Xaliq Məmmədov, dodaqdəyməz təcnislər

Yazı dayandı

 

Hicranın oduna qərq oldu sinə,

Taleyin yazdığı yazıda yandı.

Düyünə tuş oldu gəncliyin eşqi,

Yazan üsyan etdi, yazı dayandı.

 

Arzular yolunu kəsdi qar, ayaz,

Nə qədər çalışdıq, dedi  : qara yaz!

Ərz etdi sözünü soyuq qara yaz.

Yayı uzaq oldu, yazı dayandı.

 

Zahirsən- haraya yetiş, ay ağa,

Hicrandan göz yaşı istər, a yağa!

Xaliq eşq istədi, düşdü ayağa,

Od tutdu istək də, yazı da yandı.

 

Haraya

 

Yetər, könül, eşq odunda yandığın,

Yol edirsən dərd əlindən haraya?

Deyən yoxdu, ay ağılsız, qocaldın,

Göz tikirsən günə, ilə, hər aya!

 

Eşq oxunu atdın, keçdi səndə – yan,

Oğulsansa, duruş gətir, sən dayan!

Xeyir nədir, yüz yol alış, sən də – yan,

Nazil olar Ilahədən hər ayə!

 

Desin dərdin Xaliq yara, danışsın,

Eşq odundan canda yara danışsın.

Yetər nazı, deyin, yar a danışsın,

Ya öldürsün, ya da, yetsin haraya!