Görkəmli şəxsiyyətlər: Şahsuvarov Nurməmməd bəy; Mürsəl bəy; Surxay bəy

Tarix

Repressiya fırtınasında sovrulan Şahsuvarovlar

   

Cümhuriyyətin Maarif və Dini etiqad naziri

Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər bəxş etmiş soylardan biri də Şahsuvarovlardır. Bu soyun tarixi çox uzaq keçmişə gedib çıxır. Soyun ulu babası Şahsuvar bəydir. O, 1802-ci ildə Dərələyəz mahalının Paşalı kəndində anadan olmuşdur. 1825-ci ildə Abbas Mirzə Qovanlı-Qacar Mehdiqulu xan Cavanşiri Dərələyəz mahalına başçı təyin edərək, orda yaşayan obalardan bir neçəsini də onun sərəncamına vermişdi.

Həmin obalardan biri də Şahsuvar yüzbaşının idarə etdiyi Şahsuvarlı obası idi. 1827-ci ildə  Mehdiqulu xan  Rusiya  tərəfə keçəndə Şahsuvar bəyin obasını da  Qarabağa  gətirib,  Qaraçorlu mahalının  Hacısamlı nahiyəsinin  Minkənd ərazisində yerləşdirdi. Beləliklə, Şahsuvar bəy həyat yoldaşı Pəri xanımla burada yaşamağa başladı.

Şahsuvar bəy 7 dəfə müqəddəs  Kərbəla  şəhərini ziyarət etmişdir. Sonuncu ziyarət zamanı o vəfat etmiş və  Kərbəlada  dəfn olunmuş, Pəri xanım isə zəvvarlarla obaya qayıtmışdır. Bu soyla bağlı əsaslı tədqiqatlar aparan araşdırmaçı yazar Ənvər Çingizoğlu nəslin bir neçə görkəmli siması haqqında maraqlı məlumatlar üzə çıxarmışdır. Yazının hazırlanmasında da əsasən həmin məlumatlara istinad edilmişdir.

Bu nəslin görkəmli şəxsiyyətlərindən biri də Nurməmməd bəy Şahsuvarovdur. Nurməmməd bəy Adilxan bəy oğlu  Şahsuvarov 1883-cü ildə  Zəngəzur qəzasının  Minkənd (Şahsuvarlı) kəndində anadan olmuşdu. O, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirmiş (1903), bir müddət Gəncədə rus dili müəllimi işləmişdir. Sonralar Tiflis Aleksandr Müəllimlər İnstitutunu (1915) bitirən Nurməmməd bəy ekstern yolu ilə Kiyev Universitetinin hüquq fakültəsini (1915) başa vurmuşdur.

Rusiya Fevral İnqilabı dövründə N.Şahsuvarov siyasi hadisələrdə yaxından iştirak etmiş, 1918-ci ilin yayında Şimali Qafqaz xalqlarının azadlıq hərəkatının nəticəsində yaradılmış Dağlılar Respublikasının Xalq Maarif naziri təyin olunmuşdu.

Azərbaycanda cümhuriyyət qurulduqdan sonra, 1919-cu ilin iyununda Bakıya gələn N.Şahsuvarov Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin birinci hökumət kabinəsində Maarif nazirinin müavini vəzifəsində işləmişdir. Şahsuvarov “İttihad” partiyasının üzvü idi. O,  Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılması, təhsil və mədəniyyət sahəsində bir sıra mütərəqqi tədbirlərin həyata keçirilməsində, Bakı Dövlət Universitetinin təşkilində yaxından iştirak etmişdir.

1920-ci il martın 5-də Nəsib bəy Yusifbəylinin ikinci hökumət kabinəsində (Cümhuriyyətin beşinci hökumət kabinəsi) Şahsuvarov Maarif və Dini etiqad naziri təyin olunmuşdur. Cümhuriyyətin süqutundan) sonra N.Şahsuvarov Azərbaycan SSR Xalq Maarif komissarının müavini olmuş, Bakıda orta və ali təhsil ocaqlarında dərs demişdi.

37-ci illərdən başlanan repressiya dalğası onun qapısından da yan keçməmişdir. Görkəmli ziyalı 1940-cı ildə saxta ittihamlarla həbs edilərək, Krasnodar diyarına sürgün edilmişdir. O, 1943-cü ildə sürgündən qayıdaraq, Azərbaycan Tibb İnstitutunda rus dili kafedrasının müdiri işləməyə başlamışdır.

Şahsuvarov1958-ci ildə vəfat etmişdir.

 Mürsəl bəy

Şahsuvarovların başqa bir məşhur nümayəndəsi Mürsəl bəydir.

Şahsuvarov Mürsəl bəy Adilxan bəy oğlu  1900-cü ilin  iyun  ayının  19-da  Zəngəzur qəzasının  Minkənd  kəndində anadan olmuşdu. O, əvvəlcə Gəncədə, sonra isə Tiflisdə təhsil almışdır. Arxiv sənədlərindən məlum olur ki, Şahsuvarov Mürsəl Ədilxan oğlu  1913-cü ildə Tiflis oğlan gimnaziyasına daxil olmuş və oranı 1918-ci il fevralın 18-də bitirmişdir.

M.Şahsuvarovun 1919-cu il noyabr ayının 23-də Azərbaycan  Respublikası Xalq Maarif  Nazirliyinə ünvanladığı ərizəsində deyilir: “Sizdən xahiş edirəm ki, məni Almaniyaya Tibb İnstitutuna daxil olmaq üçün hökumət hesabına ezam edəsiniz.”

Beləliklə, Mürsəl bəy Şahsuvarov  Münhen  Universitetinin tibb fakültəsində oxuyub, oranı  uğurla başa vurmuşdur. Gənc azərbaycanlı həkim Hamburq  şəhərində ixtisasına görə işlə təmin edilmişdir.

Bir neçə il Tropik Xəstəliklər İnstitutunda çalışmış, burada dissertasiya müdafiə edərək, tibb elmləri doktoru adını almışdır. Azərbaycanlı alim  Hamburqda  tanış olduğu alman qızı Marqarita ilə  ailə qurmuşdur. Sonralar otuzuncu illərdə ər-arvad Bakıya qayıtmışlar. Bakıda elmlər doktoru olan Cumhiriyyət tələbəsinin evinə Amerika Birləşmiş Ştatlarından da qonaqlar gəlirdi.

Amma 1937-ci ildən başlayaraq Şahsuvarovun mənzili bir daha qonaq üzü görmədi. Onu Sibirə, Maqadana on il müddətinə sürgün etdilər.

Onun həyat yoldaşı da Mürsəl bəyin məsləhəti ilə öz bacısı oğlu ilə birlikdə Almaniyaya qayıtmalı olmuşdur.

Mürsəl bəyin alman həmkarı, professor Hans Fodelin ona etmiş olduğu bir tarixi xidməti qeyd etməmək olmaz. 1937-ci ildə Mürsəl bəyin evində axtarış zamanı  Münhen  Universitetini bitirmək barədə diplomu yoxa çıxmışdı. M.Şahsuvarov  Almaniyaya  göndərdiyi məktublarından birində keçmiş tələbə dostundan xahiş etmişdi ki, mümkünsə, ali məktəb diplomunun surətini çıxartdıraraq Bakıya göndərsin. Alman professor azərbaycanlı həmkarının xahişini yerinə yetirmişdi. Diplomun surəti əldə edildikdən sonra, tibb elmləri doktoru, professor Şahsuvarov Bakıdakı Fuad Əfəndiyev  adına 4 saylı Şəhər Klinik Xəstəxanasına işə qəbul edilmişdir.

Şahsuvarov1991-ci il  may  ayının  6-da vəfat etmişdir.

Sürgündə məhv edilən cümhuriyyət tələbəsi

Məşhur nəslin parlaq simalarından biri olan Surxay bəy Şahsuvarov da cümhuriyyət dövrünün tələbələrindəndir.

Surxay bəy Əzim oğlu  1900-cü ildə  Zəngəzur qəzasının  Şahsuvarlı  kəndində doğulmuşdur. 8 yaşında atasını itirən Surxay dayısı Rəsul bəyin himayəsində yaşamış və 1910-cu ildə iki illik məktəbi bitirmişdir. Bundan sonra o, Qori Müəllimlər Seminariyasını bitirib Gəncədə rus dili müəllimi işləyən  Nurməmməd bəy Şahsuvarovun yanına getmişdir. Ona atalıq qayğısı göstərən əmisi Surxayı əvvəlcə Gəncə Oğlan Gimnaziyasında oxutdurmuşdur. İstedadlı gənc  buranı bitirdikdən sonra 1913-cü ildə birinci Tiflis  Oğlan Gimnaziyasına qəbul edilmiş və  1918-ci ildə təhsilini əla qiymətlərlə başa vurmuşdur.

Daha yüksək təhsil almaq istəyən Surxay Şahsuvarov 1920-ci ildə Almaniyadakı  Frayberq Dağ Mədən Akademiyasına qəbul imtahanlarından uğurla keçdi. O, 1925-ci ildə isə akademiyanı da əla qiymətlərlə başa vurdu. Frayberq Akademiyasının azərbaycanlı məzunu yarım il Almaniyanın “Selə” neft mədənində mütəxəssis işlədi. 1925-ci ilin iyun ayında Bakıya qayıdan mütəxəssis “Azərneft” rəhbərliyinin sərəncamı ilə Bibiheybət Qazma kontoruna mühəndis təyin edildi. 1927-ci il oktyabrın 1-dən o, Nəriman Nərimanov adına Texnikumda dərs deməyə başladı.

Nərimanov texnikumunda işləməklə bərabər Şahsuvarov Azərbaycan Sənaye İnstitutunun Ümumi Geologiya kafedrasında assistent vəzifəsində də çalışırdı. 1932-ci ilin iyun ayında Surxay Şahsuvarovu Azərbaycan Neft Kəşfiyyatı idarəsinə işə dəvət etdilər. O, Azərbaycan Sənaye institutunda əvəzçilik yolu ilə pedaqoji işini də davam etdirir, Lökbatan neft mədənlərində baş geoloq vəzifəsində çalışırdı.

Yüksək ixtisaslı mütəxəssis “Xəzər dənizinin müxtəlif dövrlərdə su balansı” mövzusunda dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, geologiya-minerologiya elmləri namizədi adını aldı. Cümhuriyyət tələbəsinin bu dissertasiyası Xəzər dənizinin səviyyəsinin artması problemi ilə məşğul olan alimlərin ilk elmi mütəxəssisdir. Amma Surxay Şahsuvarova doktorluq dissertasiyasını müdafiə etmək nəsib olmadı. Onu “Almaniyanın mənafeyinə cəsusluq fəaliyyətinə görə” həbsə aldılar. 1942-ci il iyul ayının 19-da S.Şahsuvarovun 42 yaşı tamam oldu. Böyük vətənpərvər alim ömrünün 43-cü ilində dəmir barmaqlıq arxasına salındı, ailəsi də əzablara düçar oldu. Surxay bəyin ömür-gün yoldaşı, 1938-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirdikdən sonra Kirov İnstitutunda işləyən Qönçə xanım iki övladı-Tofiq və Adilə həm də atalıq da etdi.

Şahsuvarovun sürgün illəri Şimali Qazaxıstanda və Şimali Uralda keçdi. Dəhşətli soyuq və şaxtalı iqlim onun canına işlədi və S.Şahsuvarov bu şəraitdə vərəm xəstəliyinə tutuldu. Görkəmli geoloqu Bakıdakı Neftçilər Xəstəxanasında müalicəyə başladılar. Amma artıq gec idi. Saxta ittihamların qurbanı olan daha bir Azərbaycan ziyalısı Surxay Şahsuvarov 1945-ci ilin noyabr ayının 3-də dünyasını dəyişdi…