DUZÇU HƏMİDİN AİLƏSİ (“Qara kapitan” povestindən bir parça) FIRAVAN MAHIR

Ədəbiyyat

Axşamın xəfif yelləri arx qırağında hündür əzəmətli çinarların yarpaqlarını dindirdikcə şəhərə çökən sakitlik insanı məst edirdi. Bura Nuxanın çoxdan məskunlaşmış bir dar döngəsi idi. Adı da qəribə idi Çökək (çökəh) məhlə. Yəqin bu məhəllənin evləri şəhərin başqa məhəllələrindən çökəkdə yerləşdiyi üçün belə adlanırdı. Amma mən düşünürəm ki, bu həm də məhəllənin insanlarının çox təvazökar olmalarından irəli gəlirdi.

Məhəllənin içərilərinə doğru getdikcə ruhani bir səs eşidilirdi. Əsən meh bu səsi çinarlara qədər yetirirdi. Sanki bu səs təkcə Həmid kişinin ailəsi üçün deyil, həm də ətrafda olan ağaclara, quşlara oxunurdu. Həmid kişinin evi kiçik, amma içində neçə dünya insanı bəsləyəcək qədər geniş idi. Cavan vaxtından bu məhəlləyə yerləşən Həmid kişi qardaşıyla ticarətlə məşğul olur, birtəhər ailəsini dolandırırdı. Ev-eşik sahibi olandan sonra ailə quranda o, artıq qırxı haqlamışdı və həyatda qalan 4 övladının nazını çəkmək ona ağsaqqal, ahıl vaxtlarında qismət olmuşdu. Olduqca zəhmli və eyni zamanda qayğıkeş olması onu övladları üçün vazkeçilməz etmişdi. Bu evdə böyüyən, kişi kimi tərbiyə olunan Abdulla və Abdurahman atalarına arxa-dayaq, zərif və narın böyüdülən Bənövşə, Hökümə və Şəkər isə atalarının sevinci idilər. Evə və məhəlləyə sığmayan bu dəcəl uşaqların yeganə sakit oturub düşünəcəyi vaxt axşam azanından sonra evdə oxunan 1 cüz Quran  zamanı olurdu. Çünki Həmid kişinin yeganə istəyi uşaqlarının Quran oxunarkən sakit oturub dinləmələri idi. Bəlkə də o, bununla çox şeyə nail olurdu. Həm yorğunluğunu çıxarır, həm evin abu-havasını təmizləyir, həm də ən önəmlisi günümüzün pedaqoq və psixoloqlarının bacara bilmədiyi dinləmə mədəniyyətini övladlarına aşılayırdı. Evin xanımı Şərifə hündürboylu, xanım-xatın zəhmətkeş biri idi. Uşaqlarını elə tərbiyə etmişdi ki, ataya olan hörmətə zərər gəlməmişdi. Uşaqların atasının dizinin dibində oturub onu heyranlıqla dinləmələri ona da sərf edirdi. O da bir balaca dincəlirdi. Ruhani havanı içinə çəkən ev əhli söhbətə başlayırdı:

-Bu gün gəlib-gedən olub?

-Hə, qonşunun uşağının boğazı gəlmişdi, o da gətirib ki, əlin şəfalıdı, ay Şərifə, yenə keçən ilki kimi boğazına turşu bas. Mən də kələğayımın ucunu coya(alçadan hazırlanmış qatı turşu) batırıb sildim. Bir az əvvəl Bənövşə gedib soruşub, qızdırması düşüb.

-Sabah səhər o başdan tapşırmışam oruc aşı gətirəcəklər sahura, qapını Abdulla açıb götürər, sən bir də zəhmət çəkib yemək hazırlama, bu gün yetərincə yorulmusan.

Günlər ayları, aylar illəri əvəzlədikcə Həmid kişinin qayğıları da artır və dünya onunçün dəyişirdi. Hadisələr elə surətlə baş verirdi ki, Həmid kişi ahıl yaşında artıq bunlara ayaq uydurmaqda çətinlik çəkirdi. Bu illər ərzində Həmid kişi 3 hakimiyyət görmüşdü. Rus çarlığı dövrünü, Azərbaycan Cumhuriyyət dövrünü və nəhayət, qurulmaqda olan Sovetləri. Artıq dövr də, insanlar da onun üçün dəyişmişdi, sadəcə, dəyişməyən hər gecə evində oxuduğu, dərdlərini bölüşdüyü Quranı idi.

Uşaqlar böyüyür, Sovet rejiminin kollektivləşmə siyəsəti də Duzçu Həmidin ticarətindən yan keçmirdi. Duzçu Həmidin ticarətinin onun üçün önəmi adından da bəlli idi. Şəhərdə ən böyük duz dükanlarından biri onun idi. Nuxada o duzuyla məşhurlaşdığından hamı ona Duzçu Həmid deyirdi. Bu insan qazancını tək ailəsiylə paylaşmır, şəhərin qəriblərinə, yetimlərinə də hər zaman əl tuturdu. Onun üçün həyatın ləzzəti darda olana yardım etmək idi. Nə qədər təvəkkülü, iradəsi möhkəm olsa da, bu Allasızların qurduğu rejim onun ürəyincə deyildi.

Həmid kişinin dükanı Nuxa Cümə məscidi ilə qoşalaşmışdı. Şəhər boyu axan çay gəlib onun dükanının altından keçirdi. Burası elə belə yer deyildi. O, təkcə evinin dərdinə-sərinə qalacaq qədər insani keyfiyyətlərə malik deyildi axı. Nuxanın hər cüməsi onunçün bir bayram idi. Dost-aşnanı başına toplayıb yetim-yesirə sahib çıxacaq qədər də mərd idi bu kişi. Hər cümə dükan dolub-boşalardı.

-Əssalamu aleykum, ay Həmid kişi.

-Və aleykum salam. İşlər necə gedir? Yardımları paylaya bildiz axır bu camaatın uşağına? Bu ay da ac qalmadılar, çox şükür.

-Orası elədi, amma bu daşnaklar yaxşılığımızı da eləməyə qoymurlar. Xəbər eləsələr səni də apararlar. Bəs sən öz uşaqlarını fikirləşmirsən?

-Mən Allahı düşünürəm. Bu qədər kişini yığıb aparanda Allah məndən soruşmaz ki, evdə sənə verdiyim aşı necə nuş edirdin? Bəs darda qalana biz də əl tutmasaq…

-Ay Həmid əmi, ay Həmid əmi, cümənin xeyrini gör. Dünən sənə o qədər duaçı oldular ki, dedim day sənə heç bir pislik toxunmaz .

Həmid kişi kəskin baxışlarıyla qardaşı oğlu Qasımı süzərək barmağını dodqlarına aparıb səsə salmamasını tapşırdı.

Vəziyyət gərginləşirdi. Bu illər ərzində Abdurahmanını – könül parasını torpağa tapşırmağı onun belini əməllicə bükmüşdü. Bir tərəfdən də bunu sıxışdıran hökumət bunu çıxılmaz vəziyyətə salmışdı. Bircə rahatlığı dukanının qarşısında oturub uca çinarları seyr etmək idi. Sanki dərdini-sərini illərlə bölüşdüyü bu çinarlar ona hamıdan doğma idi. Yenə bir səhər bu təmiz saf havanı içinə çəkərkən qapının ağzını kəsdirən iki naməlum şəxsi gördü, nəsə dalağı sancdı.

-Salam, Duzçu Həmid, duzun ağır gəlir bu aralar. Hardan alırsan sən bu qədər duzu?

-Haradan alacam, ay bala, bir keçin oturun. Xoş gəlmisiz. Keçin, çayımızdan için.

-Həmid baba, biz gəlmişik səni aparmağa.

-Hara, ay bala, mən qoca, beli bükük, dərdi yerə göyə sığmayan bir Allah bəndəsiyəm. Heç kiminlə də işim olmaz. Bir-iki dostumu da aparmısız, uşaqları pərişan olublar.

-Deyəsən, siz səmimiyyət yaratmaq istədiz, amma alınmayacaq. Hörmətini nəzərə alaraq dukanını özün bağlamağa icazə verərik. Məncə, işləri yoxuşa sürməyin elə bir mənası yoxdu. Qandallamadığımıza şükür elə.

Həmid kişi ha var-gəl etdi ki, evə bir xəbər yollasın, bacarmadı. Getməlisən, vəssalam! Ürəyində qorxusu artdı, çünki ailəsini heç kimə tapşıra bilmədi. Həmin dövrün də gedər-gəlməzlərini düşünsək Duzçu Həmidin qorxmağa haqqı vardı.

Ev əhli həmin gecə Quransız qaldı, amma yenə uşaqlar dizlərini büküb oturub fikrə dalmışdılar . Axı bir qarışqanı belə incitməyi bacarmayan insandan nə istəyə bilərdilər.

Təbii ki, sabahki gün bu xəbər bütün Nuxaya yayıldı. Ailə üzvləri bu hadisənin təkcə onların başına gəlmədiyini duyunca bir az toxtaqlıq tapdılar. Evin kişisi artıq Abdulla idi. Duzçu Həmid onu elə yetişdirmişdi ki, o ailənin qayğısına qalacaq dərəcədə mərd və zəhmətkeş biri idi. Bir neçə gündən sonra Abdulla əmisi oğlu Qasım ilə birlikdə ailəni keçindirmək dərdinə düşdü. Təbii ki hələ yetginliyini tam haqlamamış uşaqlar nə edə bilərdilər. Özlərini verdilər Nuxa bazarına…

Bazarda bir az bacarığın varsa, yaxşı qazanardın. Bu Abdulla üçün çox da çətin olmadı. Atasının dükanında çiraqçılıq edən Abdulla artıq ticarətin bəzi sirrlərinə yiyələnmişdi. Axı hər şey oxunaraq qazanılmır həyatda. Yaşamaq özü ustalıq tələb edir. Abdulla isə artıq həyatın keşməkeşli burulğanlarını keçmək üçün ilk sınağını verirdi:

-Ana, belə olmayacaq. Mən Qasımla sabahdan bazara gedəcəm.

-Bazarda nə edəcəksiz?

-Ay ana, bəlkə atamın hörmətinə bazarda kimsə mənə alış-satışda mal verər, satıb evi dolandıraram, həm də tək deyiləm ki, Qasım da mənimlə gələcək. Axırıncı dəfə Qasımın qəhrəmanlığından sonra hamı ona hörmət edir. O ki, namussuz ermənini oturtdu yerinə. Erməni məhəlləsinə girən kimi hamı qorxusundan yola çıxmır. Bilirlər ki, Qasım gəldisə qurtardı. Orda heç kim haqsızlıq edə bilməz.

-Ay mənim gözümün işığı, evimin dayağı balam, sən artıq bu evin kişisisən. Mən izin vermərəm ki, Duzçu Həmidin oğlu ona-buna əl açsın. Al bu qolbağı, pula çevir, elə ilk işini ana xeyir-duasıyla başla, mənim də köməyim dəysin sənə. Sən axı böyük ticarətçi olacaqsan.

-Ana, bu ki, atam sənə alan qolbaqdı…

-Ay mənim kişi balam, həyatda heç bir şey sənin ad-sanından və şərəfindən önəmli deyil. Sən Həmid kişinin oğlusan. Bir də ki, atan qayıdıb gələr, mənə yenisini alar. Sən təki fikir eləmə…

Ana bu cümlələri qorxa-qorxa qursa da oğluna verdiyi umid onun həyat yolunu cızırdı və Abdulla həm məsuliyyəti, həm də qorxunu bir arada könlünə yük edirdi.

-Əziz balam, Allah işlərini avand eləsin. Ticarət elə bir şeydir ki, dilini şirin eləsən, hamı səndən mal alacaq. Lap əsəbləşsən də bəlli eləmə, can-can deyə yola ver.

Evdə ana və bacılarının təcrübəsindən yola çıxaraq Abdulla cuna işinə girişir. Çünki qadınlar başlarını kələğayının altından cuna ilə bağlayırdılar. Bu həm sərin olurdu, həm də təbii pambıqdan olduğu üçün kələğayını çox sürüşməyə qoymurdu. Cuna ilə başlanan ticarət 1-2 həftə sonra genişləndi. Abdullani evi keçindirmək dərdi başını qatsa da ahıl yaşda olan atasının harda, hansı güzəranda olmağı narahat edirdi. Bu narahatçılıq onu daha da çox işləməyə məcbur edirdi. Əlbəttə o atasının nə vaxtsa qayıdacağına əmin idi. Bunun üçün də ailənin yükünü çəkmək onun üçün şərəf məsələsi idi. Atası qayıdanda o da ana və bacılarını heç kimə möhtac qoymadığına görə “Afərin” qazanacaqdı. Bu onunçün sadəcə məktəbdəki “Afərin” deyildi. Həyat dərsinin Afərini idi. Məktəb onunçun əhəmiyyətini müəllimin onu haqsız yerə danlamağından və parta yoldaşının müəllimi tərəfindən təhqirindən sonra itirmişdi. Axı Duzçu Həmid bütün övladlarını adil, gözütox, ətrafına duyarlı bir insan kimi yetişdirmişdi. Nə qədər dilə tutsalar da, artıq məktəb həyatı Abdulla üçün 3-cü sinifdə bitmişdi. Onu daha çox Qasım ilə keçirdiyi zaman maraqlandırırdı. Qasım özü də çox cüssəli, hündür, fikirləri ilə seçilən biriydi. Ən maraqlı əyləncələrdən biri də onların birlikdə balıq tutmağa getməsiydi. Düşünürsünüz ki, yəqin bunların tilovları vardı, amma elə deyildi. Nuxanın mərkəzindən keçən çayın mənsəbində ürəyin istəyən qədər balıq vardı. Əmioğlu Abdulladan böyük olduğundan yanında xəncəri olurdu. Abdulla və əmioğlunun ayaqlarını dizlərinə qədər suya girmələri kifayət edirdi ki, balıqları asanca tutsunlar. Təbii ki, əmioğlunun soyuq silahı burda çox köməyə çatırdı. Düzünü desək, Duzçu Həmidin olmadığı vaxtlarda bu balıq işi də gəlirli və əlverişli işə çevrilmişdi.

Bəli… Beləcə, bir aydan çox müddət keçdi. Abdullanın qazancı artmış, hətta qazancından qırağa pul da qoymuşdu. Bu pul isə evin şüşəbənd (aynabənd) deyilən yerində balaca şkafın içində idi. Abdulla ev əhlinə demişdi ki, kimə nəsə lazım olsa, puldan çəkinmədən istifadə edə bilər. Təbii ki, bu təklif onun bacılarını özündən çıxarmamış, mütəvazi və tərbiyəni Duzçu Həmiddən alan qızlar ata və qardaş namusunu hər şeydən üstün tutmuş, ataları olmadığı müddətdə heç bir problem çıxarmamışdılar. Analarının gözünün yaşı isə axşamları balalarını ətrafına yığıb layla dedikcə yanağından süzülürdü. O, bilmirdi kimin üçün ağlasın, illər öncə o dünyaya yola saldığı Abdurahmanına, xəbərsiz-ətərsiz qeybə çıxan balalarının atasına, yoxsa hər gecə Bənövşəsinin boynubükük duruşuna, Şəkərin şirin vaxtlarının soluşuna, Hökümənin hökmünün qırılmağına, yoxsa Abdullanın bu çətinliklərə mərdcəsinə sinə gərməsinə… Axı o, ANA idi…

Qadının həyatına yüklənən mərhəmət onu ana etməyə yetər. Analar bu dünyanın ən hissiyatlı varlıqlarıdır. Ən gözəl dualarıyla gecəni səhərə calayan ana Abdullanı sübh azanından oyadır, bir dişdəmə salma çayını verib bazara yola salırdı. Abdulla isə bilirdi ki, nə qədər tez işə başlasa, bir o qədər yaxşı olar.