Ehsan (hekayə) Əli Bəy Azəri

Qardaşlar içində ən kiçiyi olan Aslan əmim taksi sürücüsüdür. Səhər obaşdan evdən çıxır, bir də axşam şər qarışandan sonra evə qayıdır. Gün ərzində evdə olmadığından yalnız bayram günləri onu görə bilirdik.

 

Bir dəfə çox vacib işim çıxdı, mütləq əmimlə görüşüb məsləhətləşməliydim. Onun şəhərdə tanımadığı bir küçə, bir yaşayış massivi, hətta bir tin, dalan da tapmaq olmazdı. Bazarları, anbarları, topdansatış mərkəzlərini, onların iş prinsiplərini də pis bilmirdi. Hardan nə soruşsaydın, məlumatı vardı. Hamı da ona: “Maşallah, sənə halaldı”, deyərdi.

Mən ona zəng vuranda səhər saatları olardı. İşdə olduğunu, müştəri apardığını söylədi.

-Harda görüşə bilərik? – deyə soruşdum.

-Saat on ikidə Baba məscidinin qabağında ol! – dedi. – Hara getsəm də günortaya ora gələcəm.

Əvvəl təəccübləndim: “Bu niyə görüş yerini məscidin qabağına salır, olmaya qohumlardan, tanışlardan ölən olub, mənim xəbərim yoxdur?” Sonra fikirləşdim ki, yəqin əmimin “iş yeri” oradır. Axı şəhərdə fəaliyyət göstərən taksilər hardasa toplaşırlar…

Baba məscidinin qabağında avtobusdan düşəndə, saata baxmasam da elə əmim dediyi vaxt olardı, ya beş-on dəqiqə tez, ya gec, fərq etməzdi. Hələ avtobusla gələndə fikirləşdim ki, məscidin qabağında dörd-beş maşın olar, o da taksilər. Amma belə olmadı, məscidin arxa tərəfi də, qabağı da, ikitərəfli yolun bir qırağı da maşınla dolu idi. Bura maşın bazarını xatırlatdı mənə, aşağısı iki yüz maşın vardı. Onların arasında əmimin maşınını asanlıqla tapa bilməyəcəkdim. Elə avtobusdan bir az aralanıb zəng etmək istəyirdim ki, hardansa özü peyda olub mənə yaxınlaşdı.

-Gəldin, Nadir? – Soruşdu.

-Gəldim, əmi. – Cavabını verdim.

Hərçənd cavab verməsəydim də aydındı, özü görmüşdü ki, gəlmişəm, heç soruşmağına da ehtiyac yox idi.

-Onda gedək.

-Hara?

-Məscidə.

Əvvəl elə düşündüm ki, onların ofisləri, toplandıqları yer məsciddədir. Sonra buna şübhə ilə yanaşdım, özəl taksi sürücüləri niyə məsciddə toplaşsın, onların ofisləri niyə məsciddə olsun. Məscid məgər ofis yeridir?

-Məscidə niyə?

-Məscidə nəyə gedərlər? Gedək ehsan yeyək.

-Əmi, nə ehsan? Hüzür yerimiz var? Kimsə rəhmətə gedib, mənə demirsiniz?

-Hər gün hüzür yeri olur, hər gün kimsə rəhmətə gedir də… İndi onsuz da günortadır. Hardasa oturub çay içməliyik, bir qismət çörək yeməliyik. Elə gedək məsciddə bir qismət ehsan yeyək. İmkan olar orda, olmaz da gəlib burda söhbətimizi edərik.

-Əmi…

-Burda hər gün böyüklərə ehsan verirlər. Özləri deyiblər.

-Sən get. Mən burda gözləyərəm.

-Gəl, gəl, sənin nə işinə var… mənimləsən. Burda məni bütün işçilər tanıyır.

Məscid yolun sağ tərəfində idi, ərazidə, bəlkə də ən böyük, əzəmətli bir tikinti sayılırdı. Məscidin arxa tərəfində üçmərtəbəli mərasim zallarından ibarət bir bina da vardı, hüzür yerləri bu binada təşkil olunurdu. Əmimlə həmin binanın qabağına gəldik, pilləkənlərlə yuxarı qalxıb binaya daxil olduq. Birinci mərtəbə geniş foyesi və dörd zaldan ibarətdi. Foye adamla dolu idi, qaynayırdı. Liftə yaxınlaşdıq. Liftin qapısında da gözləyənlər çox idi. Lift qapısının yuxarı hissəsində böyük məlumat lövhəsi asılmışdı, oradan hansı zalda kimin hüzür məclisi təşkil olunduğunu öyrənmək mümkündü. Əmimin dediyinə görə, bu binada irili-xırdalı on zal vardı. Əsas zal üçüncü mərtəbədə yerləşirdi, burda ən böyük zal o idi, adına “pravitelstvennıy”, yəni, “hökumət zalı” deyirdilər. Burada prezident aparatında işləyənlərin, nazirlərin, rektorların, bir sözlə; çox böyük vəzifəlilərin, onların ən yaxın qohumlarının və varlıların hüzür məclisləri təşkil olunur. Onlar siyahı tutub gələnlərdən pul yığmırlar. Odur ki, onların ehsanını yemək halaldır, həm də savabdır. Bunun düz olub-olmadığını mən deyə bilməzdim, birinci dəfəydi belə bir şey eşidirdim, əmim belə deyirdi.

-Gəl, pilləkənlə qalxaq. – Əmim liftin ağzında gözləyən adamların çoxluğu ucbatından belə təklif etdi.

Biz pilləkənlərlə yuxarı qalxdıq, bizdən başqa da çox adam pilləkənlərlə yuxarı qalxırdı. Yuxarı foyelərdə də adam əlindən tərpənmək olmurdu, çox sıxlıq idi.

-Buyurun, keçin! – Burada əmimi tanıyırdılar, tanımırdılar deyə bilmərəm, amma hörmətlə qarşılayırdılar. O da ya başı ilə təşəkkürünü bildirir, ya da “başınız sağ olsun”, “axırıncı qəminiz olsun”, “Allah səbr versin” kimi ifadələr işlədib təziyəsini bildirirdi.

Beləliklə, biz üçüncü mərtəbədəki ən böyük zalın, əmimin “pravitelstvennıy” adlandırdığı zalın qapısı ağzına gəlib çıxdıq. Əmim içəri keçənlərlə bərabər tam sərbəst olaraq:

-Allah o dünyasını versin! – dedi və içəri keçdik.

Mən çox narahat idim. Qorxurdum ki, indicə saxlayacaqlar məni, hara gəldiyimi, kimin yasına gəldiyimi soruşacaqlar. (Zalın nömrəsini əvvəlcədən bilmədiyimdən heç məlumat lövhəsindən də mərhumun adını oxumamışdım) Sonra da buradan mitilimi geri qaytaracaqlar. İnanın, qapının ağzından içəri keçəndə elə bildim ki, qıl körpüsünü keçirəm, bu dəqiqə səndərləyib qır qazanına düşəcəm. Bircə onu bilirdim ki, geriyə dönüş yoxdur, hər necə olsa, əmimin arxasınca getmək lazımdır. Xəcalət təri məni basmışdı, tüklərimin dibinə kimi islanmışdım.

Zalın sol tərəfindəki ikinci cərgə boyunca gedib, hardasa, yuxarı tərəflərdə əyləşdik. Nəzərimə çarpan ilk əlamət üç mollanın məclisi idarə etməsi oldu.

Əmimlə yanaşı oturduq.

-Qarşı tərəfə getmək olmaz. – Əmim zalın girəcəkdə sağ tərəfindəki cərgəni göstərdi. – Orada böyüklər, nazirlər, komitə sədrləri, deputatlar, aparat işçiləri otururlar. Bura gələsi olsan, həmişə bu tərəfdə otur. Burada sənin heç kimlə işin yoxdur, heç kimin də səninlə işi yoxdur. Ehsanını ye, mollanı dinlə, “Allah rəhmət eləsin”, de, sonra da sakitcə çıx get. Bu zalda hüzür məclisi keçirənlər gələnlərdən pul yığmırlar.

Bu dəm şəbbəxeyir iki nəfər danışa-danışa gəlib qabağımızda əyləşdi, başqa stullarda əyləşmişdilər, bircə bizim qabağımız boş idi.

-Şadlıqlarda görüşək. – Əmim baxdı ki, onlar salamsız-kalamsız gəlib əyləşdilər, özü onları salamladı.

Əmimə heç əhəmiyyət də vermədilər.

Biri mənə yaman tanış gəlirdi, onu hardasa görmüşdüm, ya hardansa tanıyırdım, amma ha fikirləşirdim, yadıma sala bilmirdim.

-Bu ki, Musa Səlimbəylidir. – Əmim həmin adama diqqətlə baxdığımı görüb qulağıma pıçıldadı, amma onun pıçıltısı yaman ucadan səsləndi.

-Peyğəmbərin gül camalına bir salavat çevirək! – Yaxşı ki, molla uca səsi ilə onların diqqətini yayındırdı, qanımın arasına girdi, yoxsa onun qəzəbli baxışından canımı qurtara bilməyəcəkdim, bəlkə də nə isə ağır söz deyəcəkdi.

Musa Səlimbəylinin zəhmli qırğı baxışı vardı, adamın bağrını yarırdı. Gözaltı baxdım ki, əlindəki xurmanı təpəmə çırpmağa hazırdır. Elə ki, molla peyğəmbərin gül camalına salavat çevirdi, Musa dərhal əlindəki xurmanı ağzına basaraq qabağındakı armudu stəkanı götürüb çaydan bir qurtum içdi.

Fikrim ondaydı, bir stəkan çayı beş xurma ilə ötürdü içəri – özü də necə xurma. Burdakı xurmalar da iriydilər, əmim demişkən “pravitelstvennilər” üçündü, indiyədək mən belə xurma görməmişdim.

Mollanın nə isə oxumasından istifadə edən əmim qulağıma tərəf əyildi:

-Bu, nazir deyil?

-Nazir yox, komitə sədri. – Bildim ki, Musa Səlimbəylini soruşur, belə cavab verdim.

-Hə də…

-Hə, özüdür.

-Bəs nə yaxşı o tərəflərdə oturmayıb?

-Görünür o tərəflərdə yer olmayıb.

-Yenə işləyir?

-Yox. Keçən ildən mitilini atıblar bayıra. İndi yığdıqlarını xırıd eləyir.

-Bilirsən nə qədər adamın çörəyinə bais olub, pensiyasın dayandırıb.

-Arsızdı ki…

Musa Səlimbəylinin qulaqları yaxşı eşidirmiş. Bizə elə tərs-tərs baxdı ki, qorxudan istədim durub çıxam. Əmim pencəyimin qolunu dartdı.

Masaya ehsan gəldi. Hər kəs başını aşağı salıb ehsan yeməyə başladı. Musa hamıdan tez yedi. Dovğanı başına çəkdi, burnuna bulaşdırdı. İstədim deyəm, çəkindim, birdən acığı tutar deyə salfet uzatmağa da ehtiyatlandım. Musa Səlimbəyli elə burnu qaşqalı sağa-sola baxır, yanındakı ilə nə barədəsə yeyin-yeyin danışırdı. Heç yanındakı da burnunun qaşqasını ona demirdi.

Mən isə dovğanın qapağını açıb qaşıqla yeməyə başladım. Nazir olmağınan deyil ki, süfrə mədəniyyəti yoxdur. Tək o deyil e.., nazirlər, deputatlar hamısı dovğanı başına çəkir, hortahortla sümürürdülər. Kənardan çəkib özlərinə göstərən gərəkdi.

-Nədi? Məni görməmisiniz? – Musa Səlimbəyli birdən bizə bozardı.

-Görməsəydik bundan yaxşıydı.

-Nə pisliyim keçib sizə?

-Hələ bir soruşursan da… Ölkədə pislik eləmədiyin adam qalıb ki..?

-Voobşe, siz kimsiniz? Kimin hüzürünə gəlmisiniz?

-Bunun sizə dəxli yoxdur.

-Aha, ehsanşiksiniz deməli… Gəlib onun-bunun ehsanını havayı yeyib çıxıb gedirsiniz.

-Guya siz havayı yemirsiniz? Guya siz çıxanda siyahıya yüz manat yazdırıb gedirsiniz?

-Yox, yazdırmırıq…

-Onda sizinlə bizim ehsan yeməyimizin nə fərqi oldu?

-Fərqi var. Bizim haqqımız çatır, çünki biz tanıyırıq.

-Fərqi o gözəgörünməzdən başqa heç kim bilməz. Tanıyıb-tanımamağın dəxli yoxdur.

-Musa, Allah sənin belini qırsın. – Kimsə arxa masadan səsləndi. – Mənim pensiyamı niyə kəsirdin ə..? Qurumsaq, mənim ayağım kərtənkələ quyruğuydu ki, uzanıb gəlib yerinə çatsın… Mən ayağımı Qarabağda qoyub gəlmişəm, sən heç Qarabağın səmtin də tanımırsan…

Molla süfrə duasını verirdi.

Musa onunla gəlmiş adama nə işarə elədisə cəld ayağa qalxıb çıxışa doğru irəlilədilər.

-Buna bax! Hələ dili də var, haqdan danışır! – Əmim astadan dilləndi. – Bəlkə min adamın haqqını yeyib… Belələrinə heç salavat da düşmür, nəinki “fatihə” verib Allahdan rəhmət diləmək…

Qiymət