DAMƏT SALMANOĞLUdan şeirlər

Ədəbiyyat

Qələbə müjdəsi sənə yaraşır

 

Şuşada, Laçında hünər göstərib,

Dünyaya səs saldı müzəffər ordum.

Qələbə müjdəsi sənə yaraşır,

Polad – Mübarizlər yetirən yurdum.

 

Ucaldı bayrağım Qarabağda da,

Düşmən kəsilənlər həddini bildi.

Çəkildi qınına mənfur erməni,

Sərhədini bildi, səddini bildi.

 

Sən, ey zəfər hissi yaşadan əsgər,

Xalqın ürəyində ucadır adın.

Məğlub millət kimi daha başımız,

Əyilmir önündə özgənin, yadın.

 

Qardaş

 

Ən çətin anında, ağır günündə,

İnsana arxadır, dayaqdır qardaş.

Zülmət gecələrdə, dumanda, çəndə,

Sənə yol göstərən mayakdır qardaş.

 

Üz-üzə gələndə sevinər, gülər,

Bir anda yox olar qəmin, kədərin.

Harda olursan, ol, çağırsan gələr,

Kəsər yollarını qəza-qədərin.

 

Ətrini gətirər öz nəfəsində,

Atalı, analı olan günlərin.

Yazı xatırladar payız fəslində,

Açar çiçəkləri solan günlərin.

 

Hər kim ki, yad bilsə doğma qardaşı,

Özü də bilmədən özünə yaddır!

İsti keçmişini unudub demək,

Ata ocağına, közünə yaddır.

 

Özümün sınağıyam

 

Yenə xəyallarım gəzib dolanır,

Artır bir yarpaq da xəzan bağında,

Kədərlə sevincim əl-ələ tutub,

Ömrümün, günümün müdrük çağında.

 

Dərdə məğlub olan qara saçlarım,

Sanki bir-birini məzəmmət edir.

Gözümün önündən keçən günlərim,

Kino lenti kimi fırlanır, gedir…

 

Dünən uşaq idim, heç düşünməzdim,

Sabah qocalığın qonağıyam mən.

Özgə sınaqları ötüb keçsəm də,

Özümün cavabsız sınağıyam mən.

 

Hanı sevgi dolu gənclik illərim?

Mən onu harada itirib gəldim.

Axı bu yaşa da boş gəlməmişəm,

Ümid qatarımı ötürüb gəldim.

 

İndi bir arzum var, son mənzilimə,

Əməl karvanımı doldurub gedim.

Bilmədən kiminsə qəlb bağçasına,

Əkdiyim tikanı soldurub gedim.

 

Bir müdrik tanıdım

 

Bir müdrik tanıdım – Rəşid müəllim,

Şeirdi, qəzəldi dövləti, irsi.

Hərdən düşünürəm, dönür keçmişə,

Dədə Ələsgərdən alır son dərsi.

 

Bir müdrik tanıdım – Rəşid müəllim,

Bu dünya könlünü ovuda bilmir.

Bütün ağrıları dinib dursa da,

Göyçə ağrısını unuda bilmir!

 

Bir müdrik tanıdım – Rəşid müəllim,

Tanıdım – əməli sözü kimidir.

Haqqın aşiqidir, açıqdı alnı,

Kişidi, sözü də özü kimidir.

 

Bir müdrik tanıdım – Rəşid müəllim,

Arzusu yurduna dönməkdir bir gün.

Vüqarlı dağlarla durub üz-üzə,

Danışmaqdır bir gün, dinməkdir bir gün…

 

Tanrı Türk elinə yar olacaqdır

 

Təbrizim çarpışır azadlıq üçün,

Xainin başını əzməliyik biz.

Boynuna dolayıb edam kəndiri,

Zülmün boğazını üzməliyik biz.

 

Oyan, Türk milləti, yetişib zaman,

Arxa-dayaq olsun qardaşa qardaş.

Elə nərə çəkək titrəsin cahan,

Tarixə həkk olsun bu haqlı savaş.

 

Yüz illər əsarət qandalındayıq,

Bu zillət heç sona yetməyəcəkmi?

Dünyaya göz açan məsum körpələr,

Sabaha ümidlə getməyəcəkmi?

 

Bir tək inamım var kövrək qəlbimdə,

Bütöv Azərbaycan var olacaqdır!

Azadlıq ətirli şərəfli yolda,

Tanrı Türk elinə yar olacaqdır!

 

İlahi, sən özün əlini uzat

 

Yenə çalxalanır dünya dəniztək,

Pozur səssizliyi, pozur dalğalar.

Günahsız insanlar qərq olub gedir,

Tarixi qan ilə yazır dalğalar.

 

Evsiz körpələrin sular altında,

Donur baxışları, susur dilləri.

İlahi, sən özün əlini uzat,

Əlini tutmağa çatmır əlləri.

 

Buludlar qaralıb, yağış yerinə,

Göydən yer üzünə yağır bombalar.

İnsanlıq sığmayan cahan mülkünə,

Necə rahatlıqla sığır bombalar?!

 

Duyasan gərək

 

Sinədə döyünən bir ürək varsa,

Nə vaxtsa sevgidən payını alar.

Harama göz dikib, nəfsə uyanlar,

Ömürdən günlərin sayını alar.

 

Gün keçər, ay ötər, illər dolanar,

Zaman axınında qocalar insan.

Yığdığı var-dövlət tutmaz əlindən,

Şərəfli adıyla ucalar insan.

 

Gözü nurdan düşməz, qəlbi fərəhdən,

Həqiqəti duyub, haqqı görənin.

Hər iki dünyası zülmətə dönər,

Aldanıb şeytana könül verənin.

 

Damətin sözləri deyildir yalan,

Oxuyub, hiss edib, duyasan gərək.

Qəlbi günahlardan paklamaq üçün,

Gözünün yaşıyla yuyasan gərək.

 

Yazı, yayı var

 

Hər işə kəm baxıb, dodaq büzənin,

Zatında, lovğalıq, dikbaş huyu var.

Halalı nəfsindən uca tutanın,

Qürurlu keçmişi, əsli, soyu var.

 

Edib təkəbbürlük, özünü öymə,

Əyilməz başını nəfsinə əymə,

Çalış insanların qəlbinə dəymə,

Bəşərin ölçüsü, haqqı, sayı var.

 

Ömür yollarını keçəndə düz keç,

Könül sarayına köçəndə düz köç,

Həyat yoldaşını seçəndə düz seç,

Hər kəsin öz tayı, öz də payı var.

 

Damət, bu zamanın gərdişinə bax,

Təzadla bəzənir, vərdişinə bax.

Ana təbiətin gedişinə bax,

Payıza yenilən yazı, yayı var.

 

Kim bahar verəcək, kim yay verəcək

 

Bu zalım həyatdan küsən körpəyə,

Tək-tək ümidləri kəsən körpəyə,

Soyuqdan titrəyib, əsən körpəyə,

Kim bahar verəcək, kim yay verəcək?

 

İnsan yaranandan həqiqəti var,

Uşağın nə dini, nə milləti var,

Nəvaziş adında bir həsrəti var,

Ana qucağını kim pay verəcək?

 

Şəhərin ünvansız küçələrində,

Mərhəmət axtarır neçələrində.

Həyatın qaranlıq gecələrində,

Kim nurlu qəlbindən saray verəcək?

 

Ata əllərindən tutub gəzməyib,

Çiçək toplamayıb, gülü üzməyib,

Baxıb haqsızlığa bir gün dözməyib,

Dil açıb hayqırsa, kim hay verəcək?

 

Ələsgərin

Dədə Ələsgərə

 

Sinəsində dil açıbdır,

Telli sazı Ələsgərin.

Gözəlləri vəsf edibdir,

Şeiri, sözü Ələsgərin.

 

Haqq yolundan dönən deyil,

Zirvəsindən enən deyil.

Min il keçsə sönən deyil,

Sənət közü Ələsgərin.

 

Peyğəmbərin duasından,

Öz elindən, obasından,

Zərrə alıb Mövlasından,

Nurlu üzü Ələsgərin.

 

Ünvanı yox gedən köçün,

Varmı deyən ünvan seçin?

Müqəddəsdir Damət üçün,

Yolu, izi Ələsgərin.

 

Ürək alova bürünər

 

Günlər düşər ömrümüzdən,

Yarpaq-yarpaq yel aparar.

Həsrət çəkən gözümüzün

İşığını il aparar

 

Sərt əsdikcə payız yeli,

Üşüyər qəlbin telləri.

Solar vüsal ümidləri,

”Hicran “adlı sel aparar.

 

Baxışlarda məna sönər,

Taleyin də üzü dönər.

Ürək alova bürünər,

Odu sönən kül aparar.

 

Bir gün ömrün qışı gələr,

Saçlarına qar ələnər.

Sevib yerini bilənlər

Ziyarətə gül aparar.

 

Necəsən

 

Məni məndən alanım,

İncim, zərim necəsən?

Ömrüm, günüm sevincim,

Dərdim, sərim necəsən?

 

Ahu gözlü mələyim,

Səksəkəlim, ürkəyim.

Ay süsənim, çiçəyim,

Söylə görüm necəsən?

 

Yanaqları al yarım,

Qaşları hilal yarım,

Damətə halal yarım,

İlham pərim, necəsən?

 

Gecdi

 

Nəyi gözləyirik?

Kimi izləyirik?

Heç özümüz də bilmirik.

Təngənəfəs yol gedirik,

Deyən yoxdur: -qal!

Gedirik.

Kölgəmizi yoldaş edib yanımıza,

Hiss etmirik,

Az qalıbdır sonumuza.

Hiss etmirik yükümüz nə,

Çəkimiz nə.

Yol daralır,

Qaş qaralır.

Qaranlığı fürsət bilib tərk eləyir,

Şöhrətimiz,

Qüdrətimiz,

Zaman-zaman yığdığımız,

Var-dövlət də,

Etibar da, xəyanət də.

İtiririk doğmaları,

İtiririk özümüzü.

Fikirlərdən yayınırıq,

Bir anlığa dayanırıq,

Elə bil ki, oyanırıq.

Bu nə istək, bu nə gücdü,

Çalışırıq qoymaq üçün,

Bu dünyada izimizi.

Amma gecdi…