Səhəri birtəhər haqlamışdı. Gəncliyinin ən gözəl arzusunu yaşadığına özü də inana bilmirdi. Bu diyarda gördüyü hər bir insan, hər bir küçə, eşitdiyi hər kəlmə ona daha şirin, daha sevimli gəlirdi. Hətta illərlə bu diyarı arzuladığı və həsrətini çəkdiyi üçün özünə bir afərin də deyirdi. “Afərin” ona görə ki, sevgisində heç yanılmamışdı. Bu diyarın da ona salamət və salam yaydığını duyurdu.
Artıq yola düşmə vaxtı idi. Biletini, sənədlərini yoxladıqdan sonra dəmiryol vağzalına yollandı. Özü özünü əmin etmişdi ki, getdiyi diyar da onu gözləyirdi, ona deyəcəyi sözləri vardı. Bir daha tələsərək platformaya tərəf qalxdı. İndi ürəyi daha tez-tez vururdu, çünki kitablarda tanış olduğu, qədim türk diyarı sayılan Səmərqənd ona “xoşgəldin” demişdi. Uşaqlığında dinlədiyi nağıllar aləminə bir səyahət idi bu.
Həyəcanlı-həyəcanlı yaxınlaşdığı dəmir yolçusu pencəyini geydiyinə görə seçilən ilk vağzal işçisinə bileti uzadaraq hansı tərəfə gedəcəyini soruşdu. Düz gəldiyinə əmin olandan sonra çamadanını arxasınca çəkərək yeyin addımlarla vaqona daxil oldu. Əksər insanların turist olduğunu görüncə öz-özünə dedi: “Deməli, bu istidə, bu səyahəti edən tək mən deyilmişəm!”
Beləcə, asta-asta oturacağına yaxınlaşdı. Onunla üzbəüz bir ahıl oturmuşdu. Yaşlı kişini görcək duruxdu və təəccüb dolu baxışlarla onu başdan ayağa süzdü. Görəsən, insan insana bu qədərmi bənzəyər? Bəlkə də özünü yalniz hiss etməsin deyə bu yolculuqda bu da bir gərdiş idi. Eynən babasına bənzəyən biriylə üç saatdan çox yol getməliydi.
Eləcə özünü yığışdırmışdı ki, nəsə soruşsun, bu qoca kişi müdrik baxışlarıyla onun üzunə mülayım şəkildə gülümsəyərək titrək əllərini dodaqlarına apararaq başını yellədi. Həmin an bu qocaman insanın dil problemi olduğunu başa düşdü. Bildi ki, ünsiyyət nə özbək, nə rus, nə də ingilis dilində davam edə bilər. Bu haldan hər ikisi məmnun görünürdü. Ən maraqlısı isə daha sonra baş verdi. Təbii ki, insanlar bir-birini adlarıyla təqdim edirdilər. Növbəti təəccübü bu insanın adını eşidib yaşadı. Mister Abdul. Bu qocaman yaşına baxmayaraq gümrah və şux görünən insanın ismi də babasının eynisi idi. Təəccübünü gizlətmədi. Sevinərək dedi:
-Mənim babamın da adı Abdulla olub. Onu da Abdul, Əbdül deyə çağırırdılar. Mən heç nəyin təsadüf olduğuna inanan insan deyiləm, amma bu qədərini də gözləmirdim.
Çox səmimi dialoqlar başlandı.
Mister Abdul vaxtilə pilot olduğundan bəhs etdi. Dünyanın dörd bir bucağını gəzdiyindən anlatdı. İndi isə Mərakeşdən Səmərqəndə böyük alim Əl-Buxarinin ziyarətinə getdiyini söylədi.
Demək ki, Səmərqənd sevdalı iki insanın görüşü idi bu.
Yolboyu maraqlı söhbətlər bir-birni əvəz edirdi. Mister Abdul öz Mərakeşindən danışır, dünyada gördüyü, yaşadığı təcrübələrini bölüşürdü. O isə bəzən nəsə soruşur, sadə suallar verir, daha çox dinləyirdi. Əslində o, bu qədər təcrübəsi olan insanı heyrətə gətirəcək bir söhbət də düşünmürdü, sadəcə dinləmək daha maraqlı idi.
Artıq qatarın Səmərqəndə çatmağına az qalmışdı. Pəncərədən boylananda yolboyu çinarları seyr edirdi və beləcə düşünürdü. Görəsən, çinarlarıdamı Səmərqəndə görə sevmişdi? Axı onun ən sevdiyi ağac çinar idi. Hətta, vaxtilə şer də yazmışdı bu gözəl ağaca:
Külək qoca çinarı ora-bura sovurur,
Yarpaqları gül açıb tumurcuqlar böyüyür.
Sən, ey çovğuna, qara sinə gərən, ay çinar,
Sən yayın istisinə mehin verən, ay çinar,
Bu qədər çətinliyə dayanmaq çoxmu çətin?
Yoxsa sən öyrəşmisən —
Çətin ağır günlərin,
Sənə tohvə verdiyi,
Səbr ilə kökünə dayanıb dirənməyi.
Heyranam hər fəsildə bir hala düşməyinə,
Qışın qar sazağından sonra yazın gününə
Tumurcuqla boy atıb Günəşə hay vermənə….
Çinarları şair baxışlarıyla süzürdü. Dünyada nələrin seviləcəyini təsdiqləyirdi ozü ozlüyündə. Bir də nə görsə yaxşıdı, ağacların üstündən leyləklər uçurdu. Ömründə ilk dəfə idi ki, leyləklərin uçuşuna şahidlik edirdi. Lap özünü min bir gecə nağıllarında hiss edirdi. Yaşıl çöllərin bir-birini əvəz etməsi, leyləklərin rəvan uçuşu, çinarların yarpaqlarının nəğməsi insanı özündən alıb aparırdı uzaqlara, xəyallar aləminə.
Bu səssizliyi Mister Abdulun qəfil sualı pozdu:
-Sizin diyarlar necədi?
Artıq qürurla qalib ölkənin vətəndaşı olduğunu dilə gətirmək vaxtı idi.
-Mən Azərbaycanlıyam!
Mister Abdul Azərbaycanın neft ölkəsi olduğunu və xarici siyasətindən ağız dolusu danışdı. Özbəklərin də, Azərbaycanlıların da eyni kökdən olduğunu həm dedi, həm də başı ilə məmnunluqla təsdiqlədi.
-İndi bütün dünya bizi türk kimi, türksoylu kimi tanıyır. Bəli, biz türkük, eyni soydan, eyni kökdən olanlarıq. Ancaq Azərbaycanla daha yaxınıq. Onlarda da bəy, bay var, bizdə də. Öz-bəy, bəlkə də elə Az-bəy deməkdi. Nə bilim.
Görəsən, o, həqiqətən özbək idi, yoxsa bir mərakeşliydi? Onu bura gətirən kökünə bağlılıq idimi, yoxsa bu sevdanı nəyə bağlamaq olardı? Qarşısındakı gənc xəyallara dalmışdı. Həm inanmaq istəyirdi, həm də inana bilmirdi. Düşünürdü.
“Bəli, Azərbaycan və Özbəkistan bir-birinə qardaşcasına bağlı ölkələrdi. Bu bağlılıq təkcə millətlərin oxşarlığı, bənzərliyi, eyni kökdən olması ilə bağlıydımı? Bu iki ölkəni bir-birinə bağlayan çox şeylər vardı. Bunu Səmərqəndə düşəndə anlayacaqdılar. Bunu Mister Abdul da sezmişdi. Axı onun yaşı, təcrübəsi yol verirdi ki, insanları bir baxışdan anlasın. Qarşısındakı isə çox gənc gənc idi. Çox oxusa da ölkələr gəzməmişdi. Bu, onun ilk səyahəti idi. Ona görə heç tərəddüd etmədən onunla mutləq Əl-Buxaranı birlikdə ziyarət etdiyini deyəndə qeyd şərtsiz razılaşacağını bilirdi.
Beləcə, bu iki səyyah artıq qərarlaşdırmışdılar ki, birlikdə Əl-Buxarani ziyarət edəcəklər. Mister Abdul bu qədər yolu necə gəldiyini düşünmədən isti və yorğunluğa baxmadan dərhal bir taksiylə anlaşmışdı ki, vağzaldan birbaşa ora gedəcəklər. Taksi sürücüsü isə orada restavrasiya işlərinin olduğunu “haki var” deyirdi. Ancaq onun deyinməyi Mister Abdulu yolundan döndərmədi.
-Biz ora getməliyik, mütləq.
Taksi sürücüsü təslim olmuşdu. Yolboyu hərarətə baxmayaraq onlar yol kənarında səliqə ilə əkilən reyhanları seyr edirdilər. Onların marağını gördükcə sürücü təmtəraqla Səmərqəndi reyhansız təsəvvür etmədiyini söyləyirdi. Axır ki, onlar Əl-Buxaranın üstündə idilər. Amma bir az buruq bir görüşmə idi bu. Bu müqəddəs yer tamamilə yenilənirdi. Köhnədənsə əsər-əlamət qalmamışdı. Görəsən, insanlar köhnəni yıxmağa niyə bu qədər maraqlı idilər? Axı Səmərqənd başdan ayağa tarix qoxurdu. Bu tarixi yeniləmək, keçmişə sədd çəkmək, bəzən də onu itirmək demək idi.
Dualar oxundu, nəzir-niyazlar verildi. Əl-Buxarinin ziyarəti tamamlananda Mister Abdulun gözündəki kədər və giləsinin dolub boşalmağı onu maraqla seyr etdiyi tikilinin dağılmış divarlarına bir də dönüb baxmağa vadar etdi.
-Necəsiniz?
Bu sualınsa cavabı çox şey deyirdi. Mister Abdul qaşlarını çataraq bir az da qızğın ifadəylə təəssüfləndiyini bildirdi:
-Heç olmasa, qəbrinə toxunmazdılar. Axı bu bir tarixdi, onu yenilik xətrinə söküb dağıtmaq olmaz!
Yenə xəfif bir təbəssüm qondurdu dodaqlarına:
-Çox şükür, heç olmasa özümə verdiyim sözü tutdum və ziyarətimi tamamladım.
Sanki, hesabat verirdi özü özünə.
Bu duyğular o qədər saf, təmiz duyğular idi ki, dünyanın söz yükü qəlb yükünün arxasında qalmışdı.
O isə düşünürdü. Görəsən, zəfərlə şəhid qanlarının bahasına alınan torpaqlarda neçə belə müqəddəslərin ruhu tapdaq altında qalmışdı, neçə belə ziyarətgahlar viran olmuşdu.
Bu görüş çox mətləblərin üstünü açmışdı. O artıq tarix qoxan Səmərqəndini ruhuna ilmə-ilmə işləyirdi.
Gəzib gördüklərini nə vaxtsa qələmə almaq üçün…