Ernest Miller Heminquey, “Qoca və dəniz”

Ədəbiyyat

 

Qoca ikiavarlı balaca qayıqda Qolfstrimdə təkbaşına balıq tuturdu. Düz səksən dörd gün idi ki, dənizə çıxır, hər dəfə də əliboş qayıdırdı. İlk qırx gün ərzində oğlan da qoca ilə bərabər getmişdi, lakin sonra ata-anası onu başa salmışdı ki, bəs qoca açıq-aşkar salao adamdır, yəni bəxtsizinuğursuzun biridir; o da valideynlərinin təkidi ilə qocadan ayrılıb başqa qayığa keçmişdi, özü də elə birinci həftə ərzində evlərinə üç iri balıq gətirmişdi. Qocanın halı oğlanı yaman kədərləndirirdi; hər gün əliboş qayıtdığını görəndə ona əməlli-başlı yazığı gəlirdi. Oğlan axşamlar sahilə gedib qayıqdakı şey-şüyləri – kəndiri, yelkən dolanmış dorağacını, ya da nizəni daşımaqda qocaya kömək edirdi. Yelkən başdan-başa yamaq içindəydi. Dorağacına sarınmış bu köhnə kətan parçası ardıcıl məğlubiyyətlərə düçar olub darmadağın edilmiş alay bayrağına oxşayırdı.

Taqətdən düşmüş, heyi kəsilmiş yorğun qoca çox arıq idi; peysərini dərin qırışlar örtmüş, qonur rəngə çalan sifətini ləkələr bürümüşdü. Hər iki yanağı boyunca üzüaşağı səpələnmiş bu ləkələr qocanın ta boynuna qədər yayılırdı.

Dənizdən ağır, nataraz balıqları dartıb çıxartmaqdan kəndir onun əllərini kəsib yarıq-yarıq eləmişdi. Özü də yarıqların heç biri təzə deyildi; onlar eynən susuz səhralardakı köhnə, quru çatlara bənzəyirdi.

Gözlərindən başqa, onun hər yeri, hər şeyi köhnəlmişdi, təkcə dəniz kimi mavi gözləri xalis gənclik ehtirasıyla alışıbyanırdı; bu gözlər qocanın nə qədər məğlubedilməz olduğunu təsdiqləyirdi.

–Santyaqo, – deyə oğlan qayığı sahildə yerbəyer edib yoxuşla qəsəbəyə qalxdıqları zaman qocaya üz tutdu, – bundan sonra mən dənizə yenə də səninlə gedəcəm. Biz artıq bir az pul qazanmışıq.

Balıq tutmağın bütün sirlərini ona öyrətdiyi üçün oğlan qocanı çox sevirdi.

–Yox, bala, – qoca razılaşmadı, – indiki yerin yaxşıdır, bir halda ki, bəxtin gətirir, elə orada qal.

–Bir dəfə sən səksən yeddi gün hər səhər dənizə getdin, amma bir dənə də olsun balıq tuta bilmədin, amma sonra biz üç həftə dalbadal dənizə çıxıb, gündə də iri bir balıqla qayıtdıq, yadındadır? –Yadımdadır, – qoca onun sözünü təsdiqlədi, – bilirəm ki, yanımdan öz xoşunla getməmisən. Mənə inandığına qətiyyən şübhəm yoxdur.

–Məni atam məcbur elədi, – oğlan özünü təmizə çıxartmağa çalışdı, – mən hələ uşağam, atama qulaq asmalıyam.

–Doğrudur, – qoca dedi, – çox yaxşı iş tutmusan, başqa cür ola da bilməzdi.

–Atam, nədənsə, sizin bəxtinizə o qədər də inanmır.

–Amma biz inanırıq, elə deyil? –Əlbəttə, elədir. İstəyirsən gedək Terrasda bir az pivə içək, şeyləri sonra gəlib apararıq. Pivənin pulunu mən verəcəm.

Nə deyirəm ki?! İçək deyirsən, içək! Balıqçı balıqçını qonaq eləyər də.

Onlar Terrasa gəlib oturdular. İçəridə çoxlu balıqçı vardı; qocanı görəndə zarafatlaşmağa başladılar. Qoca zarafatlardan incimirdi. Yaşlı balıqçılar onun halına acısalar da, üzdə heç nə büruzə vermir, qocanın hörmətini saxlayırdılar. İndi balıqçılar axından, havanın necəliyindən, tilovu hansı dərinliyə atmaqlarından danışırdılar; dənizdə gördüklərindən, başlarına gələnlərdən dəm vururdular. Bu gün balıq ovunda bəxti gətirənlərin, dənizdən əlidolu qayıdanların da hamısı buradaydı. İçalatını çıxardıb təmizlədikdən sonra balıqları bir-birinə bərkidilmiş qoşa taxtaların üstünə köndələninə düzmüşdülər və indi iki adam hərəsi taxtanın bir tərəfindən yapışıb onları anbara daşıyırdı; anbarda balıqları soyuducuya doldurub, sonra da Havana bazarına aparacaqdılar.

Köpəkbalığı tutanlar öz ovlarını limanın o biri başındakı balıq zavoduna təhvil vermişdilər; orada balıqları tirlərdən asıb üzgəclərini kəsmiş, qara ciyərlərini çıxartmış, dərilərini soymuşdular; duza qoymaqçün hamısını uzununa nazik-nazik yarmışdılar.

Külək gündoğandan əsəndə balıq zavodundan üfunət iyi gəlirdi. Amma bu gün külək səmtini dəyişmişdi: əvvəl şimaldan əssə də, sonra tamamilə səngimişdi, iy-qoxu da xeyli azalmışdı. İndi Terrasda oturub özünü günə verməyin ləzzəti ayrıydı.

–Santyaqo… – oğlan dedi.

–Hə, nolub? – Qoca pivə stəkanını əlində tutub dərin fikrə getmişdi; keçmişləri yadına salırdı.

–İcazə ver, gedib səninçün sabaha bir neçə sardina tutum.

–Yox! Lazım deyil. Sən get, beysbol oyna. Mən hələ özüm avar çəkə bilirəm. Toru isə Rocelio atar.

–Yox, gedəcəm. Bir halda ki, səninlə balığa gedə bilmirəm, qoy heç olmasa, başqa işlərdə sənə bir köməyim dəysin.

–Məni pivəyə qonaq etdiyin üçün çox sağ ol, maşallah, daha yekə oğlansan.

–Məni birinci dəfə dənizə aparanda neçə yaşım vardı? Beş yaşındaydın. Az qalmışdı dənizə düşüb boğulasan. Balığı tutub qayığa çıxartdım. Başladı çırpınmağa, az qaldı qayığı sındırıb tikə-tikə etsin.

Yadındadır? –Əlbəttə, yadımdadır. Hə, yaman çırpınırdı, quyruğuyla elə vurdu ki, qayığın oturacağı da sındı. Amma sən də toppuzla o ki var əzişdirdin onu… Yadımdadır ki, qayıq əsiməsim əsirdi, sən də məni götürüb qayığın burnuna, yaş avadanlığın üstünə tulladın. Sən onu elə döyəcləyirdin ki, elə bil odun doğrayırdılar. Hər tərəf qan içindəydi, qan iyindən nəfəs almaq olmurdu.

–Doğrudanmı, yadında belə yaxşı qalıb, yoxsa mən sonralar danışanda eşitmisən? –Səninlə dənizə çıxdığım birinci gündən bəri nə olubkeçibsə, hamısı yadımdadır.

Qoca günün altında qalmaqdan qan çəkmiş gözləriylə oğlanı oxşadı; onun baxışlarından etibar və nəvaziş yağırdı.

–Doğma oğlum olsaydın, heç nəyə fikir verməyib, riskə gedərdim, səni özümlə dənizə aparardım. Amma sənin öz atan-anan var, özün də uğurlu qayığa düşmüsən.

Qoy mən gedim sardina dalınca. Tilova taxılası tələ yeminin də yerini bilirəm. Dörd dənəsi bəsindir.

–Səhər apardığım yem olduğu kimi qalır. Qutuda duzun içinə qoymuşam.

–Sənə dörd dənə təzəsini də gətirərəm.

–Yaxşı, onda birini gətir, – qoca razılaşdı.

O, heç vaxt ümidini itirmir, gələcəyə həmişə inanırdı.

Dənizdən əsməyə başlayan sərin meh indi onun inamını bir az da artırmışdı.

–Onda qoy ikisini gətirim, – oğlan əl çəkmədi.

–Yaxşı, sən deyən olsun, – qoca onun xətrinə dəymək istəmədi, sonra ehtiyatla soruşdu: – Bura bax, birdən oğurluq olar ha? –Yox, pulla almışam, – oğlan dedi. – Amma girimə keçsəydi, əlbət ki, çırpışdırardım.

–Qonaqlığa görə sağ ol.

Qoca təbiətən çox sadə, başıaşağı, təmiz ürəkli, həm də təvazökar adamdı; hiylənin, kələyin nə olduğunu bilməzdi; bu da onun şənini daha da artırırdı.

–Axının səmti dəyişməsə, sabah yaxşı gün olacaq.

Sabah s n balıq tutmağa hara gedəcəksən? –Fikrim uzaqlara getməkdir. Lap erkən çıxacam ki, külək səmtini dəyişəndə geri qayıda biləm.

–Mən də qayığın yiyəsini dilə tutub, bəlkə, onu uzaqlara apardım, – oğlan gülümsədi, – birdən qarmağına iri balıq keçsə, köməyinə gələrik.

–Səninki uzağa getmir, sahildən çox da aralanmır.

–Hə, düz deyirsən, amma bəlkə bu dəfə şirnikdirib apara bildim. Onsuz da gözləri yaxşı seçmir, nəsə tapıb göstərərəm, lap qoy uzaqlarda uçan qağayılar olsun, nişan verib deyərəm ki, oralarda skumbriya var. Qızıl skumbriyadan ötrü o lap dünyanın o başına da gedər.

–Yəni bu dərəcədə pis görür? –Kordur da.

–Qəribədir, – qoca dodaqaltı mızıldandı, – o ki ömründə çanaqlı bağa tutmağa getməyib, gözləri nədən xarab olsun? –Sən ki neçə il moskit sahillərinə gedib, çanaqlı bağa tutmusan, bəs niyə gözlərin kor olmayıb? Məşəl kimi parıldayır.

Ona gör ki, mən qəribə qocayam.

–Bəs birdən çox iri balığa rast gəlsən, tilovuna ən zırpısı düşsə, tutub çıxartmağa gücün çatar? –Mənə elə gəlir ki, çatar. Bu işdə gücdən daha çox fənd lazımdır.

–Gedək, şeyləri yavaş-yavaş aparaq evə, – oğlan bunu deyib ayağa durdu, – oradan da mən toru götürüb, sardina tutmağa gedərəm.

Onlar təzədən sahilə qayıtdılar və köməkləşib avadanlığı qayığın içindən çıxartdılar. Qoca dorağacını çiyninə aldı, oğlan isə içərisində qəhvəyi rəngli tilov ipi olan köhnə zənbili, eləcə də qarmağı, dəstəli nizəni götürdü və yola düzəldilər.

İçində tələ yemi saxladıqları qutunu, yekə balıqların başını əzdikləri toppuzu isə qayıqda saxladılar.

Əlbəttə, qocanın şey-şüyünü heç kəs oğurlamazdı; amma nəmişlikdən kəndirlər islana, dəmir alətlər pas ata bilərdi.

Qoca yaxşı bilirdi ki, qəsəbədə ona sataşan olmaz, lakin başqalarını şərləyib günaha batmamaq üçün nəinki yüngül şeyləri, hətta ağır nizə-qarmağı da hər dəfə evə aparar, heç birini qayıqda saxlamazdı.

Yoxuşu yanaşı qalxıb, qapısı həmişə açıq olan komaya girdilər. Qoca yelkən sarınmış dorağacını divara söykədi.

Oğlan da əlindəki zənbili və gətirdiyi şey-şüyləri onun yanına qoydu. Dorağacı yetərincə uzun idi, bu yerlərdə diapo deyilən şahağacı palmasının çubuqlarından hörülmüş komanın hündürlüyü boydaydı. Komada bir çarpayı, bir stol, bir dənə də stul vardı. Ocaq çoxdan sönmüşdü. Şahağacı palmasının preslənmiş yarpaqlarından olan divarların birindən müqəddəs Məryəmin, digərindən Həzrət İsanın yağlı boya ilə çəkilmiş şəkilləri asılmışdı; Həzrət İsanın geniş, açıq köksündə ürəyi şəfəq saçırdı. Hər iki şəkil qocaya mərhum arvadından yadigar idi. Əvvəllər elə arvadının da rəngli fotoşəkli divardan asılmışdı. Qoca hər dəfə şəklə baxdıqda tənhalığını daha dərindən hiss edir, bu vaxt ürəyi olmazın qüssə ilə dolurdu; buna görə də axırda onu divardan çıxardıb küncdəki taxçada, təmiz paltarların altında gizlətmişdi; şəkil indi də orada idi.

–Şam yeməyinə nəyin var? – oğlan soruşdu.

–Bir qab düyü daşması, üstündə də balıq. İstəyirsən, bir az ye! İstəmirəm. Gedib evdə yeyərəm. Ocağı qalayım? –Yox. Bir azdan özüm qalayaram. Bəlkə, daşmanı elə soyuq-soyuq yedim.

–İcazə verirsən, toru götürüm? –Əlbəttə, götür.

Əslində, qocanın toru-filanı yox idi; balaca toru necə satdıqları oğlanın yaxşı yadındaydı. Onlar qəsdən belə danışır, bilə-bilə hər gün özlərini aldadırdılar. Heç üstünə guya balıq qoyulmuş sarı düyü daşması da nağıl idi və oğlan bütün bunların uydurma olduğunu çox gözəl bilirdi.

–Səksən dörd uğurlu rəqəmdir, – qoca gülümsədi, – birdən sabah min girvənkə ağırlığında bir balıq tutub gətirdim, onda nə deyərsən? –Gedirəm sardina tutmağa. Toru özüm taparam. Sənsə hələlik kandarda otur, özünü günə ver.

–Yaxşı. Məndə hardasa dünənki qəzet olmalıdır, oturub beysboldan nə yazdıqlarını oxuyaram…

Qocada həqiqətən dünənki qəzetin olub-olmadığını oğlan dürüst bilmirdi; bəlkə bu da uydurma idi. Amma qoca çarpayının altından bir qəzet çıxardıb dedi: Bunu mənə çaxırsatan Periko verdi.

–Sardina tutan kimi qayıdıb gələcəm. Sənin payını da, elə özümünkünü də bir yerdə buza qoyaram, səhər tezdən bölüşdürərik. Mən gələndə beysbolun necə qurtardığını deyərsən.

–“Yankilər”ə dünyasında batan olmaz.

–Qorxuram klivlendlilərin “Hindular”ı “Yankilər”i birtəhər eləsin.

–Sən “Yankilər”dən tam arxayın ol, bala, ürəyini buz kimi saxla. Yaddan çıxartma ki, orda Di Macio kimi ustad var.

–Düzü, mən təkcə Klivlendin “Hindular”ından yox, elə Detroytun “Pələnglər”indən də qorxuram.

–Hə, görürəm belə getsə, sən deyəsən axırda lap Sinsinatanın “Qırmızılar”ından da, Çikaqonun “Ağ corablar”ından da qorxmağa başlayacaqsan.

–Otur qəzeti oxu, kimin udduğunu mənə deyərsən.

–Gəlsənə, bir lotereya bileti alaq. Özü də seçib səksən beş nömrəli bileti götürək. Sabah səksən beşinci gün olacaq.

Alaq da, – oğlan dərhal razılaşdı. – Bəlkə səksən yeddi nömrəli bileti götürək? Ötən dəfə sən axı dalbadal səksən yeddi gün getmişdin, rekord yadındadır? –Dünyasında heç bir şey iki dəfə təkrarlanmır. Elə bilirsən, səksən beş nömrəli bileti taparsan? –Niyə tapıram ki? Sifariş verərəm.

–Bir bilet iki dollar yarımadır. Kimdən borc ala bilərik? –Borc tapmaq asandır. İki dollar yarımı istədiyim vaxt tapa bilərəm.

–Mənə elə gəlir ki, mən də tapa bilərəm. Amma borca düşmək istəmirəm. Bir dəfəyə bənddir. İkinci dəfə əl açıb dilənəcəksən.

–Sən kandarda otur, gün düşən yerdə. Özünü gözlə ki, soyuq dəyməsin. Bax ha, indi sentyabr ayıdır.

–Hə, iri balıqlar həmişə sentyabrda gəlir. Mayda lap nənəm də balıqçı ola bilər, – qoca qımışdı. – Mən getdim sardina gətirməyə.

Oğlan bunu deyib getdi.

Geri qayıdanda qocanı oturduğu yerdəcə yuxulamış gördü. Gün artıq batmışdı. O, çarpayının üstündən köhnə əsgər ədyalını götürüb stulun söykənəcəyinə saldı, qocanın kürəyini, çiyinlərini örtdü; bu çiyinlər əcaib dərəcədə qeyriadi, həm də möhkəmdi, çox möhkəm. Başı sinəsinə sallandığından qocanın boynundakı qırışlar indi bir o qədər sezilmirdi. Əynindəki nimdaş köynək elə qayığının yelkəni kimi yamaq-yamaqdı və yamaqlar günün altında müxtəlif dərəcədə yandığından hərəsi bir rəngə çalırdı. Lakin hər şeydən daha köhnə görünən qocanın sifəti idi və indi gözləri yumulu vəziyyətdə onun simasında zərrə qədər də həyat əlaməti sezilmirdi. Yalın ayaqlarının damarları çıxmışdı; onları, az qala, barmaqla saymaq olardı. Qəzet əlindən sürüşüb dizinin üstünə düşmüşdü; uçub getməsin deyə, qoca dirsəyi ilə onu dizinə sıxmışdı. Yüngül meh əsirdi.

Oğlan qocanı yatdığı kimi də qoyub getdi; qayıdıb hələ də ayılmadığını gördükdə isə əlini onun dizinə vurub astadan səsləndi: –Dur ey, axşamdır.

Qoca gözlərini açdı, bir anlığa haradansa, çox uzaqlardan qayıdıb gəldiyini düşündü. Sonra gülümsədi.

–Hə, nə gətirmisən? – oğlandan soruşdu.

–Axşam yeməyi, hazırlaş şam eləyək.

–Mən bir o qədər də ac deyiləm.

–Di yaxın otur, yeməyini ye. Yeməsən, balıq tutmaq olar? –Acqarına o qədər balıq tutmuşam ki.

Qoca bunu deyib ayağa qalxdı, qəzeti əlinə alıb qatladı, ədyalı da büküb yerinə qoydu.

–Ədyalı çiyninə sal. Nə qədər mənim canım sağdır, səni acqarına balıq tutmağa qoymaram.

–Onda özündən muğayat ol ki, lap çox yaşayasan, – qoca dedi. – Yaxşı, yeməyə nəyimiz var? –Düyü ilə qara paxla, banan qızartması, bir də mal ətinin soyutması.

Oğlan Terraslakı balaca restorandan iki tənəkə qabda yemək, iki çəngəl, iki bıçaq, iki qaşıq gətirmişdi; hər dəsti də ayrılıqda kağız əlsilənə büküb cibinə soxmuşdu.

–Bunları sənə kim verdi? Martin, restoranın sahibi.

–Onu görəndə gərək razılıq edəm…

–Mən sənin əvəzindən də dil-ağız elədim, daha sən əziyyət çəkməyə bilərsən.

–İri balıq tutanda qarnının altındakı yumşaq ətdən ona kefin istəyən ləzzətli pay göndərərəm. Martin bizə tez-tez əl tutur, birinci dəfə deyil ki.

–Yox, birinci dəfə deyil.

–Amma dediyim pay az olar. Mən gərək ona nəsə əməlli-başlı bir şey verim. Hə, ona əsl yaxşılıq etməliyəm.

İnsafən, o, bizim əcəb qeydimizə qalır.

–Hələ bu gün pivə də verdi.

–Mənim ən çox xoşladığım pivə banka pivəsidir.

–Hə, bilirəm, amma bu gün butulka pivəsi verib. Özü də Hauti pivəsidir. Boş şüşələri sabah aparıb qaytarmalıyam.

–Yadından çıxmasın, mütləq apar ver. Yaxşı, bəs yemək hazırdır? –Əlbəttə, hazırdır, – oğlan ədəblə dilləndi. – Bayaqdan səni gözləyirəm ki, keçib oturasan. Sənsiz qabın ağzını açmaq istəmirəm.

Mən hazır, – qoca həvəslə qabağa yeridi, amma tez də əlavə elədi: – Yox, əvvəlcə əl-üzümü yumalıyam.

Oğlan fikirləşdi ki, görəsən, qoca harada yuyunur? Bütün qəsəbə camaatı suyu qocanın komasından iki küçə o yandan, aşağı məhəllədən, yol qırağındakı krandan götürürdü. “Gərək gedib su, sabun, yaxşı bir əl-üz dəsmalı gətirəydim. Gör nə kütbeyinəm. Ona köynək, qış gödəkcəsi, ayaqqabı, bir dənə də əlavə ədyal tapmaq lazımdır”.

Qoca yeyə-yeyə xörəyi təriflədi: –Soyutma ət əcəb ləzzətlidir.

–Bəlkə bir az beysboldan danışasan mənə. Nə yazıblar? İşlər necədir? –Necə olacaq, mən deyən kimi, – qoca məmnun görkəmlə sözə başladı. – Amerika liqasında “Yankilər” birinci yerdədir.

–Bəs axı bu gün “Yankilər” uduzublar.

–Bir dəfə uduzanda nolar ki? Böyük şey olub? Di Macio hələ özünü bundan sonra göstərəcək.

–Komandanın bütün uğuru tək ondan asılı deyil ki.

Başqa oyunçular da var.

Orası elədir. Amma Di Macio ayrı aləmdir, oyunun taleyi ondan asılıdır. İkinci liqada bruklinlilər filadelfiyalılardan şanslıdır. Hələ bir de görüm, Dik Sayzler sənin yadındadır? Yadına gəlir Əski parkdakı oyunda topa necə zərbə ilişdirirdi?! –Əsl ustadır! Hələ indiyəcən topu onun tək uzağa vuran ikinci bir oyunçu görməmişəm.

–Onun Terrasa gəlməsi yadındadır? İstədim yaxınlaşıb onu balıq ovuna dəvət edəm. Utandım. Sənə dedim, sən də gedib demədin, utandın.

–Yadımdadır, necə yadımda deyil. Çağırmamaqda böyük səhv elədik. Nə bilmək olar, bəlkə bizimlə gedərdi? Ömrümüz uzunu onunla balığa getməyimizdən danışıb qürrələnərdik! –Getsəydi, lap Di Macionun özünü də balıq ovuna aparardım, – qoca dərindən köks ötürdü. – Deyirlər vaxtilə onun da atası balıqçıymış. Kim bilir, bəlkə elə o da bizim kimi kasıb olub. Belədirsə, onda halımızı başa düşərdi.

–Ustad Sayzlerin atası heç vaxt kasıb yaşamayıb. Mən yaşda olanda o ən məşhur komandalarda oynayırmış.

Sən yaşda olanda mən Afrika sahillərində üzən yelkənli gəmidə yunqa idim. Axşamüstü şirlər gəlib sahildə gəzişirdi, biz də uzaqdan onların tamaşasına dururduq.

–Bilirəm, danışmısan.

–Sən bilən, indi nədən danışsaq yaxşıdır: Afrikadan, ya beysboldan? –Mən bilən, beysboldan danışsaq, yaxşı olar. Bəlkə sən mənə ustad Con Mak-Qroudan bir az danışasan? –O da qabaqlar bizim Terrasdakı restorana tez-tez baş çəkərdi. Bərk də içərdi. İçəndə qızışıb özündən çıxmağı vardı, ucadan danışar, kobud davranardı. Beysbol öz yerində, həm də yaman atbaz idi. Məşhur cıdır yarışlarının proqramı həmişə cibindəydi, birini də buraxmazdı. Telefonla danışanda görürdün ki, birnəfəsə bir sürü at ləqəbi sadaladı.

–Mak-Qrou əsl təlimçi olub. Atam deyir ki, dünyada onun kimi ustad təlimçi olmayıb.

–Atan onu hamıdan çox gördüyü üçün elə deyir.

MakQrou hər il bura gəlirdi. Əgər Droşer də onun kimi hər il buralığa gəlsəydi, atan deyərdi ki, ondan böyük təlimçi yoxdur.

Sən bilən, hansı daha yaxşı təlimçidir: Lyuk, yoxsa Qonsales? –Mənə elə gəlir ki, ustalıqda onların ikisi də bir olar.

–Hə, amma dünyanın ən yaxşı balıqçısı sənsən.

–Yox ha! Mən özümdən də yaxşılarını tanıyırdım.

–Que va! (Yox bir! (ispanca)( – oğlan razılaşmadı. – Dünyada yaxşı balıqçılar kefin istəyən qədərdi, lap yaxşı balıqçılar da az deyil. Amma sənin kimisi heç yanda yoxdur, ustalıqda heç kəs sənə çatmaz.

–Çox sağ ol. Belə deməklə məni sevindirdin. Qorxuram elə yekə balığa rast gələm ki, tuta bilməyəm, biabır olam, sənin də zənnin səhv çıxa.

–Dediyin qədər gücün qalıbsa tutarsan; dünyada elə balıq tapılmaz ki, sən onu tuta bilməyəsən.

–Ola bilsin, gücüm o qədər də qalmayıb, amma mən çoxlu fənd bilirəm. Özüm də amansızam.

Səhər gümrah olmağın üçün sən gərək bir az yatıb dincələsən. Mən də gedim qabları, boş şüşələri qaytarım.

–Get. Gecən xeyrə qalsın. Sabah sübh tezdən gəlib səni oyadaram.

–Hər gün sən məni lap zəngli saat kimi oyadırsan.

–Məni də qocalıq oyadır, – qoca təəssüflənən kimi oldu, sonra soruşdu: – Sən bilən, qocalar niyə tez dururlar? – Və özü də cavab verdi: – Ona görə ki, işıqlı dünyanı daha çox görsünlər.

–Amma cavanlar yatmağın ölüsüdür. Özləri də yaman bərk yatırlar, – deyə oğlan qocanın üzünə baxdı. – O ki qaldı qocalara, bunu sən daha yaxşı bilərsən, mənim başım çıxmaz.

–Düz deyirsən, cavanlıqda mən də yaman çox yatmaq istəyirdim. İndi get yat, sübhdən gəlib səni oyadaram.

–Səndən başqa heç kimin məni oyatmasını istəmirəm.

Elə çıxır ki, guya onlar məndən diribaşdılar.

–Başa düşürəm…

–Gecən xeyrə qalsın, qoca! Bunu deyib oğlan komadan çıxdı. Bayaq onlar işığı yandırmadan, elə qaranlıqdaca şam eləmişdilər və indi də qoca şalvarını soyunub əlhavasına çarpayıya tərəf getdi, qəzeti büküb şalvarın cibinə, şalvarı da balış əvəzinə başının altına qoydu; ədyala bürünüb dəmir çarpayıya döşənmiş köhnə qəzetlərin üstündə uzandı.

O saat da yuxuya getdi. Yuxuda uşaqkən sahillərində gəzdiyi Afrikanı gördü. Sarımtıl qumsallıq qızılı rəngə çalırdı.

Ağ, yastı təpələr adamın gözünü qamaşdırırdı. Qonur qayalar sanki birbaşa dənizin içindən baş qaldırmışdı. Əzəmətli dağlar hamısı qəhvəyi rəngdəydi və bu yerlər hər gecə qocanın yuxusuna girirdi. O, yuxusunda dənizin kənarıyla sahil boyunca o baş-bu başa gəzir, qayaların ətəyini şiddətlə döyəcləyən dalğaların qəzəbli gurultusunu eşidirdi; yerli tayfaların suları yara-yara dalğadan-dalğaya atlanan xırda qayıqlarını görür, gəmilərə xas olan qatran və şoranlıq qoxusunu açıq-aydın duyurdu. Afrikanın içərilərindən gələn təmiz səhər mehi onu məst edirdi.

Adətən, bu qoxu burnuna dəyəndə qoca yuxudan ayılırdı və alaqaranlıqda qalxıb paltarını əyninə keçirir, sonra da oğlanı oyatmağa gedirdi; səhər mehini şirin yuxuda duymağa vərdiş eləmişdi. Lakin bu gecə qitədən əsən sərin külək, nədənsə, onu həmişəkindən tez oyatdı. Hələ çox erkən olduğunu qoca dərhal ənkərdi və qərara aldı ki, yerindən durmasın, indicə gördüyü yuxuya davam eləsin. Dənizdən ucalan qayaların ağ zirvələrinə, Kanar adalarının limanlarına tamaşa etmək istəyirdi.

Artıq çoxdandı ki, yuxusunda nə fırtına, nə qadın, nə iri balıq, nə vuruş, nə güləş, nə mərcləşmə, nə də arvadını görürdü. İndi onun yuxusuna yalnız uzaq ölkələrin sahilləri, bir də oralarda gəzişən şirlər girirdi. Şirlər dumanlı toranlıqda pişik balalarıtək bir-biriylə oynaşırdılar. Qoca bu şirləri çox sevirdi, lap oğlanı sevdiyi qədər sevirdi. İntəhası oğlan heç vaxt yuxusuna girməzdi.

Qoca qəfildən ayılıb yerindən dikəldi, açıq qapıdan bayıra, göy üzündəki ayparaya baxdı və sonra balış əvəzinə başının altına qoyduğu şalvarını götürüb əyninə geydi.

Komadan çıxıb əsnəyə-əsnəyə oğlanı oyatmağa getdi.

Obaşdanın sübh soyuğundan bərk titrədirdi, amma bilirdi ki, bir az qızışandan sonra üşütmə keçib-gedəcək; hamısı qayıqda oturub avar çəkməyə bənd idi.

O, qapını aralayıb asta, yumşaq addımlarla otağa girdi.

Oğlan qabaq tərəfdə, taxtın üstündə yatmışdı. İçəri solğun ay işığı düşmüşdü və bu işıq qocanın oğlanı görməsi üçün kifayət elədi: o, uşağın qıçından yapışıb ta ayılana qədər buraxmadı.

Oğlan yerinin içində dikəlib gözlərini açdı, bir qədər çaşqın halda qocaya baxdı. Qoca isə başını tərpədib işarə verdi ki, vaxtdır. Oğlan əlini uzadıb böyürdəki kətilin üstündən şalvarını götürdü, qalxıb çarpayıda oturdu və şalvarını geyinməyə başladı.

Qocanın arxasınca qapıdan çıxanda o hələ də yuxuluydu.

Qoca qolunu oğlanın boynuna saldı: –Bağışla…

–Que va! – oğlan cavab verdi. – Neyləməli, biz kişilərin taleyi belədir.

Onlar daş döşənmiş yolla üzüaşağı, qocanın komasına tərəf gedirdilər. Bayır adamla doluydu. Balıqçılar bellərində avadanlıq, çiyinlərində dorağacı, əllərində müxtəlif şeylər qaranlıqda hərəsi öz qayığına tərəf gedirdi. Hamısının da ayaqları yalındı.

Onlar komaya gəlib çatanda oğlan içəri keçib dünən qoyduğu şeyləri – içərisində tilov ipi olan zənbili, dəstəli nizəni və qarmağı götürdü, qoca da köhnə, yamaqlı yelkən sarınmış dorağacını çiyninə aldı.

–Qəhvə içməyə meylin var? – oğlan soruşdu.

–Əvvəl avadanlığı aparıb qayığa qoyaq, qəhvəni sonra içərik, – qoca cavab verdi.

Şeyləri aparıb qayığa yerləşdirəndən sonra qəsəbəyə qayıtdılar, sübh erkəndən açılan və balıqçılara xidmət göstərən aşxanaya gəlib konserv bankasında adama bir qab qəhvə içdilər.

–Necə oldu, yaxşı yata bildinmi? – oğlan qocadan xəbər aldı; yuxudan ayılmış kimi görünsə də, di gəl, onun gözlərindən hələ də yuxu tökülür, özü də tez-tez əsnəyirdi.

–Çox yaxşı yatmışam, Manolin, – qoca cavab verdi. – Mənə elə gəlir ki, bu gün bəxtim gətirəcək.

–Mənə də elə gəlir, – oğlan ayağa durdu. – İndi isə gedim bizim sardinalarımızı gətirim. Hələ sənin tələ yemlərini də götürməliyəm. Mən işləyən qayıqda bütün işləri sahibkar özü görür; kömək edəndə acığı tutur.

–Balıqçıların çoxu elədir, mənimlə özünə baxma. Hələ sən beş yaşında ikən icazə verirdim ki, avadanlığı daşıyasan.

–Bilirəm, – oğlan dedi. – Gözlə, bu saat gəlirəm. Mən qayıdanacan sən bir az da qəhvə iç. Burda bizə nisyə verirlər.

Oğlan yalın ayaqlarını şappıldada-şappıldada tələ yemi götürməkçün buzxanaya qaçdı.

Qocanın bütün gün ərzində dilinə heç nə dəyməyəcəkdi; bu qəhvə onun həm səhər yeməyi, həm naharı, həm də, kim bilir, bəlkə şam yeməyi idi, buna görə də qəhvəni ləzzət aladownloaded ala, aramla içirdi. Axır vaxtlar yeməyə o qədər də meyl göstərmirdi. Yemək prosesi çoxdan zəhləsini tökmüşdü, odur ki, dənizə gedəndə heç vaxt özüylə səhər yeməyi götürmürdü.

Sərin qalsın deyə qayığın burun tərəfində həmişə bir şüşə su saxlayırdı, vəssalam – axşamacan ona lazım olan tək bu idi.

Oğlan sardina və tələ yemiylə qayıdıb gələn kimi sahilə yollandılar. Yeridikcə ayaqlarının altından ətrafa daş-çınqıl sıçrayırdı. Sahilə çatıb qayığı suya saldılar.

– İşin avand olsun, qoca! – oğlan çığırdı.

– Elə sənin də! Qoca avarların kəndir ilgəklərini halqalardan keçirəkeçirə mıxlara bənd elədi, oturub kürəkləri əlinə aldı, sinəsini qabağa verib başını yana əydi və suyu yara-yara dənizə üz tutdu. Hava qaranlıq idi, səhər hələ açılmamışdı.

Sahil boyu səpələnmiş başqa qayıqlar da bir-bir hərəkətə gəlib dənizə çıxırdı. Qoca onların heç birini görməsə də, avarların səsini, liman sularının şırıltısını eşidirdi. Aypara təpənin arxasında gizləndiyindən qaranlıqda heç nə görükmürdü.

Vaxtaşırı hansısa qayıqdan adam səsi gəlsə də, qayıqların çoxunda sakitlik idi; sükutu dənizin sinəsini teztez yaran avarların səsi pozurdu.

Bir azdan qayıqlar limanı arxada qoyub geniş okeana səpələndilər – səxavətli dənizin tükənməz nemətindən nəsə ələ keçirtmək ümidiylə hərə bir səmtə üz tutdu.

Qoca bu gün çox uzaqlara getməyi qət eləmişdi. Okeanın səhər havası, ucsuz-bucaqsız mavi sular onu öz ağuşuna aldı.

Tozlu-tüstülü sahildən uzaqlaşdıqca hava saflaşırdı. Suyun üzündə tək-tək dəniz yosunları işıldayırdı. Bu fosforlu işartılar qocanın diqqətini dərhal cəlb etdi. Hardasa bu aralarda okeanın dərinliyi birdən-birə artıb yeddi yüz dəniz sajeninə çatırdı; ona görə də balıqçılar həmin yeri “dibsiz quyu” adlandırırdılar. Müxtəlif istiqamətli sualtı axınlar burada toqquşub bir-birinə qarışır, şiddətlə sualtı qayalara çırpılıb burulğan əmələ gətirirdi. “Dibsiz quyu”da hər növ balıq vardı. Xırda balıqlar və dəniz xərçəngləri daha çox idi.

Onlar axşamlar suyun üstünə çıxır, şikara çıxmış iri balıqlara yem olurdular.

Hələ qaranlıq olsa da, həssas qoca səhərin yaxınlaşdığını duyurdu; avarlar hərəkət etdikcə, qayıq irəlilədikcə qocanın qulağına səslər dəyirdi – balıqlar oynaqlaşırmış kimi sudan sıçrayıb havada mayallaq aşır, təzədən suya düşürdülər. Uçan balıqların havada süzdükcə üzgəcləri vıyıldayırdı. Bu qanadlı balıqları qoca xüsusi şövqlə sevirdi; onları balıqçıların geniş okeandakı həqiqi dostları sayırdı. O, quşları da çox sevir, eyni zamanda, onlara yazığı gəlirdi. Daim yem axtaran, lakin dimdiyinə heç bir şey keçməyən xırda, zərif su qaranquşlarının halına lap çox acıyırdı. “Yazıq quşların həyatı biz insanlarınkından qat-qat ağırdır, – qoca düşünürdü. – Əlbəttə, yırtıcı quşları demirəm, amma bir halda ki, okean belə amansızdır, onda görəsən su qaranquşu kimi zəif quşcuğazlar niyə yaradılıb? Düzdür, dəniz çox vaxt mərhəmətli olur, amma coşanda üzünü görməyəsən. Elə kükrəyir, elə aşır-daşır ki, göz açmaq olmur. Yem axtaran bu biçarə quşlar dəhşətli fırtınalarda dənizə baş vurmalı olur, dimdiklərinə keçən xırda balıqları dalğaların bağrından zorla dartıb qopardır, bir şey çıxmayanda da civildəşə-civildəşə haray salıb fəryad qoparır, bir-birinə şikayətlənib sanki dərdlərini bölüşürlər.

Bu cılız məxluqlar hüdudsuz okeanın əzəməti qarşısında heç nədir”.

Dənizi ürəkdən sevən qoca onu dəniz aşiqlərinin ispanca adlandırdığı kimi xəyalən «la mar», deyə əzizləyirdi. Dənizi sevən bəziləri hərdən acıqları tutanda onu pisləsələr də, amma çox vaxt dənizi qadın cinsində, məhz qadın kimi yad edirdilər.

Qaravul əvəzinə avadanlığa tıxac bağlayan, köpəkbalığının qaraciyəri tapılmayanda çoxlu pul qazanmaqçün balıq tutmağa barkasda, mühərrikli qayıqlarda gedən cavanlar isə dənizə rəqib kimi baxır, onu «el mar», yəni kişi cinsində, erkək adlandırırdılar. Onlar yeri gəldigəlmədi, lazım oldu-olmadı, dənizi yamanlayır, lənətləyirdilər. Lakin qoca üçün dəniz hər şey idi, dəniz onun həyatı idi; qoca dənizə ilahə kimi baxırdı. Bu ilahə bəşər oğluna nələr bəxş etmirdi?! O nə qədər səxavətli və lütfkardır! Dəniz qəzəblənib qocanı incidəndə, ondan üz çevirib heç nə vermədikdə belə, qoca dənizdən şikayətlənmirdi. Neyləmək olar, dənizin təbiəti belədir. “Ay qadını cuşa gətirdiyi kimi, dənizi də coşdurur”, – qoca düşündü.

Okean sakit olduğundan qoca özünü gücə salmadan aramla avar çəkirdi. Sualtı axınlar olan yerdə dalğalar qayığı sürükləyib aparır, işi xeyli asanlaşdırırdı.

Dan yeri söküləndə qoca ətrafa nəzər saldı və güman etdiyindən xeyli uzaqlara gəlib çıxdığını gördü. “Su dərin olan yerlərdə düz bir həftə qarmaq atdım, amma bir dənə də balıq tuta bilmədim, – deyə fikirləşdi, – bu gün bopito və albanor cinsli balıqların bol olduğu yerdə bəxtimi sınayacam. Bəlkə, axtardığım iri balıq onların arasındadır”.

O, qarmaqlara yem keçirib tilovları suya atdı və axınla aram-aram üzməyə başladı. Tilovlardan birincisi qırx, ikincisi yetmiş beş, üçüncüsü yüz, dördüncüsü isə yüz iyirmi beş dəniz sajeni dərinliyə düşdü. Qoca qarmaqlara cərgə ilə sardina taxmışdı; hamısının da gözlərini qarmağa keçirtmişdi.

Qarmaqlar yarımdairə yem çələngi əmələ gətirirdi ki, bu da dənizdəki balıqları şirnikdirib aldadacaqdı; həm də iri balıqlar yemə yaxınlaşmaqdan qorxmayacaqdı, çünki qarmağın hər tərəfində eyni dadı, eyni ləzzəti duyacaqdılar.

Oğlanın verdiyi bir cüt təzə tunes balığını qoca ən dərinə atdığı tilovlara keçirtmişdi, digər iki tilovdan birinə mavi rəngə çalan yekə skumbriya, o birisinə isə sarı ümrin balığı taxmışdı; bu yemləri ötən dəfə istifadə etməsinə baxmayaraq, onlar hələ də yaxşı qalmışdı. Əla növlü sardinaların iyi balıqları şirnikdirib onları qarmağa keçməyə vadar edəcəkdi.

Qələm yoğunluğunda olan yaşıl elastik çubuqlar kəndirə bağlanmışdı; balıq qarmağa toxunan kimi çubuq suya tərəf əyiləcəkdi. Tilov kəndirinə hər birinin uzunluğu qırx dəniz sajeni olan iki ip bağlanmışdı, həmin iplərin də ucuna ehtiyat üçün başqa ip düyünlənmişdi ki, bu da qarmağı udası balığa üç yüz dəniz sajeni qədər məsafədə sərbəst üzə bilmək imkanı verəcəkdi.

Qoca yavaş-yavaş avar çəkir, yaşıl rəngli üç çubuğun nə vaxt batacağını güdürdü, kəndirləri də düz saxlayırdı ki, lazımi dərinliyə sərrast getsinlər. Hava artıq işıqlaşmışdı, günəş çıxhaçıxda idi.

Günəş dənizin üfüqlərindən azacıq baş qaldıran kimi, qoca dənizə səpələnmiş başqa qayıqları gördü. Onlar axın istiqamətiylə üzürdülər; lakin sahildən hələ çox da uzaqlaşa bilməmişdilər. Şəfəqlər altında bərq vuran su, adamın gözlərini qamaşdırırdı. Bir azdan daha dənizə baxmaq mümkün olmadı; günəşin sulara dəyib qayıdan telləri ox kimi qocanın gözlərinə batırdı. O, nəzərlərini yayındırıb okeanın tutqun rəngə çalan dərinliklərinə tilov iplərinin çatıbçatmadığını izləyirdi. Tilovu elə ustalıqla sərrast buraxır, qarmağı da elə düz yönəldirdi ki, birbaşa gedib yem axtaran balıqların məkanına düşürdü. O, bu işin əsl xiridarı sayılırdı.

Balıqçılardan heç kəs nə tilovu, nə qarmağı, nə də tilov ipini hədəfə onun kimi istiqamətləndirə bilmirdi. Elə bil, qoca tünd qaranlıq suların müxtəlif yerlərində, ayrı-ayrı dərinliklərində üzən növ-növ balıqları ora öz əli ilə aparıb qoymuşdu.

Balıqların harada ola biləcəyini o gözüyumulu bilir, yerini yanılmadan təyin edirdi. Başqa balıqçılarsa qarmaqlarını axının ixtiyarına verib elə zənn edirdilər ki, yüz sajen dərinlikdə şikar onları gözləyir; əslində isə, qarmaq altmış sajendən dərinə getmirdi.

“Mən tilovu həmişə düz atıram, – qoca özlüyündə düşündü, – amma nədənsə, bəxtim gətirmir. Kim bilir, bəlkə bu gün tale üzümə güləcək, axı həmişə eyni cür olmur ki.

İşimdə diqqətli olmaq mənim adətimdir, bu öz yerində.

Amma bəxtin gətirməsi də böyük şeydir. Keşkə tale üzümə güləydi, işlərim düz gətirəydii”.

Günəşin doğmasından iki saata yaxın vaxt keçmişdi, gündoğan tərəfə baxanda günəşin tellərini əks etdirən dəniz qocanın gözlərini indi o qədər də qamaşdırmırdı. Ətrafda yalnız üç qayıq vardı, onlar da zorla seçilirdi, elə bil, sahildən heç ayrılmamışdılar.

Qoca fikirləşdi: “Lap uşaqlıqdan günəş doğan kimi gözlərimi qamaşdırıb incidir. Amma şükür ki, gözlərim hələ də yaxşı görür, korlanmayıblar. Gün batanda mən düz günün içinə baxıram, gözlərimə qaranlıq çökmür, halbuki günəş qürub vaxtı da bərk şölələnir, telləri iynə kimi adamın gözünə millənir”.

Qoca birdən başının üstündə yırtıcı bir quşun dövrə vurduğunu gördü. Quş uzun, qapqara qanadlarını geniş açaraq qəfildən sürətlə aşağı şığıdı, qanadlarını gərib suya baş vurdu, sonra yenə göyə qalxıb dövrə vurmağa başladı.

– Yəqin buralarda yem görüb, yoxsa boş-boşuna belə hərlənməz, – qoca ucadan dedi, sonra avarı astaca çəkə-çəkə qayığı yırtıcı quşun dövrə vurduğu səmtə sürdü. Tələsibeləmirdi, tilovları sərrast yönəltmək üçün kəndirləri azacıq yuxarı qaldırıb onları təzədən suya saldı, suyun axınını qabaqlamaq üçün qayığın sürətini artırdı, sonra vaxtaşırı tilovları tarazlamağa başladı; indi onun hərəkətləri yırtıcı quş göydə görünəndən əvvəlkinə nisbətən daha çevik idi.

Quş qanadlarını geniş açıb lap yüksəyə qalxdı, dövrə vurmaqda davam edib qəfildən bayaqkı sürətlə aşağı cumdu.

Qoca bunu əlüstü sezib dənizə baxdı. Qanadlı balıqlar sudan sıçrayıb havada uçur, hoppana-hoppana yerlərini dəyişirdilər.

– Skumbriya! – qoca bərkdən qışqırdı, – gör nə iridir! Kürəkləri sudan çıxartdı, oturacağın altından xırda bir tilov götürdü, tilovun ucuna məftillə balaca bir qarmaq bağlanmışdı. Sardinalardan birini qarmağa taxıb tilovu suya atdı, tilov ipinin o biri ucunu kormaya3 bənd edilmiş halqaya bağladı. Başqa bir qarmağa da sardina sancıb onu tilov ipiylə bir yerdə oturacağın altında sərin bir yerə qoydu. Təzədən yerində oturdu, avar çəkə-çəkə başını qaldırıb göyə baxdı.

Yırtıcı quş lap alçaqdan uçurdu. O, qəfildən suya endi və orada gördüyü qanadlı balığı tutmağa can atdı; quş qanadlarını vəhşicəsinə bir-birinə və böyürlərinə çırpırdı. Bu vaxt qoca suyun köpüklənə-köpüklənə aşıb-daşdığını gördü, – bu, ondan canını qurtarmağa çalışan qanadlı balığın ardınca cummuş qızıl skumbriya idi. Dənizdən sıçrayıb qalxan və ildırım sürətiylə yırtıcı quşdan uzaqlaşan skumriya elə istiqamət götürmüşdü ki, üst tərəfdən uçan qanadlı balıq birbaşa qabağına düşsün – o, öz şikarını yolüstü, asanlıqla qamarlamaq istəyirdi.

Qoca düşündü: “Görünür, hardasa bu aralarda qızıl skumriyanın sürüsü var, onlar həmişə bir-birindən bir az aralı üzürlər ki, biri şikarı əldən buraxdıqda digəri onu qamarlaya bilsin. Buna görə də skumriyadan can qurtarmağa şikarın heç bir imkan qalmır. Yırtıcı quşun isə onu tutmağa ümidi azdır, çünki qanadlı balıq həm iridir, həm də çox cəld uçur; onun sürəti quşunkundan artıqdır”.

Qoca oturub tamaşa edirdi. Qanadlı balıq bir neçə dəfə sudan sıçrayıb yerini dəyişdi, quş isə ondan xeyli ləng tərpənirdi. “Skumriyalar əlimdən çıxdı, – qoca düşündü. – Yaman cəld üzürlər, onlara çatmaq olmaz. Görək də, bəlkə bir-ikisi sürüdən dala qalıb mənə qismət oldu. Kim bilir, ola bilsin ki, mənim iri balığım elə bunların arasındadır. Hara getsə, o elə buralarda olasıdır”.

Sahil tərəfdə buludlar dağ kimi ucalmışdı. Onların arxasındakı təpələr göyümtül-boz rəngdə idi. Liman boyunca elə bil yaşıl bir xətt uzanırdı. Sular tünd-mavi rəngə çalırdı, dəniz isə bənövşəyi görünürdü. Qoca dənizin dərinliklərinə nəzər salanda qaranlıqda üzən qırmızımtıl planktonları gördü. Onlar gün işığında necə də əlvan şəfəqlər saçırdı. Qoca tilov iplərini yoxlayıb yan-yörəsinə göz gəzdirdi, dənizdə həddən artıq plankton olduğunu gördükdə bərk sevindi: “Plankton varsa, mütləq balıq da olmalıdır”.

Gün bir xeyli qalxmışdı. Sahildə buludların silsilətək ucalması havanın xoş olacağından xəbər verirdi. Amma yırtıcı quş indi çox uzaqdaydı. Günəş şüalarının altında sarıya çalan Sarqas yosunlarından başqa, suyun səthində ayrı heç bir şey gözə dəymirdi. Yalnız qırmızı rəngli portuqal fizaliyası – həlməşiklər qayığın yaxınlığında az-çox diqqəti cəlb edirdi.

Qayıq hazırda həlməşiklərin arasıyla üzürdü; birdən fizaliya yanpörtü çevrilib sonra yenə əvvəlki vəziyyətini aldı və daha cəld üzməyə başladı: o, bir yardlıq məsafəyə öldürücü zəhər saçan bənövşəyi qol-budaqlarını arxasınca sürüyüb apardı.

– Ay səni qancıq! – qoca özünü saxlaya bilmədi.

O, astadan avar çəkə-çəkə dənizə diqqətlə göz qoydu.

Sabun köpüyünü andıran əlvan fizaliyanın qovuğu altında, qol-budaqları arasında xırda balıqlar üzürdü; fizaliyanın buraxdığı zəhər xırda balıqlara zərər yetirə bilməsə də, adamlara çox tez, çox da pis təsir edir: zəhər ifraz edən bənövşəyi rəngli sürüşkən qol-budaqlar tilov iplərinə dolaşıb qalırdı. Qarmağa keçmiş balığı çıxartmaqçün əllərini suya salanda tilov ipinə sarınmış fizaliyanın zəhərli qol-budağı qocanın biləklərinə yapışır, zəhər qana keçəndə bədəni elə göynəyirdi ki, elə bil onu qırmancla döyürdün. Dözülməz, dəhşətli ağrılar başlayırdı.

Al-əlvan qovuqcuqların qəşəngliyinə, onların görkəminə söz ola bilməzdi, intəhası bu bərli-bəzəkli canlılar dənizin ən hiyləgər və ən amansız sakinləriydi. Qoca onlara yaxşı bələd idi; onu da bilirdi ki, heyvərə dəniz tısbağaları bu qovuqcuqları necə iştahla, necə ləzzətlə yeyir; o, hər dəfə belə mənzərəyə rast gələndə dayanıb həvəslə tamaşa edər, həm də sevinərdi. Gözlərinə ziyan dəyməsin deyə, çanaqlı bağalar onları görəndə gözlərini bərk-bərk yumub ön tərəfdən qarşılarını kəsir və qovuqcuqları qolbudaqları ilə birlikdə hərisliklə içəri ötürürdülər. Fırtına vaxtı dalğalar sahilə çoxlu fizaliya tullayırdı; qoca sakit havada onları tapdalayatapdalaya gəzirdi. Yeridikcə qovuqlar onun qabarlı ayaqları altında qalıb partlayır, bu da qocaya xüsusi ləzzət verirdi.

Nərmə-nazik və çevikliyinə, həm də baha qiymətə satıldıqlarına görə yaşıl tısbağaları qoca çox xoşlayırdı, sarımtıl zirehli yöndəmsiz və səfeh bağaların cinsi əlaqədə şıltaq davranışları, portuqal fizaliyalarını gözüyumulu vəziyyətdə hərisliklə sümürmələri isə onda ikrah doğururdu.

Qocanın qəlbində tısbağalardan yana heç bir mövhumi qorxu xofu yox idi, baxmayaraq ki, çanaqlı bağa ovçularıyla birgə uzun illər ardıcıl şəkildə bağa ovuna getmişdi. Qocanın onlara yazığı gəlirdi; lap bir ton ağırlığı olan ən nataraz bağalara, adına lut dedikləri qayıq uzunluqdakı qalınqabıq tısbağalara da acıyırdı.

Adamların böyük əksəriyyətinin tısbağalara münasibəti qəddar və amansızdır, neyçün ki, bağa ürəyi onları öldürəndən və tikə-tikə kəsib-doğrayandan sonra da hələ xeyli müddət döyünməkdən qalmır. Qoca düşündü: “Mənim ürəyim xalis bağa ürəyidir ki, var; elə əl-ayağım da eynən çanaqlı bağaların pəncəsi kimidir”. O, gücü artsın deyə vaxtaşırı çoxlu ağ bağa yumurtası yeyirdi. May ayının əvvəlindən axırına qədər bu yumurtalarla qidalanırdı ki, sentyabr və oktyabr aylarında – balıq ovunun qızğın çağında qüvvəsi daha da çoxalsın.

Qəsəbədə xüsusi bir dam vardı, balıqçıların bəziləri ov şeylərini gətirib ora yığardı; orada köpəkbalığının ciyərindən emal edilmiş yağ saxlanan çəlləklər vardı və kim istəsə, gedib bu yağdan içə bilərdi. Qoca da tez-tez yolunu buradan salıb hər dəfə tayqulp dolusu yağ içərdi. Çoxları yağın tamını bəyənməsə də, qoca belə düşünürdü ki, hər halda, onu içmək, səhərin gözü açılmamış şirin yuxudan durub alaqaranlıqda dənizə getməkdən heç də bəd deyildi. Bu, çox faydalı yağ idi; içəndə adamın gözlərinə işıq gəlirdi, həm də adamı soyuqdan və şaxtadan, hər cür soyuqdəymədən və zökəmdən qoruyurdu.

Qoca göyə baxanda yırtıcı quşun yenə də havada hərləndiyini gördü.

– Heç oyan-buyanı yoxdur, hərifin gözünə haradasa bu aralarda balıq sataşıb, ona görə əl çəkmir.

Bir dənə də olsun qanadlı balıq sudan baş qaldırmırdı; xırda balıqlardan da əsər-əlamət yox idi. Qoca diqqətlə dənizə baxdı; elə bu vaxt bir tunes sudan sıçrayaraq havada mayallaq aşdı, sonra da cəld, başıaşağı dənizə düşdü. Havada ikən onun ağ gövdəsi gün işığında gümüş təki parıldadı. Dənizə düşməyə bəndmiş kimi, su köpükləndi və xeyli tunes yeryerdən havaya sıçrayıb hərəsi bir səmtə tullandı, suyu ləpələndirib xırda tıxlara hücuma keçdilər; onları qabaqlarına qatıb araya aldılar.

Qoca düşündü: “Belə cəld üzməsəydilər, özümü onlara çatdırardım”. O, tunes sürüsünün suyu necə köpükləndirməsinə baxırdı; qorxudan dəhşətə gəlib pərənpərən olmuş xırda balıqların hamısı suyun üzünə çıxmışdı; yırtıcı quş da fürsətdən istifadə edərək özünü teztez suya vurub şikarla havaya qalxır, sonra təzədən aşağı şığıyırdı.

–Quşlardan balıqçılara çox kömək dəyir, – qoca düşündü.

Elə bu vaxt ayağı altındakı nazik ipin tarım çəkildiyini hiss etdi. Qoca bir ucunu əlində tutduğu ipdən bərk yapışdı, kürəyi kənara qoyub kəndiri yavaş-yavaş yığmağa başladı; bilirdi ki, qarmağa balaca bir tunes balığı ilişib. Əlindəki tilov ipi getdikcə daha şiddətlə titrəyirdi. Çox keçmədi ki, qoca beli abı, böyürləri qızılı rəngə çalan balığı gördü. Onu qarmaqdan çıxardıb qayığın içinə atdı.

Tunes qayığın arxa tərəfinə, günün altına düşüb qaldı. O, qəşəng quyruğu ilə döşəməni döyəcləyirdi; iri gözlərini bərəldib əsə-əsə həyata vida edirdi; özü də kök və yağlıydı.

Qocanın ona yazığı gəldi, əziyyət çəkməsin deyə toppuzla başını əzdi, sonra da ayağı ilə oturacağın altına, gün düşməyən sərin yerə itələdi. Balıq hələ də çapalayırdı.

–Albakore… azından on girvənkə gələr, – qoca dedi. – Yem əvəzinə qarmağa taxmağa yaxşıdır.

O, həmişə tək qalanda özüylə danışardı, buna nə vaxtdan adət etdiyi isə yadında deyildi. Əvvəllər tək olanda zümzümə eləyərdi; yelkənli gəmilərdə gecə növbəsinə çıxanda da, çanaqlı bağa ovuna yollananda da həmişə mahnı oxuyardı.

Özüylə danışmağa başlaması yəqin oğlan başqa qayığa keçəndən sonra olmuşdu. Nəsə, dəqiq yadına düşmürdü. Oğlanla bir yerdə balıq tutduqları vaxt onlar yalnız lazım olanda – gecələr, bir də pis havalarda bekar qalarkən danışardılar: dənizdə boş-boşuna laqqırtı vurmaq adət deyildi və qoca bu adətə ciddi riayət edərdi. Amma axır vaxtlar fikrindən keçənləri tez-tez dilə gətirirdi; əlbəttə, orasını da yaxşı bilirdi ki, onun tənhalıqda bu cür öz-özünə danışmağı kiminsə zəhləsini töküb başını ağrıtmır.

“Öz-özümlə danışmağımı kənardan eşitsələr, yəqin ki, başıma hava gəldiyini güman edərlər”, – o, hələ də çapalayan tunesə baxıb dedi. – Hərgah, doğrudan da havalanmamışamsa, onda öz-özümlə danışmağım kimin nə işinə qalıb? Varlıların nə vecinə: qayıqlarına radio qoyub istədikləri şeyə qulaq asırlar, beysbol yeniliklərindən də vaxtında xəbər tuturlar”.

“İndi beysbolu fikirləşmək vaxtı deyil, – qoca öz-özünə dedi, – indi düşünüləsi bir şey varsa, o da mənim nə üçün doğulmağımdır. Doğrudan da, axı mən neyçün, nədən ötrü doğulmuşam? Əlbəttə, balıq tutmaqçün. Yəqin mənim iri balığım bu xırım-xırda balıqlarla bir yerdə üzür, mənsə vurtut dəstədən azmış balaca bir albakore tuta bilmişəm. Bu balıqlar sahildən çox uzaqda üzürlər, özü də yaman sürətlə üzürlər. Bu gün nəsə dənizdəki şeylər hamısı çox cəld tərpənir, hamısı da gündoğana tərəf tələsir. Bəlkə günün bu vaxtında həmişə belə olur? Ya bəlkə hamısı havanın dəyişməyindəndir? Hər nədirsə bilmirəm, səbəbi mənə məlum deyil”.

Dənizin qırağındakı yaşıl zolaq yoxa çıxmışdı, yalnız uzaqda mavi təpələr görünürdü. Onların arxasından göyə yüksələn buludlar başı qarlı uca dağları andırırdı. Dəniz tünd rəngə çalırdı, günəşin qızılı telləri sularda bərq vurduqca ətrafa rəngarəng şəfəqlər yayılırdı. Qoca yalnız şüaların əmələ gətirdiyi ayrı-ayrı əlvan ləkələri, bir də dənizin dibinə bir mildən ziyadə getmiş yoğun tilov iplərini görürdü.

Balıqçılar bu növdən olan bütün balıqlara tunes deyirdilər. Yalnız bazara satmağa aparanda və tələ yemi yem kimi istifadə etdikdə onların əsl adlarını, yəni, hərəsinin öz doğru adını dilə gətirirdilər. Günəş göydən yerə od ələyirdi.

Qoca bunu peysərinin yanmasından duyurdu; avar çəkdikcə tər kürəyindən sel kimi axırdı. “İndi bir az yatıb dincələ bilərəm, hər ehtimala qarşı tilov ipini də ayağımın baş barmağına bağlayım ki, tərpənən kimi yuxudan ayılım.

Qayığı axın özü aparacaq. Bu gün səksən beşinci gündür, mütləq balıq tutacam”.

Bu vaxt qələmvarı yaşıl çubuqlardan biri suya tərəf əyildi.

–Bax belə, – o dedi, – mən istəyən elə budur! Qoca avarları ehmalca sudan çıxartdı. Sakitcə əyilib tilov ipindən yapışdı və onu sağ əlinin baş barmağıyla şəhadət barmağı arasında saxladı. Nə gərginlik, nə də ağırlıq duydu; ipi boş tutmuşdu. Birdən qaytan dartıldı. Hərəkət yavaş və yüngül idi. Bunun nə olduğunu qoca dərhal anladı. Marlin balığı yüz dəniz sajeni dərinliyindəki qarmağın ucuna keçirilmiş sardinaları yeyirdi.

Qoca sağ əlində boş tutduğu ipi sol əliylə tilov ağacından ehmalca açdı. İndi o, balığa heç nə hiss etdirmədən kəndiri suya istədiyi qədər buraxa bilərdi. “İlin bu fəslində, sahildən bu qədər aralıda xırda balıq olmaz; yəqin çox yekə balıqdır.

Ye, balığım, buyur, nuş elə sardinanı! Yem təzədir. Altı yüz fut dərinlikdə, yəqin ki, sənin yerin çox soyuqdur, üşüyürsən.

Həm qaranlıqdır, həm də soyuq. İndi o qaranlıqda bir dəfə çevril, sonra əvvəlki vəziyyətinə qayıdıb yenə yeməyində ol!” Tillov ipi yavaşca titrəyib tərpəndi. Sonra bərkdən dartıldı; görünür, balıq sardinanı qarmaqdan qopara bilmirdi.

Sonra daha heç nə baş vermədi. Qoca səsləndi: –Hə, gəl görüm. Bir də, hə! Yaxşı-yaxşı iylə! Qoy ləzzətli iy səni məst eləsin. İştahla ye! Onları yeyəndən sonra tunesin də dadına bax. Tunesin əti bir az bərk olsa da, əcəb ləzzətlidir. Çəkinmə, balığım, ye getsin! Tilov ipini baş barmağıyla və şəhadət barmağı arasında tutduğu halda, qoca başqa iplərə də nəzər yetirdi. Sonra yenə yüngülvari təkan hiss elədi.

–Yeyəcək! Ağzı nədir yeməsin, – qoca qışqırdı, – Allah özü onun ruzisini yetirib…

Amma deyəsən balıq tilova gəlmədi, yan keçdi. Tilov ipi daha tərpənmirdi. Qoca heç nə başa düşmədi.

–Gedə bilməz, Həzrət İsa özü onu getməyə qoymaz.

Yəqin yerini dəyişdirir. Çox güman ki, əvvəllər bir dəfə də qarmağa keçib, odur ki, indi ehtiyatlı davranır.

İp yüngülcə tərpəndi, qocanın da kefi kökəldi.

–Dedim axı, yerini dəyişdirir, mütləq tilova gələcək.

İpin yenə yavaşdan tərpənməsi qocanı sevindirdi, lakin o gözlənilməz, ağır təkandan sarsıldı. Görünür, balıq çox yekə, çox da ağır idi; qoca tilov ipini buraxdı, qaytan sürüşəsürüşə, sürətlə aşağıya getdi; dərinə, lap dərinə getdi.

Qoca ehtiyat üçün saxladığı kələflərdən birini işə saldı.

Qaytan dərinə getdikcə o, barmaqlarına düşən gücdən balığın nəhəngliyini açıq-aydın hiss edirdi.

–Bu balıq nə yekəlikdədir? – təəccüblə mızıldandı. – Görünür, qarmağı köndələninə udub, o da ilişib ağzına; indi xilas olmağa can atır, kəndiri qırıb qaçmaq istəyir.

Qoca fikirləşdi: “Çevrilib qarmağı udacaq”.

Ancaq düşündüyünü dilə gətirməkdən çəkindi; ona elə gəlirdi ki, yaxşı arzunu bərkdən söyləyəndə baş tutmaz.

Qarmağa keçən balığın çox yekə olduğunu anlayırdı; o, balığın bu saat ağzına köndələninə keçmiş qarmağı da, ona sancılmış tunesi də götürüb dənizin dərin qatlarına cummağa necə can atdığını yaxşı təsəvvür edirdi. Balıq tərpənəndə qoca onun nə ağırlıqda olduğunu çox yaxşı bilirdi. Birdən ağırlıq çoxaldı, qoca da ipi tam boşaltdı, sonra bir anlığa onu barmaqları arasında saxlayıb gözlədi, ağırlıq və gərginlik yenə artıb gücləndi, qaytan aşağı dartılmağa başladı.

–Əməlli-başlı tutdu! Qoca rahatlandı, sonra qaytanı dənizə buraxa-buraxa sol əli ilə iki kələfin ipini açıb onu ikinci qarmağın ehtiyat kələfinə caladı. İndi o, nəhəng balıqla vuruşmağa tam hazır idi. Dənizə salladığından başqa, hələ hər biri qırx dəniz sajeni uzunluğunda olan üç ehtiyat kələfi də vardı.

“Bir az da ud görək, – deyə qoca xəyalən balığa müraciət elədi, – yaxşı-yaxşı ud! Elə ud ki, qarmağın ucları gedib düz ürəyinin başına batsın, sonra da suyun üzünə çıxarsan ki, nizəni sənin böyrünə saplayım. Oldumu? Hazırsanmı? Yoxsa hələ çox yeyəcəksən?” –Daha bəsdir, – qoca qışqırdı; qaytanı var gücüylə ikiəlli özünə tərəf dartdı və bir yarda qədərini geri yığdı, sonra onu bir neçə dəfə tərpətdi.

Lakin qocanın bütün səyləri puça çıxırdı. Balıq baş götürüb harasa üzür, üzdükcə də qayıqdan uzaqlaşırdı; qoca onu bir qarış da olsun dala qaytara bilmirdi. Qaytanlar çox möhkəm idi; qoca bunları güclü, nataraz balıqları tutmaqdan ötrü hazırlamışdı. Tilov ipini kürəyinə aşırıb tarım çəkdi; ətrafa su damcıları səpələndi. Sonra taxta oturacaqda əyləşib bədənini arxaya verdi və bütün gücünü topladı. Qayıq yavaşyavaş şimal-qərbə istiqamətlənirdi.

Balıq durmadan üzür, qayıq da dalğasız dənizin üstüylə balığın üzdüyü səmtə gedirdi. Qarmaqlarına yem taxılmış o biri tilovlar da suda idi. Hələ ki, qocanın əlindən heç nə gəlmirdi.

–Keşkə oğlan burada olaydı, – o, təəssüflə ucadan dedi.

– Balıq məni yedəyinə alıb aparır. Hə, bu saat mən ancaq yedəkdəyəm. Məndən olsa, kəndiri qayığa bağlayardım, amma qorxuram balıq qırıb qaçsın. Yox, qaytandan bərk yapışmalıyam, lazım olanda onu az-az boşaldaram. Allaha çox şükür ki, hələ düzünə üzür, çox dərinə baş vurmur.

Fikirləşdi ki, birdən balıq dərinə getməyə başlasa, heç bilmirəm neyləyəcəm. Ölüb daş kimi dənizə düşsə, əlimdən nə gələr? Amma yox, mən nəsə eləməliyəm. Ediləsi çox şey var. Hər halda, öhdəsindən gələrəm.

Qoca suya köndələn düşmüş qaytana və qayığın şimalqərb səmtə üzməyinə baxırdı.

“Gec-tez qarmaq, onu öldürəcək, – özlüyündə hökm verdi, – qarnında qarmaq ola-ola, çox üzə bilməz ki”.

İntəhası dörd saat keçəndən sonra da balıq eyni qaydada yorulmadan üzür, qayığı da, qocanı da yedəyinə alıb arxasınca dartıb aparırdı. Qoca tilov ipini çiynindən aşırmış halda qayığın içində oturub qalmışdı və gərgin vəziyyətdə gözləməyində idi; gün qısaldıqca həyəcanı da artırdı.

– Qarmağıma keçəndə günorta idi, amma mən hələ də onu görməmişəm, – o, əlacsızlıqdan köks ötürdü.

Balıq tilova keçməmişdən qabaq qoca öz həsir şlyapasını qulaqlarına qədər basmışdı; indi şlyapanın qıraqları alnını kəsirdi. Susuzluqdan ürəyi yanırdı. Kəndir tərpənməsin deyə dizləri üstə çöküb ehmalca qayığın burnuna tərəf süründü, əlini uzadıb şüşəni götürdü, tıxacı çıxardıb bir neçə qurtum su içdi. Sonra qayığın burnuna tərəf əyildi, yanını köhnə, yamaqlı yelkənin sarındığı dorağacının üstünə basıb nəfəsini dərməyə, dincini almağa başladı.

Çalışırdı ki, qayıq üzdükcə qüvvəsini qorumaqdan başqa özgə heç nə barəsində düşünməsin.

Dönüb arxaya nəzər saldı: sahil görünmürdü.

Fikirləşdi ki, eybi yoxdur, axşam düşsə, ulduzları nişan götürüb işığın köməyi ilə geri qayıdaram. Günün batmasına hələ iki saatdan çox qalıb, bəlkə balıq suyun üzünə çıxdı. Ya da ay doğanda, lap uzaqbaşı bu da baş tutmasa, çox güman ki, sabah gün çıxanda mütləq suyun üstünə qalxar. Əllərim hələlik ağrımır, qüvvəmi də itirməmişəm. Nə istəyir, qoy eləsin, qarmağı ki, udub. Axı bu necə balıqdır ki, heç cür üzə çıxmır? Görünür, məftil ağzına elə bərk ilişib ki, çənəsini aça bilmir. Keşkə üzə çıxaydı, bir yaxşı-yaxşı ona baxaydım.

Görəydim məni incidən bu balıq nə balıqdır belə.

Ulduzlara baxa-baxa təyin etdi ki, balıq bütün gecəni eyni səmtə üzüb; o nə cəhəti, nə də istiqaməti dəyişirdi.

Gün batandan sonra hava xeyli soyudu; qocanın kürəyində, çiynində, qollarında, yorğun qıçlarında tər puçurları qurumuşdu: indi canını soyuq kəsirdi. Yem qutusunun üstünə örtdüyü kisəni bayaqdan günə sərib qurutmuşdu. Götürüb kisəni boynuna doladı, kənarlarını kürəyinə saldı, uclarını ehmalca qaytanın altına keçirtdi; qaytan indi çiyinlərini az kəsirdi. Beləcə, qayığın burnunda oturub, bir az qabağa əyilərək dincini alırdı. Əslində, yeri rahat deyildi, lakin özünü inandırmaq istəyirdi ki, guya çox yaxşı dincəlir.

“Hələlik nə mən balığa bir şey eləyə bilirəm, nə də balıq mənimlə bacara bilir. Görəsən, indən belə nə həngamə qopacaq?” Yerindən qalxıb qayığın kənarından dənizə peşab elədi, ulduzlara baxıb istiqaməti müəyyənləşdirdi. Çiynindən aşırdığı və birbaşa suyun altına gedən tilov ipi fosfor təki işıq saçırdı. Qayıq aramla və çox asta üzürdü. Havana çıraqlarının işığı o qədər də gur deyildi. Qoca başa düşdü ki, axın qayığı gündoğana tərəf aparır. “Havananın işıqları getgedə sozalırsa, demək onda biz daha çox üzü gündoğana tərəf gedirik, – qoca düşündü. – Əgər balıq öz istiqamətini dəyişməsəydi, mən onları daha çox seyr edərdim, işıqlar bu tezliklə nəzərdən itməzdi. Görəsən, beysbol necə qurtardı? Kim uddu? Qayıqda radio bax belə vaxtlarda lazımdır!» Amma sonra fikirlərinin axarını dəyişdi: «Əsas məsələdən yayınma! Başqa vaxt beysbol barədə nə qədər istəsən, fikirləşə bilərsən, indi isə yalnız nə edəcəyini düşün! Boş xəyallara uyma, yoxsa uduzarsan!” Sonra ucadan dedi: –Heyf ki, oğlan yanımda deyil. Yanımda olsaydı, mənə kömək edərdi, bu həngaməni də öz gözüylə görərdi.

Fikirləşdi ki, gərək insan qocalanda tək qalmasın, amma neyləmək olar, bu qaçılmazdır. Tunes iylənib xarab olmamış bəlkə ətindən bir az qoparıb yeyim. Gücdən düşməmək üçün yemək lazımdır. İştaham olmasa da, gərək səhər ondan bir az dilimə vurum. Əbəs yerə deməyiblər ki, səhər tikəsi qüvvətdir; mən də ac oldum-olmadım, yeməliyəm.

Gecəyarısı iki dəniz donuzu mayallaq vura-vura qayığın ətrafında üzürdü. Qoca onların səsini eşidirdi. Erkək donuz bərkdən, dişisi isə astadan fısıldayırdı.

–Yaxşı heyvanlardır, – qoca dedi. – Oynayırlar, zarafatlaşırlar. Qanadlı balıqlar kimi, bunlar da biz insanlara çox yaxındır.

Qocanın tilova düşən iri balığa yazığı gəldi, düşündü ki, balıq deyil, xalis möcüzədir. Görəsən, onun neçə yaşı olar? Mən ömrümdə belə güclü balıq tutmamışam, başıma belə qəribə oyun açanı olmayıb. Görünür, çox ağıllı balıqdır ki, atılıb-düşmür. Əgər ipi dartsa, ya hoppansa, məni bir andaca məhv edə bilər. Ola bilsin, qabaqlar dəfələrlə qarmağa keçib, indi də qərara gəlib ki, canını bu sayaq mübarizə yoluyla ölümdən qurtarsın. Yəqin qoca ilə tək vuruşduğunu bilmir.

Nəsə çox zırpı şeydir. Görəsən, əti ləzzətli olsa, bazarda nə qədər pul çıxardar? Yemi götürməyindən bildim ki, erkəkdir.

Özünü əsl kişi kimi apardı. Heç nədən də qorxub-eləmir.

Görəsən, nə etdiyini bilirmi, yoxsa o da elə mənim kimi bəxtə-bəxt baş götürüb hara gəldi gedir? Bir dəfə bir dişi marlin balığı tutmağı yadına düşdü.

Erkək balıq, həmişə olduğu kimi, dişini qabağa buraxdı ki, yeməyə birinci o girişsin. Dişi balıq qarmağa keçib ora-bura vurnuxanda erkək tayı dəridən-qabıqdan çıxıb onu xilas etməyə çalışırdı. Dişi balıq taqətdən düşəndən sonra da erkək balıq onu tərk etmirdi; suyun üzünə çıxıb dövrə vuravura elə hey özünü qabağa atır, vəhşicəsinə atılıb-düşür, gah qaytana, gah qayığa hücum çəkib qocanı çaşdırırdı. O vaxt erkək balığın oraq kimi əyri, ülgüctək iti quyruğu ilə tilov ipini kəsəcəyi hətta qocanı qorxutmuşdu da. Ona görə də nizəni dişi marlinə sancan kimi, tez qarmağı onun ağzına ilişdirmişdi, toppuzla başına dalbadal bir neçə zərbə endirmişdi. Erkək marlin bundan sonra da əl çəkməmişdi.

Dişi marlin toppuz zərbələri altında əsl rəngini itirib, güzgülərin arxa tərəfinə çəkilən amalqama rənginə bənzər bir rəng almışdı və qoca oğlanla köməkləşib birtəhər onu qayığa çəkib salmışdı. Erkək marlin isə mübarizədən yorulmayıb, hələ də qayığın ətrafında fırlanırdı. Qoca ipi yığışdırıb nizəni götürəndə o, lap yaxınlıqdaca havaya tullanıb, dişi marlini görmək eşqilə qayığın içinə baxmışdı, sonra dənizə düşmüşdü və açıq-yasəməni rəngə çalan döş üzgəclərini geniş açaraq üzə-üzə dərinliklərdə gözdən itmişdi.

Onun belindəki bənövşəyi zolaqlar par-par parıldayırdı. Qoca indiyəcən də onun gözəlliyini, sədaqətini unuda bilmirdi.

“Ömrümdə bundan kədərli, bundan qəmgin hadisəylə rastlaşmamışam, – qoca təəssüflə köks ötürdü, – oğlan da bərk məyus olmuşdu. Dişi marlindən üzr istəyib, onu parçaladıq”.

“Heyf ki, oğlan burada yoxdur”, – qoca düşündü və özünü yığışdırıb yerini rahatladı.

Çiynindən aşırdığı ip nəhəng balığın ağırlığını aşkar hiss etdirirdi. Balıq yorulmaq bilmədən üzürdü. Qoca düşündü: “Gör ona necə kələk gəlmişəm ki, taleyi ilə barışmağa məcbur olub”.

“Balıq insanların hər cür hiyləsindən və qurduqları tələdən uzaqda, okeanın dərin suları altında yaşamaq istəyirdi.

Mən isə onu üzə çıxartdım. İnsan nəfəsi dəyməyən bir yerdə indi biz bir-birimizə bağlanmışıq, bir-birimizdən ayrılmazıq.

Aramızdakı bu yaxınlıq dünən günortadan başlanıb. İndi heç kim nə mənə, nə də ona kömək edə bilməz”.

“Bəlkə heç mənim balıqçı olmağım lazım deyilmiş, – o düşündü. – Amma mən ancaq balıqçı olmaqçün doğulmuşam… Səhər açılanda tunesi yemək yaddan çıxmasın”.

Dan yeri sökülən vaxtdan bir az qabaq arxa tərəfdəki iplərdən biri tərpəndi. Qoca çubuğun sındığını duydu, tilov ipinin qayığın qırağından sürüşüb suya düşdüyünü hiss elədi.

O, qaranlıqda bıçağı qınından çıxartdı, balığın ağırlığını sol çiyninə verib arxaya qanrıldı, ipi qayığın kənarına dirəyib kəsdi, sonra yaxınlıqdakı o biri qaytanı da kəsib ehtiyat kələflərin ucunu bir-birinə düyünlədi. Birəlli çox yaxşı işləyirdi, düyün lap möhkəm tutsun deyə ayağı ilə kələfin üstündən bərk-bərk basırdı. İndi düz altı dənə ehtiyat tilov ipi vardı. Onların iki cütünü qabaqcadan kəsilmiş qaytanlardan hazırlamışdı; bir cütü də qarmağına balıq keçmiş tilovunkuydu. Kələflərin hamısı bir-birinə bənd edilmişdi.

“Qırx dəniz sajeni dərinliyinə saldığım ipi hava işıqlaşanda çıxardıb kəsəcəm, ehtiyat kələflərə calayacam, – qoca düşündü. – Düzdür, bu hesabla düz iki yüz sajen xalis katalon kəndirimi, bir də qarmağımı bada verəcəm. Eybi yoxdur, bunları tapmaq olar. Amma əgər qarmağa hansısa başqa bir balıq ilişib bunu sıradan çıxartsa, təzə balığı mənə kim verər, belə böyük itkini nə əvəz edə bilər? Görəsən, bu dəqiqə o biri qarmağa keçən nə balığıydı? Marlin də ola bilər, qılınc-balıq da. Bəlkə lap elə köpəkbalığıdır? Başa düşmədim, heç hiss etməyə də macal tapmadım. Yox, ondan mümkün qədər tez yaxa qurtarmaq lazımdır”.

–Kaş oğlan burada olaydı, – ucadan dilləndi.

“Amma oğlan burada yoxdur, heç olmayacaq da, – qoca düşündü. – Yaxşısı budur, özünə güvən. Nə qədər qaranlıqdır, işə giriş, axırıncı kəndiri də çıxart, kəs, ehtiyat kəndirlə düyünlə”.

Belə də elədi. Qaranlıqda işləmək çətin idi, ağır idi. Bu vaxt birdən balıq onu elə dartdı ki, qoca üzüstə qayığa yıxıldı, gözünün altı zədələndi, yanağından qan axmağa başladı, amma yaxşı ki, qan tezcənə laxtalandı. Bununla belə, qoca işindən qalmadı, dikəlib qayığın burnundakı oturacaqda əyləşdi, nəfəsini dərib bir azacıq dincəldi, sonra boynuna sarıdığı kisəni düzəldib çiynindəki qaytanı ehmalca bir qədər yana, çiyninin ağrımayan yerinə sürüşdürdü; var qüvvəsini çiyinlərində cəmləyib kəndiri bərkdən dartdı ki, görsün balıq necə çəkir; sonra qayığın sürətini təyin etməkçün əlini suya saldı.

“Görəsən, balıq niyə belə təkan verdi? Yəqin ip sürüşüb, belindəki böyük donqarın üstünə düşüb. Onun beli mənimkitək ağrımaz, amma lap ağrımasa da, qayığı ömürbillah arxasınca dartıb gəzdirə bilməz ki. Mən indi hər ehtimala hazıram. İstədiyim qədər də kəndir ehtiyatım var.

Balıqçıya daha nə lazımdır?” –Balıq, onu bil ki, nə qədər canımda can var, səndən əl çəkən deyiləm, – astadan dilləndi.

“Amma belə görürəm ki, heç balıq da məndən əl çəkənə oxşamır”, – qoca düşündü və havanın işıqlaşmasını gözləməyə başladı. Sübh soyuğu iliyə işləyəndə o, büzüşüb qısıldı, kürəyini taxtalara söykədi ki, heç olmasa canı bir az qızışsın. “Madam ki, balıq dözür, mən də bacardığım yerəcən dözməliyəm”.

Səhər şəfəqləri dənizin dərinliyinə gedən tilov ipinin düz üstünə düşmüşdü, qayıq da durmadan irəli üzürdü. Günəşin dənizdən boylanan ilk telləri qocanın sağ çiynini oxşadı.

–Hə, balıq indi də şimala üz tutub, – qoca dedi. – Axın isə çox güman ki, bizi gündoğana tərəf aparıb, özü də bir xeyli aparıb. Yaxşı olardı ki, balıq da yönünü döndərib axınla getsin. Belə olsaydı, bilərdim ki, yorulub.

Amma elə ki gün bir balaca dikəldi, qoca əlbəəl anladı ki, balığın yorulmaqla əsla işi yoxdur. Ürəkaçan bircə şey vardısa, o da tilov ipinin dəniz səthi ilə əmələ gətirdiyi meyl bucağıydı – bu, balığın dayazda üzdüyünü göstərirdi. Lakin bu heç də o demək deyildi ki, balıq tezliklə mütləq suyun üstünə çıxacaq.

–Kömək ol ilahi, məcbur elə ki, balıq suyun üzünə çıxsın! Suyun üzünə çıxsa, öhdəsindən gəlməyə ipim çatar.

“Görəsən, kəndiri bir az da dartıb, balığın hansı yerinisə incitsəm, onu üzə çıxmağa məcbur edə bilərəm? – qoca fikrə getdi. – Nə qədər ki, hava işıqdır, qoy dənizin üzünə çıxsın.

Üzə çıxsa, onda bel sütunundakı boşluqlara hava dolar, daha suyun dərinliyinə baş vura bilməz, gedib dənizin dibində gəbərməz”.

O, gərginliyi artırmağa cəhd etdi. Tilov ipi onsuz da balıq qarmağa keçən dəqiqədən tarım idi. İndi qoca özünü geri verib, onu bir az da yığmaq istədi, ip az qaldı kürəyini kəsib ətə girsin. Qoca başa düşdü ki, bundan artığı alınmayacaq. “Yox, daha tərpətmək, bundan tarım çəkmək olmaz, yoxsa darta-darta qarmağın əmələ gətirdiyi yaranı böyüdə bilərəm, balıq da ya çevriləndə, ya dönəndə, ya da hoppananda qarmaq çıxa bilər. Hər halda, bu saat günün günorta çağı mənim halım o qədər də pis deyil. Heç nəyi vecimə almaya bilərəm”.

Tilov ipinə hər tərəfdən sarı dəniz yosunları yapışmışdı, lakin bu qocanın xoşuna gəldi; çünki onlar qayığın sürətini azaldırdı. Həm də bu sarı yosunlar gecə vaxtı ətrafa fosfor kimi işıq saçırdı.

–Balıq, sən mənim çox xoşuma gəlirsən, özü də sənə böyük rəğbətim var, – qoca dedi. – Amma hava qaralanacan mən sənin canını alacam.

Fikirləşdi ki, ruhdan düşmək lazım deyil, inşallah, belə də olacaq.

Şimaldan üzübəri, qayığa tərəf bir quş uçub gəlirdi, özü də lap alçaqdan uçurdu. Qoca başa düşdü ki, quş bərk yorulub.

Zənnində yanılmamışdı, dincini almaqçün quşcuğaz həqiqətən də gəlib qayığın arxa tərəfinə qondu. Tez də sıçrayıb havaya qalxdı, qocanın başı üzərində hərlənə-hərlənə axırda daha münasib bildiyi yerə, tilov ipinin üstünə qondu.

–Neçə yaşın var? – qoca quşdan xəbər aldı. – Bu, sənin ilk səyahətindir? Qoca danışır, quş da ona baxırdı. Yazıq elə yorulmuşdu ki, qaytanın etibarlı olub-olmadığının fərqinə varmadan incə, zərif caynaqlarıyla ondan yapışıb yellənirdi.

–Qorxma, ip tarım çəkilib, – qoca quşu arxayın etmək istədi, – lap kefin istəyən qədər tarımdır. Küləksiz gecədə sən gərək belə yorulmayaydın axı. İşə bax sən allah, indinin quşları da dəyişib! “Qırğılarsa sizin arxanızca uçub dənizə gəlir” – qoca fikrindən keçirtdi, amma düşündüyünü quşa demədi.

Fikirləşdi ki, onsuz da quş onu başa düşməyəcək, qırğının nə olduğunu isə həyat özü ona öyrədər.

–Quşcuğaz, yaxşı-yaxşı dincini al, sonra da sahilə uç, həyat uğrunda mübarizə apar, yaşamaq uğrunda vuruş: necə ki hər adam vuruşur, hər balıq, ya hər quş vuruşur.

Quşla etdiyi söhbət qocaya təskinlik verib onu bir qədər özünə gətirdi; qoca özündə bir gümrahlıq duydu. Bütün gecə ərzində kürəyi bərk ağrımışdı, ağrı elə indi də onu əməlli-başlı incidib kələyini kəsirdi.

–Quşcuğaz, istəyirsən mənimlə qal. Səni apararam öz evimə, – qoca onu əzizlədi. – Amma heyf ki, yelkəni açıb səni sahilə çıxarda bilməyəcəm. Baxmayaraq ki, yüngülcə külək də qalxmağa başlayır, amma bu yenə mümkün deyil, çünki mən dənizdəki dostumu heç cür qoyub gedə bilmərəm.

Bu vaxt balıq ipi qəfildən elə dartdı ki, qoca kəlləsi üstə qayığın içinə yıxıldı; əgər qayığın kənarından yapışıb tilov ipini bir qədər boşaltmasaydı, yəqin ki, birbaşa dənizə düşəcəkdi.

İp titrəyən kimi quş havaya qanadlanmışdı; amma qoca onun uçub getməyinə əhəmiyyət vermədi. Qaytanı diqqətlə yoxlayanda sağ əlinin qanadığını gördü və ucadan dedi: –Görünür, balığı da orda nəsə bərk incidir.

Sonra şikarını üzüstə aşırtmaq ümidiylə tilov ipini dartıb, əvvəlkitək tarım saxladı; kəndirə söykənmiş vəziyyətdə əyilib gözləməyə başladı.

–Hə, balıq, indi necəsən? İp səni incidir? – qoca xəbər aldı və tez də əlavə elədi: – Allah özü şahiddir ki, elə məni də bərk incidir.

O, gözləriylə quşu axtardı, çünki kiminləsə danışmaq istəyirdi. Amma quş heç yerdə gözünə dəymədi. Quş yanında olanda qoca özünü tənha hiss etmirdi; onda sanki ağrıları da bir qədər azalırdı.

“Quşcuğaz, mənim yanımda az qaldın. Sahilə çatanacan çox əziyyət çəkəcəksən, – ürəyində dedi. – Necə oldu ki, balıq bircə təkanla məni yıxdı, hələ əlimi də qanatdı? Axı belə şeyə mən niyə yol verdim? Görünür, balaca quşcuğaza aludə olub özümü unutmuşdum. İndi bütün diqqətimi işimə yönəltməliyəm. Qüvvə yığmaqçün qoy bir az tunes yeyim”.

–Heyf ki, oğlan yanımda deyil, – qoca ucadan dedi. – Bir də orası pisdir ki, duz yoxumdur; kaş bircə tikə duzum olaydı.

Qaytanın bütün ağırlığını sol çiyninə keçirib ehtiyatla aşağı əyildi, sağ əlini okeanın suyunda yudu, əlini suyun içində bir dəqiqədən az saxladı. Qan ləkələrinin yuyulub təmizlənməsinə baxa-baxa, eyni zamanda suyun axınını və qayığın hərəkət sürətini də müəyyənləşdirərək: –Hərif sürətini yaman azaldıb, – dedi.

Əlbəttə, qoca yaralı əlini şor suda daha çox saxlamaq istərdi, lakin balığın qəfil təkanından qorxurdu. Dikəlib ipi düzəltdi, yaralı əlini qaldırıb günə tutdu. Tərs kimi ip əlinin downloaded from KitabYurdu.org 77 işlək yerini kəsmişdi. Bunu görəndə qanı bərk qaraldı.

Fikirləşdi ki, bu gün onun əsas işini məhz bu əl görəcəkdi, o da səhər erkəndən beləcə yaralanıb sıradan çıxdı.

Əlinin suyu quruyandan sonra dedi: –Yemək vaxtıdır. Götürüm balaca tunesi yeyim.

Dostumu ordan qarmağın çəngəliylə çıxarıb, elə buradaca rahat-rahat yeyə bilərəm.

O, dizi üstə çöküb dəstəli qarmağı arxa oturacağın altına soxdu, tunesi ordan ehmalca çəkib çıxartmağa başladı, həm də çalışdı ki, qarmağın ucu tilov ipinə toxunub onu zədələməsin. Qaytanın bütün ağırlığını təzədən sol çiyninə verdi, sol əliylə qayığın qırağından yapışıb tunesi qarmaqdan çıxartdı, sonra onu öz yerinə atıb balığı dizinin üstünə qoydu.

Tunesin qara-qırmızı ətini boynundan ta quyruğunacan uzununa nazik-nazik dilimlərə böldü. Dübbədüz altı tikə kəsib hamısını cərgə ilə qayığın burnundakı taxtanın üstünə düzdü; bıçağı şalvarına siləndən sonra balığın skeletini götürüb dənizə tulladı. “Bir tikə yeyə bilsəm, böyük şeydir”, – deyib uzunsov tikələrdən birini bıçaqla tən ortadan böldü.

Qoca, dənizdəki iri balığın tilov ipini yorulmaq bilmədən eyni qüvvə ilə dartdığını hiss edirdi. Sol əli tamam keyimişdi.

O, ağır ipdən bərk-bərk yapışıb, yaralanmış sol əlinə nəzər saldı.

–Sən nə təhər əlsən! – dedi, – bir halda ki, keyimək istəyirsən, onda buyur keyi! Yığılıb lap quş caynağına dönsən də, bir xeyri yoxdur.

«Ye, əlinə də qüvvət gəlsin, – qoca tutqun rəngə çalan suya, köndələninə dənizin dərinliyinə gedən tilov ipinə nəzər salıb düşündü. – Axı, əl yazığın nə günahı? Gör neçə saatdır o ağırlıqda balığı saxlayır. Amma sən bu balıqdan axıracan əl çəkən deyilsən ha. Hələliksə ye».

Tikəni ağzına qoyub ehmalca, ağır-ağır çeynədi. Tunes o qədər də pis dadmırdı. Öz-özünə dedi: “Elə ki, bütün şirəsi çıxsın; azca turşu, ya lumu, ya da, heç olmasa, bir çimdik duz olsaydı, pis dadmazdı”.

–Hə, mənim əlim, de görüm, indi necəsən? – keyiyib ölü əli kimi qaxaca dönmüş əlinə baxa-baxa soruşdu. – Sənin xətrinə bu dadsız balıqdan gərək bir tikə də yeyim. Bir az da yeməliyəm ki, sən cana gələsən.

Kəsdiyi ətin ikinci tikəsini də çeynəyib uddu, ağzında qalmış qabığı suya tüpürdü.

–Hə, indi necəsən? Yoxsa hələ tezdir? O, tunesin ətindən daha bir tikəni götürüb ağzına atdı və çeynəyə-çeynəyə düşündü: “Pis deyil, yaxşı balıqdır, qanı da üstündədir. Bəxtim onda gətirdi ki, qarmağıma skumbriya yox, tunes keçdi. Skumbriya həddən ziyadə şirin olur. Tunesin ətində isə heç şirinlik yoxdur. Amma lazım olmayan şeylər haqqında düşünüb fikrimi yayındırmamalıyam, – deyə tunesin bir tikəsini də ağzına qoydu. – Kaş bircə çimdik duz olaydı. Heç bilmirəm bu tikələr gün altında qalsa xarab olar, ya yox? Ac olmasam da, hamısını yeyəcəm. Mənim nəhəng balığım hələ ki, şıltaqlıq eləmir. Doğradığım tikələrin hamısını yeməliyəm ki, dostumun hər hoqqasına qarşı hazır olum”.

–Mənim əlim, bir az hövsələli ol, – qoca əlinə müraciət elədi. – Özün görürsən ki, səndən heç nə əsirgəmirəm, çalışıram ki, sağalasan. Bacarsaydım, öz nəhəng balığımı da yemləyərdim, axı o mənim qardaşımdır. Bununla belə, mən onu öldürməliyəm. Öldürmək üçün də gərəkdir ki, güclü və gümrah olum.

Qoca nazik, uzunsov tikələrin hamısını bir-bir çeynəyib uddu, sonra dikəlib əlini şalvarına sildi və ucadan dedi: –Hə, sol əlim, indi sən ipi buraxıb dincələ bilərsən.

Sənin şıltaqlığından qurtarmaq üçün qaytanı sağ əlimlə idarə edirəm.

O, sol ayağını bayaqdan bəri sol əliylə tutduğu yoğun ipin üstünə qoydu, geriyə əyilib bütün ağırlığı kürəyinə verdi.

–İlahi, özün kömək elə ki, sol əlimin keyi açılsın, yoxsa bu yekə balıq başıma oyun açar.

“Hələ ki sakitdir; əvvəldən nə cür başlamışdısa, o cür də davam edir, – qoca düşündü. – Görəsən, neyləmək istəyir? Yaxşı, bəs mən özüm nə etməliyəm? Natarazın hərəkətlərindən nəticə çıxarıb, gərək elə buradaca, ayaqüstü bir qərara gəlim. Üzə çıxsa, onda mən onu öldürərəm. Amma çıxmır axı, deyəsən, heç çıxana da oxşamır. Hərgah çıxmasa, onda bəs mən neyləməliyəm? Özümü suya atıb həmişəlik onunla bərabərmi qalmalıyam?” Keyləşmiş sol əlini şalvarına sürtüb barmaqlarını açmağa cəhd göstərsə də, bir şey çıxmadı. Düşündü: “Gün dəysə bəlkə açılar. Ya da qarnımdakı çiy ət həzmə gedəndən sonra açılacaq. Lazım olsa, lap zorla açılmalıdır. Ancaq indi heç mən özüm də onu zor gücünə açmaq istəmirəm. Qoy özü yumşalıb açılsın. Gecə cürbəcür kəndir-qaytanı götürüb doğrayanda, bir-birinin ucuna calayıb düyünləyəndə mən onu çox incitdim, çox işlətdim, axırda da yorub heydən saldım”.

Ətrafa nəzər yetirib göz işlədikcə uzanan dənizə baxdı, tək-tənha olduğunu yalnız indi anladı. O, günəş tellərinin tünd sulara necə dəyib sınmasına, parçalanaraq əlvan rənglərə çevrilməsinə, dənizin dərinliklərinə gedən tilov ipinə, okeanın hamar səthinin qəribə tərzdə ləpələnməsinə tamaşa edirdi.

Tropik sahil küləyinin əsəcəyindən xəbər verən buludlar göydə get-gedə daha çox sıxlaşıb komalaşırdı. Qoca başını qaldırıb baxanda yuxarıda vəhşi ördəklərin qatarla uçduğunu gördü. Mavi, bozumtul səmada onlar necə də aydın nəzərə çarpırdılar! Ördək qatarı qəfildən dağılışdı, sonra təzədən bir dəstədə süzməyə başladı. Qoca başa düşdü ki, insan dənizdə heç vaxt tək qalmır.

O, bəzilərinin kiçik qayıqda, açıq dənizdə tək qalmaqdan necə qorxduqlarını yada saldı; düşündü ki, təkcə havanın qəfil dəyişdiyi aylarda dənizdə tək qalmaqdan çəkinmək olar. İndi tufan-fırtına fəsli olsa da, hələ arada heç bir şey yox idi: ilin ən yaxşı çağlarıydı.

Qoca fikirləşdi ki, dənizdə fırtına olacağını qabaqcadan, özü də bir neçə gün öncədən asanlıqla duymaq olur. Bunun xüsusi əlamətləri var. Sahildə isə bu nişanələri sezmək olmur, çünki baxılası bir şey yoxdur. Bir də sahildə buludların forması, görkəmi tamam başqa cür olur.

Hələliksə heç bir fırtına təhlükəsi gözlənilmir.

O, göyə baxanda qalaq-qalaq ağ bulud topalarını gördü; dondurmaya oxşadığından qoca onları yaman xoşlayırdı, daha yüksəklərdə isə pərquvari, şəffaf buludlar uçurdu.

– Balıq, bu əsən sahil küləyi mənim xeyrimə, sənin isə ziyanına olacaq, – qoca dedi.

Onun sol əli yavaş-yavaş hərəkətə gəlsə də, hələ qıc idi.

Qoca düşündü: “Qıcolmadan zəhləm gedir. İşin qızğın yerində bədənin qıc olması namərdlikdir. Balıqdan zəhərlənib adamların yanında qusmaq, ishala düşmək nə qədər rüsvayçılıq olsa da, bədənin qıc olub keyiməsi (fikrində o, bunu calambre adlandırdı) ondan betərdir, adam tək-tənha, köməksiz olduğu halda isə bu – xalis əclaflıqdır”.

“Oğlan burada olsaydı, – qoca yenə düşündü, – sol qolumu dirsəkdən aşağı ovuşdurub əlimin keyini açardı.

Amma eybi yoxdur, öz-özünə də açılar”.

Bu vaxt sağ əlində tutduğu ipin qismən boşaldığını duydu. Dənizə nəzər saldıqda tilov ipiylə su səthinin əmələ gətirdiyi meyl bucağının dəyişdiyini gördü. Qoca bədənini arxaya verdi, sol əlini baldırına döyəclədi, kəndir tədricən yuxarı, suyun üstünə qalxırdı.

–Balıq üzə çıxır. Əlim, di özünə gəl! Di açıl! Yalvarıram sənə…

Tilov ipi aramla yuxarı qalxırdı. Nəhayət, qayığın düz yaxınlığındaca okeanın hamar səthi qabardı, balıq üzə çıxmağa başladı, di gəl ki, heç cür çıxıb qurtarmaq bilmirdi.

Bu nəsə möcüzəyə oxşar bir şey idi: balığın yanlarından su fəvvarətək vurur, beli günəş şüalarının altında par-par parıldayırdı. Balığın başı və quyruğu tünd bənövşəyi rəngdə idi, böyürlərinin uzun, enli zolaqları günün altında zərif yasəməni rəngə çalırdı. Burnunun üstündə beysbol ağacına oxşayan uzun qılıncı vardı. Qılıncın ucu xəncər tiyəsi kimi itiydi. Balıq tamamilə suyun üzünə qalxdı, sonra da dalğıc kimi səssiz-səmirsiz, yavaş-yavaş dənizə baş vurdu. Onun ülgüctək iti, oraqvari yepyekə quyruğu gözdən itən kimi tilov ipi sürətlə açılmağa başladı.

–Bu balıq mənim qayığımdan düz iki fut uzundur ki! – qoca dedi.

Tilov ipi sürətlə, lakin eyni ahənglə dənizə batırdı. Qoca onu ikiəlli dartırdı. Yaxşı bilirdi ki, müqavimət göstərib balığın sürətini azaltmasa, o bütün ehtiyat kəndirlərini çəkib aparacaq, axırda da qırıb qaçacaq.

“Çox nəhəng balıqdır, – qoca fikirləşdi, – zərb-dəstimi əvvəldən ona göstərməliyəm. Məndən güclü olduğunu qətiyyən duymamalıdır; nəbadə o bunu hiss edə. İndi mən onun yerinə olsaydım, var qüvvəmi toparlayıb, baş götürüb hara gəldi gedərdim – ikimizdən birimiz uduzanadək gedərdim. Allaha çox şükür ki, balıqlar biz insanlar kimi dərrakəli deyil; amma çox cəld, həm də nəcib varlıqdır”.

Qoca iri balıqları çox görmüşdü, lap min girvənkədən ağırlarına da rast gəlmişdi, hətta bir dəfə (əlbəttə, təklikdə yox) iki zırpısını da tutmuşdu. İndi isə təkbaşına, özü də sahildən xeyli uzaqda, açıq dənizin tən ortasında nəhəng balıqla üzbəüz, təkbətək qalmışdı. Bu durum nəinki onun əlqolunu bağlamışdı, hətta bütün varlığını sarsıtmışdı; bu yandan da, tərslikdən, sol əli keyləşmiş, qartal caynağıtək büzüşüb qalmışdı.

“Mənə elə gəlir ki, sol əlim açılacaq, əlbəttə, açılıb sağ əlimə kömək etməlidir. Biri vardı, biri yoxdu, üç qardaş vardı… Onların biri dənizdəki nəhəng balıqdır, ikisi də mənim əllərimdir – sağ əlimlə sol əlim. Yox, mütləq açılacaq. Belə vaxtda onun keyiməsi biabırçılıq olardı”.

Balıq sürətini azaldıb, yenə əvvəlki mütiliklə üzürdü.

“Görəsən o niyə birdən-birə suyun üzünə çıxdı? – qoca özündən soruşdu. – Yəqin, necə nəhəng olduğunu mənə göstərmək istəyirdi. Çox yaxşı, hesab elə ki, gördüm, niyyətini də başa düşdüm. İndi növbə mənimdir, gərək mən də necəliyimi ona göstərəm. Görəsən, balıq mənim qıc olan əlimi görsəydi, neylərdi? Kaş o mənim barəmdə əslində olduğumdan daha yaxşı düşünəydi, əvəzində mən də onun arzuladığı kimi olmağa çalışardım. Düzünə qalsa, elə mən özüm də belə bir nəhəng balıq olmaq istərdim: bir şərtlə ki, məndəki iradə, ayıqlıq, zəka da özümdə qalaydı, balıqdakı güc də məndə olaydı”.

O, qayığın kənarında oturub ağrıya və bütün əziyyətlərə dözə-dözə taxtaya söykəndi; balıq əvvəlki kimi qabağa üzür, qayıq tutqun rəngə çalan suları yara-yara aramla onun ardınca gedirdi. Şərqdən qalxan xəfif külək dənizi ləpələndirirdi.

Günorta vaxtı qocanın qıc olmuş əli tamam açıldı.

–Balıq, onu bilirsənmi ki, əsməyə başlayan bu külək sənə qara xəbərlər gətirir? – qoca soruşdu.

O, çiynindəki kisənin üstündən keçən ipi kürəyinə tərəf meylləndirdi. Özünü qismən yaxşı hiss etsə də, dözülməz ağrı və əziyyət əvvəlki kimi qalmaqdaydı.

–Mən dindar deyiləm, amma bu balığı tuta bilsəm, on dəfə “Həzrət İsa”, bir elə də “müqəddəs Məryəm” duasını oxuyaram; üstəlik, Kobren madonnası kilsəsinə gedib ibadət edərəm.

Qoca bilaixtiyar duaya başladı. Yorğunluğun ucbatından hərdənbir sözlər onun yadından çıxırdı; bunu duyduqca duanı daha yeyin oxuyurdu ki, söz sözü çəkib gətirsin, yaddan heç nə çıxmasın. Oxuya-oxuya onu da yəqin etdi ki, “müqəddəs Məryəm” duasını təkrarlamaq heç demə “Həzrət İsa” duasından daha asanmış.

–Ey Tanrının bakirə anası, ey məsum Həzrəti-Məryəm, Allahın özü səninlədir. Qadınların ən uğurlusu, ən bəxtəvərisən, mübarək bətnindən biz bəndələrə xilaskar Həzrəti-İsanı sən əta etmisən. Amin! Ey Tanrının bakirə anası müqəddəs Həzrəti-Məryəm, biz günahkar bəndələrin bağışlanması üçün indi də, biz öləndən sonra da dua elə! Amin! Ey müqəddəs Tanrı anası, bu balıq çox gözəl olsa da, dua elə ki, canını tapşırsın! Qoca duanı oxuyub qurtarandan sonra özündə xeyli yüngüllük duydu, lakin çəkdiyi daimi ağrı və əziyyət qətiyyən azalmadı, əksinə, daha da artdı. Qayığın burnundakı taxtaya söykənmiş halda, sol əlinin barmaqlarını oynatmağa başladı.

Xəfif yel əssə də, hava isti idi. Qoca dedi: –Yaxşısı budur, balaca qarmağı suya atım. Birdən balıq bu gecəni də dənizdə keçirmək fikrinə düşsə, onda mən bir şey yeməliyəm, ya yox? Şüşədə su da az qalıb. Heç ağlım kəsmir ki, buralarda skumbriyadan savayı bir fərli balıq olsun. Tutan kimi, təzə-təzə yesəm, elə bilirəm, dadı o qədər də pis olmaz. Bu gecə qayığıma bircə dənə uçan balıq düşsəydi, çox yaxşı olardı, heyf ki, onları cəlb etmək üçün fənərim yoxdur. Qanadlı balığı çiy-çiy yeyəndə adamın ağzı dada gəlir. Heç onları kəsib təmizləməyə də ehtiyac qalmır.

İndi çalışmalıyam ki, boş yerə güc sərf etməyim. Həzrətiİsaya and olsun ki, mən balığın bu boyda olacağını heç təsəvvürümə gətirməzdim.

Bir qədər susub, sonra gerisini gətirdi: –Yekəliyinə, gözəlliyinə baxmayıb onun axırına çıxacam. Ola bilsin ki, bu elə də yaxşı iş deyil, amma öldürməliyəm. Mən insan oğlunun nələrə qadir olduğunu ona göstərəcəm.

Az sonra dedi: –Mən oğlana demişdim ki, qəribə qocayam, bax indi bunu sübut etməyin əsl məqamıdır.

Qoca dediklərini indiyəcən azı min dəfə sübut etmişdi, ancaq onun bu vaxta qədər etdikləri indikinin yanında heç nə idi. İndi bu təzə hadisə ilə dediklərini bir də təsdiq edəcəkdi.

Keçənə güzəşt deyib düşündü: “Balıq yatsaydı, əcəb yaxşı olardı. Bir az gözümü yumub yuxuda şirləri görmək istərdim.

Görəsən, bu günəcən həyatda rastlaşdığım şeylərdən ən çox yadımda qalanı niyə şirlərdir?” Özünə xitabən dedi: “Qoca, bəsdir fikirləşdin, başını az yor. Kürəyin taxtaya söykəyib bir az dincəl, özün də heç nə düşünmə! Bu dəqiqə balıq öz canının hayındadır, heç olmasa, həmin müddətdə sən də canının dərdini çək”.

Günəş artıq qüruba hazırlaşırdı. Qayıq aramla, əvvəlki istiqamətdə üzürdü. Şərqdən əsən külək qayığı qabağa itələyirdi. Xırda ləpələr oynadıqca qayığı atıb-tutur, qocanı da yüngül-yüngül yırğalayırdı; amma çiynində tarım saxladığı tilov ipi onun kürəyini bərk ağrıdırdı.

Birdən ip təzədən üzə çıxmağa başladı. İntəhası balıq bir azca yuxarı qalxsa da, üzməyi yenə eyni tərzdəydi.

Günəş indi qocanın sol çiynini, qolunu və kürəyini yandırırdı.

Bunu hiss edəndə başa düşdü ki, səmt dəyişib, balıq indi şimal-şərqə üz tutub.

Qoca artıq bir dəfə balığı gördüyündən indi suyun altında onun bənövşəyi döş üzgəclərini qanad kimi geniş açdığını, yekə quyruğunu aramsız tərpədərək suları necə yardığını aydın təsəvvür edə bilirdi. Düşündü ki: “Maraqlıdır, görəsən, belə bir dərinlikdə balıq nəsə görüb seçə bilirmi? Yamanca iri gözləri var. Atın gözləri onunkundan xırdadır, intəhası əməlli-başlı görür. Lap qatı zülməti demirəm, amma bir vaxtlar qaranlıqda mənim gözlərim də pis seçmirdi. Hər halda, pişik gözündən geri qalmazdı”.

Barmaqlarını durmadan oynatması və günəşin hərarəti, axır ki, qocanın qıc olmuş sol əlinin keyini açdı: keylikdən əsər-əlamət qalmamışdı. Balığın ağırlığını qoca indi yavaşyavaş sol qoluna keçirtməyə başladı, kürəyini qançır eləmiş kəndirin ağrısını bir qədər azaltmaq üçün belini, əzələlərini oynadıb dedi: –Balıq, əgər sən yorulmamısansa, daha sənə sözüm yoxdur, deməli, doğrudan da, çox qəribə, qeyri-adi varlıqsan.

Özü isə yorulub heydən düşmüşdü; havanın tezliklə qaralacağını, axşamın tezliklə düşəcəyini bildiyindən ayrı şeylər barədə düşünməyə çalışdı. Gran Ligas beysbol liqasını xatırladı; bu liqanı qoca beysbol liqalarından ən məşhuru hesab edirdi. Sonra yadına düşdü ki, bu gün NyuYorkun “Yankilər”i Detroytun “Pələnglər”i ilə oynayacaq.

“Düz iki gündür juegos 4 nəticələri barədə heç nə bilmirəm, – o, fikrə getdi. – Amma var gücümü toplayıb, ustad Di Macionun adına layiq iş görməliyəm. Dabanlarının döyənəyi onu bərk incitdiyi vaxtlarda da Di Macio hər şeyi əla edirdi. Görəsən, sümük döyənəyi nə olan şeydir? Un espuelo de hueso5 – biz balıqçılar bu xəstəliyə tutulmuruq.

Görəsən, bu döyənək dedikləri döyüşkən xoruzların mahmızlarının zərbəsi qədər ağrıdıcıdırmı? Yəqin ki, mən nə mahmız azarının ağrısına, nə də gözlərimin kor olmasına dözə bilməzdim. Davakar xoruzlar kimi uzun-uzadı döyüşməyə tab gətirərəm. Amma insan övladı vəhşi heyvanların, yırtıcı quşların yanında heç nədir. Mən bu saat dənizin qaranlıqlarında üzən o məxluq olmaq istərdim”.

–Amma bir şərtlə ki, köpəkbalıqları üstümə hücum çəkməsinlər, – qoca ucadan dilləndi. – Hücum çəksələr, onda Allah ya onlara verər, ya da mənə.

“Sən elə bilirsən ki, dahi Di Macio da bu balıqdan sən yapışan kimi yapışardı? – qoca özündən soruşdu. – Hə, əminəm ki, o da mənim kimi edərdi, hələ bir az da o yana  keçərdi, çünki o məndən həm cavandır, həm də güclüdür. Elə onun da atası balıqçı olub… Görəsən, sümük döyənəyi o yazığı çox incidir?” –Vallah, bilmirəm, – yenə ucadan dilləndi. – Ömrümdə sümük döyənəyi olmamışam.

Batan günəşin necə qürub etməsini seyr edəndən sonra qoca qabaqlar Kasablankada olarkən bir dəfə meyxanada zırpı bir zənciylə qol yarışına çıxdığını xatırladı. Gəmi tərsanəsində ən güclü adam sayılan bu syenfueqoslu pəzəvənglə cəngə girib kimin qolunun daha güclü olduğunu aydınlaşdırmaq istəmişdilər.

Hə, onlar masa arxasında üz-üzə əyləşmişdilər, dirsəklərini də tabaşirlə cızılmış dairənin içərisində masaya dirəyib pəncə-pəncəyə vermişdilər. Düz bir gün bir gecə beləcə qarşı-qarşıya oturub qollarını tərpətmədən qüvvələrini sınamış, güc gəlib biri o birinin qolunu əyməyə cəhd etmişdi.

Həmin vaxt meyxanada olanların əksəriyyəti mərcə girmişdi.

Adamlar ağ neft çırağı ilə işıqlandırılan otaqda var-gəl edirdilər. Qoca isə gözlərini zəncinin əlindən, sifətindən, dirsəklərindən bir an belə ayırmırdı. Səkkiz saat keçəndən sonra münsiflər yoruldular: yatıb dincələ bilsinlər deyə, hər dörd saatdan bir onları dəyişdirmək qərara alındı.

Hər ikisinin dırnaqlarının altından qan sızırdı, lakin heç biri gözünü o birindən çəkmirdi. Mərcləşənlər tez-tez bayıra çıxıb təzədən otağa qayıdır, divar uzunu düzülmüş kətillərdə oturub yarışın necə qurtaracağını maraqla, səbirsizliklə gözləyirdilər.

Yadındadı ki, açıq-abı rəngli taxta divarlara adamların kölgələri düşür, külək tavandan asılmış çırağı xəfif-xəfif tərpətdikcə zəncinin yekəpər kölgəsi də divarda oynayırdı.

Bütün gecə üstünlük gah bu tərəfə keçdi, gah o tərəfə.

Zənciyə rom içirdir, siqaretini odlayırdılar; rom içəndən sonra zənci var qüvvəsini cəmləyib qocanın – əlbəttə, onda hələ qoca deyildi və onu Santyaqo El Çampeon6 deyə çağırırdılar – qolunu üç düym əydi. Qoca qolunu dikəldib yenə düz saxlamışdı və elə həmin anda fəhmlə müəyyən etmişdi ki, xalis pəhləvan və bütün tərsanədə yaxşı adam kimi tanınan bu zəncinin qolunu qatlayıb yerə vuracaq, yarışı da udacaq. Dan yeri ağararkən tamaşaçılar münsiflərdən tələb etməyə başladılar ki, qoy onlar oyunun heç-heçə qurtardığını elan etsinlər. Hakim neyləyəcəyini bilməyib çiyinlərini çəkəndə qoca bütün qüvvəsini cəmləyib həmləyə keçmişdi: zəncinin qolunu yavaş-yavaş əyməyə başlamış və nəhayət, qatlayıb masaya yapışdırmışdı.

Yarış düz bir sutka – bazar gününün səhərindən bazar ertəsinin səhərinəcən davam etmişdi. Mərcləşənlərin də çoxu oyunu heç-heçə saymağı hakimdən ona görə tələb edirdilər ki, hamısı Havanaya işə getməli, kömür şirkətinin gəmilərinə kömür, ya başqa gəmilərə şəkər yükləməliydilər. Yoxsa, əlbəttə, hamı onun tərəfdarıydı ki, oyun axıracan davam etdirilsin, yarıda saxlanmasın. Qoca da rəqibini hələ camaatın işə getmək vaxtı çatmamışdan qabaq məğlub etmişdi.

Bu əhvalatdan sonra qocanı uzun müddət “Çempion” ləqəbiylə çağırdılar. Baharda zənciylə bir də yarışası oldu.

Amma bu dəfə mərc gələnlərin sayı az idi, pul da az yığılmışdı. Bu dəfə də oyunu qoca udmuşdu; çünki o hələ birinci yarışdan inanmışdı ki, rəqibindən güclüdür, həm də zəncinin gözünün odunu almışdı. Sonralar bir neçə dəfə də yarışa çıxdı, lakin bu işdən çox tezliklə əl çəkdi. Arxayın oldu ki, istədiyi vaxt kimə desən qalib gələ bilər. Bu oyun qocanın sağ əli üçün çox zərərli olduğundan bir neçə dəfə də yarışa sol əli ilə girmişdi. Di gəl ki, andıra qalmış sol əli ona tabe olmur, indiki kimi namərdlik edib həmişə onu aldadır, pis vəziyyətdə qoyurdu. Buna görə sol əlinə çox da etibar etmirdi.

Qoca düşündü: “Günəş sol əlimi yaxşı sağaltdı, daha qıc olmaz. Amma gecə çox soyuq olsa, qorxuram yenə keyiyə.

Gecə hamilədir, görək sabah nə doğacaq”.

Mayamiyə gedən təyyarə qocanın başının üstündən ötüb dənizə kölgə salanda qanadlı balıqlar bərk ürküb qorxudan dəstə ilə havaya sıçradılar. Qoca bu mənzərəni gördükdə düşündü: “Gör suda nə qədər qanadlı balıq var; bu aralarda, sözsüz ki, skumbriya da kalan olmalıdır”.

O, kürəyini kəndirə bərk-bərk sıxıb yoxladı ki, bəlkə balığı azca da olsa, yuxarıya qaldıra bildi, ancaq bundan heç nə çıxmadı; qaytan sim təki əsim-əsim əsdi, az qaldı qırılsın, ətrafa da su damcıları səpələndi.

Qayıq asta-asta irəli üzürdü. Təyyarə gözdən itənə qədər qoca onun arxasınca baxdı və fikirləşdi: “Yəqin təyyarədə hər şey qəribədir. Bilmək istərdim ki, o cür yüksəklikdən baxanda dəniz nə təhər görünür? Bir az alçaqdan uçsaydılar, şübhəsiz, tutduğum balığı görə bilərdilər. Çox istərdim ki, iki yüz dəniz sajeni hündürlükdən asta-asta uçub ovladığım balığa yuxarıdan baxım. Çanaqlı bağa ovuna gedəndə gəminin dorağacına dırmaşıb doyunca baxardım, suyun altında nə qədər şeylər görərdim. Skumbriyalar tünd-yaşıl rəngə çalırdı, hətta pərlərinin bənövşəyi zolağı və xalları belə görünürdü; özləri də dəstə ilə, topa-topa bir yerdə üzürdülər. Qəribədir, nəyə görə çox dərində yaşayan və çox sürətlə üzən balıqların bəzəkləri də, naxışları da, hətta xalları da bənövşəyi rəngə çalır? Rəngi qızılı olduğu halda, skumbriya suyun altında niyə yaşıl rəndə görsənir? Bərk acıb şikara çıxanda da onların böyürlərində, eynən marlin balığınınkı kimi, bənövşəyi zolaqlar peyda olur. Niyə görəsən? Qəzəbdən, ya da çox sürətlə üzməkdən belə ola bilərlərmi?” Şər qovuşana yaxın qocanın qayığı böyük Sarqas yosunları adasının yanından ötərkən ləpələrin təmasından sarımtıl yosunlar suda yellənə-yellənə xəfifcə yırğalanırdı.

Elə bil əzəmətli okean öz məşuqəsini ağuşuna alıb qızılı ipək yorğan altında onu oxşayıb əzizləyirdi. Elə bu vaxt qocanın balaca qarmağına bir skumbriya keçdi. O, balığı havaya sıçrayanda görmüşdü. İndi skumbriya günəşin axırıncı şüaları altında parıldayan üzgəclərini geniş açaraq çapalayır, dəhşətdən ikiqat bükülüb canını ölümdən xilas etməyə çalışaçalışa mahir akrobatlar sayağı tullanıbdüşürdü. Qoca qayığın arxa tərəfinə keçib aşağı oturdu, yoğun kəndiri sağ əlində tutub sağ ayağıyla xırda tilovun ipini basdı və skumbriyanı sudan çıxarmağa başladı. Qayığın böyründə balıq daha bərk çırpınmağa başladı; qoca əyilib qızıl kimi parıldayan tündbənövşəyi üzgəcli balığı sudan çıxartdı və qayığın döşəməsinə tulladı. Balıq hələ diriydi, amma əngləri qıc olmuşdu. O, aramsız şəkildə çənə döyür, qarmağı çeynəyirdi; uzun, hamar bədəni əsim-əsim əsir, başını yerə çırpır, quyruğuyla qayığın döşəməsini döyəcləyirdi. Qoca onun qızıl təki alışıb-yanan kəlləsini əzəndə balıq yüngülcə titrədi, sonra da hərəkətdən düşüb qaldı.

Qoca öz ovunu qarmaqdan çıxardı, yerinə sardina taxıb tilovu təzədən suya atdı. Sonra tələsmədən qayığın burun tərəfinə keçdi, balığı sudan çıxartdığı sol əlini yoxlayıb, şalvarına silə-silə quruladı. Ağır kəndiri sağ çiynindən sol çiyninə keçirib sağ əlini dənizdə yuya-yuya ətrafa baxdı: günəş artıq okeanın dalğaları altına enirdi.

Qoca belini dikəldib ağırlaşmış tilov ipinin dəniz səthi ilə əmələ gətirdiyi meyl bucağını gözəyarı təyin etdi və ucadan dedi: –Bucaq dəyişməyib, hər şey əvvəlki qaydasındadır.

Lakin əlini suya salıb axının hərəkətini yoxlayanda başa düşdü ki, qayığın sürəti xeyli azalıb.

–Avarları bir-birinə bağlayıb kormaya bənd edərəm, qayığın arxa tərəfində eninə qoyaram ki, gecə sürəti azaltsın.

Bu balığın bütün gecəni üzməyə gücü çatar. Elə mən də ondan geri qalan deyiləm.

«Skumbriyanı indi yox, bir azdan təmizləsəm daha yaxşı olar; Qanı da, şirəsi də ətdə qalar, – qoca fikirləşdi. – Mən bunu sonra edərəm, bir az gec məsləhətdir. Qayığın sürətini azaltmaq üçün avarları kormanın arxasına bağlayıb bərkidərəm. Balıqları axşamüstü, ələlxüsus da günəş batanda narahat etmək olmaz. Günəşin batması bütün balıqlara pis təsir edir».

Havaya qaldırıb qurutduğu sol əli ilə ipdən yapışdı, yükü bacardığı qədər azaltmaq və ağırlığı balığın üstünə salmaqçün özünü qabağa, taxta oturacağa tərəf verdi, kəndiri avara bənd etməklə bütün gərginliyi qayığa, oradan da balığın üzərinə keçirtdi. Ürəyində öyündü: “Saç-saqqalı bu yolda boş yerə ağartmamışam ki. Belə şeylərin öhdəsindən gələ bilməsəm, daha mən nəyə lazımam? Balığın halı o qədər də yaxşı deyil.

Yalan deyil ki, qarmağa keçdiyi andan indiyədək ağzına heç nə dəyməyib. Nataraz şeydir, özü də yaman qarınquludur.

Qarnını doyurmaqçün ona bir aləm şey lazımdır. Mən, heç olmasa, bütöv bir tunesi aşırmışam, sabah da skumbriyanı – qoca ov balığına dorado adı qoymuşdu – təmizləyib bir-iki tikə ötürərəm. Skumbriyanı yemək tunesdən çətindir. Eh, yəni bu dünyada asan bir iş var ki?” –Hə, balığım, de görüm, necəsən? – qoca ucadan xəbər aldı. – Mənim nə vecimə, kefim kök, damağım çağ, sol əlim də sağalıb. Çox şükür. Bu axşama da, hələ sabaha da yeməyim var. Amma bu söhbətləri hələlik qoyaq bir kənara, sən qayığı çəkib aparmağında ol.

Əslində, qocanın halı dediyi qədər də yaxşı deyildi: kəndir kürəyini kəsir, ağrı və sancılar onu incidirdi. Amma yenə özünə təsəlli verdi: “Eh, mən bundan betərini görmüşəm. Sağ əlimin yarası yüngüldür, sol əlim də daha qıc olmur. Ayaqlarımsa lap möhkəmdir. O ki qaldı yeməyə, hə, bax bu məsələdə ümumiyyətlə, naşükürlük etmək olmaz, çünki yemək sarıdan mənim vəziyyətim balığınkından qatqat yaxşıdır, heç müqayisə ediləsi deyil”.

Hər tərəf qaranlıq idi. Sentyabrda gün batan kimi zülmət əlbəəl çökür. Qoca köhnə taxtaya söykənib dinçini alırdı; çalışırdı ki, mümkün qədər çox dincəlsin. Başını qaldırıb səmanı bəzəyən seyrək ulduzlara tamaşa elədi. Rigel bürcündəki ulduzların adını bilməsə də, hamısını bircə-bircə tanıyırdı: tezliklə çox-çox uzaqlarda sayrışan dostlarının hər birini görəcəkdi.

–Qarmaqdakı balıq da mənim dostumdur, – qoca dedi. – Hələ ömrümdə bu yekəlikdə balığa rast gəlməmişəm. Nə görmüşəm, nə də eşitmişəm. İntəhası mən onu öldürməliyəm. Yaxşı ki, biz insanlar ulduz ovuna çıxmırıq; çox şükür ki, onları öldürməyə səy etmirik! Sonra fikirləşdi: “Təsəvvür elə ki, insan oğlu hər gecə ayın, ya da hər gün günəşin ovuna çıxır, onları tutub öldürməyə cəhd edir. Onlar da adamdan qaçır. Onda nə olardı görəsən? Yaxşı ki, belə olmayıb, bu məsələdə bəxtimiz əcəb gətirib”.

Balıq ac olduğuna görə qocanın ona yazığı gəlirdi, lakin bu rəhmdillik onun balığı öldürmək qərarına heç də təsir etmədi. Fikirləşdi ki, gör bu balıq neçə adamı doyduracaq, amma həmin adamlar onun ətini yeməyə layiqdirlərmi? Əlbəttə yox! Heç kəs bu balığı yeməyə layiq deyil. Bir bax, gör o necə məğrur, nə qədər alicənabdır! “Mənim çox şeydən başım çıxmır, – qoca düşündü. – Çox şeyi bilmirəm. Amma nə yaxşı ki, biz günəşi, ayı, ulduzları məhv etmirik, onları tutub öldürmürük. Doğma qardaşlarımızı öldürmək, dənizdən qopara bildiyimiz nemətlərin hesabına yaşamaq bizə bəs edir. Mən indi əyləc haqqında fikirləşməliyəm. Kürəklərdən düzəldəcəyim əyləc bir yandan faydalı olsa da, digər tərəfdən ziyan verə bilər.

Balıq qaçmaq istəsə, güc vuran kimi tilov ipini qırıb aparar.

Əyləc qayığın sürətini azaldar, onu ağırlaşdırar. Qayıq yüngül olsa, mənə də, balığa da əziyyət az düşər, həm də canımızı təhlükədən qurtarar. Bu balıq istəsə, çox iti üzər, heç bir şey onun qabağını saxlaya bilməz. Skumbriya iylənib xarab olmamış onu təmizləyim, sonra nə olacaqsa, qoy olsun.

Hələlik ondan bir az yeyib özümə gəlim, sonrasına baxarıq.

İndi, heç olmasa, bir saat da dincələrəm. Sonra görsəm ki, balıq gəlmək fikrində deyil, arxa tərəfə keçib, lazımi tədbir görərəm; kürəklərdən əyləc düzəldər, balığın hərəkətinə göz yetirərəm. Avarlardan əyləc düzəltmək özü də yaxşı fənddir.

Gecikmək olmaz, diribaş olmaq, cəld tərpənmək lazımdır.

Mən bilirəm, balıq çox güclüdür, hələ qüvvəsini bircə tikə də itirməyib; qarmaq ağzının harasından ilişibsə, ağzını aça bilmir. Amma qarmaq onu çox da incitmir, ona əziyyət verən aclıqdır; bir də düşdüyü təhlükəni hələ tamamilə dərk edə bilmir. Əsl məsələ budur. Dincəl, qoca. Bəsdir düşündün, qoy balıq nə qədər istəyir əlləşsin, sonra əlləşmək növbəsi sənə çatacaq”.

Ona elə gəldi ki, azından iki saata yaxın dincəlib. Ay çıxmadığından vaxtı təyin edə bilmirdi. Əlbəttə, lazım olduğu kimi rahatlanmamışdı, səksəkəli halda nəhəng balığın ağırlığını kürəyində də, çiynində də daim hiss etmişdi. Sol əliylə qayığın kənarından yapışıb, indi bu ağırlığı mümkün qədər qayığın üstünə keçirtməyə cəhd etdi.

“Kəndiri qayığa bağlaya bilsəydim, hər şey necə də rahat başa gələr, çox asanca düzələrdi, – qoca düşündü. – Amma balıq bir azca təkan versə, tilovun ipi qırılar. Bütün ağırlığı bədənimə keçirməliyəm; ipdən yapışıb sayıq olmalıyam ki, lazım gəlsə, onu yavaş-yavaş ikiəlli buraxa bilim”.

– Qoca, amma burasını unutma ki, sən mütləq yatıb dincəlməlisən, – yenə ucadan dedi. – Yarım gün və dübbədüz bir gecə keçib, hələ sonra da bütöv bir gün, sənsə yatmamısan.

Nə qədər ki, balıq nadinclik eləmir, bir az yuxulayıb gözlərinin acısını al. Yatmasan, başın gicəllənəcək, hər şeyi qarışıq salacaqsan.

“Yox, başım qaydasındadır, qəti gicəllənib eləmir, özü də babat işləyir, lap doğma qardaşlarım ulduzların parıltısı qədər aydındır, – qoca düşündü. – Amma indi yatmalıyam.

Ulduzlar da, ay da, günəş də, hətta okeanın özü də sakit günlərdə, axın olmayanda yatır; suyun üzü güzgü kimi hamar olur. Yatıb dincini almaq yadından çıxmasın, özünü yatmağa məcbur elə. Sadə və etibarlı üsul tap, ipi harasa dolaşdır ki, ondan arxayın olasan. İndi isə dur qayığın arxa tərəfinə keç, kormada skumbriyanı təmizlə. Ancaq yatanda avarlardan düzəldəcəyin əyləclərə o qədər də ümid olma ha: bu, yaman xatalı işdir. Belə baxanda, yatmasam da olar, yuxusuz da keçinə bilərəm. Hə, keçinə bilərsən, amma bu da çox təhlükəlidir”.

Balığı narahat etməməkçün qoca iməkləyə-iməkləyə, çox ehtiyatla qayığın arxa tərəfinə getdi. Fikirləşdi ki, ola bilsin balıq da dənizdə mürgüləyir, amma onu dincini almağa qoymaq olmaz. Canı çıxana qədər qayığı dartıb aparmalıdır.

Qayığın arxa tərəfinə gəlib çatanda belini dikəldib ayağa durdu, balığın bütün ağırlığını sol əlinə, bir də kürəyinə keçirib, sağ əliylə bıçağı qınından çəkib çıxartdı. Ulduzlar par-par alışıb-yanırdı; qoca bıçağı skumbriyanın başına sancıb onu kormadakı oturacağın altından özünə tərəf çəkdi, bir ayağıyla üstündən basıb qarnını quyruğundan ta çənəsinin altınacan yardı. Sonra bıçağı yerə qoyub sağ əliylə içini təmizlədi, qəlsəmələri qoparıb atdı. Balığın qovuğu ağır və sürüşkən idi; qoca onu yaranda içində iki qanadlı balıq gördü, hər ikisi də təzə udulmuşdu. Hər ikisini götürüb üst-üstə qayığın içinə qoydu, qovuqla içalatı isə dənizə tulladı.

Ulduzlu gecədə skumbriya ağımtıl-boz rəngə çalırdı. Qoca sağ ayağıyla balığın başından basıb əvvəl bir böyrünün, sonra da tərsinə çevirib o biri böyrünün dərisini soydu; hər iki tərəfdən uzununa iki zolaq qalın ət kəsdi.

Skeleti dənizə atanda əyilib aşağı baxdı: ovladığı nəhəng balığın necə hərəkət etdiyini görmək istədi; amma suya atdığı tullantının işıltısından başqa ayrı heç nəyi sezmədi. Geri qanrılıb qanadlı balıqları əlinə götürdü, onları yemək üçün hazırladığı skumbriyanın arasına qoyub bıçağı qınına soxdu, sonra balıqları götürüb təzədən ehmalca geri qayıtdı, qayığın burun tərəfinə gəldi. Kürəyindən keçən kəndirin tarımlığından beli ikiqat əyilmişdi; nəhəng balığın bütün ağırlığını sağ əli çəkirdi.

Ət parçalarını və qanadlı balıqları qayığın burun tərəfində yan-yana düzdü. Kəndiri çiyninin ağrımayan yerinə sürüşdürüb kürəyini düzəltdi, ağırlığı yenə sol əlinə saldı, taxtaya söykənib bir az yana əyilmiş vəziyyətdə qanadlı balıqları dənizin suyunda yudu: skumbriyanın əlinə yapışmış şirəsi suda fosfor kimi parıltı saçırdı. Axının sürətini təyin etməkçün əlini bir müddət şor suda gəzdirib sonra qayığın qırağına siləndə ətrafa fosforlu bir işıltı yayıldı.

–Hə, balıq, – qoca dedi, – sən ya yorulub əldən düşmüsən, ya da elə-belə dincini alırsan. Onda qoy mən də skumbriyadan bir az yeyim, sonra lap bir hovur da olsa, yatıb dincələrəm.

Gecənin get-gedə şiddətlənən soyuğunda uzaq ulduzlara baxa-baxa qoca skumbriyadan kəsdiyi ət parçalarından birinin yarısını, qanadlı balıqlardan da birini yedi.

–Skumbriya bişiriləndə dadına dünyada heç bir dad çatmaz, – qoca dedi, – di gəl, çiy vaxtı da ondan iyrənc şey yoxdur! Bundan sonra limonsuz, duz götürməmiş bir də dənizə çıxmaram.

“Ağlım başımda olsaydı, səhərdən qayığın burnuna dəniz suyu doldurardım, axşamacan filan qədər duz əmələ gələrdi, – qoca düşündü. – Axı skumbriyanı mən gün batmamışdan qabaq tutmuşdum. Nə deyirsən de, mən çox şeyi nəzərə almamışam. Amma yenə pis olmadı, yarıdan çoxunu birtəhər çeynədim, ürəyim bulanmır”.

Gündoğan tərəfdə göyün üzünü qalın buludlar örtməkdəydi; qocanın sadiq dostları olan ulduzlar bircəbircə sönürdü. İndi qoca, sanki buludlara bürünmüş geniş vadi ilə irəliləyirdi. Külək kəsilmişdi.

–Üç-dörd günə havalar korlanacaq, – o dedi. – Amma hələ bu gecə də, sabah da qorxusu yoxdur. Hə, nə qədər ki, balıq sakitdir, sən də birtəhər özünü yuxuya ver, qoca! O, tilov ipini sağ əlində tutaraq, sağ tərəfə əyilib qayığın qırağına söykəndi, bütün ağırlığı burunun üstünə saldı. Sonra çiynindəki kəndiri azca aşağı keçirdib ipdən sol əliylə yapışdı.

“Kəndir lap nə qədər açılsa da, onu sağ əlimlə saxlaya bilərəm, – qoca düşündü. – Mən yuxuda olanda sürüşüb dənizə düşsə, sol əlimə toxunub məni oyadar. Əziyyətin çoxu sağ ələ düşəcək. O yazıq da hər cür ağrıya, cəfaya dözməyə alışıb. Lap iyirmicə dəqiqə, yarımca saat yata bilsəm, qənimətdir”.

Qoca qayığın qırağına söykəndi və balığın bütün ağırlığını sağ əlinə keçirib yatdı.

Bu dəfə yuxusuna şirlər girmədi; onların əvəzinə bir sürü dəniz donuzu gördü; cütləşmə dövrü olduğundan səkkiz-on mil məsafədə səpələnmiş donuzlar havaya atlanır və təkrar dənizə düşürdülər. Sonra o özünü qəsəbədəki komasında, çarpayıda uzanmış vəziyyətdə gördü: içəri dolan şimal küləyi qocanı bərk üşüdürdü, balış əvəzinə başının altına qoyduğu sağ qolu da tamam keyimişdi. Yalnız bundan sonra yuxusuna sarımtıl qumla örtülmüş ucsuz-bucaqsız sahil girdi: dan yeri ağaranda bir neçə şir ala-toranlıqdan çıxıb sahilə yaxınlaşdı, qoca da lövbər salmış gəminin göyərtəsində durub şirlərə tamaşa edirdi. Sahildən əsən axşam küləyi yanaqlarını oxşayır və qoca özünü son dərəcə bəxtəvər sayırdı.

Ay çoxdan doğmuşdu, qoca isə hələ də yatmağında, balıq da əvvəlki qaydada çəkə-çəkə qayığı öz arxasınca dartıb aparmağındaydı.

Qoca şiddətli təkandan oyandı; sağ əli zərblə sifətinə dəyib onu bərk diksindirmişdi, ildırım sürətiylə sürüşüb dənizin dərinliklərinə gedən kəndir isə ovcunu od kimi yandırırdı. Sol əli keyidiyindən qoca var gücünü sağ əlinə yığıb, qaytanı ovcunda tutub saxlamağa cəhd etdi, lakin bir şey çıxmadı. Handan-hana qocanın sol əli də hərəkətə gəlib kəndirdən yapışdı. O, kəndiri kürəyi ilə sıxdı və indi kürəyi də, balığın bütün ağırlığı düşmüş sol əli də sürtünmədən od tutub yanırdı. Keyi açılmış sol əlini lap elə bil doğrayırdılar.

Qoca arxa tərəfdəki ehtiyat kəndirə göz yetirdi; kələf sürətlə fırlandıqca kəndir də sürətlə açılırdı. Birdən balıq okeanın sakit, güzgütək hamar sinəsini yarıb suyun üzünə çıxdı, tez də bütün ağırlığıyla təzədən dənizdə batdı. Sonra yenə çıxıb, yenə batdı, dalbadal daha bir neçə dəfə də batıb-çıxdı.

Qayıq üzməkdə davam edir, tilov ipi boşala-boşala suyun təkinə enirdi. Qoca kəndiri dartıb tarım saxlayır, sonra bir anlığa boşaldırdı; qırıla bilmək qorxusuna baxmayaraq, var qüvvəsiylə təzədən bir də dartırdı. İndi kəndir qocanı sürüyüb düz qayığın burnuna gətirmişdi, onun üzü skumbriyanın tikəsinə dirənmişdi, özü isə qəti tərpənə bilmirdi.

“İntizarında olduğumuz, bax bu idi, – qoca düşündü. – İndi sayıq və zirək olmaq lazımdır. Hə, özünü bərk tut, balıq, möhkəm dayan! Kəndiri bu cür dartmağının əvəzini mən səndən çıxardaram. İnan mənə ki, çıxardaram”.

O, balığın atılıb-düşməsini görmürdü, yalnız okeanın sinəsini yararaq havaya qalxıb-endikcə qopartdığı şappıltını eşidirdi. Sürətlə dənizə gedən kəndir qocanın ovuclarını ülgüc kimi kəsirdi. Bunun baş verəcəyini o qabaqcadan bilirdi, əlinin döyənək olan yerlərini qəsdən kəndirin ağzına verirdi ki, qaytan yaralı ovcunu və barmaqlarını kəsib sıradan çıxartmasın.

“Oğlan burda olsaydı, – o düşündü, – indi ipi isladardı.

Hə, əgər oğlan burda olsaydı! Əgər burda olsaydı!” Tilov ipi dibsiz quyuya düşmüş kimi elə hey sürüşüb gedir, harasa gedirdi, qoca da balığı məcbur edirdi ki, kəndirin hər qarışı uğrunda mübarizə aparsın. Sonra birtəhər dikəldi, çənəsinin əzib xəşilə döndərdiyi balıq ətinin üstündən başını çətinliklə də olsa qaldıra bildi. Əvvəl yavaşyavaş dizləri üstə, sonra da ayağa durdu. İndi kəndiri daha asta, daha ağır-ağır buraxırdı. Geri çəkilə-çəkilə axırda özünü əvvəlki rahat yerinə çatdırdı. Qaranlıqda görə bilmədiyi qaytanı ayağı ilə yoxlayanda başa düşdü ki, hələ ehtiyatı çoxdur. Suya xeyli kəndir buraxmışdı, balıq lap nə qədər vurnuxsaydı da, heç nə edə bilməzdi.

Qoca düşündü: “Balıq, hər nə qədər istəyirsən atıl-düş, qovuqların hava ilə dolsun ki, can verəndə dənizin dibinə gedib əlimdən çıxmayasan. Bir azdan başlayacaqsan fırlanmağa, bax onda mən də keçəcəm əsas məsələyə.

Qəribədir, görəsən, o niyə birdən-birə belə qızışdı ki? Aclıq onu qəzəbləndirib, yoxsa bu zülmətdə nədənsə qorxub? Bəlkə qəfil qorxu hiss edib? Amma o axı dinc balıq idi, güclü balıq idi. Axı o mənə çox ötkəm, qorxu-ürkü bilməyən, özünə tam arxayın olan cəsur bir balıq təsiri bağışlamışdı.

Qəribədir!” –Qoca, yaxşı olar ki, qorxu-ürkü barədə sən özün düşünməyəsən, daha çox özünə, öz gücünə güvənəsən, – o dedi. – Balığın yüyəni sənin əlində olsa da, bayaqdan kəndiri bir düym də yığa bilməmisən. Bəs bir azdan balıq dövrə vurmağa başlayanda neyləyəcəksən? O, tilov ipini sol əli ilə tutub çiyninin köməyi ilə saxladı, əyilib sağ əliylə dənizdən bir ovuc su götürüb üzünə vurdu.

Qorxurdu ki, sifətinə bulaşmış yumşaq ətin iyi ürəyini bulandırar, başını gicəlləndirib onu gücdən salar. Üzünü yuyandan sonra əlini şor suda bir qədər də saxlamaq niyyətilə qolunu qayığın kənarından dənizə salladı, ağarmaqda olan göy üzünə baxdı. Qayığın sürətiylə yanaşı, istiqaməti də müəyyən etdi: “Balıq indi üzü gündoğana üzür, bu da onu göstərir ki, get-gedə yorulur, heydən düşdükcə suyun axınıyla getməyə üz qoyur. Tezliklə dövrə vurmağa başlayacaq.

Mənim əsl işim də bax elə onda başlayacaq”.

Sağ əlini bir az şor suda saxlayandan sonra çölə çıxartdı və ona diqqətlə baxıb: –Qorxulu bir şey yoxdur, – dedi. – Kişi olan kəs ağrıya da, əziyyətə də dözməlidir.

Təzə yaralara toxunmamaq üçün kəndirdən çox ehtiyatla yapışıb özünü birtəhər qayığın o biri tərəfinə verdi ki, sol əlini dənizə sallayıb şor suda bir az da saxlasın.

–Yaralı olsa da, babat işləyir, amma sən, – deyə sol əlinə müraciət etdi, – arabir az qalırdın məni peşman edəsən.

“Niyə mən bir cüt yaxşı əllə doğulmamışam, niyə əllərimin ikisi də eyni sərrastlıqda deyil? – qoca fikirləşdi. – Görünür, öz günahımdır. Yaxşı işləməyə sol əlimi də gərək əvvəldən vərdiş etdirəydim. Yəqin mən bunu eləməmişəm.

Allah özü şahiddir ki, hərgah istəsəydi, öyrənməyə bəs deyincə imkanı olub! Amma, insafən, gecəyarısı pis işləmirdi, arada cəmisi bircə dəfə qıc oldu. Qıc olmaqdansa, qaytanın onu biryolluq kəsib tullaması yaxşıdır”.

Qoca gördü ki, acından başı gicəllənir, skumbriyanın ətindən bir az çeynəməlidir. Amma fikrindən daşınıb özözünə dedi: “Yox, yeyə bilmərəm. Başgicəllənmə ürəkbulanmadan yaxşıdır. Sifətim ət parçasını xəşilə döndərəndə bilmişdim ki, onu daha ağzıma vura bilmərəm.

Yeyən deyiləm, amma xarab olanacan saxlayacam. Onsuz da qüvvə yığmaq gecdir, yedim-yemədim, fərq etməz. Axmaq qoca! – bu yerdə özünü söyməyə bilmədi, – axı ay axmaq qoca, qanadlı balığın o birisini ki, götürüb yeyə bilərsən”.

Bayaqdan təmizləyib hazır qoyduğu qanadlı balığı sol əliylə yerdən qaldırıb ağzına atdı, sümüklü-sümüklü çeynəyərək quyruğunacan sümürdü.

Sonra öz-özünə dedi: “Çox yaxşı balıqdır. Adamı əməllibaşlı doydurur. Mənə lazım olan hər şey onda var. Mən əlimdən gələni elədim, qoy indi dənizdəki nəhəng balıq nə qədər istəyir dövrə vursun. Qoy o da əlindən gələni eləsin. Ya ona verər Allah, ya mənə”.

Qoca dənizə çıxandan bəri günəş üçüncü dəfə doğurdu; balıq da elə bil, günəşin çıxmasına bənd idi – dərhal dövrə vurmağa başladı.

Qoca ha çalışdısa da, kəndirin dəniz səthi ilə əmələ gətirdiyi meyl bucağını təyin edə bilmədi. Hazırda bu mümkün deyildi, həm də hələ tez idi. Gərginliyin bir az səngidiyini hiss edəndə sağ əliylə ipi yığmağa başladı. Kəndir təzədən əvvəlki tarım vəziyyətə gəlib, az qaldı qırıla. Lakin gərginlik qəfildən azaldı və kəndir xeyli boşaldı. İşi belə görəndə qoca azca əyildi, çiyinləri də, kəlləsi də ağır yükdən qismən xilas oldu; qaytanı tələsmədən, aramla çəkməyə başladı. O gah sağ, gah da sol əlini ata-ata işləyirdi. Əl-qol atdıqca yorğun ayaqları və çiyinləri əllərinə kömək edirdi.

–Çevrəni çox aralıdan götürüb, amma odur ey, başlayır dövrə vurmağa.

Birdən qocanın yığa-yığa dəstələdiyi kəndirin gerisi gəlmədi. O, ipi dartanda su damcıları ətrafa səpələnib gün işığının altında par-par parıldadı. Cavab qaytarırmış kimi balıq da kəndiri özünə tərəf dartdı; qoca dizləri üstə çöküb ipi yavaş-yavaş suya buraxdı.

–Bilirəm, – dedi, – indi iri dövrə vuracaq, mən də bacardığım qədər gərək onu yüyənləyim, hər dövrəni vurduqca yüyənini dartıb dairəni kiçildim. Ola bilsin, bir saata onu görə bildim. İndi mən onu inandırmalıyam ki, mənimlə bacara bilməz, buna gücü çatmaz; sonra da vurub öldürməliyəm.

Lakin iki saat keçsə də, balıq hələ də qayığın ətrafında eləcə aramla fırlanmağında idi. Qoca qan-tər içində əlləşirdi, yorulub taqətdən düşmüşdü. Düzdür, bu müddət ərzində dairə də xeyli kiçilmişdi, kəndirin dəniz səthindəki meyl bucağından açıq-aydın görünürdü ki, balıq yavaş-yavaş üzə çıxır.

Artıq bir saat olardı ki, qocanın gözlərinə qaranlıq çökür, tər axdıqca elə bil alnındakı yaraların üstünə duz səpirdilər.

Gözlərinin önündə hərdən-hərdən görünüb-yoxa çıxan qara ləkələr onu çox da qorxutmurdu; kəndiri çıxartmaqçün sərf etdiyi gücü və gərginliyi nəzərə alanda burada təəccüblü bir şey yox idi. Amma iki dəfə tam sustaldığını hiss etdi və bundan bərk təşvişə düşdü.

–Olmaya, bu balığın əlində aciz qalıb öləcəm? Özü də işin düz gətirdiyi bir vaxtda, – qoca özündən soruşdu. – Özün kömək ol, ilahi! Əhd edirəm ki, yüz dəfə “Həzrəti İsa”, bir o qədər də “müqəddəs Məryəm” duası oxuyaram.

Amma indi yox, bu saat yox.

“Elə hesab elə ki, oxumuşam, – xəyalən tanrısına müraciət etdi, – sonra mütləq oxuyacam”.

Bu vaxt ikiəlli yapışdığı kəndir qəfil dartılmağa başladı və qoca güclü təkan hiss etdi. Zərbə də, təkan da çox şiddətli oldu.

“Burnunun üstündəki qılıncla qarmağa bağlanmış məftili qırmaq istəyir, – qoca düşündü. – Əlbəttə, belə də eləməliydi.

Amma bu onu tullanmağa, atılıb-düşməyə vadar edəcək, mənə isə bu dəqiqə balığımın dövrə vurması sərf eləyir. Qoy hələ bir az da fırlanmağa davam eləsin. Atılıbdüşmək balığa ondan ötrü lazım idi ki, canına hava doldursun, amma indi hər belə tullanış qırmağın açdığı yaranı genəldər, qarmaq yerindən çıxa bilər”.

– Balığım, hoppanma, xahiş edirəm, hoppanıbdüşmə! Balıq məftilə daha bir neçə dəfə sərt zərbələr endirdi, qoca da hər dəfə başını bulayıb kəndiri az-az boşaltdı.

“Onu incitmək, yarasına toxunmaq olmaz. Necə var, qoy elə də qalsın. Mənim öz yaralarımın, ağrılarımın əhəmiyyəti yoxdur. Bütün cəfalara dözməliyəm. Balıqsa hədsiz ağrıdan quduzlaşa bilər”.

Bir azdan balıq daha məftili döyəcləmədi, öz dövrəsini yenə dinc şəkildə vurmağa başladı. Qoca da kəndiri aramla yığmağında idi ki, birdən halı qarışdı, başı təzədən gicəlləndi; sol əliylə dənizdən bir ovuc su götürüb başına çilədi. Sonra bunu bir də təkrar elədi və yaş əlini peysərinə çəkib boynunu bərk-bərk ovuşdurdu.

– Başım gicəllənsə də, şükürlər olsun ki, heç yerim qıc olmur, – dedi. – İndicə balıq üzə çıxacaq, gərək bərk dayanım. Dözümlü ol, qoca! Sən mütləq duruş gətirməlisən, heç başqa cür ola da bilməz! Ağlına ayrı şey gətirmə, özgə fikirləri biryolluq başından çıxart! Qayığın içində dizi üstə düşüb yenə kəndiri kürəyinə sürüşdürdü. “Nə qədər ki balığın başı fırlanmağa qarışıb, heç olmasa, mən bir az dincimi alım, elə ki üzə çıxdı, durub işini bitirərəm”.

Qoca kəndirə əl vurmadan elə çömbəldiyi yerdəcə oturub doyunca, bəs deyincə dincəlmək istəyirdi, balığa da imkan vermək istəyirdi ki, kefi nə qədər istəyir dövrə vursun.

Amma ip tarım dartılanda, balıq dövrəni yarımçıq vurub qayığa tərəf üzəndə qoca məcbur oldu ki, ayağa qalxıb kəndiri yığmağa başlasın. O, növbə ilə gah bir, gah da hər iki qolunu yelləməklə, eyni vaxtda sağa-sola döndərməklə tilov ipini mümkün qədər tez dəstələməyə cəhd etdi. Fikirləşdi ki, ömrümdə hələ heç vaxt belə yorulmamışam, bu yandan da külək qalxır. Amma yox, küləyin olmağı yaxşıdır; səmt küləyidir, balığı aparmağa mənə kömək edər. Əcəb yerinə düşdü. Balıq təzədən dövrə vurmağa başlayanda mən bir az dincələrəm. İndi halım babatdır. Qoy iki-üç dəfə də dövrə vursun, sonra onun nəfəsini kəsəcəm”.

Həsir şlyapası peysərinə düşmüşdü. Balıq geri dönüb kəndiri dartmağa başlayanda taqəti kəsilmiş qoca tamamilə süstləşib qayığın burnuna çökdü.

“Balıq, indi bir az da sən əlləş, – qoca düşündü, – elə ki, yorulub geri qayıtdın, kələyini kəsəcəm”.

Dənizdə iri bir dalğa əmələ gəldi, amma aydın havanın bələdçisi olan nəcib külək onu qovub apardı. Hə, bu külək evə qayıdarkən qocaya çox lazım olacaqdı.

– İndi mən qayığı cənuba tərəf sürməliyəm. Bir az da üzü günbatana. Vəssalam, burda nə var ki? Bəyəm dənizdə azmaq olar? Üstəlik də, bizim adamız uzundur.

Balıq fırlanıb üçüncü dövrəni başa vuranda qoca onu gördü. Ona elə gəldi ki, qayığın altından çox yekə bir kölgə keçdi; təəccüb və heyrət gözləri bərələ qaldı; gözüyl gördüyünə heç cür inana bilmədi.

– Yox, – dedi, – ola bilməz, bu yekəlikdə balıq olmaz! Həqiqətən də, balıq çox nəhəng balıqdı.

Son dövrəni başa çatdırıb qayıqdan otuz yard məsafədə üzə çıxanda qoca mavi dənizin səthində onun açıqbənövşəyi rəngə çalan çox iri, oraqvari quyruğunu gördü.

Balıq təzədən suya cumdu, lakin bu dəfə çox dərinə gedə bilmədi. Qoca onun nəhəng gövdəsinə və bu gövdəni bəzəyən bənövşəyi rəngli enli zolaqlara heyrətlə baxdı.

Balığın bel üzgəci yana sallanmışdı; yeni dövrə vuranda qoca onun gözlərini də gördü.

Balıqla yan-yana boz rəngli bir cüt zəlibalığı da üzürdü; onlar tez-tez irəli cumub balığın böyründən yapışır, dərhal da cəld sıçrayışla kənara tullanırdılar; hərdən də onun kölgəsində daldalanıb üzürdülər.

Zəlibalıqlarının hər biri üç fut uzunluğunda olardı.

Sürətlərini artıranda onlar elə qıvrılırdılar ki, elə bil xalis ilanbalığıydılar.

Qocanın bədəni tər içindəydi. Bu təkcə günəşin istisindən yox, həm də gərgin işləməkdən idi. Balıq aramla dövrə vurduqca qoca da kəndiri yığırdı; indi arxayın idi ki, ikicə dövrədən sonra nizəni balığa sancmağa imkan tapacaq.

“Gərək onu mümkün qədər yaxına gətirim, qayığın lap yaxınlığına gəlməyə vadar edim, – qoca düşündü. – Başını yox, ürəyini nişan almalıyam. Zərbə düz ürəyinə saplanmalıdır”.

– Hə, qoca, gücünü topla, özün də hövsələli ol! Sonrakı dövrəni vuranda balığın beli suyun üzünə çıxdı, ikinci dövrə başa çatanda isə sudan xeyli yuxarı qalxdı.

Amma o hələ də uzaqdaydı. Qoca çox yaxşı başa düşürdü ki, əgər kəndiri bir az çox yığsa, balığı qayığın lap böyrünə gətirə bilər.

Nizəni çoxdan hazır qoymuşdu, sapına bağladığı nazik məftilin ucunu da qayığın burnundakı kötüyə bənd eləmişdi.

Məftil kələfi girdə səbətin içindəydi.

Balıq yavaş-yavaş dövrə vurur və qayığa yaxınlaşırdı.

Öz yekə, qəşəng quyruğuyla mavi suları ehmalca ləpələndirən bu varlıq qeyri-adi gözəlliyi və görkəmi il qocanı valeh edib, əməlli-başlı mat qoymuşdu.

Qoca kəndiri var qüvvəsiylə özünə tərəf dartdı ki, balığı qayığa mümkün qədər çox yaxınlaşdırsın. Birdən balıq azca böyrü üstə döndü, amma tez də özünü düzəldib dövrə vurmağa davam elədi.

– Canı əlimdədir, – qoca dedi. – Mən onu tərpədə bildim.

İndi hara çəksəm, ora da gedəsidir.

Qocanın başı yenə gicəlləndi, lakin qüvvəsini toplayıb ipi bir də dartdı. “Onu böyrü üstə çevirə bildim, – o düşündü, – bu dəfə arxası üstə çevirəcəm. Hə, əllərim, nə qədər gücünüz var, dartın ipi! Ayaqlarım, siz də möhkəm durun! Başım, nəbada özünü itirəsən ha! Axı sən heç vaxt məni darda qoymamısan. Bu dəfə mən onu arxası üstə çevirəcəm”.

Kəndiri var gücüylə özünə çəksə də, balığı tam arxası üstə çevirə bilmədi: bir anlıq yanpörtü qalan balıq tez də özünü düzəldib əvvəlki vəziyyətinə qayıtdı və üzüb aralandı.

– Qulaq as, balıq! – qoca ona dedi. – Sən onsuz da öləcəksən.

Bəs mənim ölməyim sənin nəyinə lazımdır? Niyə məni də özünlə o dünyaya aparmaq istəyirsən? “Bu söhbətdən heç nə çıxmayacaq”, – qoca düşündü.

Onun ağız-boğazı elə qurumuşdu ki, dili zorla söz tuturdu; özü də son dərəcə zəifləmişdi, əyilib su şüşəsini götürməyə belə heyi qalmamışdı.

“Bu dəfə onu gərək lap qayığın yanına çəkib gətirəm, amma deyəsən xərifləmişəm. Deyəsən bacarmayacam…

Amma yox, bacararsan, hələ o yana da keçərsən! Səndə tükənməz güc var, qoca!” Balıq növbəti dövrəni başa çatdıranda qoca az qalmışdı onu vursun. Lakin heç nə alınmadı; balıq yenə uzaqlaşdı.

“Balıq, sən mənim axırıma çıxdın ki, – qoca düşündü. – Neynək, səni də qınamaq olmaz, can şirin şeydir. Bilirəm, indi sən öz canının hayındasan. Qardaşım, bu qədər yaşamışam, di gəl, sənin kimi nəhəng, sənin kimi gözəl, sənin kimi dinc və nəcib məxluq görməmişəm. Neynək, öldür məni! Kimin kimi öldürəcəyi daha mənim vecimə deyil”.

«Qoca, get-gedə sənin ağlın çaşır ha! Amma bel məqamda sən başını itirməməlisən. Ağlını başına yığ, əziyyətə, iztiraba kişi kimi döz… – və xəyalən əlavə elədi: – Ya da balıq kimi! – Ya ağlım, qayıt gəl öz yerinə, – qoca astadan pıçıldadı; elə astadan pıçıldadı ki, öz səsini güclə eşitdi. – Di işlə görüm. İşlə deyirlər sənə! Balıq iki dəfə dövrə vursa da, vəziyyət dəyişmədi: o, heç cür yaxına gəlmir, mümkün qədər aralıda üzürdü.

“Vallah, heç bilmirəm necə edim, – qoca düşündü.

Balıq hər dəfə uzaqlaşanda ona elə gəlirdi ki, huşunu itirir, çaşır, nə edəcəyini bilmir. – Bu dəfə gücümü əməlli-başlı sınayacam”.

O, həqiqətən, gücünü bir də sınadı və bu dəfə ona elə gəldi ki, az qalır yıxılsın; amma balığı arxası üstə çevirə bildi.

Balıq da təzədən dikəldi; iri, qəşəng, naxışlı quyruğunu əvvəlki kimi aramla yellədə-yellədə üzməkdə davam elədi.

– Əl çəkən deyiləm, bir də cəhd edəcəm, – qoca özünə söz verdi. Amma əlləri yaman boşalmışdı, gözünə də qaranlıq çökürdü. Gözü qarala-qarala ha çalışdısa, neçə dəfə əlləşdisə, bütün cəhdləri boşa çıxdı.

“Bəs belə? – qoca əməlli-başlı cinləndi; ona elə gəldi ki, içindəki həyat nişanələri sönüb getməkdədir. – Mən bir də güc vuracam, bir də cəhd edəcəm!” Qoca bütün ağrılarını unudaraq qəti vuruşa girişdi. Balıq böyrü üstə çevrilib yanpörtü vəziyyətdə yavaş-yavaş qayığa tərəf yaxınlaşdı, burnu üstündəki qılınc az qaldı qayığın böyrünə toxunsun. Onun enli, uzun bədəni sanki dənizin dərinliklərinə qədər uzanıb gedirdi. Gümüş kimi parıldayan belinə kəmər təki dolanmış bənövşəyi zolaqlar heyrətamiz dərəcədə qəşəng idi.

Qoca kəndiri yerə qoyub ayağı ilə üstündən bərk-bərk basdı, nizəni qapıb var qüvvəsini toplayaraq balığın adamboyu qədər sudan qalxmış nataraz döş üzgəcinin altına sapladı; iti dəmirin yumşaq ətə necə batdığını hiss edən qoca bədəninin bütün ağırlığını nizənin üstünə salıb onu lap dərinə yeritdi.

Bu zaman ölümlə əlbəyaxa olmuş balıq təzədən dirçəldi, nəhəng gövdəsini, təsviri mümkün olmayan gözəlliyini nümayiş etdirmək istəyirmiş kimi suyun üzün çıxdı və qəfildən göyə sıçradı, qayığın tuşunda, düz qocanın başı üzərində, havada bir anlığa asıla qaldı və sonra gurultu ilə dənizin ağuşuna düşdü. Dəniz təlatümə gəldi; qoca da təpədən-dırnağacan islandı.

Ürəyi bulanan, başı gicəllənən qoca daha heç nə görə bilmədi. Amma nizənin ipini boşaldıb qanı axan yaralı əliylə onu ağır-ağır yığmağa başladı, gözlərinin işığı yerinə qayıdanda isə bütün diqqətini toplayıb nataraz qarnı gümüş kimi parıldayan balığı arxası üstə çevrilmiş gördü. Nizənin şiş ucu balığın belini parçalayıb o üzündən çıxmışdı, dənizin mavi suları da balığın ürəyindən axan al qana boyanmışdı.

Əvvəl nəhəng qan ləkəsi tünd rəngdəydi, sanki mavi suları bir mil dərinlikdən balıq sürüsü dövrələmişdi. Sonra ləkə bulud kimi ətrafa yayılmağa, gümüşü balıq da ləpələrin üstündə aramla yırğalanmağa başladı.

Qoca şövqlə parıldayan gözləri dumanlanana qədər nəzərlərini balıqdan ayıra bilmədi. Nizənin sapına bağlanmış ipi iki dəfə kötüyə doladı, axırda başını əlləri arasına aldı.

“Başıma nolub axı? – peysərini qayığın burnundakı taxtaya söykəyib astadan pıçıldadı. – Mən yorulub əldən düşmüş qocayam. Amma hər necə olsa, mənə qardaşdan əziz olan bu balığı öldürə bildim. İndi də qul zəhməti tələb edən işləri görüb qurtarmalıyam. Kəndiri götürüb ilgək düzəltməliyəm ki, balığı qayığın yedəyinə bağlayım. Lap iki nəfər olsaydıq da, bunu yerindən tərpədə bilməzdik, ya qaldırsaq da, qayığa dolan suyu boşaltmaq olmazdı, həm də qayıq onun ağırlığına dözməzdi. Hamımız batardıq: qayıq da, mən də, balıq da.

Əvvəlcə bütün hazırlıq işlərini görüb balığı yaxına çəkərəm, sonra onu qayığın bortuqa sarıyıb yedəyə alaram, axırda da dorağacını qaldırıb, yelkəni açıb yola düşərəm”.

Balığı qayığa tərəf çəkməyə başladı, kəndiri onun qəlsəmələri altından salıb cəhəngindən çıxartmaq, sonra da başını qayığın burun tərəfinə bağlamaq istədi.

“Balığa baxmağı, onu bu əllərimlə oxşamağı ürəyim elə istəyir ki, – qoca köksünü ötürdü. – Axı o, mənim sərvətimdir.

Amma ona toxunmaq istəyim heç də sərvətim olduğuna görə deyil. Mənə elə gəlir ki, nizəni köksünə saplayanda mən artıq onun ürəyinə toxunmuşam. Nizəni ikinci dəfə ürəyinə sancıb belindən çıxardanda hiss etdim ki, ürəyi ovcumun içindədir. Di yaxşı, indi balığı yaxına çəkib kəndiri belinə sarımalıyam, ilgəyi quyruğundan keçirməliyəm ki, qayığa möhkəm bağlansın!” –İşə başlamaq vaxtıdır, qoca, – özünə əmr etdi və bir qurtum su içdi. – Sənin xalis it zülmü olan hələ nə qədər işlərin var, yalnız onları görüb qurtarandan sonra döyüş başa çatacaq.

O, əvvəlcə səmaya, sonra balığa baxdı. Günəşi diqqətlə nəzərdən keçirib fikirləşdi ki, günortadan təzə-təzə adlayır, bu yandan da passat küləyi güclənir. İndi kəndirləri calamaq vaxtı deyil, onları evdə, oğlanla bərabər yerbəyer edərik, lazım olanları bir-birinə calaşdırıb qaydaya salarıq.

–Hə, balığım, yaxına gəl görüm! Ancaq balıq ona qulaq asmadı, dalğaların üstündə tənbəl-tənbəl yırğalana-yırğalana yerindən tərpənmədi və qoca naəlac qalıb özü qayığı ona tərəf sürməli oldu.

Yaxınlaşıb balığın nataraz başını görəndə təəccübdən qocanın gözləri kəlləsinə çıxdı. O nə gözlərinə inana bilirdi, nə də başın bu dərəcədə yekəliyinə. Axırda nizənin ipini kötükdən açıb balığın qəlsəmələrindən keçirtdi, ucunu cəhəngindən çıxardıb bir neçə dəfə burnu üstündəki qılınca doladı; bir də qəlsəmələrdən keçirtdi, bir də qılınca sarıdı, ikiqat düyünlə möhkəm bərkidib kötüyə bağladı. Kəndiri kəsib qayığın arxa tərəfinə gəldi ki, balığın quyruğuna ilgək keçirdib bərkitsin.

İndi balığın bənövşəyi rəngi dəyişib gümüşü rəng almışdı, bədənini bəzəyən enli zolaqlar quyruğu kimi açıqbənövşəyi rəngə çalırdı. Zolağın hər biri qocanın geniş açılmış iri əlindən də enli idi. İri gözləri gah periskop güzgüləritək donuq görünür, gah da xaç mərasimindəki müqəddəslərin simalarını xatırladırdı.

–Onu ancaq bu yolla öldürmək olardı, mən onu başqa cür öldürə bilməzdim, – qoca dedi.

İçdiyi bir qurtum su qocanın halını xeyli yaxşılaşdırmışdı. Huşunu bir daha itirməyəcəyinə arxayın idi.

“Bu balığın min beş yüz girvənkə əti var. Artıq da ola bilər.

Cəmdəyin üçdə ikisi xalis ət olsa, girvənkəsi də otuz sentdən satılsa, görəsən, nə qədər pul çıxardar?” –Yox, kağız-qələmsiz bu boyda alverin hesabını aparmaq olmaz, – o dedi. – Bunu vurub-çıxmaq üçün adamın fikri aydın olmalıdır. Mənimsə başım üstümdə durmur. Mənə elə gəlir ki, dahi Di Macio bu gün mənimlə fəxr edə bilər.

Hərçənd sümük döyənəyinə ürcah olmamışam, amma əlim də, belim də yaman ağrıyır. Görəsən, döyənək nə olan şeydir? Bəlkə, bu azar elə bizim özümüzdə də var, bilmirik? Qoca balığı üç yerdən – burun tərəfdən, ortasından, bir də quyruq hissəsindən qayığa möhkəmcə bənd elədi. Balıq o dərəcədə nataraz idi ki, elə bil, qayığın özünü gəminin böyrünə qoşmuşdun. Kəndirdən bir parça kəsib balığın açıq ağzını da bağladı – bu mümkün qədər sürətlə üzməkdə qocaya kömək edəcəkdi. Dorağacını qaldırıb ona bir ağac dayadı, yamaqsız yeri olmayan yelkəni açıb astar üzündəki ipini tarım çəkdi. Qayıq hərəkətə gəldi; qoca arxa tərəfdə çömbəlib, qayığı cənub-qərb istiqamətinə yönəltdi.

Səmti bilmək üçün o, kompasa ehtiyac duymurdu; küləyin əsməyindən, yelkənin şişməyindən cəhətləri dəqiq təyin edə bilirdi. “Yaxşısı budur, balaca qarmağı suya atım, xırda balıqdan-zaddan bir şey tutum: yeməyə heç nəyim yoxdur”.

Qarmağa taxılan əyri dəmiri tapa bilmədi, sardinalar da iylənmişdi. Götürüb dəstəli qarmağı dənizə uzatdı, bir çəngə sarı yosun qoparıb silkələdi, qayığa xeyli dəniz xərçəngi töküldü. Xərçənglər yerbirəsi təki atılıb-düşür, ayaqlarını oynadırdılar. Qoca şəhadət və baş barmağıyla onların başını üzüb tullayır, bədənlərini ağzına atıb çeynəyə-çeynəyə, elə qabıqlı-quyruqlu içəri ötürürdü. Xırdalığına, nazikliyinə baxmayaraq, xərçənglər çox ləzzətli idi.

Şüşədə iki içimlik su qalmışdı; xərçənglərin axırına çıxandan sonra qoca üstündən bir qurtum su da içdi.

O, bütün maneələri dəf edərək, sürətlə üzən qayığı qoluyla idarə edirdi. Nəhəng balıq daim gözləri önündəydi, nəzərləri yaralı əllərinə sataşanda, yaxud kürəyi qayığın taxtasına toxunanda isə bütün bu olub-keçənlərin heç də yuxu deyil, həqiqət olduğuna bir daha inanmalı olurdu.

Balıqla fədakar döyüşü başa çatdıranda, taqətdən düşüb huşunu itirəndə ona elə gəlmişdi ki, bunların heç biri gerçəklik deyil; hamısı yuxudur, röyadır. Hətta balığın sudan havaya sıçraması da ona vaqiə kimi görünmüşdü və gözlərinə inanmamışdı. Həm də qoca onda heç nəyi doğrudürüst seçə bilmirdi, indi isə gözlərinə işıq gəlmişdi və hər şeyi olduğu kimi görürdü.

Hə, indi o bilirdi ki, balıq həqiqətən mövcuddur, əllərinin, kürəyinin sızıltısı da əsla yuxu deyil.

“Əllərim tez sağalacaq, – qoca düşündü. – Yaralarımdan xeyli qan axıb, ona görə də qanım zəhərlənməz, şor suyun da yaraya xeyri var. Bizim körfəzin lehməli suyu yaranın ən yaxşı dərmanıdır, bütün dünyada bundan yaxşı məlhəm tapılmaz. Bu saat ona çalışmalıyam ki, huşumu itirməyim, əllərim də öz vəzifəsini yaxşı icra etsin. Hələlik pis üzmürük.

Balığın ağzı bağlıdır, quyruğu da yaxşı durur, gah qalxır, gah da suya düşür. Biz doğma qardaş kimi bərabər üzürük”.

Başı yenə bir az gicəlləndi və qoca düşündü: “Görəsən, hansımız hansımızı aparır: mən balığı, ya balıq məni? Mən onu qayığa yükləmiş olsaydım, heç bu sual da ortaya çıxmazdı. Biz yanaşı üzürük, özü də bir-birimizə möhkəm bağlıyıq. Eh, daha neyləmək olar, balıq məni aparırsa, qoy belə olsun. Əslində, mən onu yalnız fəndlə, kələklə üstələdim.

Mənə pislik eləmək yazıq balığın heç xəyalından da keçmirdi”.

Onlar aramla üzdükcə üzür, elə hey üzürdülər. Qoca növbə ilə əllərini dənizə salıb şor suda saxlayırdı ki, yaraları tez sağalsın, həm də başı gicəllənməsin. Göydə tənha, seyrək buludlar süzürdü. Qoca buludlara baxanda bütün gecə külək əsəcəyini təyin etdi. Tez-tez dönüb balığa baxır, ondan göz çəkə bilmirdi, həm də özünü bir daha inandırmağa çalışırdı ki, yuxu görmür, hər şey əslində olduğu kimidir.

Yırtıcı köpəkbalıqlarından birincisi qoca yola düşəndən düz bir saat sonra özünü ona yetirdi.

Okeanın lap dərinliklərindən varıb gələn bu yırtıcı onu heç də təsadüfən haqlamamışdı: nəhəng balığın qatı qanı dənizin dibinə çöküb bir mil məsafədə ətrafa yayılmışdı, köpəkbalığı da iyi alan kimi dənizin mavi sinəsini ildırım sürətiylə parçalayaraq üzə çıxmışdı; onun dərisi günəş şüalarının altında bərq vururdu.

Birdən akula geri qayıdıb suya cumdu, itirdiyi qan izini tapıb yenidən suyun üzünə çıxdı, qayığı və ona bağlanmış yekə balığı izləməyə başladı. O arabir izi itirir, lakin güclə hiss edilən zəif qoxunu təzədən tapıb şikarını qarabaqara təqib edirdi. Mako cinsindən olan bu yırtıcı çox nataraz idi, çox da sürətlə üzürdü. Okeanda sürətdə ona çatan ayrı balıq yoxdu; o sanki elə yalnız üzməkçün yaranmışdı! İyrənc cəhəngindən savayı qalan hər yeri gözəl idi. Qılınc-balıq kimi onun da beli abı, qarnı gümüşü rəngdə, dərisi hamar, həm də olduqca möhkəm idi. Heyvərə ağzı nəzərə alınmazsa, hər cəhətdən qılınc-balığa oxşayırdı, hündür bel pəri suyu ləpələndirmədən asanlıqla yarırdı. Ağzında səkkiz cərgə köndələninə düzülmüş möhkəm dişləri vardı. Bunlar başqa yırtıcıların dişlərinə əsla bənzəmirdi; caynaq kimi əyilmiş bu dişlər hərəsi barmaq böyüklüyündə olurdu və həqiqətən də onun dişləri qocanın barmaqlarından yekə, həm də ülgüc kimi iti idi. Mako köpəkbalıqları, elə bil, dənizdəki başqa balıqlar üçün qənim yaranmışdı. Cəld üzdükləri qədər də qüvvətli olan bu yırtıcıların hər cəhətdən üstünlükləri vardı; düşmənlərindən heç biri bu cəhətdən onlara çatmırdı.

Şikarın yerini və qan qoxusunu çox tez duyurdular, bellərindəki iti pərlər də suyu qılınc kimi kəsirdi.

Qoca onu görən kimi tanıdı; yırtıcının heç nədən qorxmadığını, istəyinə çatmamış əl çəkməyəcəyini yaxşı bilirdi. Odur ki, nizənin kəndirini qayığın kənarına bənd edib hazır durdu və rəqibinin yaxınlaşmasını gözlədi. Kəndir qısa idi, qoca onun bir hissəsini balığı qayığa bağlayanda kəsib işlətmişdi.

Qocanın halı babat idi, heç yeri ağrımırdı, üz-gözündən qətiyyət yağırdı. Lakin uğura çox az ümid vardı.

“İşlər lap yaxşı idi, – qoca düşündü, – amma əlbəttə, belə hal uzun sürə bilməzdi”.

O, yaxınlaşmaqda olan akulanı gözdən buraxmır, eyni zamanda, arabir öz nəhəng balığına da nəzər salıb ürəyində arzulayırdı ki, keşkə bunların hamısı yuxu olaydı. “Yuxu olsaydı, əcəb yaxşı olardı. Bilirəm ki, bu müzür varlığın balığıma ziyan vurmasına mane ola bilməyəcəm. Amma nə bilmək olar, bəlkə onu vurub öldürdüm? Vayına oturum, dentuso”.

Dentuso -yekədiş köpəkbalığı növü – özünü qayığın quyruğuna yetirib həmləyə keçdi. Qoca onun çox geniş açılmış, cəhənnəm qapısına oxşayan bədheybət ağzını, dəhşət saçan gözlərini gördü; balığın quyruğundan iri bir dişləm qopardan yırtıcının alt çənəsi üst çənəsinə dəyəndə dişləri elə şaqqıldadı ki, bu şaqqıltıdan qoca əməlli-başlı səksəndi. Onun əvvəl başı, sonra beli sudan çıxdı, ikinci həmlədə dişlərin şaqqıltısı təkrar eşidildi və qoca həmin anda nizəni onun təpəsinə, gözlərini birləşdirən xətlə burnundan başına qalxan xəttin kəsişdiyi yerə sapladı. Əslində, xətt-filan yox kimiydi: olan şey – abı rəngli yepyekə, kələ-kötür kəlləydi; geniş açılmış iri, vəhşi gözlərdİ; hər şeyi parçalamağa hazır dayanmış şaqqıldayan çənələrdi. Zərbənin tuşlandığı yerdə dentusonun beyni yerləşirdi, ona görə də qoca nizəni yaralarından qan sızan əlində bərk-bərk sıxaraq məhz həmin yeri nişan almışdı və zərbəni də məhz ora endirmişdi. O, bunu heç nəyə ümid bağlamadan, qarasına, lakin sonsuz bir qətiyyət, qəzəb və tükənməz nifrətlə etmişdi.

Həvədiş havada kəlləmayallaq aşıb, beli üstə dənizə düşdü; qoca onun sönən gözlərini aydın gördü və artıq öldüyünü yəqin etdi. Amma o, təzədən çevrildi; nizənin sapındakı kəndir iki dəfə belinə dolandı. Bu hərəkətlə sanki o, qocanın çıxardığı hökmlə razılaşmaq istəmədiyini bildirirdi.

Arxası üstə düşdüyü halda quyruğunu oynadıb dənizi elə köpükləndirdi ki, elə bil suda mühərrikli qayıq gedirdi; çənə döyə-döyə dişlərini şaqqıldatdıqca adamı vahimə basırdı.

Köpəkbalığının çırpındığı yerdə dəniz ağappaq idi; tezliklə yekə cəmdəyin dörddə üçü suyun üzünə qalxdı, belinə sarınmış kəndir əvvəl tarım çəkilib titrədi, sonra qırılıb tikətikə oldu. Qoca durub tamaşa edirdi. Dentuso yavaş-yavaş dənizə batdı.

– Məlun köpək! Ətimdən düz qırx girvənkə qopartdı, – qoca ucadan dilləndi; sonra dinməzcə fikrindən keçirtdi ki, bəs o hələ mənim nizəmi də, üstəlik, olan-qalan kəndirimi də özüylə apardı, balığın isə qanı axır, bu qanın izinə düşüb başqa yırtıcılar da mütləq özlərini yetirəcək.

O didilib eybəcərləşmiş balığa baxa bilmirdi. Dentuso bayaq balıqdan iri bir dişləm qoparanda qocaya elə gəlmişdi ki, əti qoparılan balıq yox, o özüdür.

“Amma mən hər necə olsa, balığıma qəsd edən yırtıcını öldürdüm, – o düşündü. – Ömrümdə birinci dəfədir belə dentuso görürəm. Allaha and olsun ki, bu vaxtacan mən çox həvədişə rast gəlmişəm, amma bu cür natarazı olmamışdı.

İşim çox yaxşı gedirdi, heyf! Əlbəttə, belə vəziyyət çox çəkə bilməzdi. Mən çox istərdim ki, bütün bunlar yuxu olsun: guya mən bu nəhəng balığı tutmamışam, üstünə qəzet döşənmiş çarpayımda sakitcə uzanıb yatmışam, vəssalam.

Kaş belə olaydı”.

–İnsan övladı məğlubiyyət üçün yaranmayıb, – o dedi. – İnsanı məhv etmək olar, lakin məğlub etmək olmaz.

“Hər necə olsa da, balığı öldürməyimə peşmanam, – qoca düşündü. – Nahaq öldürdüm onu. Yaxşı bilirəm ki, bu, mənə ucuz oturmayacaq. Nizəm də əlimdən çıxdı.

Həngamənin zırpısı hələ qabaqdadır. Dentuso olduqca çevikdir. Çox hiyləgər, çox da amansızdır. Həm çox güclüdür, həm də çox ağıllı. Amma mən ondan da ağıllı çıxdım. Ola bilsin, mənim üstünlüyüm yalnız ondan yaxşı silahlanmağımdadır”.

–Qoca, burax bu fikirləri! Üzməyində ol, bəla gələndə də onu kişi kimi qarşıla, – o, yenə ucadan dilləndi.

Amma tez də fikrindən ayrı şeylər keçirtdi: “Yox, mən düşünməyə bilmərəm, çünki mənimki də bir bu balıqdır, bir də beysbol. Görəsən, dentusonu bircə sərrast zərbə ilə təpəsindən vurub öldürməyim Di Macionun xoşuna gələrdi? Bu o qədər də böyük məharət deyil, bunu başqası da eləyə bilərdi. Qoca, sən bilən, kimin işi daha çətindir? Səncə, yaralı, ya qıc olmuş əllərin sənə sümük döyənəyi ilə beysbol oynayanların mahmızından çox mane olur? Nə bilim, vallah.

Mən onu bilmərəm. Ömrümdə ayaqlarım ağrımayıb. Cəmisi bircə dəfə – dənizdə çimərkən təsadüfən elektrikli skat balığının üstünə çıxdım, cərəyan məni vurdu, qıçım dizəcən iflic oldu; ağrısına dözə bilmirdim”.

–Qoca, boşla bu qəliz fikirləri, yaxşı olar ki, ürəkaçan şeyləri yada salasan, – o ucadan dedi. – Evə çatmağa daha bir şey qalmayıb. Ətindən qırx girvənkə itirəndən sonra xeyli asan üzürsən.

O, axına düşəndə başına nələr gələcəyini yaxşı bilirdi.

Əlindən nə gələrdi? Axı neyləmək olar ki? –Düz danışmırsan, bəyəm bıçağı kürəklərdən birinin sapına bağlaya bilməzsən? Dediyi kimi də elədi. Sükanın dəstəyini qoltuğunun altına dayayıb, yelkənin ipini ayağı ilə basdı və bıçağı avarın sapına bağladı.

–Bax, gördünmü?! Mən qocayam, amma hər necə olsa, silahsız deyiləm.

Külək qayığı qabağına qatıb aparırdı. Qoca indi balığın yalnız baş hissəsinə baxır, puça çıxmış ümidlərinin bir qismi sanki geri qayıdırdı.

“Ümidi itirmək ağılsızlıqdır, – o düşündü, – həm də günahdır. Qoca, günah haqqında düşünmə! Onsuz da, çəkiləsi dərd-sərin az deyil. Bir də mənim günah-savab kimi şeylərdən başım çıxmaz. Özüm də belə şeylərə inanmıram. Ola bilsin ki, balığı öldürmək günahdır. Amma mən onu özümün yaşamağım üçün öldürmüşəm. Hələ çoxlarını da onun əti ilə qidalandıracam. Belə götürəndə, dünyada elə hər şey günahdır; günah olmayan nə var ki? Heç düşünməyə dəyməz. İndi bu barədə fikirləşmək gecdir. Bir də bu haqda qoy o adamlar narahat olsunlar ki, günah-savab üçün pul alırlar. Balıq – balıq olmaqdan ötrü dünyaya gəldiyi kimi, mən də balıqçı olmaqçün doğulmuşam. Müqəddəs Pyotr özü də, Di Macionun atası da balıqçı olub”.

O, əhatə olunduğu aləm haqqında mülahizə yürütməyi yaman xoşlayırdı. Hər şey barəsində düşünərdi, hətta günahsavab haqqında fikirləşməkdən də qalmazdı. Çünki işə başlayan vaxtlarda nə oxumağa bir şey, nə də qulaq asmağa radio vardı.

“Sən balığı təkcə diri qalmağın üçün və ya satmaqdan ötrü öldürməmisən, – o fikirləşdi, – sən onu özünü öyməkçün, bir də balıqçı olduğuna görə öldürmüsən. Axı balıq diri olanda da sən onu sevirdin, öləndən sonra da sevirsən. Əgər sən onu hər vaxt sevirsənsə, onda onu öldürmək heç də günah deyil. Sevdiyini öldürmək günah sayılmır, ya əksinə, ən böyük günah bəlkə elə budur?” –Qoca, çox götür-qoy edirsən, yaman çox baş aparırsan ha, – dedi, sonra da düşündü: “Amma sən dentusonu həvəslə öldürdün. O da sənin kimi balıqları yeyib yaşayırdı, heç də yırtıcı balıqların bəzi növləri kimi leşyeyən qarınqululardan deyildi. Heç nədən, heç kimdən çəkinməyən cəsur, gözəl balıq idi”.

–Mən onu öz canımı qorumaq xətrinə, özü də məharətlə öldürdüm, – bunu ucadan dedi.

“Bir də axı hamı bir-birini və ya nəyisə müəyyən bir yolla, bir bəhanə ilə öldürür, – o düşündü. – Balıq ovu bir yandan məni ölməyə qoymadığı kimi, o biri yandan da dirigözlü öldürür. Həm öldürür, həm yaşadır. Oğlan – bax, məni yaşadan, məni ölməyə qoymayan oğlandır. Özün özünü bu qədər də aldatma, qoca”.

O, qayığın kənarından aşağı əyildi, yekədişin parçaladığı yerdən bir tikə ət qopardıb, ağzına qoydu, çeynəyə-çeynəyə dadını, keyfiyyətini təyin etdi. Bir qədər bərk olsa da, çox ləzzətli və şirəli idi; mal ətinə oxşayırdı, amma rəngi ağ idi.

Qoca yaxşı bilirdi ki, keyfiyyətinə görə bu balıq bazarda çox baha qiymətə satılacaq. Dənizin suları ətin iştahaçan gözəl ətrini də, dadlı şirəsini də büsbütün yuyub aparırdı, qoca isə bunun qabağını ala bilmirdi. Bu hələ harasıdır, işin çətini hələ qabaqdaydı və qoca bunu yaxşı bilirdi.

Külək istiqamətini azca şimal-şərqə dəyişdirmişdi, deməli, kəsməyəcəkdi. O, uzaqlara göz gəzdirdi; nə bir yelkənli qayıq, nə də tüstüləyən bir gəmi görə bildi. Yalnız qanadlı balıqlar dənizdən çıxıb qayığın bu tərəfindən o tərəfinə sıçrayırdılar. Orda-burda kəhrəba rənginə çalan sarı yosunların əmələ gətirdiyi adalar görsənirdi. Bir dənə də quş gözə dəymirdi. Qayıq iki saat olardı ki, üzürdü. Qoca bir hovur dincəlmək üçün böyrü üstə uzanmışdı. Özünə gəlmək və bir qədər güc toplamaqdan ötrü balığın ətindən çeynədi.

Bu vaxt qayığa yaxınlaşan qoşa köpəkbalıqlarından birincisini, qabaqdakını görüb bərkdən «ayy» elədi. Heç nə ifadə eləməyən bu söz, əslində heç söz deyildi, ovcuna mıx batmış adamın ağzından biqafil çıxan çığırtıya oxşar bir səs idi.

–Galano!7 – qoca bərkdən qışqırdı.

Birinci üzgəcin arxasınca ikinci üzgəc də sudan sıyrılıb çıxdı və qonur rəngli üçbucaq pərləri, bir də suyu aramsız dalğalandırıb köpükləndirən quyruqları görəndə bunların yastı, enliburun köpəkbalıqları olduğunu qoca dərhal tanıdı –aclığın quduzlaşdırdığı yırtıcılar qayığa sarınmış, böyrü didilmiş nəhəng balığın ləzzətli ətrini duyduqca daha da çılğınlaşırdılar. Hər iki galano artıq izinə düşmüş olduqları ətri, qoxunu itirən kimi tez də axtarıb təzədən tapırdılar, özü də hər dəfə izi itirdikdə az qalırdı dənizin altını üstünə çevirsinlər. Amma indi onlar anbaan şikara yaxınlaşmaqdaydılar.

Qoca yelkəni möhkəm pərçimlədi, sükanı pazla bərkitdi, sonra təzə düzəltdiyi silahı – bıçaqlı avarı əlinə aldı. Əlləri bərk göynədiyindən avarı çox ehtiyatla tutub, mümkün qədər hündürə qaldırdı. Hərəkətə gəlsin deyə barmaqlarını bir qədər oynatdı, əllərindəki dözülməz ağrını tez unutmaq üçün kürəkdən bərk yapışıb köpəkbalıqlarının yaxınlaşmasını gözlədi. İndi onların yastı, enli burunları, xallı yekə başları, tez-tez açılıb oynayan ağ üzgəcləri aydın görsənirdi. Bunlar yırtıcıların ətrafa üfunət saçan ən iyrənc növündən idilər; peşəsi qatillik olan bu yırtıcılar iylənmiş cəmdək də yeyirdilər. Ac olanda qayığa, taxta avarlara, sükanlara hücum edib hamısını didişdirməyə hazır idilər.

Çanaqlı bağalar suyun üstündə yatdıqları vaxt xəlvəti yaxınlaşıb qıçlarını qopardırdılar; bərk acanda insana da cumur, hətta qan, ya balıq iyi gəlməyəndə də hücuma keçirdilər.

–Ayy! – deyə qoca meydan oxuyurmuş kimi səsləndi, – di buyurun, bir yaxın gəlin görüm! Galanolar qabağa gəldilər, lakin mako köpəkbalığı kimi birbaşa yaxınlaşmadılar. Biri özünü yana verib qayığın altına təpildi və onu bərk silkələdi, nəhəng balığın böyründən iri parça qopartdı. İkinci galano sapsarı gözlərini qocaya zilləmişdi. O da qəfildən hücuma keçib, yarımdairəvi cəhəngini geniş açaraq bayaq makonun zədələdiyi yerdən iri bir dişləm qopardı. Qoca, galanonun qonur çənəsindən başlayaraq kürəyinə tərəf gedən xətti aydın görürdü; yaxşı bilirdi ki, ziyankarın beyni içəridə bu xətt boyunca uzanıb gedir və haram iliklə birləşir. O, avara bağlanmış bıçağı beyinlə haram iliyin arasına endirdi; sonra avarı geri çəkib bıçağı qəniminin pişik gözlərinə oxşayan sarımtıl gözünə sancdı. Galano təngnəfəs halda balığın böyründən sürüşüb dənizə düşdü və qopartdığı parçanı içəri ötürə-ötürə suya batdı.

O biri galano qayığın alt tərəfindən balığa divan tutmaqda davam edir, təkanları qayığı silkələyirdi. Qoca məcbur qalıb qayığın yolunu dəyişdirdi, köndələninə üzmək ümidiylə yelkəni aşağı saldı ki, yırtıcını qayığın altından çıxardıb balığı xilas etsin. Qayığın yö`nünü dəyişdirəndə galanonu lap yaxından gördü və qayığın böyründən əyilib bıçağı ona sapladı. Zərbə akulanın yumşaq yerinə dəysə də, bıçaq qalın dərini deşə bilmədi. Vurduğu zərbədən qocanın təkcə əlləri yox, çiyinləri də bərk ağrıdı. Galano burnunu sudan çıxardıb təzədən şikarının üstünə atılanda qoca zərbəni onun yastı kəlləsinin düz ortasına endirdi, bıçağı ikinci dəfə də eyni yerə sapladı. Amma akula möhkəm çənələri ilə balıqdan sallanıb qopmurdu; qoca hətta bıçağı onun sol gözünə sancanda da o öz qənimətini buraxmadı.

–Bəs belə! – qoca qəzəblə bağırdı və bu dəfə bıçağı onun beyni ilə haram iliyi birləşən yerə sapladı.

Qoca bıçağın qığırdağa toxunduğunu hiss etdi; indi ziyankarın axırına çıxmaq elə də çətin deyildi. O, avarı tərsinə çevirib bıçağı galanonun ağzına soxdu ki, cəhənglərini cırıb, çənələrini ayırsın və ağzının içində avarı bərkdən burdu ki, balığı yırtıcının dişlərindən xilas etsin.

Nəhayət, istəyinə nail oldu.

–Galano, di rədd ol dənizin dibinə! – qoca dedi. – Dostun da oradadır, görüşüb-öpüşərsiniz. Bəlkə dostun deyil, doğmaca anandır? O, bıçağı sildi, avarı qayığa qoydu. Sonra yelkəni təzədən açdı, külək yamaqlı cındırı şişirtdi; qoca qayığı döndərib yoluna davam etdi.

–Ziyankarlar ətimin ən azından dörddə birini apardı, özü də ən yaxşı yerlərini, – qoca ucadan dedi. – Kaş bunların hamısı yuxu olaydı. Kaş mən bu balığı tutmamış olaydım.

Heyf ki, işlər belə tərs gətirdi, hər şey alt-üst oldu.

Bunu deyib susdu. İndi o, sevimli balığına heç baxmaq da istəmirdi. Qanı suya axıb getmiş balıq indi güzgülərin arxasına çəkilən amalqama rənginə çalırdı; lakin qurşaq zolaqları hələ də aydın görünürdü.

–Mən gərək bu qədər uzaqlara getməyəydim, – qoca dedi. – Balıq, mən çox təəssüflənirəm ki, hər şey belə pis alındı. Hər ikimiz üçün! Bunun nə sənə xeyri oldu, nə mənə! Sonra ürəyində özünə xitabən dedi: “Qoca, ağzını ayırıb oturma, bıçağı sarıdığın qaytanı yoxla, gör qırılıb, ya yox. Sonra da əl-qolunu hazır saxla, hələ iş qurtarmayıb”.

–Heyf ki, bıçağı itiləməyə bülöv yoxdur, – o, qaytanı yoxlaya-yoxlaya dedi. – Gərək özümlə bülöv götürəydim.

“Sən özünlə çox şey götürməliydin, qoca, amma heç birini götürməmisən. İndi nəyin olub-olmadığını yada salıb qan qaraltmaq, gileylənmək vaxtı deyil. Buradakı şeylərin köməyi ilə nə etmək olarsa, bax onu düşün”. Yenə ucadan dilləndi: –Öz məsləhətlərinlə lap zəhləmi tökdün! Sükanı qoltuğunun altına qoyub hər iki əlini suya saldı; qayıq irəli üzürdü.

–Allah bilir, axırıncı köpəkbalığı nə qədər ətimi qopardı; balığım xeyli yüngülləşib.

O, balığın yırtılıb eybəcər hala salınmış qarnını xatırlayıb qanını qaraltmaq istəmirdi. Yaxşı bilirdi ki, ziyankarın qayığa vurduğu hər təkan, hər zərbə nəhəng balıqdan qoparılan böyük bir ət parçası demək idi. Balıq bu saat dənizdə öz arxasınca şose yolu enliyində bir iz buraxırdı, bu da başqa yırtıcıların izə düşə bilməsi üçün əməlli-başlı vasitə idi.

“Belə bir balıq adamı bütün qış uzunu yemləyə bilərdi, azından bir illik ruzi idi… – o düşündü. – Bəsdir, qoca, nəbada bu haqda düşünəsən! Bir az dincəl və balığın yerdə qalan hissəsini yırtıcıların növbəti hücumlarından qorumaq üçün çalış əllərini qaydaya salasan. Əllərimdən gələn qan iyi balıqdan gələn iylə müqayisədə heç nədir. Demək olar ki, yaralardan daha qan axmır. Azca qan sızmasının özünün də xeyri var: sol əlimi qoymaz ki, keyiyib qıc olsun. İndi daha mən nəyin fikrini çəkməliyəm? Heç nəyin. Yaxşısı budur, heç nə düşünməyim, oturub ziyankarların yolunu gözləyim.

Vallah, bütün bunlar yuxu olsaydı, daha yaxşı olardı. Eh, kim bilir? İşlər yaxşılaşa da bilər”.

Təzə gələn növbəti köpəkbalığı enliburunlardan, amma balacasından idi. Ağzını elə geniş açmışdı ki, elə bil donuz horrası ilə dolu çanağa tərəf tələsirdi. Amma donuzun ağzı dünyasında bu boyda açıla bilməzdi. Bu ağıza adam kəlləsi çox asanlıqla sığışardı.

Qoca onu qayığın lap yaxınına buraxdı, hətta balığa girişməsinə də imkan verdi, sonra ucuna bıçaq bağlanmış avarla beyninə tutarlı bir zərbə endirdi. Köpəkbalığı beli üstə çevrildi; amma bıçağın da ağzı qırıldı.

Qoca sükanın arxasına keçdi. O, tədricən suya batmaqda olan və get-gedə kiçilən köpəkbalığının cəmdəyinə baxmadı.

Belə mənzərəyə tamaşa etməyi əvvəllər çox sevsə də, indi buna qəti həvəsi yoxuydu.

–İndi vur-tut bircə qarmağım qalıb, – o dedi. – Çox pis oldu. Tək qarmaq, bir cüt avar, sükan və bir də balaca toppuzla neyləmək olar? “Hə, yaxşı yerdə axşamladım! Məni əcəb yorub əldən saldılar, elə də cavan deyiləm ki, toppuzla köpəkbalığı öldürəm, – qoca düşündü. – Amma fərq etməz, nə qədər canımda can var, əllərim avar-toppuz tutur, axıradək vuruşacam”.

Göynərtisini azaltmaq üçün əllərini şor suya salıb islatdı.

Axşam yaxınlaşırdı, ətraf bomboş idi. Aşağıda göy dəniz, yuxarıda mavi səma – başqa heç nə gözə dəymirdi.

Külək xeyli güclənmişdi və qocaya elə gəlirdi ki, sahilə çatmağa daha bir şey qalmayıb. Öz-özünə dedi: –Yaman yorulmusan, qoca! Sənin nəinki canın, hətta ruhun da yorulub.

Növbəti akula həmləsinə qoca bir də günəş qüruba əyilən vaxt tuş gəldi. O, balığın enli izi boyunca üzübəri şütüyən qonur üzgəclərin mavi suları necə dalğalandırdığını və birbaşa qayığa tərəf irəlilədiyini gördü.

Yerindən durub sükanı möhkəm bərkitdi, yelkəni bağladı, kormadakı arxa oturacağın altından toppuzu çıxardıb əlində hazır tutdu. Uzunluğu iki fut olan bu toppuzu haçansa sınıq avardan mişarlayıb düzəltmişdi; onu yalnız bir əllə işlətmək mümkün idi. Qolluğu sağ biləyinə taxdı və toppuzun dəstəsindən bərk-bərk yapışaraq rəqiblərinin gəlib çatmasını gözlədi. Bir cüt galano qayığa yaxınlaşdı.

“Hələ dəyməyəcəm, – qoca düşündü, – qoy qabaqdakı hərif balığa əməlli-başlı girişsin, sonra ya burnunun üstündən, ya da təpəsindən elə ilişdirəcəm ki, yerində qalacaq”.

Hər iki galano yanaşı, qoşa üzürdü; qayığa daha yaxın olanı ağzını geniş açaraq həvə dişlərini balığın gümüştək bərq vuran böyrünə ilişdirəndə qoca yuxarı qaldırdığı toppuzu var gücüylə onun yastı kəlləsinə endirdi. Əlində elastik bir sərtlik hiss etdi, eyni zamanda, yırtıcının kəllə sümüyünün çox bərk olduğunu duydu; bu qartlığı heç nə ilə müqayisə etmək olmazdı. İkinci zərbəni burnunun üstündən ilişdirdi və akula sürüşüb suya düşdü. O biri galano balıqdan iri bir tikə qoparıb kənara qaçdı, tikəni tezcənə içəri ötürüb, ağzını geniş açaraq təzədən həmlə etdi. Ət parçasının onun ağzından əsgi parçasıtək sallandığını görəndə təbdən çıxan qoca toppuzu hara gəldi ilişdirməyə başladı. Zərbə ziyankarın düz təpəsindən tutsa da, galano sanki istehza edirmiş kimi qocaya baxıb balıqdan ikinci tikəni qopartdı, içəri ötürməkçün kənara çəkiləndə qoca növbəti zərbəni endirdi. Toppuz yenə də onun sərt, elastik kəlləsinə dəydi.

– Galano, qabağa dur görüm, – qoca dedi. – Hünərin var, bir az da qabağa gəl! Həvədiş irəli cumdu, çənələrini geniş aralayıb qənimətə hücum çəkdi və dişlərini şaqqıldatdı. Şaqqıltını eşidəndə qoca cağ əlini bacardığı qədər hündürə qaldırıb toppuzu yenə onun təpəsinə endirdi. Bu dəfə zərbə düz beynindən tutdu. Qoca eyni yerə bir zərbə də tutuzdurdu. Galano çətinliklə qopartdığı ət parçası da ağzında, yavaş-yavaş aralanıb gözdən itdi.

Qoca ətrafa nəzər salıb gözlədi ki, görsün ziyankarlar geri qayıdacaqmı. Əvvəl heç nə gözə dəymirdi, amma sonra qayığın ətrafında birinin vurnuxduğunu gördü; o birinin üzgəcindənsə yaxın həndəvərdə heç bir əsər-əlamət yox idi.

“Onları öldürə biləcəyimi heç ağlıma gətirməzdim, – qoca düşündü. – Cavan vaxtlarımda, əlbəttə, bunu fərz edə bilərdim. Amma ikisini də bərk əzişdirib şil-küt elədim, heç qiyamətəcən özlərinə gələ bilməzlər. Hərgah toppuzu ikiəlli tuta bilsəydim, bu qoca vaxtımda da öhdələrindən gələrdim”.

İndi o, öz balığına baxmaq belə istəmirdi. Yaxşı bilirdi ki, balığın yarısı yoxa çıxıbdır. Qocanın başı yırtıcılarla vuruşa elə qarışmışdı ki, heç günəşin nə vaxt batdığını da görməmişdi.

–Havanın qaralmağına bir şey qalmayıb, bir azdan yəqin ki, Havananın çıraqları yanacaq. Əgər gündoğana tərəf çox meyllənmiş olsam, təzə kurortlardan birinin işığını görərəm.

“Elə bilirəm ki, yolu düz gəlmişəm, – o düşündü, – mən sahildən çox aralıda ola bilmərəm. Yəqin, qəsəbə camaatı da məndən nigaran deyil. Olsa-olsa, bircə oğlan narahat qalacaq.

Amma o məndən tam arxayındır! Bir də yaşlı balıqçılar təşvişə düşə bilərlər. Elə cavanlar da, başqaları da. Şəhərimiz yaxşıdır, elə camaatımız da pis deyil”.

Qoca daha öz balığı ilə söhbət edə bilmirdi, çünki ziyankarlar onu didişdirib eybəcər hala salmışdı. Birdən ağlına təzə bir fikir gəldi.

–Hər tikəsi bir balığa yem olan gözəlim! Uzaqlara üzdüyümə çox peşmanam. Təkcə səni yox, özümü də məhv elədim. Məyus olma, ikilikdə xeyli akula öldürdük, bir xeylisini də şikəst elədik. Düzünü de, qoca balıq, ömrün boyu bu yırtıcılardan, bu qarınqululardan çoxmu öldürmüsən? O uzun, o iti qılıncını burnunun üstünə boş yerə taxmamışdın ki.

Öz balığı barədə düşünmək qocanın xoşuna gəlirdi və əgər qayıq rahat üzə bilsəydi, beləcə oturub onun akulaya necə divan tutması barədə fikirləşməkdən ləzzət alardı.

“Gərək balığı ovlayan kimi qılıncını kəsib götürəydim, yırtıcılarla cəngə girəndə əcəb kara gələrdi”, – o düşündü.

Amma onu baltasız necə kəsmək olardı? Balta bir yana, bu saat heç bıçağı da yox idi.

Sonra fikirləşdi ki, hərgah balığın qılıncı məndə olsaydı, onu avarın ucuna bağlayardım və qiyamət bir silah alınardı! Bax, onda biz balıqla ikilikdə əl-ələ verib yırtıcılarla vuruşar, bu ziyankarların anasını ağladardıq! Bəs indi neyləyə bilərsən, qoca? Gecə birdən onlar üstünə gəlsələr, sən nə edəcəksən? O, hökm verirmiş kimi qətiyyətlə səsləndi: – Vuruşacam, – dedi, – ölənəcən vuruşacam! Amma gecənin qatı qaranlığında nə bir işıq, nə bir işartı görünürdü. Olan bircə külək idi, bir də küləyin qabartdığı yamaqlı yelkən. Birdən qocaya elə gəldi ki, ölüb.

Əllərini bir-birinə yapışdırıb ovcunu ovcuna sürtdü. Yox, ölməmişdi, əlləri hərəkət etdikcə, açılıb-yumulduqca sızlayıb göynəyirdi. Ağrı – həyat nişanəsiydi: ağrıyırdısa, demək, hələ yaşayırdı. Qayığın arxa tərəfinə söykənəndə kürəyinin göynərtisi də, çiyinlərinin sızıltısı da ona hələ ölmədiyindən xəbər verirdi.

“Balığı ovlamağa görə söz verdiyim bütün duaları oxuyacam; amma indi elə yorğunam ki, ağzımı açmağa taqətim yoxdur, – düşündü. – Yaxşısı budur, kisəni götürüb çiynimə salım”.

Qayığı uzandığı yerdəncə idarə edə-edə, Havana işıqlarının nə vaxt görünəcəyini gözləyirdi. “Balığın yarısı hələ məndədir, – o, fikrindən keçirtdi. – Bəlkə, bəxtim gətirdi, salamat qalmış qabaq tərəfi aparıb evə çıxara bildim. Heç olmasa, bəxt bir dəfə üzümə gülməlidir, ya yox! Yox, qoca, sən sahildən bu qədər aralanmaqla öz bəxtinin üstündən qara xətt çəkdin”.

– Sarsaqlama! Özünü ələ al, sükandan möhkəm yapış! Üzünə böyük xoşbəxtlik qapısı açıla bilər. Harada satıldığını bilsəydim, o səadətdən bir az da mən alardım.

“Nəynən alacaqsan? – ürəyində özünü sorğu-suala tutdu.

– İtirdiyin nizəylə? Sındırdığın bıçaqla? Ya sıradan çıxmış bu əllərlə? Nə bilmək olar! Sən almalı idin! Səksən dörd gününü dənizdə keçirtdin ki, güclə bəxt alasan. Elə az qalmışdı alasan da… Boş şeylərlə başını yormağa dəyməz. Xoşbəxtlik adamın qabağına min bir libasda çıxır; bəyəm onu tanımaq asandır? Nə şəkildə olsa da, neçəyə satsalar da, bir az ondan alardım.

Lap nə istəsəydilər, verərdim. Bu saat Havananın işıqlarını görmək əsl mən istəyən olardı. Eh, sən də həddən çox şey istəyirsən, qoca. Amma bu dəqiqə Havananın çıraqlarını görmək ən böyük arzumdur, başqa heç nə istəmirəm”.

O, sükanın arxasında yerini rahatlayıb qayığı daha asan idarə etməyə çalışdı, bütün bədənində duyduğu ağrıdan hələ ki, ölmədiyini başa düşdü.

Axşam saat ona yaxın şəhərin işıqları nəhayət ki, görsənməyə başladı. İlk baxışda çıraqların işığı ayın doğacağını xəbər verən zəif parıltıya oxşadı. Sonra okeanı şiddətlə döyəcləyən küləyin qovduğu iri dalğaların arxasından gur işıq göründü. Qoca sükanı düzəldib qayığı həmin səmtə yönəltdi və düşündü ki, tezliklə, lap elə indilərdə Qolfstrimə daxil olacaq.

“Hə, gəlib çıxdıq, daha bir şey qalmayıb, – o düşündü. – Əlbəttə, köpəkbalıqları yenə hücuma keçib cumacaqlar üstümə. Qaranlıqda əliyalın adam onlara nə edə bilər?” Gecə düşdükcə soyuq da şiddətlənirdi.

Qoca yamanca üşüyürdü, anbaan artan ağrıları dözülməz işgəncəyə çevrilmişdi. Yaraların sızıltısı sümük və oynaqların ağrısına qarışırdı. Ağrı və heysizlikdən az qalırdı huşunu itirsin. “Ümid edək ki, daha vuruşmaq lazım gəlməyəcək, – o düşündü. – Keşkə vuruşmaq lazım gəlməsin!” Lakin gecəyarısı yırtıcılarla bir daha vuruşmalı oldu; özü də bunun faydasız olduğunu bilə-bilə.

Bu dəfə köpəkbalıqları dəstəylə, sürüylə gəlmişdi. Qoca qaranlıqda onların oynayan üzgəclərinin əmələ gətirdiyi köpüklü ağ zolağı aydın görürdü. Onlar balığı gəmirdikcə ətrafa fosforlu işıq saçılır, qoca da əlindəki toppuzla ziyankarların təpəsinə zərbə endirirdi; bir-birinə dəyib şaqqıldayan çənələrin, dişlərin səsi eşidilirdi. Yırtıcılar balığı alt tərəfdən parçalayıb diddikcə qayıq təkanlardan titrəyib yırğalanır, qoca isə heç nə görmədən rəqiblərini elə qarasına kötəkləyirdi; o yalnız eşidir və anlayırdı. Birdən əlindəki toppuzun harasa yoxa çıxdığını hiss etdi. Əl artıb sükanı yerindən dartıb çıxartdı, ikiəlli ondan yapışıb qənimlərinə dalbadal zərbə endirməyə başladı.

Köpəkbalıqları indi qayığı hər tərəfdən araya alıb dəstə ilə həmləyə keçir, gecənin zülmətində su üzərində ağaran balığın ətini sümürürdülər. Dişlərinə keçən ət parçasını qoparan kimi cəld qırağa çəkilir, sonra təzə həmləyə başlamaqçün dövrə vurub yenidən öz qənimətlərinin canına daraşırdılar.

Ən axırda yırtıcılardan biri dövrə vurub balığın düz başına tərəf üzəndə qoca artıq hər şeyin bitdiyini anladı.

Akula dişlərini balığın bərk kəllə sümüyünə ilişdirəndə qoca da sükanı onun burnunun üstünə çırpdı. Sonra dalbadal daha bir neçə zərbə endirdi. Sükan şaqqıltı ilə qırılıb tikə-tikə oldu.

Qoca əlində qalmış dəstəklə ziyankarı bir də vuranda dəstək ətə girdi; eyni yerə bir zərbə də ilişdirdi və quduzlaşmış köpəkbalığı sıçrayıb kənara qaçdı. Bu, qayığa hücum edənlərin sonuncusu idi. Artıq yeyiləsi heç bir şey qalmamışdı.

Qoca nəfəsini zorla dərirdi. Ağzında mis paxırının tamını verən nəsə şirintəhər, qəribə bir tam duydu. O, bir anlığa üşəndi, amma iyrənc tam tez keçib-getdi və qoca okeana tüpürüb dedi: – Tıxın, galanolar, zəhəriniz olsun, haramınız olsun, qoy yuxunuza girsin ki, siz insan öldürmüsünüz.

Qoca artıq büsbütün darmadağın edildiyini və yenildiyini anladı; başa düşdü ki, məğlubiyyətə uğrayıb.

Kormaya keçib sınıq sükan dəstəyini yerinə taxdı, onun işə yaradığına sevindi. Deməli, qayığı idarə etməyə bir şey vardı.

Köhnə kisəni çiyninə salıb aşağı oturdu, sahilə istiqamət götürdü. Bu saat o heç nə duymur, heç nə fikirləşmirdi; indi hər şey ona yad gəlirdi. Ondan ötrü hər şey artıq arxada qalmışdı. Yeganə bir arzusu vardısa, o da doğma sahilə yetişməkdi.

Gecəyarısı başqa bir yırtıcı sürüsü bu dəfə balığın skeletinə hücum etdi. Ac qarınqulular əvvəlkilərin qabağından qalan sümüyə daraşmışdılar, amma onu iliyinə kimi sümürsələr də, qoca bu ziyankarlara qətiyyən əhəmiyyət vermir və etinasız tərzdə qayığını sürürdü. O, nəhəng balığın ağır yükündən azad olmuş qayığın çox rahat üzdüyünü hiss edirdi.

“Gözəl qayıqdır, – qoca düşündü, – sınıb-eləməyib, bircə sükanı sıradan çıxıb, onu da düzəltmək çətin deyil”.

Qoca qayığın isti axına girdiyini hiss etdi və sahil boyu cərgə ilə salınmış qəsəbələrin çıraqlarını lap yaxından gördü.

O, harada olduğunu bilirdi; bilirdi ki, bir azdan evə çatacaq.

“Külək bizə dostdur, amma həmişə yox, – qoca fikrindən keçirib, sonra əlavə elədi: – Hüdudsuz dənizdə bizim çoxlu dostumuz var, çoxlu da düşmənimiz. Bəs çarpayı necə? Əlbəttə, çarpayı da mənim dostumdur; onun üstündə uzanmaq böyük nemətdir. Məğlubiyyətdən sonra adam necə də yüngüllük duyur! İndiyədək bunun belə asan olduğunu bilmirdim…» Sonra özündən xəbər aldı: – Qoca, səni axı kim məğlub etdi? Özü də cavab verdi: – Heç kim! Sadəcə, mən dənizdə çox uzağa getdim.

Qayıq balaca buxtaya daxil olanda Terrasın bütün işıqları sönmüşdü. Qoca başa düşdü ki, artıq hamı yatıb.

Küləyin vıyıltısı getdikcə güclənirdi, amma limanda sakitlik idi. Qayığı qayaların böyründəki çınqıllığa yönəltdi. Gecənin bu vaxtında ona kömək edəsi heç kəs yox idi, odur ki, avar çəkə-çəkə qayığı lap yaxına, ləpədöyənə qədər apardı. Sonra yerə düşüb, qayığı qayalardan birinə bənd etdi.

Dorağacını qayıqdan çıxardıb yamaqlı yelkəni ağaca doladı, iplə sarınandan sonra onu çiyninə alıb yoxuşla üzüyuxarı yola düzəldi. Necə bərk yorulduğunu indi başa düşdü. Bir anlığa ayaq saxlayıb geri qanrıldı və küçə fənərinin zəif işığında nəhəng balığın qayığın dal tərəfindən diklənmiş iri quyruğunu, düz xətt kimi ağaran tərtəmiz yonulmuş bel sümüyünü, üstündə qiyamət qılıncı olan nəhəng nataraz tutqun kölgəsini gördü.

Ayaqlarını zorla sürüyə-sürüyə yoxuşla birtəhər üzüyuxarı qalxdı, təpəyə çatanda taqətsiz halda çiynindəki dorağacıyla bərabər yerə sərildi. Ayağa durmaq üçün nə qədər cəhd elədisə də, bir şey çıxmadı; heç tərpənməyə də amanı yox idi. Xeyli zəhmətdən sonra güc-bəla dikəlib otura bildi.

Ondan artığını bacarmadı, boş yola baxa-baxa eləcə oturub qaldı. Aralıda bir pişiyin harasa qaçdığını gördü, gözdən itənəcən pişiyin dalınca baxandan sonra bir müddət də oturub yola göz gəzdirdi.

Axırda dorağacını yerə qoyub, birtəhər ayağa durdu, sonra təzədən onu çiyninə qaldırıb yoxuşla üzüyuxarı dırmaşdı. Komasına çatanacan beş dəfə oturub dincini almalı oldu.

Komaya gircək dor ağacını divara söykədi. Qaranlıqda şüşəni tapıb xeyli su içdi, sonra özünü üzuqoylu çarpayıya yıxdı, ədyalı üstünə çəkib çiynini, kürəyini, qıçlarını örtdü; üzünü qəzetə söykəyib yatdı. Qollarını gen açmışdı, ovucları tavana baxırdı.

Ertəsi gün tezdən oğlan komaya baş çəkməyə gələndə qapıdan boylanıb qocanın yatmış olduğunu gördü. Bu gün şiddətli külək əsdiyindən bir dənə də qayıq dənizə çıxmamışdı, oğlan da yatıb qalmış, yuxusunu bəs deyincə almışdı. Yuxudan duran kimi də, adəti üzrə, qocaya baş çəkməyə gəlmişdi.

Oğlan qocanın yaxşı nəfəs aldığını görüb bir az rahatlandı, amma əllərinə baxanda özünü saxlaya bilməyib ağladı. Sonra komadan ehmalca çıxıb, qəhvə dalınca restorana qaçdı; bütün yol boyu toxtayıb kiriyə bilmədi.

Sahildə xeyli balıqçı toplaşmışdı, hamısı da qocanın qayığını araya alıb nəhəng balığın skeletinə heyrətlə tamaşa edirdi; balıqçılardan biri şalvarının balaqlarını çırmayıb suya girmişdi və əlindəki iplə qayığa bağlanmış skeletin uzunluğunu ölçürdü.

Oğlan yuxarıda durub onların yanına düşmədi; az əvvəl orda olmuşdu və hətta bir balıqçı ona söz də vermişdi ki, bəs narahat olmasın, qocanın qayığına göz qoyacaq.

Necədir qocanın vəziyyəti? – balıqçılardan biri qışqırıb oğlandan soruşdu.

–Yatır, hələ yatır, – oğlan hıçqıra-hıçqıra dedi; ağladığını adamların görməsi onu utandırıb eləmirdi. – Gəlib onu narahat eləməyin.

–Burnunun ucundan quyruğunacan balığın uzunluğu düz on səkkiz futdur! – skeleti ölçən balıqçı oğlana üz tutub bərkdən qışqırdı.

–Bilirəm, ondan az olmaz, – oğlan ona cavab verdi.

Sonra oğlan Terrasa gedib qoca üçün qəhvə istədi: –Mənə isti qəhvə verin, südünü də, şəkərini də bol eləyin.

–Başqa şey lazım deyil? Nə lazımdısa, götür.

–Yox, hələlik lazım deyil. Yeməyə bir şey istəsə, sonra gəlib apararam.

–Balıqdır ha! – restoran sahibi heyrətini gizlətmədi. – Buralarda indiyədək beləsi görünməyib. Amma dünən sən tutduğun o iki balıq da pis deyildi.

–Cəhənnəm olsun mənim balıqlarım, – oğlan dedi və təzədən ağlamağa başladı.

–Bəlkə, özün də bir şey içəsən? – restoran sahibi ondan soruşdu.

–Yox, istəmirəm, – oğlan başını buladı. – Adamlara tapşır ki, gəlib Santyaqonu narahat eləməsinlər. Mən tez qayıdacam.

–Mənim dilxorçuluğumu qocaya çatdırarsan. De ki, bərk təəssüflənirəm.

–Çox sağ ol, çatdıraram, – oğlan dedi.

O, qəhvəni götürüb komaya gəldi, qoca yuxudan ayılana qədər oturub gözlədi. Arada bir dəfə hətta oğlana elə gəldi ki, qoca ayılmaq istəyir, lakin o, təzədən dərin yuxuya getdi və oğlan bayıra çıxıb yolun əks tərəfinə keçdi, qonşudan bir qədər odun borc alıb gətirdi ki, qoca duranda qəhvəni qızdırsın.

Handan-hana qoca ayıldı.

–Uzan, ayağa durma, – oğlan onu yerindən tərpənməyə qoymadı, – qəhvəni elə uzandığın yerdə içərsən.

Sonra stəkanı qəhvə ilə doldurub ona uzatdı; qoca stəkanı oğlandan alıb içdi.

Manolin, onlar məni üstələdilər, məni yendilər, – qoca dedi. – Onlar məni məğlub etdilər.

–Amma nəhəng balıq özü səninlə bacara bilməyib! Axı balıq səni məğlub edə bilməyib! –Hə, doğrudur, düz sözə nə deyəsən. Məni sonradan hücum edən köpəkbalıqları əldən saldı.

–Pedriko söz verib ki, qayığa da, avadanlığa da göz qoyacaq. İndi sən balığın başını neyləmək istəyirsən? –Qoy Pedriko onu doğrayıb, qarmağa taxmaq üçün yem düzəltsin.

–Bəs qılıncını neyləyək? –İstəyirsən, götür özünçün. Yadigar saxlayarsan.

–Əlbəttə, istəyirəm, – oğlan sevindi. – İndi gəl indən sonra nə edəcəyimiz barədə danışaq.

–Məni axtarırdılar? – qoca soruşdu.

–Bəs necə! Əlbəttə, axtarırdılar. Sahil keşikçiləri də, təyyarələr də səni axtarırdılar.

–Okean böyük, qayıq da bapbalaca, necə görəcəkdilər onu? – qoca dedi.

O, adamlarla bir yerdə olmağın, özündən başqa ayrı kiminləsə danışmağın əsl səadət olduğunu hiss edirdi.

–Bilirsən, Maqolin, mən orda səninçün yaman darıxırdım. Bir şey tutub eləmisən? –Birini birinci gün tutdum, birini ikinci gün. İkisini də üçüncü gün, elə dünən tutmuşam.

–Əhsən! –İndi biz balıq tutmağa yenə bir yerdə gedərik.

–Yox! Mənim bəxtim yatıb. Gətirmir ki, gətirmir.

–Cəhənnəm olsun bəxt! Mən özümlə sənə bəxt də gətirərəm.

–Bəs valideynlərin nə deyər? –Nə deyirlər, qoy desinlər. Mən ki, dünən iki dənəsini tutmuşam. Amma indi ova bir yerdə gedəcəyik, çünki mən hələ çox şey öyrənməliyəm.

–Bir dənə möhkəm nizə tapıb, onu həmişə özümüzlə götürməliyik. Tiyəsini köhnə “Ford”un yayından düzəlmək olar, sonra da Quanabakda onu yaxşı-yaxşı itilədərik, ağzı gərək iti və möhkəm olsun. Mənim bıçağım sındı, tamam zay olub getdi.

Mən səninçün yaxşı bir bıçaq taparam. Köhnə “Ford”un yayını da aparıb itilədərəm. Səncə, bu şiddətli brisa8 neçə gün çəkər? –Üç gün, bəlkə bir az da çox.

–Mən hər şeyi hazırlayıb sahmana salaram, sən də o vaxtacan əllərinə məlhəm qoyub sağaldarsan.

–Qaydasını bilirəm. Gecə tüpürəndə boğazımdan qəribə bir maye gəldi; elə bil sinəmdə nəsə sancdı.

–Onu da sağalt. Özün də uzan dincini al. Rahatlan.

Mən sənə təmiz köynək gətirərəm. Yeməyə də bir şey taparam.

–Burada olmadığım günlərin qəzetlərini də tap gətir.

Hansı olsa, fərq eləməz.

–Sən tez sağalmalısan. Bilirsən, mən hələ səndən çox şey öyrənməliyəm. Dünyada elə şey yoxdu ki, sən onu bilməyəsən. De görüm, çox əziyyət çəkdin? –Çox, lap çox.

Gedim sənə yemək, bir də qəzet gətirim. Sən yaxşıyaxşı dincəl! Aptekdən əllərinə sürtməyə bir şey də tapıb alaram.

–Yolüstü Pedrikoya de ki, balığın başını özünə götürsün.

Denən ha, yadından çıxmasın.

–Yadımdan çıxmaz, arxayın ol.

Oğlan qapından çıxıb köhnə daş yolla üzüaşağı enəndə onu yenə ağlamaq tutdu.

Həmin gün Terrasa bir dəstə turist gəlmişdi. Onlar güclü şərq küləyinin buxtanın girəcəyində dalğaları köpürdəköpürdə körfəzə doğru necə qovduğuna tamaşa edərkən ləpədöyəndəki boş pivə qablarının, ölü meduza qalıqlarının arasında qabarıb yırğaladığı upuzun, ağappaq fəqərə sümüyü ucundakı nataraz quyruqla bərabər turist qadınlardan birinin gözünə sataşdı. Qadın onu ofisianta göstərib soruşdu: –O nədir elə? –Tiburon, – ofisiant cavab verdi. – Köpəkbalığı.

Ardınca ofisiant istədi ki, baş verənlərin hamısını qadına izah eləsin.

Mən bilməzdim ki, köpəkbalıqlarının bu cür gözəl, bu cür zərif quyruğu olurmuş! –Düzü, heç mən də bilmirdim, – yanındakı kişi qadının sözünü təsdiqlədi.

Bu vaxt qoca yuxarıda, öz komasında yenə üzüqoylu uzanıb yatırdı, oğlan da böyründə oturub onun keşiyini çəkirdi. Qoca yuxusunda şirləri görürdü.