DÜZƏNLİK QARTALI (hekayə) AYAZ İMRANOĞLU

Ayaz İmranoğlu

Kəndçimiz, atamın maması oğlu Nuralı dayı maşın ustası olsa da ovçu kimi el-obada hörmət qazanmışdı. Onu ilin bütün fəsillərində dağlarda, meşələrdə, çay qırağındakı şamlıqda qoşalülə tüfəngi ilə gəzən görərsən. Hətta oralarda ovçu komaları da tikib. Ona görə də məhşur nağıl qəhrəmanı “ovçu Pirim” adını da almışdı.

Onlara nə vaxt gedirsənsə get, Nuralı dayı söhbətinin əvvəlini də, axırını da ovla, ovçuluqla bağlayardı. Elə maraqlı hekayətlər düzüb-qoşardı ki, uzun qış gecələrində nənəmin biz nəvələrinə söylədiyi boyat nağıllardan şirin gəlirdi.

Nuralı dayı güc-bəlayla səkkizillik məktəbi oxusa da, etdiyi söhbətlər onun bəzi müəllimlərdən daha əhatəli məlumatlı olduğundan xəbər verirdi. Lap rəhmətlik babamın söylədiyi müdrik kəlamlardan birindəki kimi: “Bala, çox oxuyan çox bilməz, çox gəzən çox bilər…”

Nuralı dayının söylədiyi hər bir hekayətdə özünün obrazı da vardı…

Bu dəfə o mənə qartaldan danışdı. Bizim dağların qartallarından yox, Qazaxıstandakı çöl qartalından. Axı əvvəllər o maşın ustası kimi Qazaxıstanda taxıl yığımının “sezon”una gedirdi. Orada taxıl daşıyan maşınlar xarab olanda onun ustalığı köməyə yetirdi.

Bir neçə il ardıcıl ora getdiyindən deyirdilər Nuralı dayı orada qazax qızıyla ailə qurub. Hətta usagı da var. Bu söz-söhbət arvadı Xuraman xalanın qulağına çatandan sonra Nuralı dayıya elə bir qulaqburdusu verdi ki, kişi Qazaxıstana getməyə tövbələtmə qoydu…

***

Nuralı dayı söyləyirdi ki, neçə il vardı Qazaxıstana taxıl sezonuna gedirdim. Orada neçə-neçə insanı tanısam da Altunbəylə dostlaşmışdım. Bizi doğmalaşdıran ortaq cəhətlərimiz çox olsa da, həm də onun sürücü, mənim maşın ustası olmağımızla bərabər xobbimiz də ovçuluq idi. Söz vermişdi qışda məni Qazaxıstana Çetiqran çöllərinə dovşan ovuna çağıracaq. Elə də oldu…

Fevral ayı idi. Hər yer qarla örtülmüşdü. Bəyaz qış gecəsində düzənlikdə xeyli gəzdik, amma heç nə tapa bilmədik. Birdən Altunbəy qışqırdı ki, maşını saxlayaq. Maşın dayanan kimi o, əlində tüfəng maşından yerə tullandı. Qarşıdakı telefon dirəyinin yuxarısında maşının faraları ilə işıqlanmış quşu nişan aldı. Nə fikirləşdisə, birdən tüfəngini aşağı əyib üzünü mənə tərəf tutub:

-İstəyirsən sən vur, vurmasan özüm vuracam, – dedi.

Bununla da o, Tanrı qarşısındakı böyük günahını mənim üzərimə yıxdı. Nədənsə, mən də düşünmədən nişan alıb atdım. Quş aşağı yuvarlandı. Yaxınlaşıb nə görsək yaxşıdır? Vurduğumuz düzənlik qartalı idi…

Üstündə qara rəngli lələkləri vardı. Yaralı idi.

Günahkar özüm idim. Özümü bağışlaya bilmirdim. Düşünürdüm ki, Süleyman peyğəmbər kimi mən də quşların dilini bilsəydim, səhvimi ona anlada, yaraladığım bədəni həyata qaytara bilərdim.

İnsanlara ziyanı dəyməyən, çöllüyün qoruyucusu qartalı vurmuşdum, özü də yatdığı yerdə. Qartal bu rəzaləti quş qəlbi ilə qəbul etmirdi. O bu çöllüyün sahibi idi. Çetiqranın ağappaq çölləri bu gecədən sahibsiz qalacaqdı. Qışın bəmbəyaz qarı qırmızı rəngə boyanmışdı.

Quşu götürüb qaldığım evə gətirdim. Ona qəsd etsəm də son ayaqda yardım göstərmək istəyirdim. Düşünürdüm ki, o da mənim kimi canlı bir varlıqdır. Bir udum hava, bir içim su onun da qisməti idi.

Duyğular məni rahat buraxmırdı. Onun yaralı halını gördükcə bura gəldiyimə lənət oxuyurdum. Tez buradan getmək istəyirdim. Amma qartalı yaralı qoyub getməyi özümə bağışlaya bilməzdim. Altunbəyə dedim ki, onu Azərbaycana aparıb sağaldacam. O da bir söz demədi.

Qəfəs alıb qartalı qəfəsə qoyub qatarla Bakıya, ordan da bu gözəl dağ kəndimizə gətirdim.

***

Evimin eyvanında ona xüsusi yer düzəltmişdim. Hər səhər yuxudan qalxan kimi ona baş çəkirdim. Qartal sağ olsa da, ölü can kimi idi. Görürdü ki, onun bu halına baxdıqca üzülürdüm. Qartalın tənəli baxışında məğrurluqla yanaşı, mənə qarşı bir təəssüf hissi də oxunurdu.

Sağaltmaq üçün baytara müraciət etdim. Gəlib baxdı, başını bulayıb getdi.

Ov heyvanlarını ovlamaq bəlkə də günah sayılmır. Mən ət yeyən, o üsyankar, çılğın bir quşu vurmuşdum. “Ət yeyən quşun əti yeyilməz”, deyiblər. Daxilimdə bir təşviş, həyəcan hələ də yaşayırdı.

Ona yemək gətirdim. Qartal dönüb heç yeməyə baxmadı.

***

Artıq vaxtı unutmuşam. Bilmirəm neçə gün keçdi. Daxili gərginliyim son həddə çatmışdı.

Görəcəkli günlər hələ qabaqdaymış. Hər gün işdən qayıdan kimi birinci ona baş çəkirdim. Həmin gün isə…

Gördüklərimdən heyrətə, dəhşətə gəldim. Qartal özünə qəsd etmişdi. Minnətli həyatdan kişi kimi ölümü üstün tutmuşdu. Caynağı ilə sinəsini parçalamış, ürəyini yerindən qoparmış, caynaqları arasında onu bərk-bərk sıxmışdı!..

…Halım özümdə deyildi. Gördüyümə inana bilmirdim. Bu dəhşətli hadisə mənim ucbatımdan baş verdiyinə görə ürəyim sanki dəyirman daşı altındaymış kimi sıxılırdı.

Mən qartalın məğrurluğuna heyrətləndim. O miskin həyatdansa, mərdanə ölümü üstün tutmuşdu. Deməli, qartal yaşayırsa, qartal kimi şahanə yaşayır, ölərsə, qartal kimi şahanə ölür.

Nə xoşbəxtdir qartal kimi yaşayanlar!..

SON

Atakənd (Bakı), Gözətçi odası

14.04.2023