Görkəmli şəxsiyyətlər: Həsənağa Salayev

Fikirlər Xatirələr

Azərbaycan kinosunda özünəməxsus yaradıcılıq üslubu ilə fərqlənən və sevilən aktyorlardan biri də Həsənağa Salayev olub. Yaratdığı obrazlar qalereyasına görə onu haqlı olaraq romantik və realist aktyor məktəbinin estetik prinsiplərini yaşadan sənətkar adlandırırlar.

 

Bakıda dünyaya göz açan Həsənağa Salayev 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Teatr Texnikumuna daxil olub. Bir ildən sonra 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə müharibəyə gedib, bir ildən sonra yenidən doğma teatra qayıdıb.

 

Həsənağa Salayev Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri kimi yaratdığı obrazların xarakterik cəhətlərinin bədii təcəssümünə görə sənətsevərlərin yaddaşında dərin iz qoyub. İstedadlı aktyor demək olar ki, teatrda səhnələşdirilən tamaşalarda baş və ikinci dərəcəli rolları ifa edib. Müxtəlif illərdə Səməd Vurğunun “Xanlar” (Mamulya), “Fərhad və Şirin” (Fərhad), “Vaqif” (Eldar, Qacar və Vaqif), Zeynal Xəlilin “Qatır Məmməd” (Əziz), Ənvər Məmmədxanlının “Şərqin səhəri” (Mustafa), Uilyam Şekspirin “Otello” (Montano), “Antoni və Kleopatra” (Sezar) və onlarla digər tamaşalarda xarakterik səhnə surətləri yaradıb.

 

Həsənağa Salayevin kinoda yaratdığı xarakterik rolları isə bu gün də tamaşaçılar tərəfindən baxılır, sevilir. Aktyor “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmdə rol alıb. O, “Fətəli xan”, “Görüş”, “O olmasın, bu olsun”, “Onu bağışlamaq olarmı?”, “Koroğlu”, “İstintaq davam edir” bədii və “Aygün” televiziya filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Mayor Rüstəmov, Əmirxan rollarına çəkilib.

 

Həsənağa Salayev çılğın ehtirası, vüqarlı görünüşü, sərbəst səhnə davranışı, əzəmətli boy-buxunu, tamaşada tərəf müqabillərinə diqqəti ilə seçilirdi. Gurultulu və cingiltili səsini məharətlə tənzimləyən aktyor romantik rollarla realist personajları, mürəkkəb psixoloji dönüşlü dramatik obrazları eyni məharətlə oynaya bilirdi. O, klassik və tərcümə əsərlərində ifa etdiyi obrazları çağdaş dövrün ictimai-sosial, mənəvi-əxlaqi problemləri ilə ustalıqla əlaqələndirirdi.

Həsənağa Salayev aktyorluq sənətində qazandığı uğurlara görə 1959-cu ildə Əməkdar artist, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

 

Yaradıcılığının ən müdrik çağında, 54 yaşında Həsənağa Salayev qəfildən iflic xəstəliyinə düçar olub. Bir daha səhnəyə çıxmayan aktyor 1981-ci il oktyabrın 2-də dünyasını dəyişib.