FƏXRƏDDİN ƏZİZ, şeirlər

FƏXRƏDDİN ƏZİZ

 

VAXTIDI

 

Bahar, gəl aç bu gülləri,

Yuxudan oyat, vaxtıdı.

Arzuların gözəlləşən,

Dünyanın həyat vaxtıdı.

 

Oğrun-oğrun ötən qızın,

Həsrətini daşa yazın.

Çünki çiçəkləyən yazın,

Qışının boyat vaxtıdı.

 

Təzələnir ay da, gün də,

Çoxu qəfil düşür bəndə.

Bu daşı o aynabəndə,

Sapanda qoy at, vaxtıdı.

 

Özgəyə ver ki yaylığı,

Bu bağ olsun yar oylağı.

Sağollaşıb subaylığın,

Yolundan qayıt, vaxtıdı.

 

GÜNÜ

 

Tapınca səmti, axarı,

Sınadım hər keçən günü.

Dedilər yanğın sönəcək,

Günəşdən nur içən günü

 

Yaddaşımda əkdim əkin,

Çiçəklədi ağlım, dərkim.

Bilindi xırmanda çəkim,

Öz zəmimi biçən günü.

 

Sıralanıb düzüm-düzüm,

Nəğmələrə döndüm özüm.

Sorağım olacaq sözüm,

Bu dünyadan köçən günü.

 

İşıq düşüncə ağıla,

Qorxuram aləm dağıla.

Fəxrəddin dönər nağıla,

Haqq-nahaqqı seçən günü.

 

VƏDƏSİDİ

 

İnanıb şər sözünə,

Qəsd eləmə özünə.

Bu həyatın üzünə,

Düz baxmaq vədəsidi.

 

İl düzülüb gedəndə,

Can üzülüb gedəndə,

Göz süzülüb gedəndə,

Karıxmaq vədəsidi.

 

Ucalıqdan ensə taxt,

Üz döndərər tale,  baxt.

Qayıtmırsa gedən vaxt,

Darıxmaq vədəsidi.

 

Can düşəndə təhərdən,

İstək oyanır hərdən.

Nəvəyə də ömürdən,

Pay çıxmaq vədəsidi.

 

YERİNƏ

 

Açılsa nur paylayar,

Ürək səhər yerinə.

Qoy gün işığı düşsün,

Aləmin hər yerinə.

 

Niyə dünya qarışsın?

Qoy küsənlər barışsın.

Baxışlara yaraşsın,

Sevinc qəhər yerinə.

 

Yanasan közün qala,

Tikəsən izin qala.

Deyəsən sözün qala,

Ləli-gövhər yerinə

 

OLASAN

 

Bağda gül ol, düzdə lala,

Gözəllikdə izin qala.

Bahara qoşulmaq ola,

Budaqda yarpaq olasan.

 

Neyləyirsən adı, sanı,

Alasan yar qadasını.

Qəfil döyüb qapısını,

Bir şirin soraq olasan.

 

Çarxı dönsə göyün, yerin,

Axşamların, səhərlərin.

Qənimi tək dərdin-sərin.

Sevincə ortaq olasan.

 

Nə var çağlayıb ötməyə,

Təki səs-soraq itməyə.

Bir çiçək olub bitməyə,

Dönəsən torpaq olasan.

 

YAŞAMAQ

 

Bir sevginin sorağına hay olan,

Şirinlikdə ömrə-günə tay olan,

Yaradandan insanlığa pay olan,

Yaşamaqdı, yaşamaqdı, yaşamaq.

 

Bacarasan arif olub qanmağı,

Görməyəsən əyilməyi, sınmağı.

Çünki canın ocaq kimi yanmağı,

Yaşamaqdı, yaşamaqdı, yaşamaq.

 

İnsanlığın əzəl-axır qisməti,

Demək qurub yaratmaqdı xisləti.

Əgər ömür halallığın üstədi,

Yaşamaqdı, yaşamaqdı, yaşamaq.

 

Yerin, göyün nur bəzəyi, ziyası,

İnsanlığın ayağının sayası.

Bu dünyada var olmağın mayası,

Yaşamaqdı, yaşamaqdı, yaşamaq.

 

Ən müqəddəs bir məna var adında,

Arzusudur doğmanın da, yadın da.

Ləzzət ki, var bu həyatın dadında,

Yaşamaqdı, yaşamaqdı, yaşamaq.

 

Əllərini uca göyə aç, çağır,

Üstümüzdə haqqın sayı çox ağır.

Köçümüzün iz açdığı yol, cığır,

Yaşamaqdı, yaşamaqdı,yaşamaq.

 

DÜNYADA

 

Zaman yolu ayaqlanıb gedəcək,

Əyri gedib düz qalacaq dünyada.

Neçə dastan, neçə nağıl bitəcək,

Axır gündə söz qalacaq dünyada.

 

Tarix yarat, qəhrəman ol, ad daşı,

Kim oyadar mürgü döyən yaddaşı?

Köç edəcək neçə yurdun yurddaşı,

Od yanacaq, köz qalacaq dünyada.

 

Haqqa iman gətirənlər olsa da,

Gözüylə od götürənlər olsa da,

Çörək kəsib itirənlər olsa da,

Yenə çörək, duz qalacaq dünyada.

 

Eldən-elə yol çəkəcək birisi,

Bağban olub gül əkəcək birisi.

Yurd salacaq, ev tikəcək birisi,

Hərədən bir iz qalacaq dünyada.

 

Ay Fəxrəddin, ha ömrünün üstə əs,

İlk nəfəsin ortağıdı son nəfəs.

Yaşamaqdan doymayacaq bircə kəs,

Gedəndə də göz qalacaq dünyada.

 

OLSUN

 

Çəkdiyim zülümlər bəsimdir daha,

Ağ günə yetdim ki, həyatım olsun.

Özgələrdən bezib elə doymuşam,

Doğmalarım qolum, qanadım olsun.

 

Arxaçdan dolanım, binədən keçim,

Sərin kəhrizlərin gözündən içim.

Bulağın başında bir gözəl seçim,

Sevdalı ömürdən bal dadım, olsun.

 

Müqəddəs bildiyim, doğma saydığım,

Çənlibelin düzü olsun yaylağım.

Qayalar səngərim, zirvə oylağım,

Misri qılıncımla Qıratım olsun.

 

Bəsimdi, yığılsa can deyənlərim,

Tökülən qanıma qan deyənlərim.

Bu yurddan ötəri yan deyənlərim,

Təki elim olsun, elatım olsun.

 

Artır oğlum, qızım, çoxalır sayım,

Ulu tanrıdandı bərəkət payım.

Süfrəmə yaraşan çörəyim, çayım,

Şirinim, şəkərim, nabatım olsun.

 

Çəkilsin meydandan naşı adamlar,

Töksün ətəyindən daşı adamlar.

Başıma cəm olsun yaxşı adamlar,

Dünyada nə özgəm, nə yadım olsun.

 

Fəxrəddin, arzular sayılmır günah,

Üzümə günəşlə açılsın sabah.

Bizi sevənləri qorusun Allah,

Adların yanında öz adım olsun.

 

YANILMA

 

Taleh hökmü elə verər, azarsan,

Öz yolunun dumanında yanılma.

Cavanlığın vədəsinə gecikmə,

İşini gör zamanında, yanılma.

 

Tutub getsən ətəyindən bir işin,

Yadda saxla, düzümü var hər işin.

Tuş gələrsən bəlasına şər işin,

Yaxşısında, yamanında yanılma.

 

Sözün keçər el yanında, söz olsa,

Sevilərsən yaşın yetib yüz olsa.

İbadətin kamil olar, düz olsa,

Inamında, imanında yanılma.

 

Qəza-qədər qılınc çəksən nahaqdan,

Kömək umma nə qismətdən, nə haqdan.

Ay Fəxrəddin, keçmisənsə sınaqdan,

Ümidində, gümanında yanılma.

 

GETDİM

 

Qızınıb içimdə qalanan közə,

Şirin arzularla qaldım üz-üzə.

Vuruldum nəğməyə, tapındım sözə,

Durub xəyalların dalınca getdim.

 

Arzular yaşatdım sulardan duru,

Dedilər nəyin var pislikdən qoru.

Əriyib itəndə gözümün nuru,

Son damla göz yaşım qalınca getdim.

 

Ömrümün mehrini bir bəndə saldım,

İnci kəlamların sehrində qaldım.

Köhnə kişilərdən öyüdü aldım,

Ulu babaların yolunca getdim.

 

Bərkə, boşa düşüb yaxşıda, pisdə,

Fəxrəddin, azmadın dumanda, sisdə.

Axır ki, dolanbac yolların üstə,

Bir gözəl kəməndə salınca getdin.

 

OLSA

 

Yaxşıların bolluğundan karıxma,

Yurd içində yaşın yetib yüz olsa.

Fikrin ağlın yaddaşından süzülə,

Nə ziyanı söylədiyin düz olsa.

 

Xoş əməldən çərxi dönsə zamanın,

Bəndələrə əli yetməz yamanın.

Köməyi var axırıncı gümanın,

Haqq nəzəri el üstündə göz olsa.

 

Doğulmuşdun gül-çiçəkli baharda,

Keçən ömrü yelə verdin de harda?

Fəxrəddin də unudulmaz axırda,

Bu dünyada ondan qalan söz olsa.

 

DÜNYA

 

Hər işin düz vaxtı varıydı, lələ,

Neçə nübarıynan boluydu dünya.

Səliqə, səhmanı yerli-yerində,

Yaxşı adamlarla doluydu dünya.

 

Günlər, güzəranlar qara deyildi,

Canlar qəm yükündən para deyildi.

Heç kəsin ürəyi yara deyildi,

Hamıynan anaydı, balaydı dünya.

 

Ocağı yanırdı köz tutanların,

Cığır açanların, iz tutanların.

Haqqın dərgahına üz tutanların,

Ərşə əl açdığı yoluydu dünya

 

Adı şər işlərə calanmamışdı,

Havası, suları bulanmamışdı.

Varı, varidatı talanmamışdı,

Qızıl-gümüş idi, puluydu dünya.

 

Könül verənləri çoxuydu onda,

Adamların gözü toxuydu onda.

Nanəcib gədələr yoxuydu onda,

Hamının halından halıydı dünya.

 

Yaxşısı yamandan az oldu bir gün,

Fəxrəddin dediyi düz oldu bir gün.

Ağızlarda acı söz oldu bir gün,

Amma şəkəriydi, balıydı dünya.

 

BU DA BİR ÖMÜR BELƏCƏ…

 

Yığam keçən illəri yaddaşımın ovcuna,

Biləm hayanda qaldı tapdığım, itirdiyim.

Keçən ömrün dadından nəyi çəkmişəm cana,

Şirindi, acıdımı özümlə gətirdiyim.

 

Gözüm yol çəkib baxır göylərin ətəyinə,

Sönməyibdi çırağım, kəsilməyib kəndirim.

Hələ tuş gəlməmişəm əzrayil kötəyinə,

Durub neçə ümidə hələ salam göndərim.

 

Açım o tilsimləri, qırım o zəncirləri,

Bilim ki, hayandasa bir ölümsüz məkan var.

Adilər dünyasının ərən cahangirləri,

Bir qüdrətdən gələn güc, bir yenilməz təkan var.

 

Qaranlıqlar sallanır işıqlı gecələrə,

Yenə toran qovuşur, qanadlanır nağıllar.

Nur seli süzüləndə açılan səhərlərə,

Yatır fil qulağında yatıb qalan oğullar.

 

Əl ətəkdən uzunmuş yolların ayrıcında,

Gümana ortaq oldum, bir ümidə tapındım.

Gül qoxulu arzular ölüb getdi acından,

Adi daşına döndüm bəxtim atan sapandım.

 

İt hürdü, karvan keçdi, əsən yel səs elədi,

İldırımlar bağırdı, bulud yudu aləmi.

Gəlib gedən nəsillər elə həvəs elədi,

Yoxa çıxan sevincin qövr elədi ələmi.

 

Zamanın tərəzisi elə çəkər bizləri,

Etdiyimiz günahlar sən demə bir oyunmuş.

Keçdiyimiz yolları, açdığımız izləri,

Kimi getmiş, kimi də inadına dayanmış.

 

Dadı varmı, pay ola ömrün astar üzündən,

Yönü gedər gəlməzə üzünü tut, çağır hey.

Bir gün üzüb əlini ocağından, közündən,

Haqq-hesab məqamında olacaqsan yağır hey.

 

Daha döyməz qapımı xoş xəbərin sorağı,

Bu yaşımda içimdən tufan keçir, nə sirrdi?

Bizi qınayanların biləm nədi marağı,

Axı ruhumuz hələ yaşamağa əsirdi.

 

OLSUN

(Azərbaycan ordusuna)

 

Geri dönür savaşdan düşmən gözü oyanlar,

Zəfər səlnaməsini bütün ərzə yayanlar.

Oğullar qisas alsın, bitsin gedən oyunlar,

Yurdumun üzərindən qara yel uzaq olsun,

Təki vətən yaşasın, Azərbaycan sağ olsun.

 

Nəyimizə gərəkdi özgə yeri, yad yeri,

Bizim qürurumuzdu içdiyimiz and yeri.

Babalardan əmanət ocaq yeri, od yeri,

Qoy hamının qisməti bir ovuc torpaq olsun,

Təki vətən yaşasın, Azərbaycan sağ olsun.

 

Anladı qarı düşmən, qoy anlasın çoxları,

Göylərdə keşik çəkir şəhidlərin ruhları.

Qarşılayaq təzədən günəşli sabahları,

Ucada dalğalanan üç rəngli bayraq olsun,

Təki vətən yaşasın, Azərbaycan sağ olsun.

 

İlham adlı oğlu var qəhrəmanlar yurdunun,

O baş komandanıdı ən müzəffər ordunun.

Şücaətiylə öyün, qüdrətini gör onun,

Ona haqq savaşında tanrımız dayaq olsun,

Təki vətən yaşasın, Azərbaycan sağ olsun.

 

Çıxıbdı ağ günlərə torpağımız, daşımız,

Yas tutub ağlamayaq, qurusun göz yaşımız.

Analar sevinəcək bitəndə savaşımız,

Şər əməllər hələ var, qoy əldə yaraq olsun,

Təki vətən yaşasın, Azərbaycan sağ olsun.

 

Qələbə xəbərindən ağ günlərə salam var,

Adıyla öyündüyüm vətən adlı qalam var.

Yenilməz gücüm də var, yarağı saz balam var,

Gecəmiz gündüz kimi yanıb çil-çıraq olsun,

Təki vətən yaşasın, Azərbaycan sağ olsun.

 

Qartallar oylağında olmur bayquş yuvası,

Bizimlədi dünyanın zəfər xeyir-duası.

Son döyüşlə bitəcək bir gün haqqın davası,

İlk uğurun xəbəri sabaha soraq olsun.

Təki vətən yaşasın, Azərbaycan sağ olsun.

 

OLACAQ

 

Yurdunu sevənlər çıxanda yola,

Oğul səngər ola, atalar qala.

İxtiyar ki, ulu tanrıdan ola,

Şeytan əməlinə qənim olacaq,

Haqqım, ixtiyarım mənim olacaq.

 

Ərənləri qisas oyadan günü,

Üzlərə təbəssüm qayıdan günü.

Düşməni qanına boyadan günü,

Müqəddəs torpağa yönüm olacaq,

Haqqım, ixtiyarım mənim olacaq.

 

Sıralar düzülüb say verər onda,

Şəhidlər qanından pay verər onda.

Səsimə türk oğlu hay verər onda,

Ən yeni tarixə dönüm olacaq,

Haqqım, ixtiyarım mənim olacaq.

 

Qonşu fitnəsinə çəkiləcək sədd,

Mizan-tərəzidi axırıncı hədd.

Rəbbim Allahımdı, nəbim Məhəmməd,

Bərqərar imanım, dinim olacaq,

Haqqım, ixtiyarım mənim olacaq.

 

Aşacaq, daşacaq dövlətim, varım,

Bahar təravətim, payız nübarım.

Qəddi dikələcək küsən dağların,

Zirvədə dumanım, cənim olacaq,

Haqqım, ixtiyarım mənim olacaq.

 

Sönəndə biryolluq alovlar, odlar,

Qalacaq daşlara yazılan adlar.

Çəkilib gedəcək qara buludlar,

Göylər təmizlənən günüm olacaq,

Haqqım, ixtiyarım mənim olacaq.

 

OLMAZ

(Bəsdi yas saxlayıb ağladığımız)

 

Keçək ümmanları, uca sədləri,

Zirvələr adlayıb, aşaq hədləri.

Qaytarmaqdan ötrü o sərhədləri,

Özgələrə ümid bağlamaq olmaz,

Bəsdi, indən belə ağlamaq olmaz.

 

Alaq şər əlindən torpağı, daşı,

Çünki ayrılığın çoxalır yaşı.

Qeyrətə çağırır elin yaddaşı,

Qəzəbi, nifrəti saxlamaq olmaz,

Bəsdi, indən belə ağlamaq olmaz.

 

Dərs alan vaxtıdı daha olandan,

Əsir yurdumuzda gedən talandan.

Gedirik, dönmərik zəfər yolundan,

Daha gücümüzü haqlamaq olmaz,

Bəsdi, indən belə ağlamaq olmaz.

 

Biz böyük millətik aranlı, dağlı,

Ümidi, inamı özünə bağlı.

Son döyüş çağıırır, ay vətən oğlu,

Dözümü bu qədər yoxlamaq olmaz,

Bəsdi, indən belə ağlamaq olmaz.

 

HƏLƏ MƏN

 

Vaxt daralıb can düşəndə təhərdən,

Pay ummuşam hər açılan səhərdən.

Nə gördüm ki, qönçə misal ömürdən,

Yaşamaqdan doymamışam hələ mən.

 

Haqq adına ucaltmışam səsimi,

Öz oduma daha ruhum isinir.

Keçən günün yaxşısını, pisini,

Vaxt olsa da saymamışam hələ mən.

 

Muncuq kimi ipə düzdüm dərdimi,

Arzularım bircə nəfəs dərdimi?

Bir kimsəyə söyləmədim şərtimi,

Şirin dilə uymamışam hələ mən.

 

Amma eşqim gəl deyəndə açıb qol,

Sədaqəti etibarı etdi bol.

Can dediyim gözəlin də bircə yol,

Gözün yolda qoymamışam hələ mən.

 

Qüdrət tapıb öz yurdumdan, elimdən,

Eyləmişəm nə gəlibsə əlimdən.

Ay Fəxrəddin, dərs alsam da elmdən,

Məna var ki, duymamışam hələ mən.

 

BİZ

 

Qananlar dünyaya ərk eləsə də,

Həyatı anlayıb, dərk eləsə də.

Çoxu sıramızı tərk eləsə də,

Yaxşı adamlardan qalanlarıq biz.

 

Öyrəndik təzədən başlamağı da,

Bir halal qisməti daşımağı da.

Daha haqqımız var yaşamağa da,

Taleyinə sahib olanlarıq biz.

 

Xoşbəxtlər xoşbəxti bizik bəlkə də,

Bir işıqlı yoluq, izik bəlkə də.

Hamıdan doğruyuq, düzük bəlkə də,

Zəfər nəğməsini çalanlarıq biz.

 

Dəmir qanad geyib tufanı yardıq,

Ulduzlu göylərə salam apardıq.

Qurub-yaratmaqdan güc alıb artıq,

Sabahına körpü salanlarıq biz.

 

Fəxrəddin, dönməzik, budur yolumuz,

Düşünür beynimiz, vurur qolumuz.

Düşmən çəpəridi hər oğulumuz,

Ərənlərdən öyüd alanlarıq biz.

 

SEVDİM

 

Zirvə can verəndə çağlayan selə,

Bahar durnalarla qayıtdı gölə.

Kükrəyən suları bənzətdim lələ,

Dünyanın yaz gələn halını sevdim.

 

Doğan günəşdən nur paylandı erkən,

Qönçələr açıldı, yaylandı erkən.

Bənövşələr yaza boylandı erkən,

Lalənin yanaqda xalını sevdim.

 

Bağçada gül açdı, bağda bar oldu,

Süfrədə bərəkət, ruzi var oldu.

Düzdə çiçək oldu, dağda qar oldu,

Çağlayan suların lalını sevdim.

 

Yorulub zirvəyə çəkildi duman,

Buluddan pay oldu göylərdən daman.

Çəmənlər naz ilə bəzəndi haman,

Çöllərin xınalı şalını sevdim.

 

YAŞADIM

 

Dəyişdikcə zəmanənin havası,

Təzələndi çoxlarının libası.

Səngimədi yaxşı-yaman davası,

Gədələrin acığına yaşadım.

 

Əzəl gündən gözüm-könlüm tox oldu,

Pis adamlar perik düşdü, yox oldu.

Nə yaxşı ki, sevənlərim çox oldu,

Hədələrin acığına yaşadım.

 

Adam gördüm tapdalanmış, əzilmiş,

Misgin həyat keçirənlər rəzilmiş.

Amma ağla-huşa qənim kəsilmiş,

Badələrin acığına yaşadım.

 

Ay Fəxrəddin, sözün haqdı sənin də,

Qardaş olur çoxu yaxşı günündə.

Əyilmədim bir kimsənin önündə,

Mütilərin acığına yaşadım.

 

DEMƏ

 

Gənclik kamillikdən, güc mərifətdən,

Sərsəmlik ağıldan öncəymiş demə.

Dünya bəzənəndə çil-çıraq ilə,

İşıqlı görünən gecəymiş demə.

 

Bəxtə nur salanda daşıdığın ad,

Çəkdiyin zəhmətin sevincini dad.

Qismətə dönəndə bədəsil övlad,

Talanan hər ömrün köçüymüş demə.

 

İki ləl satanın baqqalmış biri,

Aldadıb minindən haqq almış biri.

Aslan dərisində çaqqalmış biri,

Kəpənək bildiyim cücüymüş demə.

 

Neçəsi kəfənə bələndi getdi,

Neçəsi əl açıb diləndi getdi.

Fatehlər tarixdən silindi getdi,

Hər ömrün axırı heç imiş demə.

 

Görsən ki, vaxtın az, mənzil uzaqdı,

Fəxrəddin, qınama bağlanan baxtı.

Ömür bağçasında yaşın bu vaxtı,

Gül-çiçək becərmək gec imiş demə.

 

ELƏYƏNLƏR

 

Biryolluq yamanın kəsər yolunu,

Olanı yaxşıya ad eləyənlər.

Elə sahibidi sabahının da,

Hərdən dünənini yad eləyənlər.

 

Bəşəri izləyir bir qara kölgə,

Yanır od içində gör neçə ölkə.

Bir deyil, beş deyil, milyondu bəlkə,

Ağa zülümündən dad eləyənlər.

 

Şeytanın şərindən dolanaq uzaq,

Olsun pənahımız göydəki Allah.

Min könül qırandan yaxşıdı, vallah,

Fəxrəddin, bir qəlbi şad eləyənlər.

 

GƏLMİŞƏM

 

Bir az ömür yorub, bir az yaş yorub,

Amma nəfəsimi dərib gəlmişəm.

Aləmə car olan nəğmələrimi,

Sözün gülşəninə sərib gəlmişəm.

 

Ürək sinəmizdə yanan ocaqdı,

Sevinci zərrədi, qayğısı dağdı.

Amma alnım açıq, üzüm də ağdı,

Çünki öz borcumu verib gəlmişəm.

 

Ədalət çıxınca haqqın taxtına,

Qismət yazılarmış özgə baxtına.

Gecikib dünyanın yaxşı vaxtına,

Fəxrəddin, olmuşam qərib, gəlmişəm.

 

EŞQİNƏ

 

Sevməyən kəs öz yoxundan var olmaz,

Könül mülkü məhəbbətə dar olmaz.

Gözü yoldan yığılanlar yar olmaz,

Gözü yolda qalanların eşqinə.

 

Astar dönüb üzlüyünə dünyanın,

Hamı dözmür dözdüyünə dünyanın.

Köklənsək də düzlüyünə dünyanın,

Yaşayan var yalanların eşqinə.

 

Bəla gəlsə ömrün erkən yaşına,

Kimsə bilməz nə çıxacaq qarşına.

Neçəsi var adamların başına,

Od ələyir talanların eşqinə.

 

Təzəlikdən aləm libas geyərmiş,

Gözəlliklər önündə baş əyərmiş.

Bu dünyada yaşamağa dəyərmiş,

Həyatdan kam alanların eşqinə.

 

Taleyin ki, üstündən yel bəd əsdi,

Qismətinlə cəng eləmə, əbəsdi.

Olanımız bircə quru nəfəsdi,

Yol gedirik qalanların eşqinə.

 

Hər insanın öz qisməti, öz ömrü,

Muncuq elə, öz xanana düz ömrü.

A Fəxrəddin, yaşayırıq söz ömrü,

Bizi yada salanların eşqinə.

 

SAYAĞI

 

Həyatın sirrini aça bilmədim,

Görəsən, susummu, ya söylənimmi?

Mən ki, ulduzlara uça bilmədim,

Dəli küləklərdən gileylənimmi?

Yollar bağlananda duman sayağı.

 

Taleyin qisməti bəd xəbər kimi,

Gəzib addım-addım düşdü izimə.

Hayandan biləydim son qəhər kimi,

Bir həsrət xəlvəti doldu gözümə.

Nəsə ürəyimə daman sayağı.

 

Şirin xatirələr yandırıb, yaxıb,

Sirrimi, sözümü yayırlar indi.

Olanım, olmazım əlimdən çıxıb,

Qarmaqarışıqdı xəyallar indi.

Elə bil keçilməz orman sayağı.

 

Saralan kürkünü çəkib başına,

Gəncliyim hardasa uyuyub, yatıb.

Qisməti çevirib sapand daşına,

İllərin odunu hayana atıb?

İtirib vəfasız zaman sayağı.

 

Fəxrəddin, gərdişə inanıb hələ,

İşimiz gücümüz yol azmaq imiş.

Bizim qismətimiz əzəldən elə,

Bəxtin oyununda uduzmaq imiş.

Çilik-çilik olan güman sayağı.

 

MƏN

 

Sazaq gəldi, şaxta vurdu, qar oldu,

Amma könlüm bir sevdaya yar oldu.

Əl-ayağa dolaşanlar xar oldu,

Qanad açdım ulduza mən, aya mən.

 

Öz haqqımdı çiynimdəki şələ də,

Tor quranlar düşüb qaldı tələdə.

O qədərdi istəməyən hələ də,

İnadımdan dönəsiyəm güya mən.

 

Niyyətinə nökər olan çoxuymuş,

Neçəsinin nəfsi iti oxuymuş.

Deməyin ki, ağıl, kamal yoxuymuş,

Dəyər mənəm, məna mənəm, ziya mən.

 

Ay Fəxrəddin, bu əkində, biçində,

Tum sayağı cücərdim söz içində.

Əzəl gündən öz yolunu seçəndə,

Şükür dedim Allah verən paya mən.

 

OLA

 

Ömrünün yoluna çıxan sevgili,

Eşqini səninçün bəsləyən ola.

Üzünə gülənlər milyon olunca,

Bir nəfər xətrini istəyən ola.

 

Xəyallar başında oyansa birdən,

Hissinə qapılma, düşmə təhərdən.

Baş-başa qalanda özünlə hərdən,

İnamın sabaha səsləyən ola.

 

Ayrı dəyəri var hər ötən yaşın,

Uyma ülfətinə bir qəlbi daşın.

Bu qısa ömürdə yarın, yoldaşın,

Hər zaman ürəyin istəyən ola.

 

Qəlbin kövrələndə, gözün dolanda,

Şirin arzuların dostu ol onda.

Sirrinə-sözünə ortaq olan da,

İnanıb duz-çörək kəsdiyin ola.

 

Qamətin düşməmiş yar-yaraşıqdan,

Fəxrəddin, verilə ömür, yaş haqqdan.

Keçəsən yoluna düşən işıqdan,

Qismət içindəki səs deyən ola.

 

TƏZƏDƏN…

(Ağır xəstəlikdən sağalıb həyata

qayıtdığım üçün İlahiyə borcluyam)

 

Yollara qaytardım addımlarımı,

Şerimə, sözümə qayıtdım yenə.

Qara yuxulara əlvida deyib,

Sübhü yuxusundan oyatdım yenə.

 

Yenə sevincimi bölüşdü dostlar,

Yenə sorağımı ellərə yaydı.

Həyata döndüyüm bu günlər ki, var,

Mənə İlahidən verilən paydı.

 

Bir də yaşamağın dadını gördüm,

Vaxtın tilsimini qırdım təzədən.

Qırxıncı qapını açdım bir səhər,

Həyata imtahan verdim təzədən.

 

Yenə qarşıladı məni çəmənlər,

Çiçəklər baş əyib gəldi salama.

Üzə gülümsəyən sevdalı günlər.

Yenə işığını saldı yoluma.

 

Deyirəm qismət var, ondan incimə,

Ay fani dünyanın insan qonağı.

Hər kəsin bəxtinə yazılır demə,

Ömrə bir də gələn tale sınağı.

 

SÖZÜ

 

Dönəndə sözüm doğruya,

Çoxu istədi oğruya.

Çevirdim dərdə, ağrıya,

Həsrətimi bölən sözü.

 

Kim baxmayıbsa dadına,

Necə salacaq yadına?

Çıxmadı kimsə adına,

Doğulmamış ölən sözü.

 

Gül, sözünlə gül, ağlama,

Sözə yersiz söz bağlama.

Dilin altında saxlama,

Məqamında gələn sözü.

 

Nələr çəkmədi başımız,

Sözə döndü göz yaşımız.

Qoyaq olsun baş daşımız,

Bir gün bağrı dələn sözü.