Əbülfəz Əhməd – şeirlər

Ədəbiyyat

GÖRDÜM

Deyirlər adamla doludur dünya,

Nə qədər baxdımsa az Adam gördüm.

Hər fəsil donunu yüz yol dəyişən,

Payız adam gördüm, yaz adam gördüm.

 

Gör kimin yerində kimlər oturub,

Gör qapı dalında kimlərdir,durub.

Rüşvət damarında fəvvarə vurub,

Şərəfdən qıt nəsib, yüz adam gördüm.

 

Əbdürrəhim bəyin marallarının,

O vaxtdan diqqətim, əhvallarının.

Tutdum siyahısın halallarının,

Bir nəfər demədi yaz, adam gördüm.

 

Sənətdə əsər yox incəliyindən,

Baxış sərgiləsək necəliyindən.

Çıxır səhnəmizə gecəliyində,

Oğlan adam gördüm, qız adam gördüm.

 

Ölübdür sənətin qayğısın çəkən,

Budur millətimin belini bükən.

Boy verir millətin zəhləsin tökən,

Pərçim adam gördüm, paz adam gördüm.

 

Yer var sözlərimdə bir az duzluya,

Adam gərək doğru sözü sazlıya.

Ehtiyac qalmadı Şimal buzluya,

Donuq adam gördüm, buz adam gördüm.

 

TƏRƏKƏMƏ ŞEİRİ

Bizim tərəkəmə obalarında,

Sürü ayrılardı sağmal- subaya.

Hərə öz işini yaxşı bilərdi,

Bunun da faydası vardı obaya.

 

Sürüylə cumuruq şeir yazmağa

Ağlına gələnlər hər sözü yazır.

Modernin postundan boylanır çoxu,

Alt- alta yazmaqla şeirlər hazır.

 

Gəl sözü ayıraq sağmal-subaya,

Hər sözün ünvanı şeir deyil ki.

Sözün bostanında boy verən xiyar,

Elə buna görə əyri deyil ki?!

 

Nə olsun əlinə almısan qələm

Hər sözün kimliyi yazıya gəlmir.

Biz sözün quluna çevrilmədikcə

Ortaya çıxmalı bir yazı gəlmir.

 

Deyirdilər hər söz yatmır şeirə

Kim ağlına nə gəlirsə deyir, ə!

Hanı yanaşmanın sağmal- subayı

Vallah bunu yozammıram xeyirə..!

 

Birbaşadır

O günü,Lilparın şah məclisində,

Yanımda yer vardı, gəldi Qəzənfər.

Bir az keçmiş idi, dedi bax ora,

Gördüm əl eləyir bizə bir nəfər.

 

Şəxsi tanımadım, elə baxsam da,

O,bizə ürəklə əl yelləyirdi.

Ruhumu sarmışdı şeir məclisi,

Məclis axarınca irəlləyirdi.

 

Qəzənfər soruşdu, tanımadınmı,

Dedim hər kimdirsə çox urvatdıdı.

Boşuna çağırmaz Lilpar adamı,

Dedi,əl eləyən bir suruğvatdı.

 

Suruğvat deyəndə bildim ki, Rəşid,

Yanımda Vəkil-lik edən Qəzənfər.

Dedi qonaqlıq ver, Dostu tanıtdım,

Bir çay dəstgahına, dedi Qəzənfər.

 

Səmimi görüşdük qardaşımızla,

Bir az ordan- burdan gap da elədik.

Nisyə görüşümüz feyzbukdandı,

Nagdı görüşü də lapdan elədik.

 

Ötən illərin xronikası

Düzəldənim işi salır müşkülə,

Şirinliyi qoyammasan kəşkülə.

Mənim işim çox yaxındır təşkilə,

Bircə günə, gün yarıma, üç günə…

 

Qulağımız dənləyəndə darısın,

Qazanc saydıq ziyanın da yarısın.

Yumaq olmur ağ üzlərin qarasın,

Bircə günə, gün yarıma, üç günə…

 

İşlərimiz itiribdir təhərin,

Gündən günə azaldırıq bəhərin.

Yalan sözdür aydın olar səhərin,

Bircə günə, gün yarıma, üç günə…

 

Elə bil ki,bilet alıb uçağa,

,,Kişi” qızı gəlin gəlir ocağa.

Pişikləri dırmaşdırır ağaca,

Bircə günə, gün yarıma, üç günə…

 

Yadelliyə üz vermişik nə qədər,

Çörək verib, duz vermişik nə qədər.

Evdəkinə söz vermişik nə qədər–

Bircə günə, gün yarıma, üç günə…

 

Hörüyünü uzatdıqca eşşəyin,

Deyir bizim küçələrdən keçməyin.

Daha möhkəm gözə taxır çeşməyin,

Bircə günə, gün yarıma, üç günə…

 

Göbək seyri…Başmaq seyri yerinə,

Ucun tutub ta getmirəm dərinə.

Şah namusu ayaq alta sərənə,

Damğa vuraq, gün yarıma, üç günə!…

 

SEVGİ

Ən şirin günahdır bunun meyvəsi,

Zərrəcə azalmaz günah yuyuruq.

Yuyundum, pak oldum kimsə deməsin,

Biz elə yuduqca günah yuyuruq.

 

Biz insan nəsliyik, günahımız bol,

Sevə bilməyirik nöqsandan xali.

Düz yolu tutağın, pənahımız yol,

Düz yolu tutmasaq hamımız dəli…

 

Bax, bütün dinlərdə əyinti günah,

Tövbəylə silkinib ondan çıxılar.

Burada ilhamın düzəldi, günah,

Burda tövbə etdin,evin yıxılar!

 

Bir az gileyliyəm Kərəm babadan,

Yaşadı sevginin min ahlarını.

Onu da rəhmətlik etsin Yaradan,

Bir az yüngüllətsin günahlarını…