Din və elm. Müəllif mövqeyi. Elsevər Bəydəmirlinin yeni bir yazısını təqdim edirik.
Qədim yunan filosofları kainatın statik olduğunu düşünürdülər. Bu qədim astronomlar arasında ən diqqət çəkəni İsgəndəriyyəli Ptolemeydir (Klaudios Ptolemaios). Miladdan sonra II əsrdə yaşamış bu məşhur alim bu gün Almagest kimi tanınan böyük əsərində göy cisimlərinin mürəkkəb hərəkətini izah edən ilk kainat nəzəriyyəsini irəli sürmüşdür. Bu nəzəriyyəyə görə Yer planeti kainatın mərkəzində dayanırdı və geri qalan bütün göy cisimləri onun ətrafında dönürdü. Bu nəzəriyyə, orta əsrlər Avropasında, təxminən 14 əsr ərzində geniş şəkildə qəbul edilmişdir.
XVI-XVIII əsrlərdə Heliosentrik Kainat Modeli ideyası yayılmağa başladı. Heliosentrik nəzəriyyəyə görə isə Kainatın mərkəzində Günəş sistemi dayanırdı, ətrafında isə Günəşə bənzər ulduzlardan ibarət qalaktikalar vəya digər göy cisimləri fırlanmaqda idi. Nikolay Kopernik, Qalileo Qaliley və İohannes Kepler kimi böyük alimlər Yerin və digər planetlərin Günəş ətrafında fırlandığını sübut etdilər. İsaak Nyuton bu planetləri Günəş ətrafında öz orbitlərində saxlayan Gravitasiya qüvvəsinin, həmçinin hər bir planetin də özünəməxsus Cazibə qüvvəsinin mövcudluğunu kəşf etdi.
Bu fikirlər elm aləmində 20-ci əsrə qədər belə qəbul edilmişdir. Bu səbəbdən maddənin əbədi olduğu düşünülürdü. Maddəni əbədi, kainatı da statik olaraq qəbul etdikdən sonra əbədi olan bir yaradıcının varlığına inanmağa ehtiyac yox idi. Buna görə də yaradıcının olmadığı fikrini müdafiə edən materialist fəlsəfə qəbul edilmişdir. Daha sonra müasir elm 20-ci əsrdə göstərmişdir ki, kainat, təxminən 14 milyard il əvvəl Big Bang adlı partlayış nəticəsində yaranmışdır və Kainatın ömrünün də sonsuz olmasının mümkünsüzlüyünü isbat edən Kainatın ölümü vəya sonu ilə əlaqəli müxtəlif tezislər, o cümlədən Big Cruch (Böyük Çöküş) nəzəriyyəsi irəli sürülmüşdür. Nə başlanğıc, nə də davamiyyəti nöqtey-i nəzərindən əbədi olmayan kainatda maddə də əbədi ola bilməz. Məşhur fizik Stiven Hokinq bu həqiqəti belə ifadə edir:
“1915-ci ildən sonrakı onilliklərdə məkan və zamanın bu yeni anlayışı kainat haqqında düşüncələrimizdə köklü dəyişikliklərə səbəb oldu. Əslində, dəyişməyən, həmişə mövcud olan və sonsuza qədər davam edəcək kainat anlayışının yerini keçmişdə sonlu bir zamanda başlayan və sonlu bir zamanda bitəcək dinamik, genişlənən kainat anlayışı almışdır. [Hawking, S. Zamanın Daha Kısa Tarihi. Doğan Kitap 2009]”.
Başqa bir yazısında isə isə deyir:
“Kainatın niyə bu şəkildə başladığını izah etmək çox çətindir, bunu bizim kimi varlıqları yaratmaq niyyətində olan Allahın işi kimi görməkdən başqa çarə yoxdur.[ Hawking, S. a.g.e.]”
1917-ci ildə, Albert Einştein yeni kəşf etdiyi Gravitasiya nəzəriyyəsinin,
yəni Ümumi Nisbilik Nəzəriyyəsinin kosmosla əlaqəli maddənin cazibə təsirini tarazlaşdırmaq məqsədi ilə hesablamalarını apardığı zaman anladı ki, sonsuz və statik Kainat modeli mümkün deyil, tam tərsinə baçlanğıcı və sonu olan dinamik bir kainatdan söhbət gedə bilər. Einşteinin hesablamalarına görə Kainatda baş verə biləcək ən kiçik bir sarsıntı Kainatın partlamasına vəya dağılmasına səbəb olacaqdır. Bu hesablamalar zamanı o vaxta qədər bilinənin tərsinə onu məyus edən bir nəticə ortaya çıxmışdı, onun tənliklərinin doğru olması üçün Kainatın hərəkətdə olması lazım idi, yəni genişlənməli idi.
Einştein modelinin bu xüsusiyyətini ciddi qəbul edən rus riyaziyyatçısı Aleksandr Fridman və Belçikalı astronom Georges Lemaitre 1920-ci illərdə bir-birindən asılı olmayaraq kainatın genişləndiyini riyazi hesablamalarla göstərə bildilər.
Bundan bir neçə il sonra isə Edvin Hubble 1929-cu ildə nəhəng teleskopla kainatın genişləndiyini müşahidə etdi. Hubble, uzaq ulduzlardan gələn işıq dalğalarının spektral analizi zamanı spektrumun qırmızıya doğru sürüşdüyünü gördü.
Gəlin bunu anlamaq üçün öncə dalğanın bir xüsusiyyətinə nəzər salaq. Dalğa mənbəyi qəbuledicidən uzaqlaşdıqca dalğanın qəbul tezliyi azalır. Misal üçün; Bizə yaxınlaşan avtomobilin mühərrik səsi yüksək (yüksək tezlik) olduğu halda, bizdən uzaqlaşan avtomobilin mühərrik səsi alçaq (aşağı tezlik) olur. Bu hadisəyə fizikada Doppler effekti deyirik.
İşıq dalğa olduğundan, işıq mənbəyi müşahidəçidən uzaqlaşdıqca işıq dalğalarının tezliyi azalır və qırmızımtıl (qırmızıya doğru sürüşmə) görünür. Əgər işıq mənbəyi müşahidəçiyə yaxınlaşırsa, mavimtıl görünür (maviyə doğru sürüşmə) çünki dalğaların gəliş tezliyi artır. Hubble ulduzlardan gələn işığın qırmızıya sürüşdüyünü kəşf etməklə Kainatdakı göy cisimlərinin bir birindən uzaqlaşdığını vəya başqa şəkildə ifadə etsək Kainatın davamlı şəkildə genişləndiyini isbat etdi.
Hawking bunu belə ifadə edir:
“1929-cu ildə Edvin Hubble öz əlamətdar müşahidəsini etdi: Hansı istiqamətə baxsaq, uzaq ulduz çoxluqları bizdən sürətlə uzaqlaşırdı. Başqa sözlə, kainat genişlənirdi. Bu o demək idi ki, keçmişdə cisimlər indiki ilə müqayisədə bir-birinə daha yaxın idi. Həqiqətən də belə görünür ki, bir vaxtlar, təxminən on-iyirmi milyard il əvvəl bütün cisimlər bir nöqtədə idi və buna görə də kainatın sıxlığı o anda sonsuz idi. Bu kəşf nəhayət, kainatın başlanğıcı məsələsini elm sahəsinə gətirdi.[ Hawking, S. Zamanın Kısa Tarihi, Milliyet Yayınları, 1989]”.
Bəli, əgər kainatda davamlı bir genişlənmədən söhbət gedirsə deməli bu genişlənmə daha kiçikdən böyüyə gedən bir prosesdir, yəni kainat bir nöqtədən etibarən genişlənməyə başlayıb. Bu başlanğıc Big Bang (Böyük Partlayış) adlanır.
Fizikadan bilirik ki, maddənin sıxlığı (d), kütləsi (m) və həcmi (v) arasında aşağıdakı əlaqə mövcuddur:
D= m : v
İndi yuxarıda bəhs etdiyimiz məsələni riyazi şəkildə anlamağa çalışaq. Zaman geriyə başlanğıc nöqtəsinə getdikcə həcm azaldığından, bu ifadə riyazi şəkildə belə olacaq:
Yəni, sıfır həcm və sonsuz sıxlıq var. Bu, fiziki yoxluq deməkdir. Buna görə də yaradılışın ilk anında həcm sıfır, sıxlıq isə sonsuzdur. Başqa sözlə, kainat yoxdan yaradılmışdır.
14 əsr bundan öncə nazil olan Qurani-Kərim isə bu həqiqəti belə ifadə edir:
“Biz səmanı öz qüdrətimizlə bina etdik və şübhəsiz ki, biz (onu genişləndiririk)”[ Zariyat Suresi, 47.ayet].
Ayətdə keçən “qüdrətimizlə bina etdik” ifadəsini oxuyarkən Kainatın böyüklüyünə, möhtəşəmliyinə, ecazkarlığına, gözəlliyinə, nizamına, incə hesablarla yaradıldığına baxaraq Allahın qüdrətinin, gücünün, elminin ənginliyi qarşısında heyran qalırıq. Buradakı “bina etmək” sözü daha çox “yaratmaq” mənası daşıyır. Bəli uca Allah Kainatı sonsuz qüdrəti ilə yoxdan var etmişdir. Ayətdə keçən “genişləndiririk” ifadəsi isə çox manidardır. Bundan 14 əsr öncə yaşamış Hz. Məhəmməd peyğəmbərin ümmi (təhsilsiz) olduğunu nəzərə alsaq, Avropa alimlərinin 20-ci əsrə qədər Kainatı yuxarıda bəhs etdiyimiz kimi statik və sabit qəbul etdiyi halda, bu elmi həqiqətləri araşdırmaq, müşahidə etmək, bilmək imkanı yox idi. Quranın bu elmi gerçəkliklə bu qədər örtüşməsi onun Kainatın sahibinin kəlamı olduğundan başqa bir şeylə izah oluna bilməz!