Elsevər Bəydəmirlidən yeni şeirlər

Elsevər Bəydəmirli

Məhəbbətin tərifi

 

Fərhad dağları dəldi, qovuşdumu Şirinə?

Məcnun çöllərə düşdü, tapmadı Leylisini!

Məhəbbətin alovu hopdu iliklərinə,

Kərəm yandı – kül oldu, almadı Əslisini!

 

Məhəbbət, əl çatmayan ülviyyətin adıdır,

İllərlə yorulmadan yollarda qoşmaq kimi.

Gecələr ay şavağı, günəşlərin odudur,

Yamaçlardan çağlayıb, çaylarda coşmaq kimi!

 

Məhəbbət, sevdasını görmək üçün uyuyub,

Həsrətin bitdiyini görməkçün oyanmakdır

Məhəbbət, hər tərəfdə yarın səsini duyub,

Al əlvan çiçəklərin arasında sanmaktır.

 

Min illərdi axtarır ülvi məhəbbətini,

Hər gün günəş batarkən uca dağlar ardına!

Vuslatını araken taparsan ehtirasdır,

Eşqin Vüslatı Yalnız Əbədiyyət Yurdunda!

 

Artıq övladlarım var sevdamızın yaşınca

 

Ürəyimin başını dağlamış intizarın

Oyandımkı gec artıq, xatirəyə dönmüsən

Necə hiss etməmişəm köçdüyünü bir yarın

Parlaq günəşimiydin, öləziyib sönmüsən

 

Yenə də əvvəlkitək pəncərədən boylanır,

Baxışların, de kimin yollarını gözləyir?

Bəlkə qısqanmasam da içim bir az huylanır,

Kimin için sızlayır, qəlbin kimi özləyir?

 

Bir yaşıl yarpaq olub yoluna düşmüş idim,

Talehin bir cilvəsi sovurub atdı məni.

Tər təzə hisslərimi sənlə bölüşmüş idim,

Bilməm nələr ayırdı, nələr aldatdı məni.

 

Buğulu gözlərimdə tüllənən günlər hanı?

Onda sevincimiydin, indi mənim qamımsan!

İndi sənsən röyamın ən istəkli mehmanı,

Yuxularda mənimsən, gerçəkdə haramımsan!

 

Xəyalın günəş kimi qamaşdırır gözümü,

Daha çox canlanırsan səndən uzaqlaşınca.

Səbri də öyrənmişəm, öyrənmişəm dözümü,

Artıq övladlarım var sevdamızın yaşınca!

 

Məni kimin ahı tutub

 

Nazlanan yarpaqlar olubsa xəzəl

Demək bu yollardan sonbahar ötmüş.

Götürüb dağların təravətini,

Qapqara nəfəsli bir rüzgar ötmüş.

 

Arzular nə idi, nəyə tuş gəlib?

Bülbül uçub gedib və bayquş gəlib.

Bəmbəyaz geyimdə qara qış gəlib,

Güllü yamaçlardan artıq xar ötmüş.

 

Ömrün payız çağı düşdüm həvəsdən,

Mən kimi üzmüşəm həyatda qəstdən?

Bilirəm nədəndir, yolumun üstdən,

Gözləri pür yaşlı bir nigar ötmüş!