FƏXRƏDDİN ƏZİZ – şeirlər

FƏXRƏDDİN ƏZİZ

Şığıyan yel kimi qəfil gəlişiylə ürəyimi yerindən oynadan duyğuların qanadında, arzu və istəklərin düzümündə bir gül nəfəsin oduna qızındım. Bir eşqin butasının camından içdim. Payıza qoşulub köçən durnaların qatarının nizamında havalı könüllərin qanadlanmaq istəyi, təzə sevənlərin çiçək sevgilərinin nizamı dünyanı məst elədi və mən də sevdim. Aləmə gül yağışı ələndi. Leyli-Məcnundan qalan məhəbbətə ürək qızdırıb könül verənlərdən oldum. Ağ arzuların sərhəddindən aşıb dünyanı dolandım və duydum ki, mən də sevənlərdənəm…

FƏXRƏDDİN ƏZİZ

 

GƏL

 

Bu axşam düşüm yadına,

Qonağım ol, yanıma gəl.

Könül məni arzulasın,

Qapımı döy, xanama gəl.

 

Ürəyində həvəs olum,

Həmin o tər, nəfəs olum.

Sevim, eşqinə bəs olum,

Od olasan canıma, gəl.

 

Dur poz qaranı, yaz ağı,

Getsin qismətin sazağı.

Vurulmuşam, mən yazığı,

Nahaq yerə qınama gəl.

 

Dedi-qoduya qarışma,

Gedib özgədən soruşma.

İstəmirsən hec barışma,

Onda nahaq sınama, gəl.

 

Arzuma ümid verəsən,

Məhəbbətə döndərəsən.

Şam kimi yanıb ərisəm,

Heç olmasa sonuma gəl.

 

ƏLLƏRİMDƏN ÜZDÜYÜN ƏL

 

Ötənləri yada salıb,

Duyğulanma fikrə dalıb.

Yəqin öz qoynunda qalıb,

Əllərimdən üzdüyün əl.

 

Görüb həsrətin dadını,

Sən qırmısan qanadını.

Ovcuna yazdı adını,

Bir vaxt telə düzdüyün əl.

 

Ha söz verib könül açaq,

Bizə ayrılıq qalacaq.

Nə bilim kimin olacaq,

Axtardığın, gəzdiyin əl.

 

Fəxrəddin, bəxtin bəs desə,

Ötmə, hər şey həvəsdisə.

Gələ biləsən, istəsə,

Həsrətinə dözdüyün əl.

 

VERƏRSƏNMİ?

 

Səni gördüm dəyişdi hal,

Öz vədini yadına sal.

Ay üzü ağ, dodağı bal,

Bar istəsəm, verərsənmi?

 

Hərdən-hərdən karıxanda,

Sevmək üçün darıxanda,

Ümid verib pay çıxanda,

Nar istəsəm, verərsənmi?

 

Çox süzdürmə gözü, qaşı,

Bir diləkdi uzaq başı.

Elə yandı bağrım başı,

Qar istəsəm, verərsənmi?

 

Uzaq olaq dərddən, ahdan,

Gözüm səndə qalıb çoxdan.

Umacağım yoxdu yoxdan,

Var istəsəm, verərsənmi?

 

MƏNİ

 

Az qalmışdı azdıraydı,

Al yanaqda xallar məni.

Gözəllər tovlayammadı,

Amma yordu yollar məni.

 

Gəldi payız toy-düyünü,

Çoxu sevdi gördüyünü.

Qorxdum eşq bir ərköyünün,

Qapısına yollar məni.

 

Qorxdum ki, elə dindirə,

Eşqin göyündən endirə.

Bir gün Kərəmə döndərə,

Vurulduğum hallar məni.

 

A Fəxrəddin, de bu nəydi?

Tale bəxtə boyun əydi.

Mənə dəyən elə dəydi,

Üzdü qeylü-qallar məni.

 

YERDƏ

 

Bir ürəyə odum düşdü,

Bir damağa dadım düşdü.

Bir dodağa adım düşdü,

Eşqimi böldüyüm yerdə.

 

Dostdu həyatınan ölüm,

Qoy düşsün atından ölüm.

Niyə inadından ölüm,

Dadını bildiyim yerdə.

 

Ömrüm oldu ələk-vələk,

Üzə durdu neçə dilək.

Kəfənə döndü ağ bələk,

Ağladım güldüyüm yerdə.

 

Göydə tənha ulduz varmış,

Neçə-neçə yalqız varmış.

Seviləsi bir qız varmış,

Mən eşqə gəldiyim yerdə.

 

Gündüz gələn gecə getdi,

Hər ömür bir heçə getdi.

Sevincim də necə getdi,

Gözümü sildiyim yerdə.

 

SƏNİ İTİRDİYİM ŞƏHƏR

 

Ağlayır güzgülər indi,

Üzünə söz gələr indi.

Bizim yox özgələrindi,

Səni itirdiyim şəhər.

 

Kimsə məndən betər olmaz,

Sevən canda təhər olmaz.

Bir də həmin şəhər olmaz,

Səni itirdiyim şəhər.

 

Məhəbbətin getdi bada,

Çünki həsrət var ortada.

Bu günahkar sənsən, ya da,

Səni itirdiyim şəhər.

 

MƏNİ YADA SALACAQSAN

 

Oyadacaq  arzuları,

Bir sevgili mən adında.

Vurulanda dönə-dönə,

Öz eşqinin qanadında.

Xəyallara dalacaqsan.

Məni yada salacaqsan.

 

O sahillər gəziləcək,

O çiçəklər üzüləcək.

Addımlarım səndən ötrü,

Yollarına düzüləcək.

Gözə-könlə dolacaqsan,

Məni yada salacaqsan.

 

Gecələri mat qoyanda,

Açıb şəvə tellərini.

Bu sevgiyə könül verib,

Uzadanda əllərini.

Yaddaşımda qalacaqsan,

Məni yada salacaqsan.

 

Baş əyəcək bənövşələr,

Nəfəsin gül qoxuyanda.

Qəlbimdəki istəyimi,

Gözlərimdən oxuyanda.

Sevgidən pay alacaqsan,

Məni yada salacaqsan.

 

Keçən günə qənim çıxıb,

Kəsiləcək ixtiyarın.

Taleyinə iz düşəcək,

Ayrılığın intizarın

Saçlarını yolacaqsan,

Məni yada salacaqsan.

 

Bir gün gələr xatırlayıb

Oyatdığın məhəbbəti,

Yoxluğuma inanmayıb,

Unutduğun məhəbbətin

Yuxusuna dolacaqsan,

Məni yada salacaqsan.

 

Bitəcək eşqin nağılı,

Axtaracaq məni gözün

Tüstüləyən ocağında,

Əriyəcək odun, közün,

Çiçək kimi solacaqsan,

Məni yada salacaqsan.

 

YOLUNA

 

Gəl, eşqinə tapındığım,

Günləri düzüm yoluna

Hara çevirsəm üzümü,

Dikilsin gözüm yoluna.

 

Gülə, çiçəyə boyanıb,

Ötürəm eşqə dayanıb.

Günəşdən qabaq oyanıb

Boylanım özüm yoluna.

 

Qəsd eləyib şirin cana,

Oda düşək qana-qana

Axı bizdə yana-yana,

Çıxmışıq dözüm yoluna.

 

OLSUN

 

Könül verib danış mənnən,

Söhbətində nəsə olsun.

Sənsiz elə darıxım ki,

Ürəyin nə desə olsun.

 

Məhəbbətdi varım-yoxum,

Ayrılıqdı bircə qorxum.

Gözlərimə dolub yuxun,

Qoy yolun da kəsə olsun.

 

İlqarını yadına sal,

İstəyim ol, arzumda qal.

Ürəyimdən yolunu sal,

Amma payın busə olsun.

 

BƏNZƏYƏK

 

Sevək, əğyar olmayaq,

Yol gedək, yorulmayaq.

İlmədən qırılmayaq.

Küləklərə bənzəyək.

 

Eşqimizə ram olub,

Nur paylayaq şam olub.

Arzu olub, kam olub,

Diləklərə bənzəyək.

 

Könlümüz odlanan gün,

Sevinib şadlanan gün,

Arzu qanadlanan gün,

Mələklərə bənzəyək.

 

SƏNƏ GƏLDİYİM GÜNÜM

 

Sənə gedən yollara,

İşıq düşür içimdən.

Haçandı boylanıram,

Gündüzümdən, gecəmdən.

 

Görən nədi qismətim?

Məhəbbət payımızdan.

Ərzin qulağı batmır,

Sevgi harayımızdan.

 

Ürəyin hökmünə bax,

Dinçliyim yox, haçandı.

Yəqin bu sevgi mənə,

Ömürlük imtahandı.

 

Oyatsa sevincimi,

Mənə çevrilən yönün.

Açar ağ əllərini,

Sənə qayıdan günüm.