Hikmət Məlikzadə (şeirlər)

Hikmət Məlikzadə

Həyat

 

Həyat ta qapımı arxamca çırpıb, –

Nə fərqi, üçədək saysaq, bağlayıb…

Məndən salam demə kənddəki evə,

Yarası təzəcə qaysaq bağlayıb.

 

Bir az amanım yox, deyim: Haqq mənəm!

Varmı mənim kimi iman dəlisi?!

Kimsə əzrayılla aramı vurub,

Adımı qoyublar “liman dəlisi”.

 

Torpaq boyum qədər kəndirə qıymır,

Eh, duam çürüyür bu an, bəlkə də…

Sən mələk kimisən, narahat olma,

Allaha yetişib duan bəlkə də.

 

Mənə kim dadanır, meyə qurşanır,

Günah pərdəsidir, yu Hikməti, qız.

Mən nə div deyiləm, nə də pulum yox, –

Sənsiz, kim ovudar bu Hikməti, qız?!

 

Məni möhkəm bağla dar ağacına

 

Məni möhkəm bağla dar ağacına,

Edam kötüyünə mismarla ya da.

Soruş, nə qədərdi şələmdə günah,

Bir cəllad, bir balta ismarla ya da.

 

Meydən başım şişib, bu camı tulla,

Bəsdi, bu nağılı gəl, uzatma ta.

Məni köç getməyən yerlərdə axtar,

Harda qəbir gördün əl uzatma ta.

 

Söz də şəhid olur ağızda bəzən,

Tənha yaşadığım ada Allahın…

Gecdi, bir qərar ver, yolum uzaqdı,

Mən ya sənin olum, ya da Allahın.

 

Mən şəhər adamı olmadım heç vaxt

 

“Heç-heçə” hesaba alışmadım heç,

Allahdan utanır üz, əlli ildi…

Edam ağacıdı bu can elə bil, –

Hesabda geriyəm düz əlli ildi.

 

Neçə gözəl ötür yanımdan hər gün,

Dönüb bircəciyi üzümə baxmır.

Eh, mağmın adama kim könül verər?

Bəxt də səhvi görür, düzümə baxmır…

 

Mən şəhər adamı olmadım heç vaxt,

Dəli bir ruh girib kəndə… kimdi ki?!

Sən dəyər vermədin, qoy Allah versin,

Allah dura-dura bəndə kimdi ki?!

 

Yollar…

 

Sənin sağlığına içdik bəs qədər,

Mənim sağlığıma mey qalmadı, eh.

Qəfil bir köç gəldi, qoşulub getdin,

Məndə yeriməyə hey qalmadı, eh.

 

Getdin, ziyanı yox, anama demə…

Onsuz da əlimdən zara gəliblər.

Tanrı, bu yerlərdən köç keçməzdi ki,

Bu köç adamları hara gəliblər?

 

Şeytan çiçək verir tindəki qıza,

Külək hirslənmir ki, şamı sındırım.

Meyin “qarğışından” başım ağrıyır,

Dura bilmirəm ki, camı sındırım.

 

Bəlkə düz on kərə tövbə elədim,

Gözüm mey görəndə tövbə heç olur.

Məbədə gedirəm, gözlə deyirlər,

Günaha gələndə növbə heç olur.

 

İki aləm durub qarşımda indi,

Mənim şərab qədər dadım yox, Allah.

Hesab dəftərindən adımı silmə,

Nəmər dəftərində adım yox, Allah.