Bəzən “böyük” adamların da “xırda” hərəkətləri olur.
İki məşhur rus yazıçısı- Dostoyevski ilə Turgenev qədər dünyada bir – birinə nifrət edən başqa adam təsəvvür etmək çətin məsələdir. Bunun səbəbləri kifayət qədər çox idi. Əvvəllər hər iki yazıçının bir-biri ilə münasibəti yaxşı olub.
Amma zaman keçdikcə…
1846-cı ildə nəşr edilən Fedor Mixayloviçin “Bədbəxt adamlar” kitabının cəmiyyət tərəfindən rəğbətlə qarçılandı. Həmin əsəri, hətta, Birinci Nikolay da bəyənmişdi. Az sonra Dostoyevskinin “Oxşarlar” əsəri işıq üzü gördü. Belinskinin gənc Dostoyevskinin əsərini oxuyandan sonra onu “gələcəyin dahisi” adlandırmışdı. Və elə həmin vaxtlar Turgenev (Nekrasovla birgə) bu barədə bir həcv (epiqramma) də yazmışdı. Həmin həcvdə onlar öz həmkarlarının xəstəliyinə də (Dostoyevskidə ürəkgetməsi vardı, epilepsiyaya mübtəla olmuşdu-F.M.) işarə vurmuşdular. Bundan bək inciyən, üstəlik də hədsiz dərəcədə ruspərəst və İsa Məsih dəlisi olan “Cinayət və cəza”nın müəllifi də dinc durmamışdı. O da öz növbəsində “Ərəfə”nin müəllifini Qərbpərəstlikdə ittiham etmiş və demişdi: Yaxşı olar ki, Turgenev bir teleskop alıb Rusiyaya uzaqdan tamaşa eləsin.
Amma tale onları bir neçə dəfə “yaxınlaşdırmışdı”. Belə ki, “İqrok”un (“Qumarbaz”ın) müəllifi bir dəfə Almaniyada o vaxt kurort və kazinolar şəhəri hesab edilən Visbadendə özünün olan-qalan pulunu və arvadının az-çox pula gedən bəzək əşyalarını uduzandan sonra naəlac qalıb “Dvoryan ocağı”nın müəllifinə müraciət etməli olmuşdu.
Dostoyevski yazıçı həmkarından beş taler pul istəmişdi. (“Sizi narahat etdiyim üçün üzr istəyirəm. Hərəkətimdən utanıram, xəcalət çəkirəm. Amma məcburam. Adam batanda nə etməlidir?”)
Bu, həm Turgenev, həm də o vaxt üçün o qədər də böyük məbləğ deyildi- 3 manatlıq alman gümüş pulu idi. Amma, necə deyərlər, “düşmən” qapıya gəlmişdi. Turgenev “dostuna” cəmi beş taler vermiş və onlar “mehribanlıqla” ayrılmışdılar.
Di gəl ki, aradan az keçməmiş Dostoyevski öz həmkarını, onun yaradıcılığını yenə, həmişə olduğu kimi, orda-burda gözdən salmaq üçün aşkar və gizli “təbliğat” aparırdı. Keçmiş dostunun “qərbyönlülüyü”, “dələduz” almanlara rəğbət bəsləməsi onu açmırdı. Turgenev hirslənib ona demişdi: “Almanlar haqda ağzınıza gələni danışmayın. Siz bununla məni də təhqir etmiş olursunuz. Mən özümü artıq rus yox, alman hesab edirəm”.
Aradan on il keçəndən sonra Tugenev əsəbiləşib verdiyi pulu tələb etdi və aldı da.
Hər iki yazıçı ömürlərinin sonunacan küsülü qaldılar. Daim Turgenevi təhqiramiz ifadələrlə “xatırlayan” Dostoyevski bir dostuna göndərdiyi məktubda belə yazmışdı: “Tugenev cındır adamdır, mən onu əvvəldən sevməmişəm”. («Тургенев — дрянной человек, я и прежде его не любил…»)
Bax belə.
P.S. O vaxt Turgenev Qərbdə və Rusiyada daha çox sevilirdi. Sonralar Dostoyevskinin şöhrəti onu üstələməyə başladı.
P.P.S. Yeri gəlmişkən, hər iki yazıçı türk kökənlidir. Dostoyevskinin ulu babası Aslan Murza (Mirzə) və Tugenevin ulu babası Mirzə Turgen Qızıl Ordanın nüfuzlu adamları olub. Yeri gəlmişkən, mənim bu barədə, yəni onların tarixi qohumluq əlaqəsi ilə bağlı araşdırmam var.
… Hərdən düşünürəm: bəlkə hər kəsdə belə “xırdaçılıqlar” olur?..