 

Sevgidən yazma

 

Dedilər, ayıbdır, yazma sevgidən,

Ayna tut üzünə, yaşına bax, sən.

Dedim, planetdi, qitədi ürək,

Bir get Afrikanın qışına bax sən…

 

Dağlara çevrilib neçə xatirəm,

Yıxılır üstümə, uçur üstümə…

Gizlənə bilmirəm duyğumdan belə,

Körpə uşaq kimi qaçır üstümə.

 

İçimdə ümmana dönür ağrılar,

Gəmi axtarıram üzüb çıxmağa.

Kədər çağrılmamış qonağım olur,

Çalışır sevgimi əzib çıxmağa!

 

Kimlər bənzətməyib sönməz Günəşə

Gözlərdən od alıb yanan ürəyi.

O yol dəniz keçir, okean keçir.

Çoxları gözləyir bir səmt küləyi.

 

Bu hiss hara getsə, mesajsız gedər,

Yer tutub otursa, xəbərin olar.

Yaş, o olmasa da, vüsal gözlərəm,

Bilsəm də, «son yola» səfərim olar..

 

…Dedilər, ayıbdır, sevgidən yazma,

Ayna tut üzünə, yaşına bax sən.

Dedim, planetdi, qitədi ürək,

Bir get, Afrikanın qışına bax sən…

 

Qoşma…

 

A dəli könlümün dəli istəyi,

Qovum ürəyimdən hayana səni?

Qalıb ümidimin qapısı bağlı,

Necə yönəldərəm o yana səni?

 

Doladın duyğumu xəyallarına,

Kədəri çevirdin mənim yarıma,

Yoltək saldın məni ayaqlarına,

Qoy barı çatdırım duyana səni…

 

Qoymadın içimdə özgə gül bitə,

Vüsala aparan bir qatar ötə.

Atdın İldırımı, atdın qürbətə,

Qarğıdı özgəyə qıyana səni!

Qiymət