Elsevər Bəydəmir — Həqiqət axtarıram ruhumun aynasında

Elsevər Bəydəmirli

Uzağam

 

Uzağam çiçəklərin küflü göstərişindən,

Göylərə pərdə çəkən qara buluddan uzaq.

Azqın mədəniyyətin, sırıtdığı dişindən,

Gözboyayan vədindən, saxta umutdan uzaq.

 

Uzağam qədəhindən və meyxoş badəsindən,

Zövqü varsa nə yazar, sonu zəhər-zəmbərək.

Doymuşam namərdlərin yalançı vədəsindən,

Yola davam etməli arxanı çevirərək…

 

Bir cənnət vəd olunur, nəticəsi — cəhənnəm,

Bilirəm, məşəqqəti axına qarşı üzmək.

Səbri basar bağrıma nə danışar, nə dinnəm,

Uzağam qayyalardan, qayəmsə ərşi süzmək.

 

Nə qədər sərv-ü qamət quru bir budaq imiş,

Uzağam gül yetişməz, çoraq torpaqdan uzaq.

Gülüstan zən etdiyim çürümüş yarpaq imiş,

Nə qədər mərd görünən, dönür olur qurumsaq.

 

Nəyimə lazım axı, dəniz kimi səhralar-

Qumları cəllad kimi, boğucu fırtınası.

Gündüzü od püskürər, gecəsində ayaz var,

Məni ovutsun — yetər qayaların xınası.

 

Mənim göstərişimlə uçmaz quşlar səmada,

Ram edə bimədiyim səmadan da qaçıram!

Meyxanası üfürük, bir boş boğaz tamada,

Səmanın ötəsinə, əlçatmaza uçuram.

 

Qıvrılıb yer almışam nəqqaşın butasında,

Çin olmayan vüslatın dəvətindən uzağam.

Həqiqət axtarıram ruhumun aynasında,

Bəlkə də bu dünyada yalnızam, yalquzağam!

Qiymət